Sülhməramlıların avtomobillərinə mütləq baxış keçirilməlidir, əks halda...” - Polkovnikdən AÇIQLAMA

“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi çoxdan qurulmalı idi. Aprelin sonunda belə bir qərar verilibsə, bu, artıq vəziyyətin necə dözülməz həddə gəlib çatması deməkdir. O silah-sursat ora bilavasitə Azərbaycan ordusuna qarşı istifadə olunmaq üçün gətirilir”.

Sozcu.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik qeyd edib ki, biz aprelin 1-də Azərbaycanın həmin sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə start verəcəyini gözləyirdik:

“Çünki bu, qaçılmaz idi. Aylar idi bu haqda danışılırdı. Qarabağa aidiyyəti olmayan şəxslərin gəlib-getməsi, qanunsuz yüklərin daşınması foto və videofaktlarda öz əksini tapırdı. Biz o vaxt da deyirdik ki, gecikməməliyik, çünki düşmən bundan öz məqsədləri üçün istifadə edir. Ermənistan öz ərazisində nə edirsə, özü bilər. Amma Azərbaycan ərazisindən - konkret olaraq Laçın-Xankəndi istiqamətindən onların sui-istifadə etməsi, hərbi təyinatlı yüklər daşıması, şəxsi heyəti gətirib-aparması yolverilməzdir. Düşünürəm ki, bu sərhəd-buraxılış məntəqəsi olsaydı, bəlkə də martın 5-də 2 hərbi qulluqçumuzun şəhid olması, 1 hərbçimizin yaralanması, aprelin 11-də 3 hərbçimizin şəhid olması, bir neçə hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən insidentlər də baş verməzdi”.

Hərbi ekspert vurğulayıb ki, ermənilər bundan sonra yaxşı-yaxşı fikirləşəcəklər:

“Doğrudur, onlar sərhədi qeyri-qanuni keçməyə cəhd edəcəklər, amma düşünürəm ki, həm Dövlət Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyi bu cür cəhdlərin qarşısını qətiyyətlə alacaq. Əgər biz Qarabağda sülh və əmin-amanlığın bərqərar olmasını istəyiriksə, o post orada fəaliyyət göstərməlidir. Hətta Rusiya sülhməramlılarının avtomobillərinə də mütləq baxış keçirilməlidir. Çünki ermənilər üçün qeyri-qanuni yükləri sülhməramlıların avtomobilində Rusiya komandanlığının icazəsi ilə daşıyırlar. Biz ötən ilin noyabrında bu faktın şahidi olmuşduq ki, Müdafiə Nazirliyinin əsgərləri Rusiya sülhməramlılarının avtomobilinə baxış keçirərkən oradan 5 ədəd avtomat aşkarlamışdılar.

Minaların hamısı Ermənistanda istehsal olunub, 2021-ci ilin istehsalı olan yeni minalardır. Ruslar da onu ona görə daşıyır ki, tərəflər arasında problem yaşansın. Tərəflər bir-biri ilə daim münaqişə vəziyyətində olsun və onlar da orada olma müddətlərini uzatsınlar. Düşünürəm ki, sərhəd-buraxılış məntəqəsi olandan sonra bu cür təxribatların sayı xeyli azalacaq”.

Share on Facebook