"Rusiya hakimiyyəti 90-cı illərdən deqradasiyaya uğrayıb, əslində, o zaman biz hamımız liberal, demokratrlar olmuşuq və Qərbə, Amerikaya oxşamaq istəmişik..."
"Kreml zümrəsi büsbütün şizofreniyanı xatırladır, bu adamlar ağıllarını itirib və rəzil günə qalıb..."
Rusiyada hakimiyyət zümrəsi pul üstündə savaşır, dava salır. Bir-birilərinin kabinetlərini sındırır, dağıdır, alt-üst edir.
Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı siyasi texnoloq, ictimai xadim və Kreml ilə əməkdaşlıq etmiş jurnalist Rostislav Murzaqulov danışıb.
Batsmanın kimin kiminlə savaşdığı sualına Murzaqulov "müxtəlif adamlar" cavabını verib.
"Axı, orada hamı bir-birinə nifrət edir. Hamı bir-birinə ifrat qısqanclıqla yanaşır. Əslində, orada heç bir birlik yoxdur, Putinə, Rusiyaya, nəyə istəsəniz səmimi sevgi, hansısa ideya yoxdur. Yalnız bir istək var: hamı hakimiyyət alovuna toxunmaq istəyir. Onların hamısı Ostap Bender kimi pul nişanlarına öz sevgisi uğrunda savaşır", - siyasi texnoloq deyib.
"Putin planetin ən varlı adamıdır, neftdən gələn ağlasığmaz gəlirləri bölüşdürən odur"
Murzaqulov bəyan edib ki, Putin və dostları Rusiya büdcəsindən pullar oğurlayır.
Rusiyada böyük həcmdə dövlət pulları məmurlar və sahibkarlar tərəfindən işğalçı ölkənin prezidentinin rəhbərliyi altında mənimsənilir.
"Dövlət tərəfindən hər bir rubl, sadəcə, bölüşdürülmür. Mən indi mübaliğə etmirəm. Bu, Rusiya üçün mütləq formalaşmış ənənədir. Yəni Rusiyada fərq etməz, bölgü yoxdur, siyasət və ya iqtisadiyyat olsun. Burada hamı birdir, yekdildir.
Tutaq ki, məsələn, kaktusların yetişdirilməsi üzrə dövlət proqramı qəbul edilib, bu məqsədlə 100 milyon rubl vəsait ayrılıb. Heç bir şübhə yoxdur ki, oradan 50 milyon oğurlanacaq. Yerdə qalan vəsaitə Çindən saxta kaktuslar gətiriləcək, hamısı da tələf olacaq, amma 50 milyon artıq ciblərdə qalacaq.
Bax, Rusiya dövləti belə fəaliyyət göstərir. Bütün bunlara göz yaşları olmadan baxmaq mümkün deyil", - o, deyib.
Murzaqulovun sözlərinə görə, bölüşdürülmə məsələlərini ən çox Putinin özü həll edir.
"Siz, düşünürəm ki, haqlı olaraq Putini planetin ən varlı adamı adlandırdınız. Çünki həqiqətən o, ağlasığmaz gəlirləri bölüşdürür. Mixail Xodorkovski (rusiyalı müxalifətçi, biznesmen) hesablayıb ki, bu illər ərzində onun əlindən 6 trilyon dollar keçib.
Baxın, Rusiya neftinin satışından gəlirlər nə qədərdir? Hər gün treyder (tacir) 100 milyon dollar qazanır. Yəni ölkə qərar verib ki, bu treyder gündə 100 milyon dollar qazanacaq. Bu 100 milyon dollar kimindir? Mən əminəm ki, Putinin və onun bir-iki dostunun. Amma onlar minoritarilərdir (azlıqda olanlar), buna da əminəm. Daha sonra, qazla bağlı da belədir.
Daha aşağılara baxaq. Kasıb, bədbəxt, aldadılmış və qorxudulmuş əhalidən toplanan vəsaitlərin paylanması. Onlardan toplanan vəsaitlər müxtəlif proqramlara yönəlir: mənzil-kommunal təsərrüfatın islahatına, təhsilə, səhiyyəyə və s. Orada, aşağılarda bölüşdürülənlər də bu şirkət tərəfindən oğurlanır", - o, deyib.
"Rus elitalarının sanki dörd boğazı var, yeməkdən doymaq bilmir, bu, ağlasığmazdır"
Rusiya hakimiyyəti 1990-cı illərdən güclü deqradasiyaya uğrayıb.
"Bu tarixçə kədərli olmasaydı, gülməli və maraqlı olacaqdı. 90-cı illərdə başlayanlar bütün bunlara gətirib çıxarmamalı idi. Çünki biz hamımız liberallar, demokratlar olmuşuq, hamımız Qərbə, Avropaya, Amerikaya oxşamaq istəmişik. Bəli, kədərli tarixçədir, amma onu müzakirə etməliyik. Necə oldu ki, ölkə bu günə qaldı, bu bulanıq tiplər, daima Rusiyanın efirində görünənlər ölkəni zəbt etdilər", - o, deyib.
Murzaqulov bütün baş verənləri onunla izah edib ki, Kreml zümrəsi "büsbütün şizofreniyanı xatırladır".
"Bunlar normal adamlar deyil. Onlar hamısı ağıllarını itirib. Və hamısı birlikdə günaha batıb, rəzil günə qalıb", - o, qeyd edib.