İmtahandan sonra 11-ci sinif şagirdləri dərsə gəlmir

5, 11 mart tarixlərində (11 illik) keçirilmiş orta təhsil səviyəsi üzrə buraxılış imtahanlarından sonra məktəblərdə şagirdlərin dərsə davamiyyəti zəifləyib. Söhbət təbii ki, 11-ci siniflərdə oxuyan şagirdlərdən gedir. 

Müəllimlər arasında belə bir narazılıq müşahidə olunur ki, buraxılış imtahanı verən şagirdlər imtahandan sonra məktəbə maraq göstərmir. Tədris ilinin bitməsinə bir aydan artıq müddət qaldığı halda, şagirdlər dərsə etinasız yanaşırlar.

Əldə etdiyimiz məlumata görə, məktəb rəhbərlərinə 11-cilərin dərsə davamiyyətinin yaxşılaşdırılması üçün tapşırıq verilib. Axı hələ dərs ili iyunun 14-də yekunlaşacaq.

Bəs şagirdlərin bu davranışına qarşı hansı işlər görülməlidir?

Mövzu ilə bağlı təhsil eksperti Sona Əliyeva AzEdu.az-a açıqlamasında imtahan verən şagirdin artıq məqsədinə çatdığını düşünür:

"Bu onunla əlaqədardır ki, Azərbaycan təhsil sistemi imtahan mərkəzlidir. Müəllimin də, şagirdlərin də əsas qayğısı imtahanlarla bağlıdır. Bu baxımdan qarşıya qoyulan məqsədə çatdıqlarını düşünərək, daha sonra məktəbə maraq göstərmirlər. Halbuki, əsas məqsəd təhsil almaq olmalıdır".

S.Əliyeva bildirib ki, qiymətləndirmə sadəcə bir ölçü sistemidir, insanın həyatdakı uğurlarının əsası həyat məqsədləri olmamlıdır:

"Şagirdlərin buraxılış imtahanı verdikdən sonra məktəbə biganəlik nümayiş etdirməsi, tədris ilinin sonuna yaxınlaşdıqca dərslərinə etinasız yanaşması təhsil sistemi üçün ciddi problemdir. Bu davranış şagirdlərdə öyrənmək həvəsinin azaldığını, dərslərdən sıxıldığını və məktəblə bağlı mənfi təcrübəyə, düşüncəyə malik olduğunu göstərir. 

Şagirdlərlə ünsiyyəti yaxşılaşdırmaq, yekun imtahanlardan sonra təkrar mövzulara yer vermək, imtahan nəticələrini birlikdə müzakirə etmək, müxtəlif fəaliyyətlər təşkil etmək lazımdır. Bunlar imtahan vermiş şagirdlərin məktəbə olan biganəliyinin qarşısını ala bilər". 

Share on Facebook