Paytaxt restoranlarının quzu kababı reklamları hamını olmasa da, bəzilərini çaşbaş salır. Sosial şəbəkələrdə, adətən, 6-7 aylıq quzular ətindən hazırlanan xörəklərin, əsasən də kababın keyfiyyətinə şübhə ilə yanaşılır. İddia olunur ki,i bu yaşda olan xırdabuynuzlu heyvanın əti lazımi dadı vermir, yaşyarımılıq heyvanın ətini yemək daha məsləhətlidir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, qida dəyəri baxımından qoyun əti ilə quzu arasında heç bir fərq yoxdur:
“Əvvəla, məsləhətdir ki, heyvan 1 yaşdan kiçik olmasın. İkincisi, quzu ilə qoyun əti arasında elə bir böyük fərq yoxdur. Qoyun əti, xüsusilə erkək qoyun bir az yaşlı olduğuna görə onun əti sərt olur. 12-15 kiloqramlıq quzuların əti isə yupyumşaq olur.
Çox vaxt restoranlar buna görə quzulara üstünlük verirlər. Bu ətlər arasında fayda baxımından fərq yoxdur. Yəni kimsə deyə bilməz ki, quzu əti yeyim, daha faydalı olsun. Quzunun da qoyunun da kimyəvi tərkibi, qida dəyəri eynidir. Sadəcə quzular qoça nisbətən daha yumşaq olur, daha rahat həzm edilir. Ona görə qoyun ətini daha çox lülədə, kotletdə, dolmada istifadə edirlər.
Quzudan isə kabablarda daha çox istifadə olunur, bəzən təndirə bütöv salınır. Aşpazlar daha çox dişi quzuya üstünlük verir, çünki onların əti daha yumşaq olur. Lülədə isə erkək qoyundan istifadə olunur ki, bişəndə buxarlanma çox olmasın, çəkidə itki baş verməsin. Çünki dişi ilə hazırlanan lülənin yağ miqdarı çox olduğuna görə lülənin qurumasına gətirib çıxarır”.
Ekspert qeyd edib ki, mövsümə görə heyvanların ətinin dadı və qoxusu da dəyişkən olur:
“Dad məsələləri isə daha çox mövsümdən asılıdır. Payız və qış aylarında otlar saralır və heyvanlar otla qidalanmadığı üçün onların südünü əmən quzusunun da əti xüsusi dad vermir, çünki onlar artıq otla yox, xüsusi yemlə qidalanırlar.
Ən yaxşı quzu əti yazdan payıza qədər olan mövsümdə olur. Çünki həmin vaxt heyvanlar yaşıl otla qidalanır və belə olduqda ətin xüsusi dadı, spesifik qoxusu gəlir.
Bəzi insanlar deyir ki, bu xoşagəlməz qoxudur, amma bu belə deyil, həmin qoxu əslində, daha dəyərlidir”.