Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı ABŞ-də yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta-Azərbaycan Dostluq Təşkilatı, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, Floridanın Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Gənclər Təşkilatı adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirova və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundova qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.
Nəzərə çatdırılıb ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmir.
Soydaşlarımız müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.