"GCS (Global Clearance Solutions) – 200" markalı, kənardan idarəedilən və müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur".
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü Ağdamda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kənardan pultla idarə olunan aqreqat iki kovuşdan ibarətdir: "Kovuşlardan biri ərazinin piyada əleyhinə minadan təmizlənməsi, digəri isə tank əleyhinə minalardan təmizlənməsi üçün istifadə edilir. Robotun əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilir. Bir robotun idarə edilməsinə isə bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri təhkim olunur".
A.Şükürlü bildirib ki, ərazidə partlayış baş verdiyi anda robot dayandırılır və zədənin yarandığı hissə bərpa edilir, ardınca isə robot öz işinə davam edir: "Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür".