XİN-dən Cocuq Mərcanlıdakı mina partlayışına reaksiya

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitter səhifəsində paylaşım edib. “2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”, - məlumatda bildirilib. Qeyd edək ki, ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Rusiyanın 100 min əsgəri öldürüldü, hücum dayandı!

Rusiya Baxmut yaxınlığında hərbi əməliyyatlar dövründə 100 min əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bu rəqəmləri Amerika kəşfiyyatı əldə edib. Xüsusən dekabrdan bəri “Vaqner”in 20 min döyüşçüsü öldürülüb. Kirbi bildirib ki, Rusiya ordusunun Baxmut hücumu dayandırılıb və uğursuzluğa düçar olub.

SON DƏQİQƏ: Çin Rusiyanı təcavüzkar adlandırdı

Çinin BMT-dəki nümayəndə heyəti ilk dəfə Baş Assambleyada Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar adlandırıldığı qətnamənin lehinə səs verib. Sozcu.az xəbər verir ki, səsvermənin nəticələrini Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Tvitter hesabında dərc edib. Qeyd edək ki, BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub. Qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib. Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan da var. Rusiya, Belarus, Suriya, Nikaraqua və Şimali Koreya qətnamənin əleyhinə səs verib. Azərbaycan səsvermədə iştirak etməyib.

Cəbrayılda mina partladı - Ölən var

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumat verib. Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Müsavat Partiyası Bakı meriyasını məhkəməyə verdi

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.  Sozcu.az xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsində qaldırılıb.  Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. İddiaya hakim Minimat Hacıbəyovanın sədrliyi ilə baxılacaq.  Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya işin təfərrüatlarını açıqlayıb. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi İran səfirliyi qarşısında piket keçirmək barədə bağlı müraciətinə "yox” cavabı verilməsi ilə bağlıdır.  "Müsavat Partiyası ötən ilin noyabrında İran səfirliyinin qarşısında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin qurum piketə icazə verməyib. Doğrudur, meriyanın mənfi cavabına baxmayaraq, partiyanın fəalları aksiyanı keçirib. Bununla belə, biz Bakı Şəhər İcra Hakimiyyətinin piketə icazə verməməsini qanunsuz hesab edib, məhkəməyə vermişik”, deyə Gülağa Aslanlı bildirib. 

Rəşad Dağlı özünü qismən təqsirli bilir

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib. İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib. Rəşad Dağlı ittihama münasibət bildirib, özünü qismən təqsirli bilib. O, məhkəmə istintaqının sonunda geniş ifadə verəcəyini deyib. Daha sonra zərərçəkmişin hüquqi varisi ifadə verib. O hər hansı şikayətlərinin olmadığını deyib. Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Ac tələbənin bu hərəkəti hamını təəccübləndirdi

Rəssam Mauritsio Kattelanın instalyasiyasının bir hissəsi olan banan Cənubi Koreyalı tələbələrdən biri tərəfindən yeyilib. Sozcu.az xəbər verir ki, Noh Huyn-soo adlı tələbə buna səbəb kimi səhər yeməyi yeyə bilmədiyini və ac olduğunu göstərib. O, dostunun kamerasına poza verib. Daha sonra bananın qabığını yenidən divara yapışdırıb. Yerli mətbuatın məlumatına görə, muzey daha sonra həmin yerə yeni banan qoyub. Ac tələbənin bu addımı təəccüblə qarşılanıb.

Rusiya Ukraynanın irəliləməsindən narahatdır - Kəşfiyyat

Rusiya işğal olunmuş ərazilərində tarixdə ən böyük hərbi müdafiə sistemlərindən birini inşa edib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik xülasəsində yazılıb. Məlumata görə, bu müdafiə vasitələri təkcə indiki cəbhə xəttinin yaxınlığında deyil, həm də arxa cəbhənin dərinliklərində - Ukraynanın hazırda Rusiyanın nəzarətində olan ərazilərində, eləcə də Rusiyanın öz ərazisində - Belqorod və Kursk vilayətlərində yerləşir. "Belə bir müdafiə sisteminin qurulması Rusiya rəhbərliyinin Ukraynanın böyük irəliləyiş əldə edə biləcəyi ilə bağlı narahatlığını göstərir", - deyə qeyd olunub.

Qeşevin kortejinin keçdiyi yolda partlayış…

Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin keçdiyi yolda partlayış olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yerində polis əməliyyat tədbiri həyata keçirib. Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ölkə paytaxtı Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu kortejdəki avtomobillərdən birinin qarşısında işə düşüb. Xəsarət alan olmayıb. Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb. Mayın 2-də Bolqarıstanın Baş naziri Qılıb Donevin Daxili İşlər Nazirliyi və Baş Prokurorluq orqanlarının rəhbərləri ilə görüş keçirəcəyi gözlənilir.

Kılıçdaroğlu və komandasının süni zəka ilə çəkilmiş FOTOSU

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun və onun komandasından İstanbul və Ankara bələdiyyələrinin sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşın süni zəka ilə fotoları çəkilib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, foto sosial şəbəkələrin Türkiyə seqmentində viral olub. 

Bayramovla Blinken arasında görüş başladı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında qeyd edilib. Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

Gənc qızları narkokuryerliyə cəlb edən şəxs SAXLANILDI

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu deyib. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Ukrayna Baxmutda əks-hücuma keçdi - General

Ukrayna hərbçiləri Liman istiqamətində düşmənin bütün hücumlarını dəf edərək 10 döyüşçüsünü girov götürüb. Baxmutda isə əks-hücum nəticəsində düşməni bəzi mövqelərini tərk etməyə məcbur edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib. "İrəli getmək üçün düşmən maksimum səy göstərir və heç nəyi nəzərə almır. Əhəmiyyətli itkilərə baxmayaraq, "Vaqner"in yeni hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri daim döyüşə atılır. Lakin düşmən Baxmutu ala bilmir. Buna baxmayaraq, vəziyyət kifayət qədər mürəkkəbdir”, - o bildirib.

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus “Volksvagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Sabirabadın icra başçısından Vətən Şəhidlərinə hörmətsizlik: Milli Qəhrəmanın büstünün və bulağın açılışına qatılmadı — FOTOLAR

Sabirabadda şəhid Milli Qəhrəman Murad Mirzəyevin büstünün, həmçinin Vətən Şəhidləri adlı abidənin və bulağın açılışı olub. Demokrat.az xəbər verir ki, Murad Mirzəyevin doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndində keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Milli Məclisin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, veteran və qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb. Milli Qəhrəman Murad Mirzəyevin atası Telam Mirzəyevin və övladının iştirakı ilə büstün açılışı olub. Həmçinin şəhid anaları Vətən Şəhidləri adlı abidənin açılışını edib. Çıxışlar zamanı hərb tariximizə şanlı hərflərlə yazılan Aprel zəfərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşü zamanı əldə olunan parlaq Qələbənin təməli məhz Aprel döyüşlərində qoyulub. Mərasimdə çıxış edən şəhid Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib ki, oğlunun Vətənə olan xidməti və şəhidlik məqamı məhz ondan sonra gələn nəsillər üçün əsl vətənpərvərlik məktəbi olub: "Muradı özünə ideal seçən gənclərimiz 44 günlük Zəfər yürüşündə Vətənin müdafiəsinə qalxaraq qələbənin əldə olunmasında şücaət göstərdilər. Vətən uğrunda canını fəda edən şəhidlər əbədi olaraq qəlblərdə yaşayacaq". Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında bildirib ki, Aprel zəfərində düşmənə sarsıdıcı zərbələrin vurulmasında Milli Qəhrəman Murad Mirzəyevin misilsiz xidmətləri olub: "Məhz onun tabeçiliyində olan xüsusi təyinatlı bölmə düşmən təxribatının qarşısının alınmasında və işğalda olan torpaqlarımızın bir qisminin azad olunmasında xüsusi şücaət göstərib. Murad Mirzəyev və tabeçiliyində olan hərbçilər son damla qanına qədər döyüşərək, azad edilən torpaqların müdafiəsində dayanıb. Canlarını Vətənə fəda edərək Aprel zəfərinin qazanılmasını təmin ediblər". Tədbirdə çıxış edən Milli Qəhrəman Murad Mirzəyevin hərbçi yoldaşları isə onun vətənpərvərliyindən, peşəkar hərbçi və əfsanəvi xüsusi təyinatlı olduğundan danışıblar. Bildiriblər ki, Murad Mirzəyev hər zaman döyüşə öndə gedənlər sırasında yer alıb, son damla qanına qədər döyüşərək Vətəni uğrunda canını fəda edib. Tədbirin sonunda məktəblilərin ifasında şerlər səsləndirilib. Qeyd edək ki, sözügedən açılış mərasiminə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov və rayon rəhbərliyi dəvət olunsa da, ancaq onlardan heç biri tədbirə qatılmayıb. Mərasim iştirakçıları icra başçısının bu cür laqeyd hərəkətini pisləyiblər.demokrat)

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı mayın 3-də növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Sozcu.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank bundan əvvəl, martın 29-da uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb. AMB vurğulayıb ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. "Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcəkdir. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq", -deyə tənzimləyici qurumun açıqlamasında bildirilmişdi.

Prezident Uluqbek Rozukulovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ləhic bağlarında fəhləni öldürən şəxsə 10 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Vasif Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhru edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Ötən il iyulun 6-ı saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaramış mübahisə zamanı Əlvan Hüseynovu itələyib. Sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Diqqət: Bu gündən qadağan edildi

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və sentyabrın 1-dək davam edəcək. Qadağa həm hüquqi, həm də fiziki şəxslərə aiddir. Qaydanı pozanlar cərimələnəcək, yaxud onlara növbəti il balıq tutmaq üçün lisenziya verilməyəcək. Qeyd edək ki, “Qırmızı Kitab”a düşən Qaya nərəsi, Xəzər qızılbalığı kimi balıq növlərini ovlamaq ilboyu qadağandır.

AzMİU-da növbəti imtahanların 59 faizi test üsulu ilə keçiriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti imtahanların 59 faizi test üsulu ilə keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov deyib. O xatırladıb ki, AzMİU-da 2022-2023 tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar fevralın 16-dan başlayıb. Prorektorun sözlərinə görə, dərs cədvəlləri elektron formada tərtib olunub dekanlıqlara, kafedralara göndərilib, həmçinin tələbələrin şəxsi kabinetində yerləşdirilib: "Yaz semestrində verilən tapşırıqlar üçün konkret zamanın müəyyənləşdirilməsi və göstərilən zaman müddətində tapşırıqların icrasına nəzarət gücləndirilib. Bu semestrdə 1039 tələbə alt dərsə yazılıb". A.Qasımov bildirib ki, fənlərin imtahan formaları fakültələrlə birgə müəyyənləşdirilib və ixtisas fənləri istisna olmaqla digər fənlərin attestasiyasının test formasında aparılmasına üstünlük verilib: "437 fəndən 154 fənn (35%) yazılı, 256 fənn (59%) imtahanlarının test üsulu ilə və 27 fənn (6%) imtahanlarının isə fakültədə keçirilməsi planlaşdırılıb. Bu tədris semestrində I kurslarda aylıq aralıq imtahanlar mərkəzləşmiş formada test üsulu ilə keçirilməsi davam edəcəkdir. Artıq bütün fənlərdən testlər test mərkəzinə göndərilib".

Həftəsonu yol qəzalarında 16 nəfər ÖLÜB

Aprelin 29-u və 30-da ölkənin avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.  Bildirilib ki, qəzalar nəticəsində 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Daha bir partiya Kemal Kılıçdaroğlunu dəstəklədi

Türkiyədə Liberal Demokrat Partiya (LDP) "Millət İttifaqı"nın namizədini dəstəkləmək qərarı alıb. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi bəyanatı dərc olunub. Bildirilib ki, LDP həm prezident seçkilərində ittifaqın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu, həm də parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin yer aldığı "Millət İttifaqı"nın proporsional siyahılarını dəstəkləyəcək. "İqtisadi baxışlarımız hər nə qədər uyğun gəlməsə də, mövcud şərtlər və ifadələr çərçivəsində hüquqa hörmət, çağdaş sekulyar demokratiya və şəffaf bir məclis üçün dəstəyimizin "Millət İttifaqı" tərəfdə olacağını ictimaiyyətə açıqlayırıq", - deyə qeyd olunub. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək. LDP-nin qurucusu türkiyəli məşhur siyasətçi Besim Tibukdur. 2005-2017-ci illərdə isə partiyaya digər tanınmış siyasətçi Cem Toker rəhbərlik edib. Hazırda LDP-nin sədri Gültekin Tırpancıdır.

Nazirlik sel və daşqınlarla bağlı əhaliyə müraciət etdi

Ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.

İmişlidə avtomobil aşıb, ölən var

İmişlidə avtomobil aşıb. Sozcu.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə Ağsu-Kürdəmir-İmişli magistral yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb. Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.