Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Vasif Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhru edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Ötən il iyulun 6-ı saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaramış mübahisə zamanı Əlvan Hüseynovu itələyib. Sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.