Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir: 1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Neftin qiyməti yenidən enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,72% azalaraq 1 barelə görə 79,75 dollar təşkil edib. Sozcu.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,83% azalaraq 76,14 dollara bərabər olub.

Türkiyədə tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb. Bu barədə Sozcu.az “Haber Global”a istinadən xəbər verir. Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: “İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib".

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Yeniqışlaq kənd sakini, 1990-cı il təvəllüdlü Məcidov Vüsal Eldar oğlu və şəxsiyyəti hələ məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məcidov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digər zərərçəkənin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib. Faktla bağlı araşdırma aparılır.

Şəkidə üzərində tapança gəzdirən keçmiş məhkum həbs olunub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə tam yararlı olduğu müəyyən edilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, odlu silahın hər hansısa bir cinayətdə istifadə olunub-olunmaması ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin də qərarı ilə S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

CNN: Rusiya Ukraynanın əks hücumuna hazır deyil

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə CNN yazıb. Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir. “Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, - CNN yazıb. “Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, - mətbu orqan əlavə edib.

Rusiya səfiri ilə bağlı tələb: Ölkəni tərk etsin

İrlandiya parlamenti Rusiya səfiri Yuri Filatovun ölkəni tərk etməsini tələb edib. Sozcu.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Çarli Flanaqan məlumat verib. Bildirilib ki, buna səbəb Ukraynada dünyasını dəyişən irlandiyalı könüllü Finbar Kafferki haqqında rusiyalı diplomatın təhqiramiz şərhidir.

Blinken: “Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir”

“Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir və tərəflərin birbaşa dialoqunu Cənubi Qafqazda nizamlanmanın yeganə yolu hesab edir”. Bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının vacibliyini bildirən Blinken ABŞ-ın bu məsələdə yardım etməyə hazır olduğunu vurğulayıb.

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 24 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 24 il ötür. Sozcu.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

Ceyhun Bayramov ABŞ-a getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Danışmaq adı ilə telefonları istəyib, oğurlayan şəxs tutuldu

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Araşdırma zamanı onun telefonla danışmaq adı ilə zərərçəkənlərə yaxınlaşdığı daha sonra onların gözündən yayınaraq mobil telefonlarla birlikdə hadisə yerindən yayındığı müəyyən edilib. Fuad Soltanovun paytaxtın bir neçə rayonunda analoji cinayətlər etdiyi müəyyən edilib. Nizami rayonunda isə o, əldə etdiyi mobil telefonlardan birində zərərçəkənə məxsus bank kartının məlumatlarından istifadə edərək 995 manat pulu da öz hesabına köçürərək oğurluq edib. Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-də araşdırmalar davam etdirilir. Fuad Soltanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

431-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 431-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 190 510 hərbçi, 3699 ədəd tank, 7189 ədəd zirehli döyüş maşını, 2914 ədəd artilleriya sistemi, 544 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 295 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5842 ədəd avtomobil texnikası, 2475 ədəd PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 357 xüsusi avadanlıq itirib.

Rusların bu istiqamətdə əməliyyatları uğursuz oldu

Rus ordusu Svatovo-Kremennoy istiqamətində məhdud hücumlar həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Bu hücumların hamısı uğursuz olub. Bundan başqa, Ukrayna ordusu rusların arxa cəbhəsinə də zərbələr endirir. Rus mənbələri də təsdiq edir ki, aprelin 29-da Ukrayna ordusu Alçevskdən 9 km qərbdə yerləşən Bryankanı HİMARS-larla vurub”, - məlumatda qeyd olunub.

İranda polis rəisi öldürüldü

İranda Saravan şəhərinin polis rəisi Əlirza Şəhraki öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında ona maşında olarkən atəş açıblar. Atəş nəticəsində Şəhraki ölüb, yanında olan həyat yoldaşı isə ağır yaralanıb.

Sumqayıtda azyaşlının ölümü ilə bağlı cinayət işi başlandı

Sumqayıtda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Ağsuda 10 yaşlı uşağı maşın vurub - vəziyyəti ağırdır

Ağsuda piyadanı maşın vurub. Bu gün günorta saatlarında rayon sakini Mahmudov İslam idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada 2013-cu il təvəllüdlü Fərzalizadə Zaur Təhsin oğlunu maşınla vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri və başından xəsarət alan 10 yaşlı uşaq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyəti ağır olduğundan uşaq Bakı Nerocərrahiyə xəstəxanasına göndərilib. Fakta bağlı araşdırma aparılır.

Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirdiyini bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirir. Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib. Ukrayna prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!", - Zelenski deyib. Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı barədə təxminləri rədd edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.

Putin terrorçudur, onunla danışmayacam - Zelenski

Rusiya Prezidenti Vladimir Putinlə heç bir danışıqlardan söhbət gedə bilməz, çünki o, terrorçudur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Putin bütün dünyaya əraziləri ələ keçirməyəcəyini, heç vaxt genişmiqyaslı müharibə olmayacağını demişdi. Bundan sonra onunla necə danışmaq olar?”, - Zelenski bildirib.

“Formula 1” ölkə üçün qürur mənbəyidir – Nazir

“Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir və indi daha üç il ərzində azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Formula 1”lə müqavilə müddətinin uzadılması ilə bağlı fikirlərini bildirərkən deyib. Nazir qeyd edib ki, bu təşkilatla davamlı tərəfdaşlığı təsdiqləməkdən məmnunuqlu hissi keçirir: “2016-cı ildən - bu tədbirə ev sahibliyi etdiyimiz vaxtdan idmanın ölkəmizə və şəhərimizə diqqətçəkən iqtisadi, sosial və mədəni təsiri olub”. “Bakıdakı son altı yarış bu idman növünün uzun tarixində ən yaxşı və ən dramatik mübarizələrdən olub və biz bu həftəsonundan başlayaraq növbəti üç il ərzində evdə və xaricdə F1 azarkeşləri üçün daha sehrli anlar yaşatmağı səbirsizliklə gözləyirik. Üstəlik, bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etməyimizi görən bir həftə sonu gəldi. Bu da bu anı daha da xüsusi edir”, - nazir əlavə edib.

ABŞ Tərtərdə mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

“ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatdır”. Bu barədə Sozcu.az-a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib. “Aprelin 28-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən 3 nəfərin, o cümlədən mina partlayışları nəticəsində həlak olan və yaralanan digər azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz ANAMA ilə sıx əməkdaşlıq edirik və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatıq. Dövlət katibinin vurğuladığı kimi, ABŞ sülh danışıqlarının aparılmasına və bütün regionda sülhün təmin edilməsinə tərəfdardır”, - deyə səfirliyin sözçüsü bildirib.

"Azərbaycan sülhməramlıların Laçın dəhlizindən keçməsinə icazə vermədi" - Petrosyan

“Azərbaycanlılar Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçməsinə imkan verməyib”. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Tiqran Petrosyan bildirib: “İndi bütün Laçın dəhlizinə azərbaycanlılar nəzarət edir. Bu gün də azərbaycanlılar rus sülhməramlılarının dəhlizdən keçməsinə icazə verməyiblər. Bu qadağanın səbəbi hələ məlum deyil. Bunu sülhməramlıların Qarabağda yerləşən hərbi bazasına qayıtması zamanı öyrənmək olar”, – deyə Petrosyan vurğulayıb. Qondarma rejimin separatçısı ekofəallarımızın keçirdiyi aksiyanın fəaliyyətindən də danışıb: “Onların məqsədi nəzarət-buraxılış məntəqəsi quraşdırmaq olub. Artıq missiyaları tamamlanıb. Orada yük maşınlarını yoxlamaq üçün skaner də quraşdırılıb. Rusiya sülhməramlılarının susması nəticəsində onlar məqsədlərinə çatıblar. Erməni cəmiyyətində Rusiya sülhməramlılarına inam nəzərəçarpacaq dərəcədə azalıb. Əgər onlar dəhlizin blokunu qısa müddətdə açmasalar, o zaman biz beynəlxalq ictimaiyyətə, BMT-yə müraciət edəcəyik”, – deyə Petrosyan sərsəm fikirlərini tamamlayıb.konkret)

Qərb rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb (0.0 mm). Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu aprelin 28-də Bakıda iqlim normasından 4.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26°, Sumqayıtda 30° isti, Naxçıvanda 24-30° isti, dağlıq rayonlarda 21°-dək isti, aran rayonlarında 26-30° isti olub.

FHN: Ötən sutka 28 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər xilas edilib.

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakı Metropolitenində mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.