İlham Əliyev və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar.

Şəhid anası tələbə oldu: “Heç kimin əlinə baxmaq istəmirəm”

Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva kollecə qəbul olub.  Bu barədə Yenisabah.az-a danışan M.Quliyeva vaxtilə Qazaxıstanda kollec bitirsə də, Azərbaycanda diplomunu istifadə edə bilmədiyi üçün yenidən ölkəmizdə diplom almaq niyətində olduğunu bildirib. O, bunu heç kimin əlinə baxmaq istəməməsi ilə əlaqələndirib:  “Mən kolleci vaxtilə Qazaxıstanda bitirmişəm. Ərəb dili tərcüməçisiyəm, daha sonra Almatıda universitetə daxil oldum. Amma vəziyyət elə gətirdi ki, övladımın atasını Qazaxıstandan deportasiya etdilər. Ona görə biz Azərbaycana qayıdıb gəldik və təhsilimi davam etdirə bilmədim. Bura gəldikdə Qazaxıstandakı diplomumu istifadə edə bilmədim.  Bu gün Azərbaycanda şəhid anaları üçün hər cür komfort yaradılıb, gedirsən, adına maaş olan bir kart yazıb verirlər, işləmirsən, yenə sənə güzəşt edirlər. Lakin mən bundan istifadə etmək istəmədim, icra başçısına iş üçün müraciət etdim, bildirdi ki, sənin diplomunu burada qəbul etmirik. Bu səbəbdən mən də yeni diplom almaq istədim. Halbuki icra hakimiyyətində çalışan 50 faiz diplomlulardan daha savadlıyam. Hələ ki, ixtisasımı seçməmişəm, işğaldan azad olunmuş bölgələrdə çalışmaq üçün aqrar sahəni seçmək istəyirdim, sadəcə, kimya və biologiya savadım güclü deyil. Bu imtahanda rus dili və Azərbaycan dili nəticələrim yüksəkdir, ora tarixi də əlavə etmək istəyirəm”.  Şəhid anası təhsilini hansı sahə üzrə davam etdirəcəyinə hələ ki, dəqiq qərar vermədiyini deyib:  “Təhsilimi əyani yoxsa qiyabi davam etdirəcəyimə hələ ki, qərar verməmişəm. Mən Aqrar Universiteti seçmək istəyirdim, çünki Gəncə bizə daha yaxındır, həm də gələcəkdə işğaldan azad olunmuş bölgələrdə bu sahəyə tələbat daha çox olacaq. Fikrimi dəqiqləşdirəndən sonra qərarımı verəcəyəm. Hələ ki, 2 ay vaxtım var, ola bilər ki, kimya və biologiya müəlliminin  yanına hazırlaşmaq üçün gedərəm”. 

Balıq ovuna qadağa qoyuldu - Sentyabrın 1-dək...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Sozcu.az-a bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür. Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

Yevlaxda 16 nəfər TUTULDU

Yevlax rayonunda aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarınıın rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri aprel ayı ərzində də qətiyyətlə davam etdirilib. Bu əməliyyatlar zamanı Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 16 nəfər müəyyən edilərək istintaqa təhvil verilib, onlardan 8 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərdən heroin, metamfetamin və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Bu tədbirlər zamanı 3 kiloqrama yaxın sadalanan narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib. Həmçinin saxlanılan şəxslərdən bir neçəsinin oğurluq əməlləri törətdiyi də müəyyən olunub. Oğurlanan əşyalar da aşkarlanaraq öz sahiblərinə geri qaytarılıb. Yevlax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər polis əməkdaşları tərəfindən davam etdirilir.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda fəaliyyət göstərən taksi xidmətlərində bahalaşma müşahidə edilir.  Sozcu.az xəbər verir ki, taksi xidmətlərinin təxminən 30% bahalaşdığı bildirilir.  Qiymətlərin bahalaşmasına səbəb kimi şəhərin mərkəzində baş tutan “Formula 1” yarışı göstərilir. Əsas səbəbin yarışların keçirildiyi yolların bağlı olması və buna görə benzin sərfiyyatının artması ilə əlaqəli olduğu deyilir.  Qeyd edək ki, "Formula 1" yarışı aprelin 30-dək davam edəcək. 

“Azdrama”da vəzifə davası: Nazir onlardan hansını seçəcək?

Akademik Milli Dram Teatrına direktor təyinatının yubanması müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Mərhum Xalq artisti Azər Paşa Nemətovun dünyasını dəyişməsindən sonra ölkənin ən qədim teatr məbədinə kimin rəhbərlik edəcəyi maraq doğurur.  Yenisabah.az xatırladır ki, iddialılar sırasında üç tanınmış mədəniyyət adamının - Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova və tanınmış rejissor Mehriban Ələkbərzadənin adı hallanır.  İddialılardan biri - sevilən aktrisa Bəsti Cəfərova hər hansı vəzifədə gözünün olmadığını deyib. Xalq artisti bildirib ki, Azdramaya rəhbərlik etməyi düşünmür, onu ancaq sənəti maraqlandırır.  Adı Akademik Milli Dram Teatrının direktoru postuna namizədlər sırasında hallanan, hətta bəzi çevrələrdə ən şanslı namizəd kimi xarakterizə edilən  tanınmış və təcrübəli aktyor Nurəddin Mehdixanlı isə məsələyə fərqli münasibət bildirib. Xalq artisti sözügedən vəzifə ilə bağlı hər hansı iddiasının olub-olmadığına dair suala birmənalı cavab verməyib. O, "Azdrama"ya yeni direktor təyin edilərkən kollektivlə məsləhətləşməyin vacib olduğunu bildirib. Adı namizədlər sırasında hallanan digər iddialı - tanınmış rejissor, Əməkdar Mədəniyyət Xadimi Mehriban Ələkbərzadə ilə bağlı durum isə bir qədər fərqlidir. Məlumatlara görə, xanım Ələkbərzadə "Azdraman”ın sükanı arxasına keçməyə həvəslidir. Onun ölkənin ən qədim sənət ocağına rəhbərlik etməsi üçün bütün imkanlarını səfərbər etməsi barədə məlumatlar da var. Bəzi tanınmış sənət adamlarının bu təyinatın gerçəkləşməsi üçün M.Ələkbərzadəyə lobbiçilik etdiyi bildirilir.  “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Akademik Milli Dram Teatrının kollektivi bu təyinata soyuq yanaşır. Onlar “özgənin”, yəni Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsində çalışan M.Ələkbərzadənin Azdramaya rəhbərlik etməsini istəmirlər. Hətta yeni direktorla bağlı təyinatın bu səbəbdən yubandığını iddia edənlər də var.  Mədəniyyət Nazirliyinin məsul şəxslərindən biri saytımıza bildirib ki, "Azdrama”nın yeni direktoru adı mətbuatda hallanan namizədlər arasından seçilməməsi tamamilə mümkündür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı Mədəniyyət naziri Adil Kərimli verəcək.  Mənbə təyinatın yubanmasını milli mentalitetimizdən irəli gələn bəzi amillərlə əlaqələndirib:  “Məlum olduğu kimi, Azər Paşa Nemətov bu il aprel ayının 9-da dünyasını dəyişib. Nazir onun 40 mərasimi başa çatana kimi yerinə yeni şəxsin təyin olunmasını düzgün hesab etməyib. "Azdrama"nın yeni direktorunun kim olacağı ilə bağlı qərar may ayının 20-dən sonra veriləcək”. 

Azərbaycanda ŞOK OLAY! - Şagirdlərin şantaj etdiyi müəllim...

Azərbaycanda gənc müəllim şagirdi tərəfindən şantaj olunub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonunda qeydə alınıb. Rayon 1 saylı orta məktəbin müəllimi 22 yaşlı F.F (ad şərtidir) polisə müraciət edərək həmin məktəbin 11-ci sinif şagirdi İ.H tərəfindən şantaj olunduğunu bildirib. Qadın müəllimə şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib. Müəllimə həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.   Müəllim şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək intihara cəhd edib. Belə ki, o, intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb. Baş vermiş hadisə ilə bağlı Siyəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Adı çəkilən şagirdlər saxlanılaraq onların ifadələri alınıb. Lakin onlar məktəbli olduğu üçün sərbəst buraxılıblar.  Faktla bağlı araşdırılma aparılır. 

“Kərimə”çilər Azərbaycana təhvil veriləcək? – İran nə etmək istəyir?

Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində saxlanılıblar. Bu barədə hökumətə yaxınlığı ilə bilinən “Azariha” xəbər saytı məlumat yayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qum şəhərində həbs ediliblər. Sozcu.az Azpolitika.info-ya istinadən xəbər verir ki, uzun müddətdir rahat şəkildə ölkəmiz əleyhinə təbliğat aparan bu şəxslərin birdən-birə həbs edilməsi İran mediasında da təəccüblə qarşılanıb. İddialara görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq üçün “Hüseyniyyun” qruplaşmasının liderlərini yaxın vaxtlarda Azərbaycana ekstradisiya etməyi düşünür. Qeyd edək ki, İranın dəstəklədiyi “Hüseyniyyun” son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən təşkilat kimi tanınır. Orxan Məmmədov və Tohid İbrahimbəyliyə gəlincə, hər iki şəxs barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Orxan Məmmədov mütəmadi şəkildə sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətə qarşı çıxmağa, ixtişaşlar yaratmağa səsləyir. Qumda dini təhsil alıb və bir neçə il öncə daimi yaşayış yeri kimi İranı seçib. Tez-tez Rusiyaya səfərlər edən O. Məmmədov Rusiyada yaşayan azərbaycanlı gənclər arasında “İslam inqilabı” ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir. Tohid İbrahimbəyliyə gəlincə, o, 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” terror təşkilatını yaradıb. “Youtube” sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb. Onu da qeyd edək ki, Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.

Ağdam Kollecindəki korrupsiya faktları məhkəməyə göndərildi

Ağdam Musiqi Kollecindəki korrupsiya faktları barədə cinayət işi məhkəməyə göndərilib.  Bu barədə Sozcu.az-a Baş Prokrorluqdan məlumat verilib. Ağdam Musiqi Kollecinin sabiq direktoru Rafail Musayevin külli miqdarda rüşvət alması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı Rafail Musayevin qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illər ərzində kollecdə müəllimlərin işlə təmin edilməsi, onlara əlavə dərs saatlarının verilməsi, habelə tələbələrin imtahanlardan məqbul qiymət alması müqabilində ümumilikdə 45 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Rafail Musayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Vahid Əhmədovla bağlı QƏRAR VERİLDİ

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda deputat Vahid Əhmədova töhmət verilib. Qeyd: Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib. Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin. Xatırlatma: Biir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib.

Kütləvi zəhərlənmə: 20 rus hərbçisi öldü

Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində rus hərbçilər arasında kütləvi zəhərlənmə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, aprelin 24-də Melitopoldakı rus ordusunun bölmələrinin birində baş verən zəhərlənmə nəticəsində 20 rus hərbçisi ölüb.

“Bu əxlaqsız, alçaq adamları...” - Şəhid anası onları bağışlayacaqmı?

Mingəçevirdə şəhid anasına qarşı oğurluq hadisəsi qeydə alınıb. Belə ki, Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedib.  Övladlarının məzarını təmizləyərkən dəsmal yumaq üçün uzaqlaşan ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pul qabı oğurlanıb.  Bəs görəsən, şəhid anasından oğurluq edənləri bağışlamaq olarmı?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq  Aydın Xan Əbilov bildirib ki, bu cür insanları bağışlamaq olmaz. Onlar sərt ictimai qınağa məruz qalmalıdırlar: “İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz qələbədən sonra şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız o qədər xalqın gözündə yüksəlib ki, belə hadisələrin baş verməsi ikiqat ürəkağrıdıcıdır. Şəhidlər bizim milli-mənəvi dəyərimizdir, şəhidlərin ailələrinə əl uzadan, onlara qarşı kobudluq edən, haqlarını yeyən şəxslər bizdən deyillər, bu istər məmur olsun, istərsə sadə vətəndaş. Onlar sərt ictimai qınağa, eyni zamanda inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, digərlərinə də dərs olsun. Bu nə deməkdir?! Bir ana iki şəhid verir, gedib övladlarının qəbrini təmizləməklə təskinlik tapmağa çalışır, hansısa əxlasız, alçaq da gəlib onun pulunu oğurlayır. Bundan dəhşətli hal ola bilərmi?”  Onun sözlərinə görə, həmin şəxslər qanunun sərt üzünü mütləq görməlidir ki, bu, başqalarına da dərs olsun:  “Biz şəhidlərimizə başımızın tacı deyirik, onların ruhu qarşısında baş əyirik, bu hadisəni törədənlər bilməlidir ki, bu gün olmasa da sabah törətdikləri əməl burunlarından qan olaraq axacaq. Onlar şəhid anasından oğurladıqları pulla necə çörək ala biləcəklər? Dükandan çörək oğurlayan insana bunu bağışlamaq olar, başqasının evinə girib nəyisə götürəni belə bağışlamaq olar, amma şəhid anasına qarşı atılan bu addımı heç cür bağışlamaq olmaz! Bu insanlar ciddi şəkildə həm xalqın qınağına məruz qalmalıdılar, həm də məhkəmənin sərt üzünü görməlidirlər. Onlar cəza çəkdikləri həbsxanada da qınağa məruz qalmalıdırlar, onlar həbsxanada ən axırıncı adam kimi küncdə saxlanılmalıdırlar, onlara hörmət qoyulmamalıdır.  Şəhid anası həm də imamlarımızın, peyğəmbərlərimizin anası deməkdir. Şəhidin bir damla qanı hara düşdüsə, ora çiçəklənir, Vətən olur. Şəhidin bir ahı günahkarları yandıra bilər. Biz şəhidlərin qanı hesabına bu gün alnı açıq, üzü ağ, qəddi düz gəzirik. Bu adamları bağışlamaq olmaz! Hətta şəhid anası onları bağışlasa belə olmaz. Mən əminəm ki, şəhid anası onları bağışlayacaq. İki oğul itirmiş bir ana bir telefon, bir az da pula görə kiminsə tutulmasına razı olmaz, amma cəmiyyət və rəsmi dairələr belə adamları bağışlamamalıdır”. 

Siyasilərin “İstanbul derbisi”: Ərdoğan və Kılıçdaroğlu eyni gündə...

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq davam edir. Marafonda iştirak edən bütün siyasi qüvvələr qalib gəlmək üçün var gücləri ilə çalışırlar.  Sozcu.az xatırladır ki, əsas rəqabət 2 siyasi qüvvə - “Cümhur İttifaqı” və “Millət İttifaqı” arasında gedir. Həm iqtidar, həm də müxalifət qələbəni təmin etmək üçün ölkə ərazisində təbliğat aparır, izdihamlı mitinqlər keçirirlər.  Tərəflərin Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirəcəyi mitinq isə eyni günə təsadüf edir. Həmin gün həm hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, həm də onun əsas rəqibi sayılan, ana müxalifət lideri Kemal Kılıçdaroğlu istanbulluların qarşısına çıxacaq. Siyasi çevrələrdə bunu “İstanbul derbisi” kimi qiymətləndirənlər də var. Türkiyəli analitiklər eyni gündə gerçəkləşəcək bu görüşlərdəki iştirakçı sayının seçkinin nəticələrinə təsirsiz ötüşməyəcəyini düşünürlər. 

Yaxın vaxtlarda Bakı ilə danışıqlar gözlənilir - Qriqoryan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında danışıqlar gözlənilir.  Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.  O bildirib ki, yaxın vaxtlarda nümayəndələr sülh sazişi üzrə danışıqları davam etdirmək üçün görüşəcəklər:  “Yaxın zamanlarda danışıqlar gözlənilir. Biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik”. 

İmtahanda bir nəfər yüksək bal topladı

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçirdiyi imtahanların nəticələrini açıqlayıb.  Sozcu.az xəbər verir ki, imtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib.  Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür. 

“Bilmirsən kim dostdur, kim düşmən” - Xatun

Müğənni Xatun paylaşımı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, ifaçı "Instagram" hesabında fotolarına yazdığı şərhlə ismarıc yollayıb. “Unutmayın. Şamı bağrına basdığı ip əridir. Bilmirsən kim dostdur, kim düşmən. Bir də baxırsan ki, səni uçuruma itələyən tutduğun əldir” - deyə müğənni vurğulayıb. 

Əvəz Zeynallı məhkəmədə qulağına salfet tıxadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.  Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının bəzi hərəkətləri ilə diqqət çəkib. Belə ki, ittiham aktı elan olunan zaman “Xural Tv”nin baş redaktoru Əvəz Zeynallı qulağına salfet tıxayıb. Bundan başqa, məhkəmə zalına gec buraxıldığı üçün Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə hakim arasında mübahisə düşüb. Məlahət Zeynallı prosesi pozduğu üçün hakim Əli Məmmədov ondan zalı tərk etməsini istəyib. Məlahət Zeynallı buna əməl etmədiyi üçün hakim özü zalı tərk edib. Hakim bildirib ki, Məlahət Zeynallı məhkəmə zalını tərk etdikdən sonra proses davam edəcək. Nəticədə Əvəz Zeynallı yoldaşı ilə danışdıqdan sonra Məlahət Zeynallı zalı tərk edib. Proses başladıqdan sonra Əvəz Zeynallı hakimdən həyat yoldaşını zala daxil olması üçün xahiş edib. Beləliklə, Məlahət Zeynallı bir daha yerdən danışmamaq şərti ilə məhkəmə iclasına buraxılıb. /lent.az 

Tehranda qətlə yetirilən azərbaycanlı mühafizəçinin qanı batırılır - İddia

“İran qanunlarına görə, adətən, belə hücumlarda İran rejimi istəsə, cinayətkara edam hökmü kəsə, istəməsə isə o adamı buraxa bilər. Çünki İranda baş verən çoxsaylı sifarişli qətllərdə çox vaxt cinayətkarlar sərbəst buraxılır, yaxud çox az müddətə azadlıqdan məhrum edilir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib. O, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilən silahlı terror hücumundan 3 ay keçməsinə baxmayaraq, hələ də İran hakimiyyətinin istintaqın yekun materialları ilə bağlı Azərbaycana məlumat verməməsinə, habelə prosesin uzatmasına münasibət bildirib. S. Soltan söyləyib ki, indiyə qədər İran hakimiyyəti Azərbaycan tərəfinə tutarlı rəsmi cavab verməyib: “Təxminən 1-2 ay öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani söylədi ki, bu istiqamətdə araşdırma davam edir və Azərbaycan tərəfini məlumatlandıracağıq. Lakin hələ ki, elə bir məlumat yoxdur. Bu, onu göstərir ki, İran hakimiyyəti bu terroru, bir növ, ört-basdır etmək istəyir. Cinayəti ört-basdır etmək isə İran hakimiyyətinin hansısa qolunun, yaxud bütövlükdə hakimiyyətin Azərbaycanla münasibətin pisləşdirilməsi istiqamətindəki fəaliyyətini gizlətmə cəhdidir. Ola bilər ki, bu terror aksiyasını İranın hakimiyyətdaxili qüvvələrindən hər hansı biri törədib ki, Azərbaycanı təhdid etsinlər. Yəni biz istəsək, Azərbaycana qarşı terror edə bilərik”. İranşünas xatırladıb ki, səfirliyimizə qarşı həyata keçirilən terror aktından əvvəl İrandakı bəzi qüvvələr bəyan etmişdilər ki, onlar Azərbaycan səfirliyinə, yaxud Naxçıvana yük daşıyan TIR sürücülərinə hücum edə bilərlər: “Bu açıqlamalar ötən ilin noyabr ayında olmuşdu, ondan 2 ay sonra isə məlum hadisə baş verdi. Ona görə də İran hakimiyyətinin bu tip terror hadisələrini ört-basdır etməsi ona inam və etimadı azaldır. İran hakimiyyəti təmsilçilərinin Azərbaycanla bağlı verdikləri bəyanat və özlərini xoşməramlı göstərmələri artıq səmimi alınmır və Bakının Tehran rejiminə etibar etməməsinə haqq qazandırır”. Müsahibimiz vurğulayıb ki, burada bir neçə cinayət tərkibi var və belə adamları İran hakimiyyəti daha çox mükafatlandırır: “Məsələn, 2006-cı ildə “İran” qəzetində Azərbaycan türkləri təhqir edilmişdi. Bu isə ölkədaxili milli zəmində iğtişaş yaratmaqdır. Milli zəmində iğtişaş yaratmaq isə ölkədə sabitliyin pozulması deməkdir. Amma “İran” qəzetinin məsul şəxslərinə heç bir cəza tətbiq edilmədi. Halbuki həmin qəzet Tehran bələdiyyəsinin orqanıdır. Bu gün də “İran” qəzeti öz fəaliyyətini davam etdirir və ara-sıra Azərbaycan türklərinə qarşı bu “ənənə” ilə çıxış edir. Çünki bu, rejimin sifarişidir, səfirliyə hücum da onların sifarişi idi. Sizcə, Tehran rejimi öz sifariş verdiyi şəxsləri cəzalandıra bilərmi?!”

“Dövlət sirri haqqında” və əlaqəli qanunlarda dəyişikliklər edildi

Baş nazir Əli Əsədov bir neçə qanuna dəyişiklikləri təsdiqləyib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 mart tarixli 40 nömrəli və “Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 20 avqust tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə NK qərar verib. Sənəddə deyilir: “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 5 noyabr tarixli 139 nömrəli, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 21 iyun tarixli 596 nömrəli və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 yanvar tarixli 1979 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645; 2005, № 2, maddə 122, № 3, maddə 250; 2007, № 1, maddə 47; 2008, № 4, maddə 316; 2010, № 3, maddələr 255, 264; 2012, № 9, maddə 938, № 12, maddə 1362; 2015, № 7, maddə 898, № 10, maddə 1245; 2016, № 9, maddə 1585; 2018, № 9, maddə 1949; 2019, № 2, maddə 340; 2022, № 8, maddə 974) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. mətn üzrə ismin müvafiq hallarında “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ismin müvafiq hallarında “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin; 1.2. 4-cü hissə üzrə: 1.2.1. yeddinci abzasda “və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilsin; 1.2.2. səkkizinci abzas müvafiq olaraq doqquzuncu abzas hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.”; 1.3. Qaydaya edilmiş əlavələrlə bağlı formalar üzrə: 1.3.1. forma 3-ün 7-ci hissəsində “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin; 1.3.2. forma 6-da ismin müvafiq hallarında “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ismin müvafiq hallarında “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin; 1.3.3. forma 9-un 2-ci hissəsində “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin; 1.3.4. forma 9-1-də “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin. 2. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254; 2006, № 3, maddə 300; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 643; 2019, № 2, maddə 340; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 fevral tarixli 59 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin: 2.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci hissəsi üzrə: 2.1.1. ikinci abzasda “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin; 2.1.2. üçüncü abzasda “Dövlət mühafizəsi obyektləri üçün və mühafizə olunan obyektlərdə” sözləri “Əsasnaməsində göstərilən mühafizə olunan şəxslər üçün, qorunan obyektlərdə və strateji obyektlərdə” sözləri ilə və “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyidir” sözləri ilə əvəz edilsin; 2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsinin ikinci abzasında “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində (həmin Xidmətə və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə münasibətdə) və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 20 avqust tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 855; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci abzasında “Dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin” sözləri “Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin” sözləri ilə və “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyidir” sözləri ilə əvəz edilsin”.

"Ermənistan üçün danışıqların Rusiya, ya da Qərbdə keçirilməsinin fərqi yoxdur" - Mirzoyan

“Ermənistan Rusiya və Qərbdəki danışıqlar platformaları arasında heç bir fərq qoymur”. Sozcu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, vahid sülh müqaviləsi var və danışıqlar eyni sülh müqaviləsi üzrə davam edir: “İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Bizim üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılmasının fərqi yoxdur”.

Hande Harmancı: "Yoluxmanın azalması bizi arxayınlaşdırmamalıdır, pandemiya bitməyib"

"Koronavirusa yoluxma hallarının azalması bizi arxayınlaşdırmamalıdır və özümüzü qorumağa davam etməliyik". Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib. O, koronavirusa yoluxmanın bütün dünyada olduğu kimi Azərbaycanda da azaldığını söyləyib: "Ümid edirik ki, koronavirus pandemiyası tez bir zamanda tamamilə bitəcək. Lakin virusa yoluxmanın azalması bizi arxayın etməməlidir". Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib.

İranda iki gəmi yanaraq külə döndü - FOTO

Bu gün səhər saatlarında İranda iki yük gəmisi tamamilə yanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, hadisə Qeşm adasının Bəhmən limanında baş verib.

Güləş üzrə Dünya Kubokları ləğv edilib

Bu il İran və ABŞ-də keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Kubokları ləğv edilib. Sozcu.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub. Bildirilib ki, bir çox ölkə təmsilçiləri olimpiadaya hazırlığa diqqət yetirdiyindən, Dünya Kuboklarında idmançı sayının az olması UWW üçün narahatlıq yaradır: "Həmçinin, bu ilin sentyabrında Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatı də güləşçilər üzərində təzyiqi artıracaq". Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır. Qeyd edək ki, İrandakı yunan-Roma güləşi üzrə Dünya Kuboku 24-25 noyabrda, ABŞ-dakı sərbəst və qadın güləşi üzrə yarış isə 9-10 dekabrda keçirilməli idi.

Fransa XİN: "Azərbaycan və Ermənistan liderlərinin Kişineuda görüşəcəklərinə ümid edirik"

Rəsmi Paris "Avropa siyasi birliyi"nin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir. Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna aprelin 28-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, danışıqlar prosesini genişləndirmək və inkişaf etdirmək lazımdır.