Şəhid anası tələbə oldu: “Heç kimin əlinə baxmaq istəmirəm”

Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva kollecə qəbul olub. 

Bu barədə Yenisabah.az-a danışan M.Quliyeva vaxtilə Qazaxıstanda kollec bitirsə də, Azərbaycanda diplomunu istifadə edə bilmədiyi üçün yenidən ölkəmizdə diplom almaq niyətində olduğunu bildirib. O, bunu heç kimin əlinə baxmaq istəməməsi ilə əlaqələndirib: 

“Mən kolleci vaxtilə Qazaxıstanda bitirmişəm. Ərəb dili tərcüməçisiyəm, daha sonra Almatıda universitetə daxil oldum. Amma vəziyyət elə gətirdi ki, övladımın atasını Qazaxıstandan deportasiya etdilər. Ona görə biz Azərbaycana qayıdıb gəldik və təhsilimi davam etdirə bilmədim. Bura gəldikdə Qazaxıstandakı diplomumu istifadə edə bilmədim. 

Bu gün Azərbaycanda şəhid anaları üçün hər cür komfort yaradılıb, gedirsən, adına maaş olan bir kart yazıb verirlər, işləmirsən, yenə sənə güzəşt edirlər. Lakin mən bundan istifadə etmək istəmədim, icra başçısına iş üçün müraciət etdim, bildirdi ki, sənin diplomunu burada qəbul etmirik. Bu səbəbdən mən də yeni diplom almaq istədim. Halbuki icra hakimiyyətində çalışan 50 faiz diplomlulardan daha savadlıyam. Hələ ki, ixtisasımı seçməmişəm, işğaldan azad olunmuş bölgələrdə çalışmaq üçün aqrar sahəni seçmək istəyirdim, sadəcə, kimya və biologiya savadım güclü deyil. Bu imtahanda rus dili və Azərbaycan dili nəticələrim yüksəkdir, ora tarixi də əlavə etmək istəyirəm”. 

Şəhid anası təhsilini hansı sahə üzrə davam etdirəcəyinə hələ ki, dəqiq qərar vermədiyini deyib: 

“Təhsilimi əyani yoxsa qiyabi davam etdirəcəyimə hələ ki, qərar verməmişəm. Mən Aqrar Universiteti seçmək istəyirdim, çünki Gəncə bizə daha yaxındır, həm də gələcəkdə işğaldan azad olunmuş bölgələrdə bu sahəyə tələbat daha çox olacaq. Fikrimi dəqiqləşdirəndən sonra qərarımı verəcəyəm. Hələ ki, 2 ay vaxtım var, ola bilər ki, kimya və biologiya müəlliminin  yanına hazırlaşmaq üçün gedərəm”. 

Share on Facebook