İranda iki gəmi yanaraq külə döndü - FOTO

Bu gün səhər saatlarında İranda iki yük gəmisi tamamilə yanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, hadisə Qeşm adasının Bəhmən limanında baş verib.

Güləş üzrə Dünya Kubokları ləğv edilib

Bu il İran və ABŞ-də keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Kubokları ləğv edilib. Sozcu.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub. Bildirilib ki, bir çox ölkə təmsilçiləri olimpiadaya hazırlığa diqqət yetirdiyindən, Dünya Kuboklarında idmançı sayının az olması UWW üçün narahatlıq yaradır: "Həmçinin, bu ilin sentyabrında Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatı də güləşçilər üzərində təzyiqi artıracaq". Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır. Qeyd edək ki, İrandakı yunan-Roma güləşi üzrə Dünya Kuboku 24-25 noyabrda, ABŞ-dakı sərbəst və qadın güləşi üzrə yarış isə 9-10 dekabrda keçirilməli idi.

Fransa XİN: "Azərbaycan və Ermənistan liderlərinin Kişineuda görüşəcəklərinə ümid edirik"

Rəsmi Paris "Avropa siyasi birliyi"nin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir. Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna aprelin 28-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, danışıqlar prosesini genişləndirmək və inkişaf etdirmək lazımdır.

Aprelin 2-də keçirilən imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib. Bu barədə DİM-dən xəbər verilib. İmtahanlar aşağıdakılardır: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; 4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı; 5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; 6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı. 1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //eservices.dim.gov.az/2023/netbak1/?frm=egov öyrənə bilərlər. 4, 5, 6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahan nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2023/netorta/?frm=egov istifadə etməlidirlər. Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu imtahanlarında iştirakı nəzərdə tutulan 27 896 nəfərdən 2 079 nəfər imtahana gəlməyib. 19 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 may 2023-cü il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 1 may saat 10:00-dan 3 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

“Rusiya “sülməramlı” komandanı olan hansısa general kimdir ki, bizə komanda versin?..”

“Məgər biz hansısa beynəlxalq cinayət törətmişik ki, hansısa dövlətdən, yaxud beynəlxalq təşkilatdan çəkinək?..”   Düşünürəm ki, hazırkı geo-siyasi və hərbi-siyasi durumda Rusiya Azərbaycanın yaratdığı reallıqla hesablaşmağa məcburdur.  Çünki artıq Moskvanın bizimlə hədə-qorxuyla danışmaq dövrü gedibdir.  Ən azı, ona görə ki, Putin rejimi də ermənilərə görə Azərbaycanla və eyni zamanda Türkiyə ilə münasibətlərin pozulmasını istəməz.  Konkret desək, Kreml ermənilərə görə Azərbaycanı tam şəkildə itirmək fikrində deyil”.  Bu fikirləri müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov Moderator.az-a açıqlamasında  “Sizcə, Rusiyanın “sülhməramlı”larının yeni komandanı general Aleksandr Lentsovun başçılığıyla danışıqlar aparan nümayəndə heyəti doğrudanmı Azərbaycanın Laçında qurduğu sərhəd-buraxılış məntəqəsinin götürülməsini təkidlə tələb edir, yoxsa?” sualını cavablandırarkən ifadə edib. “Məhz bu deyilən səbəblərdən hesab edirəm ki,  Rusiyanın Ermənistanla sərhəddə Azərbaycanın sərhəd və gömrük postları qurmasına reaksiyası şifahi narahatlıq ifadəsindən o tərəfə getməyəcək. Bunu da, sadəcə, ermənilərin bir az könlünü almaq, onları özlərindən tam qaçırmamaq üçün edirlər. Amma məsələyə kəskin formada münasibət bildirilməyəcək  və Rusiyanın “sülhməramlı” adlanan kontingenti də Azərbaycan rəsmiləri ilə, Azərbaycan hərbi komandanlığıyla diqtə formasında danışmağa cəsarət ettməz. Çünki onu da yaxşı bilirlər ki, Azərbaycan tərəfi  xalqın iki ildən çox gözlədiyi addımı atdıqdan sonra Rusiyanın qarşısında geri çəkilib özünün həm daxildə, həm beynəlxalq miqyasda nüfuzdan düşməsinə razı olmaz. İkincisi də, məgər biz hansısa beynəlxalq cinayət törətmişik ki, hansısa dövlətdən, yaxud beynəlxalq təşkilatdan çəkinək?  Biz 32-ci ildir ki, beynəlxalq birlik, o cümlədən BMT tərəfindən tanınmış dövlət sərhədimizdə qanunsuz silah, narkotik, insan ticarəti və s. qarşısını almaq üçün növbəti sərhəd-buraxılış və gömrük postu qurmuşuq. Rusiya “sülməramlı” komandanı olan hansısa general kimdir ki, bizə komanda versin. Ona demək lazımdır ki, siz burada Ukraynadakı kimi işğalçı qüvvə yox, sülhməramlısınız, siz, sadəcə, təhlükəsizliyi, iki qarşı duran tərəf arasında atəşkəsi, sülhü təmin etməlisiniz. Biz isə öz qanuni sərhədimizdə qanuni nəzarət postları qurmaqla, əksinə, sizə dəstək oluruq - əraziyə qanunsuz silah, təxribat yarada biləcək canlı qüvvə, yararsız məhsul, narkotik və s. keçirilməsinə imkan verməməklə sizin sülhyaratma işinizə dəstək oluruq. Odur ki, gedin, işinizlə məşğul olun...  Bütün deyilənləri nəzərə alsaq, heç bir narahatçılığa ehtiyac yoxdur və artıq biz öz suveren ərazimizdə, o cümlədən Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə və s. öz suveren haqq-hüquqlarımızı diqtə etməli, keçmiş Dağlıq Qarabağ və ətraf rayonların məskunlaşdırılmasıyla ciddi məşğul olmalıyıq”- deyə sabiq nazir müavini vurğulayıb.

Hikmət Hacıyev bu ölkələrin səfirləri ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin Tvitter səhifəsində paylaşım edilib. Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.

Təcili: “Hüseyniyyun”un rəhbərləri həbs edildi

Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində həbs olundular. Sozcu.az xəbər verir ki, İran hökumətinə bağlı antiazərbaycan təbliğatı aparan “Azariha” xəbər saytı məlumat tayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qumda saxlanılıblar.

SON DƏQİQƏ: Ordumuz daha iki yüksəkliyi nəzarətə götürdü – FOTO

Azərbaycan Ordusu bu gün iki yüksəkliyi nəzarətə götürüb. Sozcu.az xəbər verir ki, bu barədə "CaucasianLive" kanalı paylaşım edib. Bildirilib ki, Ordumuz Laçın şəhəri - Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb.axar)

Boğazında alça qalan 3 yaşlı körpə öldü

Zaqatala rayonunda 3 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 2020-ci il təvəllüdlü David Bəşirov tənəffüs yolunda alça qalması nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Lukaşenkonun soyqırımda əli var - AŞPA-dan şok qərar

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Belarus Prezidenti Aleksandr Lukaşenkonun ukraynalıların soyqırımında iştirakını tanıyıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib. Qonçarenko qeyd edib ki, AŞPA Lukaşenkonun uşaq və böyüklərin Ukraynanın işğal olunmuş ərazilərindən məcburi deportasiyasında iştirakının tanınması ilə bağlı Assambleyanın qətnaməsinə düzəlişini dəstəkləyib. "Bu, Rusiyanın Ukraynada törətdiyi soyqırımda Lukaşenkonu avtomatik günahkar edir", - deputat bildirib.

Narkotik dövriyyəsində ittiham olunan şəxsə bəraət verilib

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Əkbər İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, ona qarşı irəli sürülmüş ittiham əsassızdır. Məhkəmə Əkbər İsayevə bəraət verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Qeyd edək ki, İsayev Əkbər Ağamusa oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla həbs olunub. Baxış zamanı ondan satış məqsədilə saxlanılan narkotik aşkar olunduğu iddia olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Ukraynanın qalib gəlməsini istəyiriksə, ona hərbi dəstək verməliyik"

"Danışıqlar üçün şərtlər və danışıqların hansı formatda olması barədə qərarı Ukrayna verir". Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Lüksemburq Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında Çin və Ukrayna liderləri arasında telefon danışığına münasibət bildirərkən deyib. "Bildiyimiz odur ki, mənalı danışıqlar üçün istənilən ehtimal, hər hansı imkan Ukraynanın lazımi hərbi gücə malik olmasını tələb edir ki, Prezident Putinə döyüş meydanında qalib gəlməyəcəyi barədə çox aydın mesaj göndərsin. Odur ki, bəlkə də bu müharibə danışıqlar masası arxasında bitəcək. Amma bildiyimiz odur ki, danışıqlar masası ətrafında baş verənlər döyüş meydanındakı güclə sıx şəkildə bağlıdır. Beləliklə, əgər biz Ukraynanın suveren, müstəqil dövlət kimi qalib gəlməsini istəyiriksə sülh yolu ilə, danışıqlar yolu ilə həll istəyiriksə, oraya çatmağın ən yaxşı yolu NATO müttəfiqlərinin etdiyi kimi Ukraynaya hərbi dəstək verməkdir. Mən Prezident Zelenski ilə Si Cinpin arasındakı zəngi alqışlayıram. Hesab edirəm ki, Çinin Ukraynanın perspektivlərini daha yaxşı başa düşməsi üçün vacibdir. Ancaq bu, Çinin Rusiyanın qeyri-qanuni müharibəsini, Ukraynaya qanunsuz işğalını pisləyə bilmədiyi faktını dəyişdirmir".

Ombudsman Ermənistanla bağlı etiraz bəyanatı yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz bəyanatı yayıb. Ombudsman Aparatından Sozcu.az-a verilən xəbərə görə, bəyanatda deyilir: "25 aprel 2023-cü il tarixində Ermənistanda nifrət və terror siyasətinin dövlət səviyyəsində dəstəklənməsini təsdiqləyən növbəti hal baş verib. XX əsrin əvvəllərində ermənilər tərəfindən hazırlanaraq icra edilmiş, qisas mənası daşıyan “Nemezis” termini ilə adlandırılan terror əməliyyatının “qəhrəmanlarının şərəfinə” Ermənistanın paytaxtında dövlət rəsmilərinin iştirakı ilə təntənəli surətdə abidə açılması bunun aşkar sübutu oldu. Azərbaycan və türk diplomatlarının, dövlət xadimlərinin amansız qətlini təşkil etmiş həmin gizli terror əməliyyatının təşkilatçıları və icraçılarının adlarının bu formada əbədiləşdirilməsi Ermənistanda terrorun dövlət siyasətinə çevrildiyini bir daha göstərmiş oldu. Məlumdur ki, beynəlxalq səviyyədə hüquqpozma hallarının təkrarlanmasının qarşısının alınması və etimadın bərpası məqsədilə dövlətlər tərəfindən keçmiş yanlışların etiraf edilməsi təcrübəsi geniş təbliğ olunur. Ermənistan tərəfi isə bunun əksinə olaraq, barışığın əldə edilməsinə zidd addımlar ataraq, bölgədə gərginliyi artırmağa davam edir. Eləcə də ümumtanınmış normalara əsasən, törədilən əməllərin cinayət olmasına ədalət mühakiməsi yolu ilə qərar verilməli, təqsirkarlar müəyyən edildikdə isə qanun çərçivəsində cəzalandırılmalıdır, lakin Ermənistanda terror əməliyyatı ilə əlaqədar abidə ucaldılması insanların hər hansı əsas olmadan terror qurbanına çevrilməsinin təbliğatına xidmət edir. Xatırladaq ki, bundan öncə də Ermənistanda nasizm tərəfdarı olmuş, erməni irqinin üstünlüyü və türk etnik mənsubiyyətinə nifrət ideologiyasının banisi Qaregin Njdenin xatirəsinə ehtiram olaraq abidə ucaldılmış, tərəfimizdən bu hala da etiraz bildirilmişdir. Təəssüf ki, Ermənistanda uzun illərdir həyata keçirilən dövlət səviyyəli etnik nifrət təbliğatının ağır nəticələri özünü son günlər daha aşkar göstərir: əsir götürülmüş azərbaycanlı əsgərə qarşı qeyri-insani rəftar göstərilməsi və bu halın sosial şəbəkələrdə açıq şəkildə yayımlanması, ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında Azərbaycan Dövlət Bayrağına qarşı təxribat, İrəvanda keçirilmiş aksiyada Azərbaycan və Türkiyə bayraqlarının birgə yandırılması, İrəvanda Ermənistan-Türkiyə futbol yığmalarının qarşılaşmasında erməni azarkeşlərin yuxarıda adıçəkilən “Nemezis” terror əməliyyatını təbliğ edən şüarlar qaldırması və s. Bütün bunlar Ermənistanın hakim dairələrinin sülh qurucuğunda deyil, sülhün pozulmasında daha çox maraqlı olmasını göstərir. Onilliklərdir Azərbaycana qarşı nifrət cinayətlərini davam etdirən Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində basdırdığı minaların dəqiq xəritələrini ölkəmizə verməkdən yayınmaqla 10 noyabr 2020-ci il tarixindən bugünədək 300-ə yaxın insanın mina terrorunun qurbanına çevrilməsinə səbəb olmuşdur. Ötən gün vətəndaş cəmiyyəti nümayəndəsi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsünün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşməsi nəticəsində ayağının amputasiya olunması da növbəti belə fakt oldu. İnsanların yaşamaq və sağlamlığın qorunması hüquqlarına etinasız yanaşmanın əyani göstəricisi olan bu kimi hallara qarşı dünya ictimaiyyəti tərəfindən qəti münasibət bildirilməməsi, bununla da Azərbaycana qarşı çoxsaylı terror əməlləri törətmiş Ermənistanın beynəlxalq hüquqa zidd olan növbəti təxribatlar törətmək üçün ruhlanması bizdə ciddi narahatlıq doğurur. Azərbaycan Ombudsmanı olaraq, bir daha beynəlxalq ictimaiyyətə müraciət edir, insan hüquqlarının təmini kimi ali məqsədi rəhbər tutaraq Ermənistanın bölgədə və ümumilikdə beynəlxalq miqyasda mənfi təcrübə yaranmasına səbəb olan, cəzasızlıqla müşayiət olunan nifrət motivli əməllərinə münasibətdə sərt mövqe sərgiləməyə çağırıram".

Ən sağlam kabab hansıdır - Toyuq, yoxsa quzu?

Kababın faydası təkcə tərkibi ilə deyil, həm də düzgün hazırlanma üsulu ilə müəyyən olunur.  “Medicina” xəbər verir ki, toyuq şiş kababı bütün növlərdən ən faydalısıdır. Həkim - diyetoloq Olqa Listopadovanın sözlərinə görə, toyuq əti bədən üçün ən yumşaq və asan həzm olunanıdır. O, qril və ya manqalda hazırlanması üçün yalnız soğan, ədviyyat və mineral sudan istifadə etməyi məsləhət gördü. Sirkə, souslar, konservantlar və şəkər olan marinadlar əlavə etməkdən çəkinin. Gündə 3 orta tikə kabab sağlam insan üçün məqbul hesab edilir. Kababı ketçup və mayonezlə qarışdırmamalısız, bu yeməyi daha da yağlı və çətin həzm edəcək, həmçinin şiriin, qazlı içkilərlə kabab yemək olmaz. Pivədən də çəkinmək lazımdır. Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və şişkinliyə səbəb olur. Həkim onu da qeyd edib ki, yağlı ətin bol istehlakı qaraciyər, öd kisəsi, mədəaltı vəzi xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Mədə xorası, sürüşmə, yırtıq, Barret özofagusundan əziyyət çəkən insanlar üçün bərk kabab qadağandır. Həddindən artıq kabab yeməyin ağır nəticələri: mədə nahiyəsində narahatlıq və ağrı, sağ və sol hipokondriya. Tərəvəzdən olan kabablar (pamidor, badımcan və bibər) sağlamlıq üçün faydalıdır.  Çünki tərkibində vitaminlər, minerallar, antioksidantlar və lif var. Toyuq və ya hinduşka kabab üçün əla seçimdir, çünki mal və ya donuz ətindən daha az doymuş yağ və zülalda yüksəkdir.  Tərəvəzlərin həddindən artıq manqalda bişirilməsi bir çox vitamin və mineralları məhv edə bilər. Həmçinin məhsulda kanserogenlərin əmələ gəlməsinə səbəb olur.  Buna görə də tərəvəz kabablarını manqalda bişirərkən tərəvəzləri yüngül qabığa qədər qızartmaq, lakin çox bişirməmək tövsiyə olunur. 

Bu, İranın növbəti yalanıdır - Belçika

Belçikada həbsdə olan iranlı casus Əsədullah Əsədinin məhbusların mübadiləsi çərçivəsində İrana geri qaytarılması nəzərdə tutulmur. Sozcu.az xəbər verir ki, bu barədə Belçika Məhkəməsinin yaydığı məlumatda bildirilib. “Bu yalan danışmaqda peşəkarlaşan İran hökumətinin növbəti yalanıdır”, - bəyanatda qeyd olunub. Xatırladaq ki, İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi İslam Respublikasında həbsdə olan belçikalı Olivye Vande Kastelin azadlığı qarşısında Əsədullah Əsədinin ölkəyə qaytarılacağını iddia etmişdi. Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur. Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

"Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir" - Paşinyan SƏRSƏMLƏDİ

“Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Laçın dəhlizinə birmənalı olaraq Rusiya sülhməramlıları nəzarət etməlidir, “Laçın dəhlizi Azərbaycan tərəfindən “bağlanıb”. Bu, təkcə regionda gərginliyin artırılmasına deyil, həm də Qarabağda humanitar böhranın dərinləşməsinə yönəlmiş addımdır. Rusiya sülhməramlı kontingenti Laçın dəhlizini nəzarətdə saxlamalı və dəhlizin fəaliyyətini təmin etməlidir. Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir”, – deyə Paşinyan sərsəmləyib.

17 yaşlı oğlan bacısının fotoları ilə şantaj edildi

Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil olub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polisə müraciət edən 1984-cü il təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir) oğlu, 2006-cı il təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj edildiyini bildirib. O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını əldə edib. Daha sonra oğlunu fotoları yaymaq hədəsi ilə şantaj etməyə başlayıb. Atanın iddiasına görə, həmin şəxs hədə-qorxu yolu ilə 17 yaşlı oğlandan 100 manat alıb. Müraciətlə bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

"Kosmosda intim münasibət qadağan edilir" - NASA

Kosmosda seks qadağan edilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb. Bildirilir ki, kosmosda cinsi əlaqə qadağan edilir. NASA qeyd edir ki, əvvəllər heç bir insident olmayıb. Lakin sürətlə inkişaf edən kosmik turizm səbəbindən ciddi qaydalar tətbiq edilməlidir. Bu vəziyyətdə əsas təhlükə kosmosda cütləşmədir. Güclü radiasiya səbəbindən dölün hansı dəyişikliklərə məruz qala biləcəyi məlum deyil. Alimlər bütün turistləri kosmosda cinsi əlaqədən imtina barədə imza atmağa məcbur etməyi təklif edirlər.

Əsirlikdə olan Aqşinin anası: “Oğlumun xəttini tanıyıram, məktubu o yazmayıb” - FOTO

“Oğlumun əsirlikdə yazdığı məktub bizə gəlib çatdı, amma onun xətti deyil”. Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib. Məktubda yazılıb: “Salam, anam, atam. Mən yaxşıyam. Burada heç bir problem yoxdur, narahat olmayın”. Dürdanə Bəbirova məktubun oğlu tərəfindən yazıldığına şübhə ilə yanaşdığını söyləyib. “Mən oğlumun xəttini tanıyıram. Bizə verilən məktubu o yazmayıb. Oğlumu 100 faiz sorğu-sual ediblər, oğlum deyib, ermənilər də yazıb. Öz xəttinə qətiyyən oxşamır”, - deyə əsirin anası bildirib. Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. “Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - BQXK-nın yaydığı məlumatda deyilir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

"Media erməni məsələsi ilə bağlı məlumatlı olmalıdır" - Hulusi Akar

"Media erməni məsələsi ilə bağlı məlumatlı olmalıdır". Sozcu.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu sözləri “Star” telekanalına açıqlamasında deyib. O bildirib ki, dezinformasiya, böhtan və yalanlara tez-tez rast gəlinir: “Biz şikayət etməməliyik. Gileylənmək əvəzinə, reaksiya verməliyik. Çalışmalıyıq ki həqiqət ortaya çıxsın."

Beynəlxalq Bankın məhkəməyə verdiyi şirkətlər kimindir?

Azərbaycan Beynəlxalq Bankı (ABB) iki şirkəti məhkəməyə verib.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ABB kredit müqaviləsi üzrə mübahisələrdən dolayı Bakı Kommersiya Məhkəməsində "Hikmət İnşaat” MMC və "Hikmət Aqro” MMC barəsində iddia qaldırıb. Bankın iddiası hakim Zaur Pirverdiyevin icraatındadır.  "Hikmət İnşaat” MMC 21 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.  21 fevral 2006-cı ildə 20 AZN-lik nizamnamə kapitalı ilə qeydiyyatdan keçən "Hikmət Aqro” MMC də "Hikmət İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Şirkətin qanuni təmsilçisi isə Xəlilov İlham Salah oğludur.  Yasamal rayonu, Landau küçəsi, ev 6-da daha iki şirkət qeydiyyatdadır. Bunlardan biri "TNH” MMC-dir ki, onun da qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.  Mediada yayılan məlumatlara görə, "TNH” MMC-nin təsisçiləri "Gilan” MMC və "Hikmət İnşaat” MMC-dir. "Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkət kimi tanınır. Bu halda "TNH” MMC, "Hikmət Aqro” MMC və "Hikmət İnşaat” MMC-nin də ona məxsus olduğuna şübhələr yaranır.  Yasamal rayonu Landau küçəsi, ev 6 "Astoriya Tibb Mərkəzi” MMC-nin də hüquqi ünvanıdır. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Əlisəftər oğludur.  İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənidir. O, IV və V çağırış Milli Məclisin deputatı olub.  Beləliklə aydın olur ki, ABB-nin məhkəməyə verdiyi şirkətlər sıradan biznes subyektləri deyil.

“Direktorun əri 30 min rüşvət təklif etdi, razılaşdım” - İdarə rəisi

Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub.  Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib. Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi müqabilində ona 30 min manat rüşvət təklif olunduğunu deyib: “Regional mədəniyyət idarəsinin balansında 9 uşaq musiqi məktəbi olub. Gədəbəy rayon Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləyən Təranə Şərifova ilə bağlı məktəbin müəllimləri tərəfindən bir neçə dəfə şikayət olmuşdu. Bu səbəbdən 2022-ci ildə məktəbin fəaliyyətinin yoxlanılması barədə tədbir görmək qərarına gəldim. Komissiya təşkil edib 2 gün müddətində məktəbdə yoxlama keçirdik. Yoxlama zamanı 17 müəllimin adına rəsmiləşdirilmiş əmək haqqı kartlarının direktor Təranə xanımda olduğunu müəyyən etdik. Belə ki, direktor maaş kartlarını özündə saxlayıb hər müəllimə ayda əlbəəl 200-250 manat pul verirmiş. Lakin həmin müəllimlərin kartlarına orta hesabla ayda 1200-1400 manat pul köçürdü. Yoxlamanın nəticəsinə əsasən, bəlli oldu ki, direktor bu əməlləri nəticəsində dövlət büdcəsinə 300 000 manat ziyan vurub. Yoxlamadan bir neçə gün sonra Təranə xanım xidməti otağıma gəlib işində yol verdiyi nöqsanları bağışlamağımı və onu işdən azad etməyimi xahiş etdi. Mən isə onu bağışlaya bilməyəcəyimi, yoxlama zamanı toplanılmış materialları Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsinə təqdim edəcəyimi bildirdim. Dedim ki, böyük ehtimalla materiallar nazirlik tərəfindən prokurorluq orqanlarına göndəriləcək”.  Azər Rəcəbovun ifadəsinə əsasən, bir neçə gün sonra T.Şərifovanın əri Nazim Şərifov ona 30 min manat təklif edib ki, bu işi ört-basdır eləsin: “Nazim otağıma gəlib “Əgər arvadımı həmin məktəbdə direktor kimi saxlamaq istəmirsənsə, onu başqa məktəbə direktor keçir. Yoxlama nəticələrini və müəllimlərin izahatlarını mənə ver, buna görə sənə 30 000 manat verəcəm” dedi. Razılaşdım, Təranəni Gədəbəy rayon Düzrəsullu uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin edəcəyimi, müəllimlərin izahatlarını və yoxlama nəticələrini isə cırıb atacağımı bildirdim. Nazimdən əvvəlcə 10 000 manat aldım. Lakin bu məbləğdən başqa heç vaxt, heç kimdən rüşvət almamışam”.  Qeyd edək ki, Azər Rəcəbov 2021-ci ildə keçmiş mədəniyyət naziri Anar Kərimov tərəfindən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. 2022-ci ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir rayonlarında yerləşən, kitabxanalar, mədəniyyət evləri, uşaq musiqi məktəbləri və uşaq incəsənət məktəblərinə direktor təyin edilməsi, ixtisar olunmalı və ya birləşdirilməli kənd klublarının Mədəniyyət Nazirliyinə göndəriləcək siyahıya daxil edilməməsi müqabilində vəzifəli şəxslərdən rüşvət almaqda ittiham olunub. Ayrı-ayrı şəxslərdən 102 min manat rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr müəyyən edilərək barəsində cinayət işi başlanıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

Nazir: “ABŞ-ın səyləri ilə Ermənistan danışıqlara qayıdıb“

“Biz sülh prosesinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq”. Sozcu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan sülh istiqamətində addımlar atıb: “Biz ABŞ-a öz təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar proesinə qayıtdığını açıqlayılb. Biz bu prosesdə iştirak edəcəyik. Sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.

Qurban Qurbanov “Qarabağ“dan gedir? - Özü danışdı

"Çox uzun müddət, indidən sonra 10 və ya 15 il baş məşqçi kimi işləmək həvəsində deyiləm".  Sozcu.az xəbər verir ki, bunu "Report"a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 51 yaşlı mütəxəssis hər insanın gələcəyə dair fikirlərinin və ideyalarının olduğunu bildirib: "Mənim də neçə il bu sahədə çalışacağıma dair, "Qarabağ"da qalmaq və ya qalmamaqla bağlı düşüncələrim var. Belə fikirlərim var, amma açıqlamasam, daha yaxşı olar. Bütün bunları gələcək göstərəcək və irəlidəki dönəmlərdə hər şey nizamlanacaq".