“Rusiya “sülməramlı” komandanı olan hansısa general kimdir ki, bizə komanda versin?..”

“Məgər biz hansısa beynəlxalq cinayət törətmişik ki, hansısa dövlətdən, yaxud beynəlxalq təşkilatdan çəkinək?..”  

Düşünürəm ki, hazırkı geo-siyasi və hərbi-siyasi durumda Rusiya Azərbaycanın yaratdığı reallıqla hesablaşmağa məcburdur.  Çünki artıq Moskvanın bizimlə hədə-qorxuyla danışmaq dövrü gedibdir.  Ən azı, ona görə ki, Putin rejimi də ermənilərə görə Azərbaycanla və eyni zamanda Türkiyə ilə münasibətlərin pozulmasını istəməz.  Konkret desək, Kreml ermənilərə görə Azərbaycanı tam şəkildə itirmək fikrində deyil”. 

Bu fikirləri müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov Moderator.az-a açıqlamasında  “Sizcə, Rusiyanın “sülhməramlı”larının yeni komandanı general Aleksandr Lentsovun başçılığıyla danışıqlar aparan nümayəndə heyəti doğrudanmı Azərbaycanın Laçında qurduğu sərhəd-buraxılış məntəqəsinin götürülməsini təkidlə tələb edir, yoxsa?” sualını cavablandırarkən ifadə edib.

“Məhz bu deyilən səbəblərdən hesab edirəm ki,  Rusiyanın Ermənistanla sərhəddə Azərbaycanın sərhəd və gömrük postları qurmasına reaksiyası şifahi narahatlıq ifadəsindən o tərəfə getməyəcək. Bunu da, sadəcə, ermənilərin bir az könlünü almaq, onları özlərindən tam qaçırmamaq üçün edirlər. Amma məsələyə kəskin formada münasibət bildirilməyəcək  və Rusiyanın “sülhməramlı” adlanan kontingenti də Azərbaycan rəsmiləri ilə, Azərbaycan hərbi komandanlığıyla diqtə formasında danışmağa cəsarət ettməz. Çünki onu da yaxşı bilirlər ki, Azərbaycan tərəfi  xalqın iki ildən çox gözlədiyi addımı atdıqdan sonra Rusiyanın qarşısında geri çəkilib özünün həm daxildə, həm beynəlxalq miqyasda nüfuzdan düşməsinə razı olmaz.

İkincisi də, məgər biz hansısa beynəlxalq cinayət törətmişik ki, hansısa dövlətdən, yaxud beynəlxalq təşkilatdan çəkinək?  Biz 32-ci ildir ki, beynəlxalq birlik, o cümlədən BMT tərəfindən tanınmış dövlət sərhədimizdə qanunsuz silah, narkotik, insan ticarəti və s. qarşısını almaq üçün növbəti sərhəd-buraxılış və gömrük postu qurmuşuq. Rusiya “sülməramlı” komandanı olan hansısa general kimdir ki, bizə komanda versin. Ona demək lazımdır ki, siz burada Ukraynadakı kimi işğalçı qüvvə yox, sülhməramlısınız, siz, sadəcə, təhlükəsizliyi, iki qarşı duran tərəf arasında atəşkəsi, sülhü təmin etməlisiniz. Biz isə öz qanuni sərhədimizdə qanuni nəzarət postları qurmaqla, əksinə, sizə dəstək oluruq - əraziyə qanunsuz silah, təxribat yarada biləcək canlı qüvvə, yararsız məhsul, narkotik və s. keçirilməsinə imkan verməməklə sizin sülhyaratma işinizə dəstək oluruq. Odur ki, gedin, işinizlə məşğul olun... 

Bütün deyilənləri nəzərə alsaq, heç bir narahatçılığa ehtiyac yoxdur və artıq biz öz suveren ərazimizdə, o cümlədən Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə və s. öz suveren haqq-hüquqlarımızı diqtə etməli, keçmiş Dağlıq Qarabağ və ətraf rayonların məskunlaşdırılmasıyla ciddi məşğul olmalıyıq”- deyə sabiq nazir müavini vurğulayıb.

Share on Facebook