Narkotik dövriyyəsində ittiham olunan şəxsə bəraət verilib

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Əkbər İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, ona qarşı irəli sürülmüş ittiham əsassızdır.

Məhkəmə Əkbər İsayevə bəraət verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, İsayev Əkbər Ağamusa oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla həbs olunub. Baxış zamanı ondan satış məqsədilə saxlanılan narkotik aşkar olunduğu iddia olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Share on Facebook