Bir ayda zəhərlənmədən 9 nəfər ÖLDÜ

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib.  Mərkəzin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, 6-sı etanoldan, 6-sı ilan sancmasından, 2-si göbələkdən, 1-i arı sancmasından, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 9-u allergik reaksiya, 2-si botulizm, 1-i isə anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 6 nəfər sirkə turşusundan, 1 nəfər komatoz vəziyyətdən, 1 nəfər etanoldan, 1 nəfər botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 8-i kişi, 1-i qadındır.

İran Beynəlxalq Cinayət Məhkəməsinə VERİLİR

İran Beynəlxalq Cinayət Məhkəməsinə verilir. Sozcu.az xəbər verir ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası dünya miqyasında dini azadlıqların vəziyyəti ilə bağlı hesabatını dərc edib. Hesabatda Bayden administrasiyasına İranı bir daha xüsusi narahatlıq doğuran ölkələr sırasına daxil etməyi tövsiyə edilib. İranda azyaşlı uşaqların həbsi və öldürülməsi, işgəncələr, etirazçılara qarşı repressiyalar və etiqadlarına görə, müxtəlif dinlərə mənsub qrupların sıxışdırılması barədə yazılıb. Eyni zamanda İran hakimiyyət orqanları tərəfindən insan hüquqlarının pozulmasına və insanlığa qarşı cinayətlərə görə, bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istənilib. Bu komissiya həmçinin ABŞ Konqresindən Tehran hakimiyyətinin təzyiqi altında olan iranlı qaçqınların Amerikada məskunlaşmasına kömək etməyi və iranlıların daha çox dini azadlıqlara nail olmaq üçün mübarizəsini dəstəkləməyi xahiş edib.

İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

İranın molla rejimi terrorçuları Azərbaycana təhvil verməkdən imtina edib. Terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun molla rejimi tərəfindən həbs edilməsi barədə xəbər vermişdik. Sozcu.az xəbər verir ki, "MOUZE" telegram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib. Molla rejimi onları saxlasa da, Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.Musavat.com

İcra hakimiyyətlərindən işdən çıxarılanların SAYI

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 103 intizam tənbeh tədbirindən 94-ü töhmət, 2-si dövlət qulluğundan azadedilmə, 1-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 6 intizam tənbeh tədbirinin növü qeyd edilməyib. Sozcu.az xəbər verir ki, bu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda öz əksini tapıb. Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olmuşdur ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 3, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 12, 7-ci (İctimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 2, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 2, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 76, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 1, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 1, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib. 

Prezident: "Birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə nail olacağıq"

"Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin polşalı həmkarı Andjey Dudaya ünvanladığı məktubda əksini tapıb. "Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq", - məktubda qeyd edilib.

Pensiya yaşını keçmiş REKTORLAR — SİYAHI

Son illər həyatımızın bütün sahələrində aparılan kadr islahatları səbəbi ilə pensiya yaşı çatmış şəxsləri bir sıra vəzifələrdə gənclər əvəzləyir. Çünki, bir çox hallarda yaşlı nəsil yeni çağırışlarla ayaqlaşa bilmir. Amma hələ də pensiya yaşında olan məmurlar və digər peşə sahibləri var. Ələxsus da, elm cameəsində pensiya yaşını doldurmuş şəxslərin sayı kifayət qədərdir. Bizim.Media bu dəfə pensiya yaşı çatmış rektorların siyahısını hazırlayıb.  Siyahını təqdim edirik:  1. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovun 78 yaşı var. O, 9 oktyabr 1945-ci ildə anadan olub. H.Məmmədov, 2017-ci ildə bəri BMU-nun rektoru vəzifəsindədir. 2. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 73 yaşı var. O, 4 dekabr 1950-ci ildə doğulub. K.Abdulla 2017-ci ildə bəri ADU-nun rektorudur. 3. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın 70 yaşı var. O, 24 aprel 1953-cü ildə dünyaya göz açıb. G.Məmmədova 1999-cu ildən bəri rektordur. 4. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun 72 yaşı var. O, 20 aprel 1951-ci ildə anadan olub. Y.Yusibov 2014-cu ildən bəri GDU-nun rektorudur. 5. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun 70 yaşı var. O, 1953-cü ildə doğulub. 2016-cı ilin mayından etibarən LDU-nun rektorudur. 6. Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun 75 yaşı var. O, 1 yanvar 19948-ci ildə anadan olub. E.Hüseynov 2014-cü ildən etibarən, 9 ildir ki, SDU-ya rəhbərlik edir. 7. Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin 72 yaşı var. O, 26 iyul 1951-ci ildə dünyaya gəlib. 2011-ci ildən bəri, yəni 12 ildir ki, rektordur. 8. Bakı Biznes Universitetin rektoru İbad Abbasovun 70 yaşı var. O, 1953-cü il təvəllüdlüdür.  1992-ci ildə təsis etdiyi BBU-ya həm də rektorluq edir. 9. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının 75 yaşı var. O, 1 mart 1948-ci ildə dünyaya gəlib. 2010-cu ildən bəri Xəzər Universitetinin rektorudur.

15 yaşlı qız məktəb binasından yıxıldı

İsmayıllıda 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürtmaşı kənd orta məktəbində baş verib. 2008-ci il təvəllüdlü Y.R. məktəbin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb. Məktəbliyə ilkin yardım göstərildikdən sonra təcili Bakıya aparılıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 9-cu sinif şagirdi olan qızın özünü qəsdən binadan atdığı da istisna edilmir. Faktla bağlı araşdırma aparılır.

Hər gün nə qədər “ölməyən Fəridlər” travma alır?

Sözügedən görüntülər cəmiyyətdə hər kəsi qıcıqlandırıb və həddindən artıq aqressiya yaradıb. Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülər Məmmədova Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı 7 yaşlı tələbəsi Fərid Bakarova qarşı təhlükəli fənd işlətməsi, daha sonra isə halsız vəziyyətdə olan uşağa zor tətbiq etməklə onun ölümünə səbəb olması barədə görüntüləri şərh edərkən deyib. G.Məmmədovun sözlərinə görə, o insanın qeyri-adekvat hərəkətləri, özünü idarə edə bilməməsi, uşağın fiziki narahatlığını sezməməsi və ümumiyyətlə bir-biri ilə heç bir əlaqəsi olmayan hərəkətlər sərgiləməsi bu şəxsin psixologiyasında hər hansı problemin olduğunu göstərir: “Ən böyük problem isə həmin uşağa təzyiq olunan zaman digər uşaqların soyuqqanlılıqla seyrçi qalmasıdır. Onlar müəllimə heç bir etiraz etmir. Burada digər uşaqların travması da göz önündədir. Gələcəkdə onlar da bu hərəkətləri sərgiləyəcək məşqçi ola bilərlər. Baş verən anlar çəkilib deyə, hazırda görürük. Uşaq ölməyə, bu davranışlardan sonra sağ qala və hadisə böyüməyə də bilərdi. Ona görə nə qədər bağlı məkanlarda belə hadisələrin olduğundan xəbərsizik. Məşqçilərin intizamlı, tələbkar olmağı bizə bəllidir. Amma belə vəhşilik etməyin adı sadəcə psixi pozuntudur. Həmçinin, bunları görən uşaqların da rahat şəkildə heç bir müdaxilə etməməsi çox acınacaqlıdır. Biz uşaqlarımızı mübarizliyə öyrətməliyik”. Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov həbs edilib.

Vardanyan 9-cu aydır ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirir…

Azərbaycan Respublikasının  Xocavənd, keçmiş “Mardakert”, yəni Kəlbəcər, Ağdam və Tərtər rayonlarının, bundan əlavə  Xocalı rayonunun da  işğal altında qalan kəndlərində məskunlaşdırılmış ermənilər "tezliklə mobil ilkin tibbi yardım qruplarının xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər". Sozcu.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu iş Putinin Azərbaycanın Qarabağ torpağındakı milyarder desantı olan Ruben Vardanyanın təsis və hazırda rəhbərlik etdiyi “Biz və  dağlarımız”  adlı qeyri-qanuni “ərazi inkişafı agentliyi”nin təşəbbüsü ilə həyata keçirilir.  Separatçı-terrorşu rejimin qanunsuz "səhiyyə nazirliyi" ilə "əməkdaşlıq çərçivəsində” qurulmuş işdə Vardanyanın əsas tərəfdaşları  torpaqlarımızda qanunsuz fəaliyyət göstərən digər qurumlar:  “HENAR” "xeyriyyə fondu"  və “Sante Armenie” "assosiasiyası"dır. “Proqramın məqsədi səyyar həkim briqadalarının təşkili vasitəsilə kənd yerlərində ilkin səhiyyə xidmətlərinin daha əlçatan olmasını təmin etməkdir. ..."Səyyar həkim briqadası işə"  Xocavənd rayonundan başlayacaq. "Səhiyyə nazirliyi"nin "təqdim etdiyi qrafikə əsasən, mayın 3-dən etibarən bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş avtomobil yaşayış məntəqələrinin ətrafında hərəkət edərək əhaliyə lazımi xidmət göstərəcək”- xəbərdə belə deyilir. Xatırladaq ki, 2022-ci il sentyabrın 1-dən qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ ərazisinə daxil olmuş Ruben Vardanyan noyabrın 4-də baş separatçı Arayik tərəfindən “dövlət naziri” təyin olunub. O, 2023-ci il fevralın 23-də qondarma vəzifəsindən azad edilsə də, hələ də Azərbaycan ərazisində qeyri-qanuni ictimai-siyasi və “xeyriyyə” fəaliyyətini davam etdirir…

Şahdağ, Xınalıq və Qrıza qar yağıb - FAKTİKİ HAVA

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub. Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Adanada zəlzələ olub

Türkiyənin Adana bölgəsində zəlzələ olub. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Zəlzələ yerli saatla 09:20-də baş verib. 4.3 böyüklüyündə olan yeraltı təkan 13,13 km dərinlikdə olub.

BMT-nin Baş katibi: “Jurnalistlər həqiqəti müdafiə edirlər, dünya onların yanında olmalıdır”

“Jurnalistlər həqiqəti müdafiə etdikləri kimi, dünya da onların yanında olmalıdır”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tviterdə yazıb. O bildirib ki, peşə fəaliyyətlərinə görə jurnalistlərə təzyiq dayandırılmalıdır: “Təhdid və hücumları dayandırmaq lazımdır. Həqiqəti və həqiqəti söyləyənləri hədəf almağı dayandırmaq lazımdır”. A.Quterreş qeyd edib ki, yalan və dezinformasiyaların yayılmasının da qarşısı alınmalıdır.

İranda Sepahın təlim mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı açıqlanıb

İranın Semnan əyalətinin Damqan şəhəri ətrafında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) təlim mərkəzində baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb. Məlumatı “alarabiya”nın farsca redaksiyası yayıb. Bildirilib ki, hadisə zamanı azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda partlayışın səbəbi və şəraiti araşdırılır, ölənlərin və yaralananların sayı dəqiqləşdirilir. Qeyri-rəsmi mənbələr isə xəsarət alanlarının sayının artacağını bildirib. Semnandakı Təcili tibbi yardım mərkəzindən isə bildirilib ki, hadisə Damqandakı flor mədənində baş verib.

Bakıda rüşvət alan məktəb direktoru axtarışa verildi - FOTO

Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Qeyd edək ki, C.Səfərovun barəsində cinayət işinin başlanması ilə bağlı hələ 2020-ci ildə Baş Prokurorluq tərəfindən məlumat yayılıb. Görünür C.Səfərov istintaqdan yayındığı üçün axtarışa verilib.

"Barselona"ya çempionluq üçün iki xal lazımdır

"Barselona"ya La Liqanı qazanmaq üçün iki xal lazımdır.  Sozcu.az xəbər veir ki, bu, "Real"ın 33-cü turda "Real Sosyedad"a 0:2 hesabı ilə uduzmasından sonra məlum olub. Kataloniya təmsilçisi 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci yerdəki Madrid klubunun 33 oyundan sonra 68 xalı var. Komandalar çempionatda hələ beş oyun keçirməlidir. "Real" qalan bütün matçlarda qalib gəlsə, mövsümün sonuna qədər toplaya biləcəyi maksimum xal sayı 83-dür. Beləliklə, Xavinin komandası çempionluq titulunu qazanmaq üçün iki xal qazanmalıdır. Xallar bərabər olduğu halda, üstünlüyü “Real” əldə edəcək. "Barselona" La Liqada növbəti oyununu mayın 14-ü  səfərdə "Espanyol"la keçirəcək. Komanda bu matçda qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək.

Bu qidalar mədə yanmasına səbəb olur - XƏBƏRDARLIQ

"Mədə yanmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır". Sozcu.az xəbər verir ki, bunu Gazeta.ru-ya dietoloq Veronika Qusakova bildirib O, diskomfort yaradan məhsulların adlarını açıqlayıb və onları pəhrizdən çıxarmağı məsləhət görüb: "Vaz keçiləcək ilk şey spirt və qazlı içkilərdir. Kofein qida sfinkterinin rahatlamasına səbəb olur, buna görə də qəhvə, tünd çay və şokoladı azaltmalısınız. Fast food, hər hansı çox qızardılmış yeməklər mədə yanmasına səbəb ola bilər". Bundan əlavə, ədviyyatlı yeməklər, ədviyyatlar mədə şirəsinin ifrazını artırdığı üçün pəhrizdən xaric edilməlidir. Onun artıqlığı özofagusa daxil ola bilər və xoşagəlməz yanma hissi yarada bilər. Soğan, sarımsaq, xardal da mədə-bağırsaq traktına mənfi təsir göstərir. Turşu tərəvəz və meyvələr mədənin turşuluğunu artıra bilər. Məsələn, pomidor, sitrus meyvələri, yetişməmiş giləmeyvə. "Təzə xəmir, kələm və paxlalı bitkilər artan qaz əmələ gəlməsinə səbəb olur, buna görə insan mədə yanması ilə qarşılaşa bilər", - deyə Qusakova yekunlaşdırıb.

Yaşlı insanlarda yaddaşı bərpa etməyin YOLLARI

Alimlər yaşlılarda yaddaşı bərpa etməyin yolunu tapıblar. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, bir sıra tədqiqatlar göstərir ki, elektrik stimullaşdırılması köhnə beyinləri canlandırır və yaddaşı yaxşılaşdırır. Belə ki, beyinə qısa, ağrısız elektrik impulslarının köməyi ilə qocalıq yaddaş itkisini (ən azı müvəqqəti) bərpa etmək mümkün olacaq. Son araşdırmada müəyyən edilib ki, beynin müntəzəm elektrik stimullaşdırılması yaşlı insanların yaddaşını sağlam gənclərin səviyyəsinə qaytara bilər. İllinoys ştatının Şimal-Qərb Universitetinin alimlər qrupu 15 yaşlı iştirakçılarla kiçik bir pilot tədqiqat aparıb. Beş gün ərzində onlar hər gün 30 dəqiqəlik transkranial maqnit stimulyasiyası (TMS) seansları alıblar. Bu, beynin sinir hüceyrələrinin elektromaqnit stimullaşdırılması aldığı təmassız bir prosedurdur. Hipokampusla əlaqəli beyin bölgələri stimullaşdırıldı - xatirələrin saxlanmasına cavabdeh olan odur. Prosedur zamanı xəstənin başının yanına ortasında metal qıvrım olan stolüstü tennis raketkasına bənzəyən alət qoyulur. Cihaz xəstənin yüngül bir tıqqıltı kimi hiss etdiyi bir maqnit sahəsi yayır. İştirakçılar tədqiqat başlamazdan əvvəl, tədqiqatın bitməsindən bir gün sonra və bir həftə sonra yaddaş testləri keçiriblər. Məlum olub ki, prosedurların bitməsindən bir gün sonra iştirakçıların qeyd etmək qabiliyyəti tədqiqat başlamazdan əvvəlki ilə müqayisədə 31% daha yaxşı olub. Tomoqrafiya da beynin yaddaşların formalaşmasına cavabdeh olan bölgələrində böyük fəaliyyət göstərib. Müalicələrin bitməsindən bir gün sonra, orta yaşı 75 olan yaşlı iştirakçılar, 25 yaşlı şəxslərlə müqayisədə yaddaş testlərində normal performans göstəriblər. Kursorun bildirdiyi kimi, musiqi dinləmək və musiqi ifa etməyi öyrənmək yaşlı insanlarda idrak qabiliyyətinin azalmasının qarşısını ala bilər.

General rusları dalana dirəyib, geri çəkiləcəklər

Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut bölgəsini tərk etməli olacaqlar. General Aleksandr Sırski rusları o istiqamətdə dalana dirəyib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib. "Popasnadan Slavyanska və Donetsk vilayətinin sərhədlərinə doğru Ukrayna Silahlı Qüvvələrinin ən azı üç-dörd müdafiə xətti var. Bu müdafiə xətləri Baxmut ərazisində yerləşən müdafiə xəttindən də güclüdür. Ruslar Donetsk vilayətinin sərhədlərinə çata bilməyəcəklər", - polkovnik vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın əsas dairələrində ordunun ümumiyyətlə Baxmut istiqamətində nə etdiyini artıq müzakirə edirlər: "Sual yaranır ki, ruslar Baxmut ərazisində nə edirlər? Bu məsələ artıq Rusiyanın rəhbərliyi tərəfindən müzakirə olunmağa başlayıb. General Sırskinin idarə etdiyi vəziyyətə əsaslanaraq, ruslar geri çəkilmək qərarına gələ bilər".

Tanınmış azərbaycanlı aktyor öldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə aktyorun həmkarı İlham Əsədov sosial şəbəkə hesabında məlumat verib. Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib. O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.

DİM növbəti imtahanla bağlı məlumat yaydı

Dövlət İmtahan Mərkəzi mayın 7-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən Sozcu.az-a verilən məlumata görə, həmin gün eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı olacaq. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər. İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: - dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); - dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; - oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq). İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Bu il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda ümumilikdə 23 108 (Bakıda 15624, Sumqayıtda 875, Abşeronda 809, Naxçıvanda 70, Gəncədə 1530, Şəmkirdə 84, Tovuzda 168, Mingəçevirdə 215, Yevlaxda 109, Şəkidə 152, Zaqatalada 337, Balakəndə 222, Qəbələdə 193, Qaxda 194, Bərdədə 231, Göyçayda 258, Şirvanda 308, Lənkəranda 363, Qubada 243, Qusarda 498, Xaçmazda 625) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Sozcu.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb. Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 21-də ictimaiyyətə açıqlanacaq. Bir qədər sonra AMB-nin əsas binasında mətbuat konfransı keçiriləcək.

Krasnodarda neft bazası partladıldı

Rusiyanın Krasnodar vilayətinin Volna qəsəbəsindəki neft bazasında güclü yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratev məlumat verib. “Temryuk rayonunun Volna qəsəbəsindəki neft məhsullarının saxlanıldığı anbar yanıb. İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alanlar olmayıb”, - qubernator bildirib. Yanğın 1200 kv.m sahəni əhatə edib. Şahidlərin verdiyi məlumata görə, gecə saatlarında ərazidə güclü partlayışlar eşidilib.

Bryansk aerodromuna hücum: “Ruslan” vuruldu

Ukrayna Rusiyanın Bryansk vilayətindəki aerodroma PUA-larla zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, hücumda 5 PUA iştirak edib. Onlardan 2-si vurulub, 2-si aerodrom ərazisində partlayıb, 1 PUA isə ümumiyyətlə tapılmayıb. Bildirilib ki, hücum nəticəsində AN-24 “Ruslan” təyyarəsi ciddi zədələnib.

Putindən Bakı və İrəvana xəbərdarlıq – Kreml sülhə “yox” dedi

Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib. Mesajda deyilir: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”. Sozcu.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Kremlin Vaşinqton görüşü ilə bağlı mövqeyini şərh edib. Onun fikrincə, Putin bu mesajıyla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun, eləcə də Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. "Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq", - deyə politoloq vurğulayıb. Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünə münasibət bildirib. Kreml rəsmisi deyib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına istənilən yardımı alqışlamaq olar, ancaq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalar əsasında. “İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik barışıq sazişini dəstəkləyəcək başqa hüquqi əsaslar yoxdur. Ona görə də bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur”, - deyə Peskov vurğulayıb. Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.