Haaqada 44 dövlət Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəklədi...

Haaqada keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransının siyasi bəyannaməsi 44 dövlət tərəfindən imzalanıb. Sənəddə təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını və Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi təşəbbüslərini dəstəklədiyini bildirir.

Sozcu.az xəbər verir ki,  “Yevropeyskaya pravda” bu haqda Hollandiya hökumət portalına istinadla məlumat yayıb.

Yekun sənədi hələlik Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ imzalayıb. Konfransda ümumilikdə 57 ölkə iştirak edib.

Bəyannamədə ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq hüququn və asayişin kobud şəkildə pozulması kimi pisləyir və BMT məhkəməsinin 2022-ci il martın 16-da Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur edən qərarını xatırladırlar.

Ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı törətdiyi bütün beynəlxalq hüquq pozuntularına, o cümlədən təcavüz cinayətinə görə lazımi təhqiqat və məsuliyyətin təmin edilməsi üçün birgə səyləri artırmağa çağırır.

Ölkələr konfransda müxtəlif dövlətlərin təhqiqatları daha da dəstəkləmək üçün verdiyi vədləri alqışlayır və Vladimir Putin üçün misli görünməmiş həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, artıq işdə iştirak edən bütün qurumların rolunu qeyd edirlər.

Bəyannamədə ötən il Ukrayna və Birgə İstintaq Qrupunun (JIT) üzvü olan beş dövlətin iştirakı, ABŞ və milli araşdırmalara dəstək verən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunun da cəlb edilməsi ilə koordinasiya platforması kimi "Yevrojust"-da Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəzin (ICPA) yaradılması alqışlanır. 

Ölkələr Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin cəzalandırılmasına töhfə verəcək Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması üzərində işləmək niyyətlərini təsdiqləyir və bu istiqamətdə əhəmiyyətli irəliləyişi alqışlayır, dövlətləri və beynəlxalq təşkilatları bu prosesi başa çatdırmaq üçün hüquqi bazanın və beynəlxalq dəstəyin hazırlanmasına kömək etməyə çağırır. Sənəddə həmçinin Hollandiyanın bu xüsusi tribunalı qəbul etməyə hazır olması alqışlanır.

Share on Facebook