Məktəbə getməli olan qızlar hotelə gedirlər: 13 yaşlı Günelin faciəsi

Bakının Binəqədi rayonunda 2001-ci il təvəllüdlü Lətif yetkinlik yaşına çatmayan qıza təcavüz edib. Belə ki, o, Binəqədi rayonunda yerləşən hotellərdən birində 14 yaşına çatmamış yeniyetməni döyəcəyi ilə hədələyib, ona zor tətbiq edib. O, hoteldə yeniyetmə ilə cinsi əlaqədə olub. 

Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olub və son illər bu tip halların artması tənqid edilib. 

Bəs görəsən, son dövrlər bu halların artmasının səbəbi nədir? Bunda valideynlər, yoxsa cəmiyyət günahkardır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Könül Əhmədova bildirib ki, bu cür halların artmasında valideynlər və onların qurmadığı düzgün tərbiyə modulu əsas səbəbkardır: 

“Bu məsələ çox aktual və geniş müzakirələrə səbəb olur. Biz hamımız yeniyetmə olmuşuq və burada məsələ məhz həmin dövr yox, həm də ondan əvvəlki dövrdür. Yeniyetmənin həyatında ata, ana, mühit, cəmiyyət və şəxs özü rol oynayır. Düzgün  tərbiyə vermək erkən yaşlardan başlayır və vacibdir. Valideynlər bu məsələyə xüsusi önəm verməlidir. Ailələrdə düzgün tərbiyə modulu olmalıdır, amma çox təəssüflər olsun ki, valideynlər buna fikir vermirlər. 

Ümumiyyətlə, son zamanlar valideynlərin diqqətsizliyi və məsuliyyətsizli ucbatından baş verən bədbəxt hadisələr artır. Bu zaman valideyn ya uşaqda, ya da cəmiyyətdə günah görür, amma özünü günahlandırmır. Valideynlər öz uşaqlarına qarşı daim məsuliyyətli və qayğılı olsalar, bu hallar baş verməz. 

Valideynlərə sual edilməlidir: Hörmətli valideyn, nə vaxtdan uşağınızın tərbiyəsi ilə məşğul olmağa başlamısınız, nə vaxtdan onu dinləyirsiniz? Bunların heç biri bizim cəmiyyətin 80 faizində formalaşmayıb. Yeniyetmə də düşdüyü mühitə görə, addım atmağa başlayır, sonra da bu cür hadisələr başlayır və yeniyetmələr öz yollarında olmurlar”. 

Psixoloq qeyd  edib ki, ailədə həm ana, həm də ata yeniyetmənin tərbiyəsində eyni dərəcədə rol oynayır. Bu dövrdə valideynlər eyni qaydada tərbiyəyə üstünlük verməlidirlər: 

“İnsanlar sual edə bilər ki, atanın, yoxsa ananın tərbiyəsi daha uğurludur? Bu sualın birmənalı cavabı var: Eyni istiqamət üzrə gedən tərbiyə özünü daha yaxşı göstərməyə başlayır. Bəzən valideynlərdən biri qaydanı tətbiq edir, digəri isə pozur. Bu uşaqda çaşqınlıq yaradır, tərbiyə zamanı qüsura səbəb olur. Ailədə valideynlərin hər biri eyni qaydada tərbiyəyə üstünlük verməlidir. İnanın ki, tərbiyə motivi düzgün aparılsa, gələcəkdə də yeniyetmə bu cür hallarla qarşılaşmayacaq. Valideynlər tərəfindən nəzarətsiz qalan yeniyetmələr özlərini yaşlarından böyük aparmağa başlayır, mənəm-mən deyir yaxud iradəsi zəif olur. Bu hər uşaqda eyni olmur. 

Yeniyetmə uşaqları olan ailələr varsa, valideynlər məqsədyönlü olmalıdır, onların dünyagörüşünü artırmalı, mənəvi hiss və düşüncələrini inkişaf etdirməli, düzgün davranış qaydalarına fikir verməlidirlər və uşaqları düzgün istiqamətləndirməlidirlər”. 

Share on Facebook