Heç kimin xəbəri yoxdur: bu şəxslərə 4712 manat düşür

Azərbaycanda yeni tətbiq edilən, amma nisbətən daha az müraciətin qeydə alındığı birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriyalı şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir.

Sozcu.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir:

“Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

Müavinətin məbləği ölkə üzrə orta aylıq əmək haqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 942.4 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4712 manat müavinət ödəniləcək.

Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

Bir sıra müavinətlər ilə bağlı məlumatlığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

Share on Facebook