İmtahanlarla bağlı problem davam edir: Nəticələrin ləğvi mümkündürmü?

Bu il martın 9-da və 15-də keçirilmiş buraxılış imtahanları cəmiyyətdə geniş etirazlara səbəb olub. Sosial şəbəkələrdə çoxlu sayda “Suallar çox çətin idi”, “Vaxt az idi” kimi paylaşılan statuslara minlərlə şərhlər yazılıb.

Əksər istifadəçilər imtahan suallarının çətinliyini, anlaşılmazlığını, qəlizliyini vurğulayıblar. Dövlət İmtahan Mərkəzi (DİM) isə etirazları qəbul etmədiyini bildirib. Rəsmi açıqlamalara görə, testlərdə sadə, orta və çətin sualların nisbəti nəzərdə tutulub və imtahan müddəti əvvəlki illərdən fərqlənmir.

DİM doğru qiymətləndirməni yalnız statistik təhlil və əvvəlki illərlə müqayisədən sonra verəcəyini bildirib.

Azərbaycan dili dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov isə hesab edir ki, çətin sualların sayı çox olsa da, problem sualların məzmununda deyil, onların formalarındadır.

O “Pressklub.az”a müsahibəsində bildirib ki, adi bir biliyi yoxlamaq üçün sual elə tərtib olunub ki, şagird uzun müddət onun üzərində düşünməli olur. Bəlkə də həmin suallar DİM-in test bazasında “asan” və ya “orta çətinlikli” kimi şifrələnib.

Lakin Rafiq İsmayılov vurğulayıb ki, forma qəlizliyi qiymətləndirməni düzgün aparmağa mane olur: “Şagird biliyə malik olsa da, sualın ifadəsi bu biliyi nümayiş etdirməyə imkan vermir”.

Forma qəlizliyi barədə danışan Rafiq İsmayılov bildirib ki, DİM testlərində tətbiq olunan “klaster” və “Venn diaqramı” modelləri çox zaman dörd komponentdən ibarət olur: şərt, sxem və ya diaqram, sadalanan xüsusiyyətlər və cavab variantları.

O deyib ki, bəzən sualların şərti aydın ifadə olunmur və onları bir neçə dəfə oxumaq lazım gəlir. Bundan başqa, testlərdə çox vaxt yanlış cavabı tapmaq tələb olunur ki, bu da çətinliyi artırır. Hətta “Doğru–yanlış–ehtimal” modelində yanlış cavab “yanlış” sütununda verilir, şagird isə onu doğru cavab kimi götürməlidir.

Rafiq İsmayılov bildirib ki, Azərbaycan dili imtahanında dil qaydalarının hazırkı qiymətləndirmə konsepsiyası “mənəvi qocalıq” dövrünü yaşayır: “Məzmun baxımından testlər 25 il əvvəlki testlərdən fərqlənmir. Fərq yalnız forma və sual modellərindədir”. 

O deyib ki, müasir dil tədrisinə görə, dil qaydaları yazı bacarığını formalaşdırmağa xidmət etməlidir, amma son illərdə DİM testlərində akademik biliklər prioritet götürülüb. Onun sözlərinə görə, builki imtahanda on sualdan yalnız biri dil qaydalarının nitqdə tətbiqini yoxlayır, qalanları akademik biliklə bağlıdır.

Oxu bacarığı ilə bağlı Rafiq İsmayılov bildirib ki, problem mətni uzunluğu deyil, test tərtibçilərinin mətndə çoxlu müdaxilələr etməsidir: qrafik kodlar, kvadratlar, üçbucaqlar, cümlə və abzasların çərçivədə verilməsi, fərqli şriftlər və s. 

O qeyd edib ki, bu müdaxilələr şagirdin fikrini yayındırır və mətni rahat oxumağa mane olur. Rafiq İsmayılov deyib ki, mətni dil-üslub baxımından təkmilləşdirmək yazı bacarığını yoxlayan ayrıca sual kimi tətbiq olunmalıdır.

Rafiq İsmayılov bildirib ki, DİM ekspertləri tədris proqramı və dərslik materialları çərçivəsində işləyir və hər bir test sualının uyğunluğu yoxlanılır. 

O deyib ki, uyğunsuzluq qiymətləndirmədə nəyə üstünlük verilməsindən yaranır: “Akademik bilikləri yoxlamaq peşə yönümlü şagirdlər üçün lüzumsuzdur”. 

Onun sözlərinə görə, təhsil hələ də imtahanyönümlüdür və dərsliklərlə imtahan metodikası qarışdırılır. Bəzən müəllimlər dərslikləri kənara qoyub DİM vəsaitləri ilə şagirdləri imtahana hazırlaşdırır, halbuki dərsliklər şagirdin şəxsiyyətyönümlü inkişafı üçün vacibdir.

Rafiq İsmayılov deyib ki, dünya təcrübəsi göstərir ki, təhsil verən və qiymətləndirən qurumlar ayrı olmalıdır, lakin əməkdaşlıq təhsilin inkişafı üçün faydalıdır. O bildirib ki, Azərbaycan dilində mətnlərin mürəkkəblik dərəcəsini ölçən meyarlar müəyyənləşdirilməli, şagirdlərin söz ehtiyatı və oxuyub-anlama sürəti barədə məlumatlar hazırlanmalıdır.

Onun sözlərinə görə, görüləcək işlər çoxdur və bütün qurumlar təhsilin inkişafını prioritet kimi qəbul etməlidir.

Share on Facebook