Tanınmış vəkil icra başçısına səsləndi: “Sən çardaq sökənsən?”

“Balakən Rayon İcra Başçısı indi də insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi  çardaqları (naves) sökməklə hədələyir. Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilib. İnsanları canından bezdirərək üsyana sürükləyir...” Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc bildirib. “Bu adam barəsində ölçü niyə götürülmür?! Adama sual verirəm sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı? Aiddiyyatı qurumların diqqətinə çatdıraraq xahiş edirəm ki, gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürəsiniz”, - o qeyd edib.

Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib. Şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.

Ələt-Astara avtomobil yolunda qəza olub, ölən var

Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb. Hadisə yolun 101-ci km-də qeydə alınıb. Qəza nəticəsində, Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb

Siyəzən rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük avtomobili yolu keçmək istəyən piyada, Qobustan rayon sakini, 1967-cil təvəllüdlü Adil Azad oğlu Səftərovu vurub. Piyada hadisə yerindəcə keçinib. Qəzanın səbəbləri araşdırılır.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,06 dollara, yüngül neftin bir barreli isə 78,92 dollara təklif olunur.

Kürdəmirdə bacılar dəm qazından öldü

Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə martın 5-də rayonun Karrar kəndində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Səma Elton qızı Qasımzadə və 2014-cü il təvəllüdlü Fəridə Elton qızı Qasımzadənin yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından boğularaq keçiniblər. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Bingöl vilayətinin Solhan rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Zəlzələ yerin 13,29 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat qeydə alınmayıb.

Kəsdiyi ağac üzərinə düşdü, öldü

Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.

Erməni separatçıları Şuşanı atəşə tutdu

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Prezident Marton Nadı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ən çətin döyüşlər gedir - Zelenski

Ukrayna ordusu hazırda Donetsk və Luqanskda ən çətin döyüşlərini aparır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - V.Zelenski qeyd edib.

Minaya düşərək şəhid olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, hərbi qulluqçumuz Kamran Hüseynov martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Sozcu.az şəhid olan hərbi qulluqçumuzun şəklini təqdim edir.

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il ötür

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Sozcu.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İ. Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət ili” elan edilib.

Moskvada zavodda güclü yanğın - Video

"Moskva Koks və Qaz Zavodu"nda yanğın başlayıb. Zavod vilayətin Vidnoye rayonunda yerləşir. Sozcu.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb. Məlumatda yanğının zavodun sexlərində baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilir. Yanğın 200 kvadrat metr ərazini əhatə edir. Ukrayna Teleqram kanallarında isə zavodun Qərbin sanksiyalar siyahısında olduğu qeyd olunub.

Hərbçimiz minaya düşərək şəhid oldu - MN

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Namiz oğlu Hüseynovun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

İran-Əfqanıstan sərhəddində atışma - Ölənlər var

Bazar günü Əfqanıstan və İran sərhədində silahlı toqquşmalar baş verib. Məlumata görə, atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil. Zərərçəkənlər barədə məlumat verilmir. İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib. Yayılan xəbərlərə görə, İran sərhədçiləri ilə Taliban arasında silahlı toqquşmalar hələ də davam edir. Tərəflər yüngül və ağır silahlardan istifadə edirlər. İran tərəfinin atdığı raketlər əyalətin inzibati mərkəzi Zərənc şəhərində “Taliban” polisinin qərargahının yaxınlığına düşüb.

Polis silahlı basqın edən cinayətkarları belə zərərsizləşdirib - VİDEO

Ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib. Xəzər TV xəbər verir ki, polis müəyyən edib ki, həmin şəxslər cinayətdən sonra şəhərin mərkəzində ''Tarqovı'' kimi tanınan ərazidə evlərdən birində gizləniblər. Ağır cinayət törətməkdə şübhəli bilinən şəxslərin yeri müəyyən edilən kimi bina mühasirəyə alınıb. Polisə tabe olmaq istəməyən həmin şəxslər odlu silahdan atəş açmağa başlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır. Hadisə yerinə Səbail Rayon Prorkurorluğunun əməkdaşları gəlib, meyitə baxış keçiriblər. Mənzildə iş üçün zəruri olan istintaq hərəkətləri aparılıb. Xatırladaq ki, gecə məhv edilən və saxlanan şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

"Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan qorxmamalıdır" - Mirça Joana

Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan daha az qorxmalıdır. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Joana deyib. Joananın sözlərinə görə, hazırda Moldova üçün hərbi risk yoxdur: "Amma əgər onlar Avropaya qoşulmaq istəyirlərsə, seçim etmək vaxtıdır və onlar Rusiyadan daha az qorxmalıdırlar, çünki Rusiya Ukraynanın öhdəsindən çətinliklə gəlir. Mən indi Moldova üçün hərbi riskin olduğunu düşünmürəm”. "Rumıniya və Moldovanın birləşməsi mümkündürmü" sualına gəlincə, Joana qeyd edib ki, bu barədə şərh verə bilməz: "Mən Moldovanın taleyinin avropalı olduğuna inanıram”.

Qanlı toqquşmalar davam edəcək - Arif Hacılı

Son dövrlərdə itkilərə səbəb olan təxribatlar Azərbaycan-Ermənistan sərhədində baş verirdi.  İndi Ermənistan ərazisində avropalı müşahidəçilər olduğu üçün Rusiya daha buna cəsarət etmir.  İtkilərə səbəb olan təxribatların "sülhməramlı qüvvələr"in nəzarəti altında olan Azərbaycan ərazisinə keçməsinin əsas səbəbi budur.  Nə qədər ki, rus hərbi qüvvələri Azərbaycan ərazisindədir Qarabağ münaqişəsi həll olunmayacaq.  Qanlı toqquşmalar davam edəcək.  İndi əsas ümummili hədəfimiz Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olmalıdır.  Şəhidlərimizə allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm. Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının Feysbuk səhifəsindən götürülüb. 

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Sozcu.az Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Şuşa yaxınlığında məhv edilən separatçıların - Fotosu

Şuşa yaxınlığında erməni separatçılarının törətdiyi təxribata Azərbaycan Ordusunun bölmələri adekvat cavab verib. Sozcu.az xəbər verir ki, erməni Teleqram kanallarında yayılan məlumata görə, atışma zamanı separatçıların 3 polis əməkdaşı məhv edilib.

Xəlfəli yolunda ermənilərlə atışmada hər iki tərəfdən ölən və yaralananlar var - RƏSMİ

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib. Sozcu.az-ın məlumatına görə, bir həftə əvvəl komaya düşən 1989-cu il təvəllüdlü qazimiz bu gün dünyasını dəyişib. Onun komaya düşməsinə isə öz evinin hamamında yıxılan zaman başının yerə dəyməsi olub. Yaxınlarının verdiyi məlumata görə, Nəriman hadisədən əvvəl Türkiyədə müalicə olunurmuş. Həmin vaxt evlərinə oğru girib və ailəsi bunu Nərimanın səhhətinə görə ondan gizlədib. Bakıya qayıdanda isə o, hadisəni öyrənib, elə həmin gün də hamamda olarkən yıxılıb. Qeyd edək ki, Nəriman Qəribov Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə iştirak edib.  Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, uğrunda  gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək yaralanıb.qafqazinfo

Saakaşvili: “Tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zamanı ona beyin zədəsi diaqnozu qoyulub. Sozcu.az xəbər verir ki, o, bu barədə Bild-ə müsahibəsində deyib. Sabiq prezident özünü pis hiss etməsindən şikayətlənib və demək olar ki, iki dəfə arıqladığını bildirib. O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idisə, hazırda çəkisi 65 kq-dır. Siyasətçi bütün bədənində ağrılardan əziyyət çəkdiyini etiraf edib və MRT-nin nəticələrinin beyin zədələnməsindən danışdığını söyləyib. Saakaşvili əmindir ki, problemlərin əksəriyyəti ağır metal zəhərlənməsindən qaynaqlanır. "Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir" dedi. Eks-prezidentin sözlərinə görə, o, Avropada son gecəsini Almaniya hökumətindən olan dostları ilə Frankfurt Operasının restoranında keçirib. Saakaşvili ümidlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok “orta əsrlərə aid işgəncələr nəticəsində hamının gözü qarşısında ölməyimə icazə verməyəcəklər”.