35 yaşlı kişi dəm qazından zəhərlənərək ÖLDÜ

Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib. Sozcu.az “Report”a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

İranın qurduğu gizli silahlı dəstə üzvü məhkəmə qarşısında

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Tural Səfər oğlu Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin edilib. Qeyd edək ki, Tural Haqverdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, İranda gizlənən Tohid Alim oğlu İbrahimbəyli, Rövşən Elçin oğlu Əsədov, Orxan Kəmran oğlu Məmmədov, Elşad Elçin oğlu Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən, əsasən, əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilərək, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza atmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hani oğlu Hüseynov, Tural Səfər oğlu Haqverdiyev, Eltun Əli oğlu Şükürov və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.

Goranboyda evdən 30 min manatlıq oğurluq edib, evi yandıran şəxs tutuldu

Goranboyda bir il əvvəl evdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Hakop Aslanyan İrəvanda Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edib.  Sozcu.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Erməni deputat qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub.  “Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, - deyə siyasətçi bildirib.  Qeyd edək ki, aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Belə ki, səhnəyə çıxan erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. O, polisə aparılsa da, bir neçə saat sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib. 

Mahir Türkiyədə qol vurdu, sonra bunları yazdı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə superliqasında vurduğu ilk qolla bağlı paylaşım edib.  Sozcu.az xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra İnstaqram hesabında yazıb: “Çox söz söyləyə bilərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.  Qeyd edək ki, Mahir 40-cı dəqiqədə  gözəl qola imza atıb. Bu, onun Superliqa və “Konyaspor”da ilk rəsmi qolu olub. M.Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub. 

Arutyunyan qızına Xankəndidə toy etdi

Qarabağ separatçılarının lideri Araik Arutyunyan qızına toy edib. Sozcu.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Toya yalnız Arutyunyanın yaxın adamları və qohumlarının dəvət edildiyi bildirilib. Bundan öncə toyun İrəvanda keçiriləcəyi deyilsə də, mərasim Xankəndidə baş tutub.

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,33 % azalaraq 87,42 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 82,30 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı Ukraynada yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Ukrayna Azərbaycanlıları Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərlərinə – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğluna və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Ukrayna Azərbaycanlıları Radası beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

ABŞ və İsrail nümayəndə heyəti Şuşaya səfər edib

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər. Qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar. Belə ki, qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər. Səfərdə məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır. Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində səfər ediblər.

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Toplantıda 12 məsələnin müzakirəsi nəzərdə tutulub. Həmin məsələlər aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 4. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlayıb

Bu gün saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb. Müsabiqə qaydalarına əsasən iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdirilib. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunan şəhid ailələrinin üzvləri şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Oruc tutanların nəzərinə: Ramazandan sonra...

Ramazan ayı bitdikdən sonra oruc tutan şəxslər əvvəlki qidalanmaya qayıdır. Bir ay ərzində fərqli rejimə uyğunlaşan orqanizmdə normal qidalanmaya dönən zaman bəzi narahatlıqlar baş verə bilər. Narahatlığın olmaması üçün normal qida rasionuna qayıdarkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Sozcu.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin uzman həkim-terapevti Nuranə Əliyeva bildirir ki, bir aylıq Ramazan ayı müddətində metabolizmanın sürəti azalır. İnsanın uzun müddət ac qalıb qəfil normal qidalanmaya dönməsi sürətli olmamalıdır: “Zəifləmiş metabolizma ilə normal qidalanmaya keçmək, oruc tutan şəxslərdə çəki artımına səbəb ola bilir. Çəki artımı olmasın deyə gün ərzindən 2.5-3 litr maye qəbul etmək lazımdır. Səhər qidalanmaya ilıq su ilə başlamaq olar. Bu həm həzm sisteminə kömək edir, həm də insanların özlərini daha yüngül hiss etmələrinə, köp şikayətinin olmamasına şərait yaradır". N. Əliyeva bildirir ki, səhər yeməklərində yüngül qidalardan istifadə etmək, ağır yeməklərdən isə çəkinmək lazımdır: “Səhər yeməyində az yağ, az duzlu pendir, yumurtadan hazırlanmış omletlərdən istifadə etmək olar. Gün ərzində iki yemək vaxtı arasında da qida qəbulu vacibdir. Bu, meyvə, bir stəkan qatıq, əgər laktoza qarşı dözümsüzlük yoxdursa, süd ola bilər. Günorta daha çox tərəvəz yeməklərinə üstünlük verilməsi tövsiyə edilir. Axşam yeməklərində ət tərkibli yeməklərin olması vacibdir. Bu dövrdə mümkün qədər karbohidrat ağırlıqlı, şəkəri çox olan qidalardan istifadə edilməməlidir. Çünki şəkərli qidalar anidən qandakı insulini yüksəldir. Bununla yanaşı, axşam yeməyi gecə yatmazdan azı 4 saat əvvəl bitirmək lazımdır. Yatmazdan öncə yaşıl çay, çobanyastığı çayı, bitki çaylardan istifadə edə bilərlər. İlıq süd və ya su içmək olar”./APA

Bakıda bank kartından 2000 manat pul oğurlandı

Vətəndaşın bank kartından 2000 manat pul oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 13-də Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Samux rayon sakini Kristina Miraşiçenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər - Svitan

Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Moskvada baş tuta bilər. Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib. O bildirib ki, Qırmızı meydanda keçiriləcək paraddakı hərbi texnika Ukrayna ordusu üçün legitim hədəf sayılır. Svitan Ukrayna hərbçilərinin belə bir zərbə üçün mexanizm tapacağını vurğulayıb. “Düşünürəm ki, belə bir tapşırığın icrası üçün bizdə mexanizmlər kifayət edəcək. Hərbi obyektlər Qırmızı meydana çıxsa, onlar hədəfə çevriləcək”, - deyə o bildirib.

421-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 421-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 184 420 hərbçi, 3667 ədəd tank, 7120 ədəd zirehli döyüş maşını, 2825 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 285 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5707 ədəd avtomobil texnikası, 2386 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 332 xüsusi avadanlıq itirib.

Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlandı

Türkiyənin Çanaqqala boğazından gəmilərin keçidi qatı duman səbəbindən dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Boğaza şimal və cənub tərəfdən yaxınlaşan gəmilərin kapitanlarına duman səbəbindən yerli vaxtla saat 7.20-dən keçidin bağlandığı barədə xəbərdarlıq edilib. Duman çəkiləndən sonra hərəkətin bərpa olunacağı deyilib”, - məlumatda bildirilib.

Mayda 7 gün ardıcıl dərs olmayacaq

Mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətili olacaq. Sozcu.az xəbər verir ki, tətil mayın 6-dək davam edəcək. Tətildən sonrakı ilk dərs günü mayın 8-də olacaq. Mayın 6-sı və 7-si şənbə və bazar gününə təsadüf edir. Qeyd edək ki, 2022-2023-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Bakının mərkəzində kafe yanır

Bakının mərkəzində kafe yanır. Sozcu.az Report-a istinadən xəbər verir ki, yanğın Xəqani bağında yerləşən kafedə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Bakıda maşın qəza zamanı iki hissəyə bölündü - FOTO

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, VAZ markalı avtomobilin qəzaya uğraması nəticəsində maşın iki hissəyə bölünüb. Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən qəza zamanı sürücü həyatda qalıb.qafqazinfo)

CNN: “Rusiyanın tank ehtiyatı tükənir”

Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə getdikcə daha çox köhnə texnikadan istifadə etməyə başlayır. Moskva döyüş bölgəsində İkinci Dünya Müharibəsindən sonra istehsal edilən tankları yerləşdirir. Məlumata görə, Rusiya tank ehtiyatlarını köhnə nəsil texnika ilə doldurmağa çalışır. Ölkə müharibədə getdikcə daha öncəki tank modellərinə arxalanır. “Onlar T-80 və T-90-larla müharibəyə başladılar, sonra T-72-lərə keçdilər. İndi isə biz ilk T-55-lərin döyüşə girmək üçün təmirdən çıxdığını və artilleriya ilə də eyni vəziyyətin olduğunu görürük”, - deyə məlumatda bildirilir. Xatırladaq ki, T-90 tankı ilk dəfə 1992-ci ildə, T-80 tankı 1976-cı ildə, T-72 1972-ci ildə, T-55 isə 1948-ci ildə İkinci Dünya Müharibəsindən sonra istifadəyə verilib. Mənbə: CNN

Ukraynaya gələn Putin yox, oxşarıdır - Danilov

Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edən şəxs Rusiya Prezidenti Vladimir Putin yox, onun oxşarlarından biri olub. Sozcu.az xəbər verir ki, bu qənaətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov deyib. “Birincisi, Putin orada olmayıb. Bu, açıq-aydın məlum şeydir. Gerçək Putinlə ünsiyyətə girmək üçün azı 10-14 gün karantində keçirməlisiniz. Putin orada olmayıb. Adi oxşarı olub. Onların sayı bir deyil”, - o qeyd edib.

Rusiya mövqeyinə zərbə: mühüm hədəflər vuruldu

Ukrayna əsgərləri Rusiya qoşunlarına güclü zərbələr endirib, mühüm hədəfləri vurublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. Qərargahın məlumatına görə, raket qoşunları və artilleriyaçılar rusların iki sursat anbarını və hərbi texnika və canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub.

İlham Əliyev Olsonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub. Erika Olson vurğuladı ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olundu. Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

"Quru sərhədlər monopolistlərin daha da varlanması naminə bağlıdır" - Arif Hacılı

Arif Hacılı: "Quru sərhədlərin bağlı saxlanmasının nə pandemiya, nə də təhlükəsizliklə heç bir əlaqəsi yoxdur".  "Quru sərhədləri aviaşirkətlərin, xarici ticarətlə məşğul olan vəzifəli oliqarxların  monipolist maraqları, onların daha da varlanması naminə bağlı saxlanılır.  Çünki quru sərhədləri hakim zümrə üçün həmişə açıqdır. Hər gün bu sərhədlərdən yüzlərlə, bəlkə də minlərlə maşın keçir.  Azərbaycanda olan bütün qapılar kimi, quru sərhədlərin qapıları da yalnız zillət işində yaşamağa məhkum edilən xalqın üzünə bağlıdır".