Mayın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda Qazax rayonunun 4 kəndinin işğaldan azad olunması mühüm hadisə kimi qiymətləndirilib. Qeyd edilib ki, bu hadisə həm Azərbaycanın işğaldakı ərazilərinin azad olunması, həm də delimitasiya-demarkasiya prosesinin başlanması baxımından önəmlidir. Prosesin vasitəçilər olmadan davam etməsinin Azərbaycanın maraqlarına uyğun olduğu vurğulanıb.
Azərbaycanda əfv fərmanının verilməsinə baxmayaraq, siyasi məhbusların azad edilməməsi pislənilib. Qeyd edilib ki, hakimiyyət torpaqların azad olunduğu dönəmdə ölkədə siyasi gərginliyi azaltmaq, ilin sonunda Bakıda keçirilməsi nəzərdə tutulan COP-29 beynəlxalq konfransı ərəfəsində ölkəyə qarşı tənqidləri azaltmaq üçün daha bir fürsəti əldən verib. Divan iqtidarı siyasi məhbusları və günahsız həbs edilən şəxsləri azad etməyə, ölkədə repressiyaları dayandırmağa çağırıb.
Azərbaycanın Qərb rayonlarında və Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı ərazilərdə baş vermiş daşqınlar nəticəsində əhalinin ziyan çəkdiyi bildirilib. Divan dəymiş zərərə görə əhaliyə təzminat ödəməyi təklif edib. Baş vermiş təbii fəlakət fonunda Gürcüstanla quru sərhədlərin açılmasının zəruri olduğu vurğulanıb.
İclasda mayın 28-i saat 12:00-da Müstəqillik Günü ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə nəzərdə tutulan bayram tədbirinə hazırlıqlar müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Sonda cari məsələlər müzakirə olunub.