“Ermənistan həmişəki kimi ikili oyun oynayır. Bir yandan, Nikol Paşinyan başa düşür ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bir yandan da öz canı üçün qorxur. Yəni ehtiyat edir ki, ölkədə ona qarşı müəyyən hərəkətlənmə ola bilər”.
Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
O, Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə yanaşı, sərhəddə bufer zonanın yaradılması təklifini edib.
N. Şəfiyevin fikrincə, Azərbaycan heç bir güzəştə getməməlidir:
“Alayarımçıq nəyinsə imzalanması son nəticədə yeni münaqişəyə gətirəcək. 2020-ci ildə Atəşkəs Bəyanatını imzalayanda elə bilirdik ki, eyni sistem Laçın dəhlizi ilə yanaşı, Zəngəzur dəhlizində də tətbiq olunacaq. Amma ermənilər bu günə kimi həmin bəndi icra etməyib. Onlar bildirdilər ki, bəyanatda “koridor” sözü yoxdur”.
Müsahibimiz xatırladıb ki, Azərbaycan siyasi hakimiyyəti dəfələrlə Ermənistan tərəfinə bildirib ki, Qarabağ erməniləri ilə münasibətlərin tənzimlənməsi Azərbaycanın daxili işidir və Bakı bunu özü həyata keçirəcək:
“Heç bir beynəlxalq qurum, o cümlədən İrəvanın özü buna müdaxilə edə bilməz. Hazırda gedən proseslərdə onların nə deməsindən asılı olmayaraq, Azərbaycanın irəli sürdüyü 5 prinsipdən irəli gələn müddəalar qorunub saxlanılmalı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı gələcək sülh müqaviləsində ikili yozula biləcək ər hansı ifadə zərrə qədər də olmamalıdır.
Bu gün ermənilər Başkənddən danışırlar. Əgər əvvəldən SSRİ-yə daxil olduğumuz dövrü götürsək, bəlkə də 10-15 kv.km ərazi bizə qayıda bilər, son nəticədə Ermənistanın 10-13 kv.km. ərazidə qalar. Yəni bura ərazilərə Ermənistanın cənubu, Göyçə mahalı, Qazaxla sərhəd olan rayonlar və Naxçıvanın üstü daxildir. Azərbaycan bu iddianı irəli sürmək əvəzinə, Ermənistan bizə meydan oxuyur”.
Siyasi analitik hesab edir ki, növbəti görüşdə Prezident İlham Əliyev bu məsələni ortaya qoyacaq:
“Ermənistan rəhbərliyi özünü yığışdırmalı və baş-beynimizi aparmamalıdır. Bu gün beynəlxalq vasitəçilər ortaya düşüb, bizi gah Moskvaya, gah da Vaşinqtona dəvət edirlər. Ondansa Ermənistan rəhbərliyi ilə məsələni biryolluq həll, sonra bizi narahat etsinlər”.
“Sərhədyanı bölgədən qoşunların güzgü effekti ilə geri çəkilməsinə gəlincə, ermənilərə etibar yoxdur. Əgər biz çəkilsək, bufer zona yaratsaq, onlar yenə nə isə edəcəklər. Tarix də göstərir ki, ermənilər sakit oturan deyillər. Onlar həmin ərazidən birtəhər içəri sızmağa və min cür hoqqadan çıxacaqlar”, – deyə N. Şəfiyev əlavə edib.