Mayın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib.
İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin yubanması ilə bağlı sənədin hazırlanması təklif edilib.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə məlumat dinlənilib.
Divan mayın 28-də saat 12:00-da Müstəqillik Gününü qeyd etmək üçün Novxanıda bayram tədbirinin keçirilməsi haqqında qərar qəbul edib. Mitinqə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
Qaradağ Rayon Məhkəməsində 105 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayevə 4 il həbs cəzası verib. Müsavat Divanı bunu Azərbaycanda repressiyların davamı kimi qiymətləndirib və onun dərhal azadlığa buraxılmasını tələb edib.
İclasda Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da hücuma məruz qalmasından narahatlıq ifadə edilib, bu cinayətin icraçıları və sifarişçilərinin tezliklə cəzalanmasının zəruriliyi vurğulanıb.
Türkiyədə keçirilən seçkilər, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.