Rusiya Belqorodu müdafiə edə bilmir - Malyar

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar Ukraynada döyüş meydanına göndərilən qüvvələrin yenidən qruplaşdırılması məsələsi ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib. "Ruslar qüvvələrini yenidən qruplaşdırmaq məsələsi ilə üzləşiblər, çünki Belqorod vilayətindəki vəziyyəti sakitləşdirmək üçün indi buna ehtiyac var. Onlar faktiki olaraq bütün qüvvələrini Ukrayna cəbhələrinə göndəriblər", - nazir müavini söyləyib. Malyar Belqorodda baş verənlərin Ukrayna ilə bağlı olmadığını vurğulayıb: "Bu, yalnız onların daxili işi ola bilər". Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər. Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb. Ukrayna baş verənləri vətəndaş müharibəsi adlandırıb və bununla əlaqəsi olmadığını bildirib.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,70 dollara, yüngül neftin bir barreli isə 73,84 dollara təklif edilir.

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlandı

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlanıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 24-də saat 02 radələrində Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində baş verib. Gürcüstan vətəndaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Aftandil Samir oğlu Hüseynov naməlum şəxs tərəfindən qarın nayihəsindən bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Sabah Ukraynaya F-16 verilməsi müzakirə olunacaq

Mayın 25-də keçiriləcək növbəti Ramşteyn görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, sursatla təminatı məsələsi müzakirə olunacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. Rayderin sözlərinə görə, F-16 qırıcılarının təhvil verilməsi məsələsi də müzakirə ediləcək məsələlər arasındadır.

Artıq müharibənin dönüş nöqtəsidir - Podolyak

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq həlledici məqama çatıb. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Bütün əraziləri azad etməyə hazırlaşan Ukrayna Silahlı Qüvvələri imkanlarını artırıb. İşğalçıların strateji məqsədləri heç olmasa bir yaşayış məntəqəsi ələ keçirməkdir”, - Podolyak bildirib.

Bakıda 18 yaşlı qız itkin düşdü

Bakıda 18 yaşlı qız itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Səriyyə Rəşid qızı Osmanova evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu rusları ətçəkən maşından keçirir: 400 yeni itki

Ukrayna müharibənin 455-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 204 760 hərbçi, 3792 ədəd tank, 7421 ədəd zirehli döyüş maşını, 3339 ədəd artilleriya sistemi, 570 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 295 ədəd helikopter, 6146 ədəd avtomobil texnikası, 2871 ədəd PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 440 xüsusi avadanlıq itirib.

Əsgərimiz postda faciəvi şəkildə həlak oldu

09:35 Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Qeyd edək ki, Unikal.az Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədlinin postda olan zaman ildırım vurması nəticəsində vəfat etdiyi haqda məlumat yaymışdı.

Qarabağ qazisinə kassasiya şikayətini yazmağa vəkil ayrılıb, amma bir aydır yazan yoxdur

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını, reabilitasiya vasitəsi avtomobili də içində olmaqla daşınar -daşınmaz əmlakının hamısını apardığı,  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun Bakı  Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının  (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarından kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizəsi 26.04.2023 tarixli qərardadla təmin olunub . Qərarın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da, hələ də vəkil xidmətindən soraq yoxdur.  Xatırladırıq ki, Qarabağ qazisi 10 ildir sığorta, yol polisi,   məhkəmə, icra, sosial müdafiə … ortaq dələduzluğunun qurbanına çevrilib. Qarabağ qazisinin reabilitasiya vasitəsi olan 90-HX-384 nömrəli “əlil maşınını” 10-CK-200 nömrəli “Nissan”la dayandığı yerdə arxadan vurub, “metallomluq edən” Fərid Zakir oğlu Hüseynovun “avtoşbala” haqqı” Suraxanı yol polisi Tahir İsgəndərovu necə “hayıl-mayıl” edibsə, “hallı” məmur oğlunu atasının zəngi ilə alkoqol testindən keçirməyib, amma Qarabağ qazisi testdən keçib. Halbuki, belə yol qəzalarında alkoqol testi məcburidir. Testdən imtina şəxsin alkoqolun təsiri altında olduğu kimi qiymətləndirilir. Tahir İsgəndərov qanundan aldığı təlimatı yox, “avtoşbala”nın atasından aldığı “təlimata uyğun” olaraq, Qarabağ qazisinə dəyən ziyanın ödəniləcəyinə söz verib , amma  10 gün keçməmiş  heç bir protokol tərtib etmədən məhkəmə qaydasında inzibati xəta törətməyə görə 400 manat cərimə edib. Bundan sonra dələduzluq estafeti Ədliyyə Nazirliyinin icra məmurlarına və “Rəvan” sığorta şirkətinə ötürülüb. “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün”də saxta 10 min manatlıq defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan qazidən 3 təzə “əlil” maşını”nın dəyərində ziyanhaqqı tələb edib. Maliyyə Nazirliyi bu saxtalığa görə, həm “Rəvan” sığorta şirkətini, həm də “Nurgün”ü bir neçə dəfə cərimələsə də, dələduz şirkət nəinki geri çəkilib, əksinə, cərimələrdən daha da qərəzini artırıb. Təsəvvür edin, Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasına Nərimanov məhkəməsində baxıldığı zaman,  cavabdeh Sabunçu məhkəməsində maşının yiyəsi şəhidə və iddiaçıya qarşı iddia qaldırıb! (???) Məhkəmə hüquq sisteminin “ədalətinə” özünüz qiymət verin, nədən nə Məhkəmə Hüquq Şurası, nə də digər aidiyyatı qurumlar bu özbaşınalığa qiymət verir. Sabunçu məhkəməsi ,başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə iş olması səbəbindən icraata xitam verməli olduğu halda, işi Suraxanı məhkəməsinə ötürüb. Qarabağ qazisi bu “ötürmə qərarı”ndan apellyasiya şikayəti və təmin olunmadığından, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin 13.05.2017 tarixli qərarı 6 ildir icra olunmur. Suraxanı məhkəməsi ( Ramil Həsənov) Ali Məhkəmənin qərarından bir il qabaq saxta 16.11.2016 tarixli qətnamə ilə Qarabağ qazisini “üstünə benzin töküb yandırma” cəzasına məhkum edib. Özbaşınalığa baxın, Ali Məhkəmə 2017-ci ildə işin məhkəmə aidiyyatını müəyyən edib, baxmağa göndərib, amma artıq bir il qabaq Suraxanı məhkəməsi iş üzrə qətnamə çıxarıb? ! Təbii ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən qanuni qüvvəyə minməyib. Amma Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu saxta, qanuni qüvvəyə minməmiş qətnamədən Qarabağ qazisinə qarşı təzyiq kimi yararlanıb, daşınar -daşınmaz əmlakına həbs qoyub. Bu icra məmurunun özbaşınalığı o həddə çatıb ki, olmayan icra sənədi üzrə “borcu”Qarabağ əlilinin pensiyasına məktubla  (?) yönəldib . DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ağına -bozuna baxmadan məktub əsasında  (?)Qarabağ əlilinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə iki ay ödəyib . “İcra haqqında” qanunun 68.1.2 maddəsini media qurumları tirajlayandan sonra pensiyadanyeyilmə dayandırılıb, amma yeyilən 351 manat qaytarılmayıb.  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Suraxanı icra şöbəsinə , Nərimanov məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı,  Bakı İnzibati Məhkəməsində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yeyilən pensiyanın geri qaytarılması tələbi üzrə Qarabağ qazisinin iddiaları hələ ki, ədalətli sonuc vermir. Məhkəmə hakimiyyəti, cavabdehlər,  eldə deyildiyi kimi, ARI ATIB, NAMUSU YEYİBLƏR. Xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin pensiyasını yeməklə doyacaqlar?  Nə isə, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin İPM-in 68-ci maddəsi əsasındakı  “daxili inam”I “İcra haqqında” qanunun 68.1.2 maddəsini ( “ TƏLƏB,  BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) görməzliyə vurub. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyətini də. İndi Vəkillər Kollegiyası 26.04.2023 tarixli qərarı icra edib, qazinin kassasiya şikayətini yazsa, Ali Məhkəmənin ədaləti bərpa etməməyə heç bir əsası yoxdur.  Məğrur Bədəlsoy

“Türkiyədə dəhşətli zəlzələ olacaq, 1 milyon insan öləcək” - Cəlal Şəngör

“Yaxın zamanda İstanbulda daha dəhşətli zəlzələ olacaq”.  Sozcu.az xəbər verir ki, bunu türkiyəli akademik, dünya şöhrətli geoloq Celal Şengör azərbaycanlı tələbələrlə görüşündə deyib: “Bu hadisədə ən azı bir milyon insan ölə bilər. Zəlzələ İstanbulu başımıza keçirəcək. Bu, Şərqi Anadolu seysmik xəttinin qırılması nəticəsində gözlənilir”.(oxu)

Bakıda bədbəxt hadisə: balkon qızın başına uçdu

Bakının Azadlıq prospekti 58a ünvanında bədbəxt hadisə baş verib. Sozcu.az  xəbər verir ki, yaşayış binasının balkonu gənc qızın başına uçub. Nəticədə qız ağır xəsarət alıb. O, təcili yardımla xəstəxanaya çatdırılıb.///News24

Miqrasiya Xidməti ilə bağlı SƏRƏNCAM

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin say həddi artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. DMX-nin işçilərinin say həddi 757 ştat vahidi müəyyən edilib. Qeyd edək ki, indiyədək DMX-nin işçilərinin say həddi 655 ştat vahidi olub.

Həqiqi hərbi xidmətlə bağlı yenilik

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Nazirlər Kabineti bununla bağlı “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.

"Putinin "mini-NATO-su dağılır, Paşinyan və KTMT-nin digər ölkə liderləri kimə tərəf üz tutacaq?.."

"Mənim qəddar düşmənlərim olan Türkiyə ilə Azərbaycan arasında oyun oynayan, Dağlıq Qarabağ savaşında heç nə etməyən və məni pis vəziyyətdə qoyan Putin nəyimə lazımdır ki?.." "Çin aktiv hərəkətə keçib və Rusiyanın ənənəvi təsir zonası olan Mərkəzi Asiya ilə yeni müdafiə qurumu Putin üçün qara işarədir..." Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Moskvanın kuratorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı məlumat verib və erməni liderinin getdikcə Kremldən daha da uzaqlaşdığını vurğulayıb. "Mən Ermənistanın KTMT-dən de-yure çıxması və ya onun üzvlüyünün dondurulması imkanını istisna etmirəm", - Paşinyan bəyan edib. "KTMT altı ölkənin hərbi ittifaqıdır və NATO-nun qısaldılmış versiyası ilə müqayisə edilir. Bu yaxınlarda bu blokun gələcəyi barəsində Paşinyanın dedikləri Rusiya prezidentinə ictimai narazılığı ifadə edib", - jurnal yazıb. Ermənistanla Rusiya uzun müddətdir ki, müttəfiq olub. Son zamanlar ölkələr arasında yaranan gərginliyi izah edərkən Paşinyan qonşu Azərbaycanla davam edən münaqişədə Putin tərəfindən dəstəyin olmadığına istinad edib. "Newsweek" xatırladıb ki, 2020-ci ildə bir neçə həftə davam edən müharibədən sonra 2021-ci ildə Ermənistan Azərbaycanı qoşunlarının, guya, onun ərazisinə keçməsində ittiham edib və KTMT tərəfindən bunun pislənilməsini uğursuzcasına tələb edib. Ukraynalı hərbi ekspert Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində əmin edib ki, Ermənistanın və KTMT-nin digər ölkələrinin tənqidi, əslində, Çinlə bağlıdır. Arestoviç bəyan edib ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin ötən həftə Pekində keçirilən "Çin-Mərkəzi Asiya" sammitinə səfərləri gedişində iqtisadi məsələlərlə yanaşı, Çinin Mərkəzi Asiya ölkələri ilə yeni müdafiə qurumunun yaradılması imkanı da müzakirə edilib. "Paşinyan söhbətin nədən getdiyini gözəl anlayır. O, görür ki, Çin təkcə yumşaq güclə hərəkət etməyə deyil, həm də özünün iqtisadi və siyasi təsirini hərbi yolla təmin etməyə hazırdır (müharibə etməklə deyil, yeni müdafiə qurumları yaratmaqla)", - Arestoviç izah edib. Onun sözlərinə görə, Paşinyan məntiqlə düşünür": "Mənim qəddar düşmənlərim olan Türkiyə ilə Azərbaycan arasında oyun oynayan, Dağlıq Qarabağ savaşınsa heç nə etməyən və məni pis vəziyyətə salan Putin nəyimə lazımdır ki?..". "Rusiya Putin dönəmində çox sürətlə zəifləyir. Və  Çin aktiv hərəkətə keçib. Rusiyanın ənənəvi təsir zonası olan Mərkəzi Asiya ilə yeni müdafiə qurumu Putin üçün qara işarədir", - Arestoviç vurğulaylıb.

“G7” sammitində Zelenski ilə bağlı qapılar arxasında nələr danışıldığını bilmirik...”

“Amma  deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiya səfəri kifayət qədər uğurlu olub...” Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski  ötən şənbə günü Xirosimada keçirilən Yeddilik Qrupunun (“G7”) sammitində şəxsən iştirak etmək üçün Yaponiyada səfərdə olub. O, Ukraynadakı vəziyyətlə bağlı sessiyada iştirak və çıxış edib. Eyni zamanda “G7” ölkələrinin başçılarıyla görüşlər keçirib. Bəs görəsən, Ukrayna lideri  “G7”  sammitindən hansı real uğurlarla dönüb? Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu hafta.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib. “ “G-7” ölkələrinin sammitindən Zelenskinin qazandığı ən ciddi uğur ondan ibarət oldu ki, birmənalı şəkildə Ukraynaya dəstək ifadə olundu. Və yalnız sözdə deyil, biz bilirik ki, Ukrayna ordusuna artıq hücum silahları da verilməkdədir: “F-16” qırıcıları, yeni raket növləri. Həmçinin əlavə maliyyə və silah-sursat yardımı da edilir. Və ən başlıcası, dediyim kimi, sammit iştirakçıları tərəfindən bildirildi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər də dəstək veriləcək. Əlbəttə, bağlı qapılar arxasında nələr olub, nələr danışılıb – biz bunu bilmirik. Amma elə bu deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiya səfəri kifayət qədər uğurlu olub. Və Ukraynaya da həm hərbi, həm iqtisadi, maliyyə dəstəyi davam edəcəkdir. Həm də, təbii ki, siyasi dəstək... Bu, açıq-aydın görünməkdədir. Və hesab edirəm ki, bütün bunlar kifayət qədər ciddi uğurdur. Çünki Rusiyanın təcavüzünün ilk dövrlərində  “G-7” ölkələri arasında bəzən Ukrayna ilə bağlı fərqli mövqelər sərgiləyənlər olurdu. Amma bu gün artıq hər hansı fərqlilik görünmür. Bu gün görünür ki, həmin ölkələrin hamısı eyni platformadan, eyni mövqedən çıxış edirlər. Və  Ukrayna üçün ən böyük uğur da elə budur...”

Buraxılış imtahanı ilə bağlı qalmaqal - Müəllim DİM-ə etiraz etdi

Laçın rayonu, 46 saylı orta məktəbin müəllimi Səbinə Əsədova bu il martın 12-də keçirilən buraxılış imtahanı ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) narazılıq edib . Bakupost.az xəbər verir ki, bu barədə müəllim öz sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, apelyasiya ilə bağlı DİM-ə müraciət edilsə də, hələ ki xəbər gəlməyib: "12 mart buraxılış imtahanından apelyasiyaya müraciət etmişik. Hələ bir xəbər gəlməyib. Amma öncədən mütəxəssislərin nəzərinə çatdırıb müzakirə etmək istədim ki, sonra mən narazılıq edəsi olsam, hamı məsələdən xəbərdar olsun. Əvvəla, marker həmkarlarım məndən inciməsin, bu nəticəni görəndə ağlıma ilk gələn o oldu ki, nəticəni ingilis dilindən xəbəri olmayan kimsə meyardakı sözlərin üst-üstə tutuşduğuna əsasən yoxlayıb". S.Əsədova imtahan verən şagirdin işini təqdim edərək, ingilis dili fənni üzrə keçirilən yoxlamaların düzgün aparılmadığını qeyd edib: "Tələb odur ki, 1) cümlə quruluşu məlum növdən məchul növə keçsin. Bəli keçirilib ( zaman və mübtəda xəbər uzlaşması doğrudur) 2) həmin dəyişmiş strukturda ən az iki söz yaxın mənası ilə əvəz edilsin . Edilib influence = attract ( Merriam Webster dictionary - orijinal mənbə) neqatively = in a bad way. Hətta yəqin həmkarlar mənimlə razılaşar ki, zərfin ismi birləşmə ilə " in + a+ adjective + manner/way " əvəzlənməsi sadə struktur deyil. Bunu çevirə bilən şagirdin ingilis dili kompetensiyası olduğu aşkardır. Bu da ikinci yaxın mənaya dəyişmə. Ödədimi meyarı?" Şikayətçi bildirib ki, tələb olunan bütün meyarlar ödənilsə də, cavab səhv kimi qeydə alınıb: “Həyəcandan “attract” (cəlb etmək) sözünün yazılışında “attack” (hücum) ilə qarışıqlıq yaradılıb. Hərf səhvi isə yeni məna yaratmadığı müddətcə səhv qəbul olunmur. Yenə də qəbul olunmursa, o zaman sual edirəm: Niyə dinləmənin 5-ci sualında "sehlter" əvəzinə "sherter" yazan meyara tam bal vermisiniz? Bütün bu yazdıqlarıma əsasən, siz deyin, şagirdə sıfır bal verən doğrudanmı, ingilis dili müəllimi olub?”

Legion irəliləyir: Rusiyada daha iki kənd ələ keçirildi

Belqorod vilayətinin Qorkovski qəsəbəsi və Şebekino kəndi Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllülər Korpusu tərəfindən ələ keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqorod vilayətinə hücum edib: Ukrayna ilə rəshəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə Qrayvoron şəhərini ələ keçiriblər. Ukrayna bunu Rusiyada vətəndaş müharibəsinin başlaması kimi təqdim edir.

Dünyanın ən güclü orduları: Azərbaycan Silahlı Qüvvələri neçəncidir?

Beynəlxalq hərbi gücə dair məlumatlar toplayan ABŞ-ın statistik saytı "Global Firepower” 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısını açıqlayıb. Bu siyahı hazırlanarkən ölkə ordularının texnoloji inkişafı, insan gücü, uzun müddət meydanda qalma və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınıb. Bəs Azərbaycan ordusu "Global Firepower”in siyahısında neçənci yerdədir? Sozcu.az 2023-cü ilin ən güclü ordularının siyahısını təqdim edir: 1. ABŞ 2. Rusiya 3. Çin 4. Hindistan 5. Birləşmiş Krallıq 6. Cənubi Koreya 7. Pakistan 8. Yaponiya 9. Fransa 10. İtaliya 11. Türkiyə 12. Braziliya 13. İndoneziya 14. Misir 15. Ukrayna 16. Avstraliya 17. İran 18. İsrail 19. Vyetnam 20. Polşa 21. İspaniya 22. Səudiyyə Ərəbistanı 23. Tayvan 24. Tailand 25. Almaniya 26. Əlcəzair 27. Kanada 28. Argentina 29. Sinqapur 30. Yunanıstan 31. Meksika 32. Filippin 33. Cənubi Afrika 34. Şimali Koreya 35. İsveç 36. Nigeriya 37. Myanmar 38. Hollandiya 39. Banqladeş 40. Portuqaliya 41. Malayziya 42. Kolumbiya 43. İsveçrə 44. İraq 45. Çili 46. Rumıniya 47. Çexiya 48. Efiopiya 49. Danimarka 50. Finlandiya 51. Venesuela 52. Peru 53. Macarıstan 54. Anqola 55. Birləşmiş Ərəb Əmirlikləri 56. AZƏRBAYCAN 57. Serbiya 58. Bolqarıstan 59. Belarus 60. Fəs 61. Özbəkistan 62. Qazaxıstan 63. Suriya 64. Qətər 65. Kuba 66. Slovakiya 67. Belçika 68. Xorvatiya 69. Ekvador 70. Şri-Lanka 71. Konqo 72. Tunis 73. Yəmən 74. Sudan 75. Oman 76. Boliviya 77. Küveyt 78. Bəhreyn 79. Liviya 80. İordaniya 81. Türkmənistan 82. Uqanda 83. Avstriya 84. Gürcüstan 85. Sloveniya 86. Keniya 87. Paraqvay 88. Zambiya 89. İrlandiya 90. Albaniya 91. Honduras 92. Litva 93. Ermənistan 94. Latviya 95. Uruqvay 96. Çad 97. Zimbabve 98. Monqolustan 99. Kamerun

Meral Akşener Sinan Oğanın qərarından danışdı: “Təəccüblənmədim”

Türkiyənin müxalif “İYİ” Partiyasının sədri Meral Akşener prezidentliyə keçmiş namizəd Sinan Oğanın ikinci turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyinə dair qərarına münasibət bildirib.  Sozcu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, siyasətçi jurnalistlərin bununla bağlı sualına konkret cavab verib: “Təəccüblənmədim”. Meral Akşener Sinan Oğan mövzusunda maksimum korrekt danışıb. Təcrübəli siyasətçi jurnalistlərin israrından sonra fikrini belə ifadə edib: “Bu məsələni Sinan Oğana səs verən seçicilər müzakirə etməlidir”. 

Paşinyanın həyatına sui-qəsd ola bilər - İrəvan qarışır

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötəngünkü mətbuat konfransı bir sıra maraqlı məqamlarla yadda qalıb.  Belə ki, erməni nazirin Qarabağla bağlı konkret mövqe sərgiləməsi, habelə Azərbaycanın 86.6 kv.km. ərazi bütövlüyü daxilinə Qarabağı da daxil etməsi ona qarşı hücumlara rəvac verib.  Hökumət başçısını bu çıxışından sonra onu "Vətən xaini", "satqın" adlandıranların sırası daha da genişlənib. Hətta separatçı rejimin “parlamenti” ötən gün “bəyanat” yayaraq, Baş nazirin bu açıqlamasını qəbul etməyəcəklərini açıqlayıb. 27 oktyabr 1997-ci il Ermənistan parlamentinə hücum faktını nəzərə alsaq, Paşinyan bugünkü reallıqda ona qarşı olan hücumları, habelə təzyiqləri dəf edə bilərmi? Onun kompromisə getməyi hakimiyyətini laxlada bilərmi? Baş nazirin həyatı üçün təhlükə varmı?  Yenisabah.az-ın suallarını cavablayan politoloq Elşən Manafov söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın belə açıqlama ilə çıxış edəcəyi gözlənilirdi:  “Çünki Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutmuş məlum görüşdən sonra ittifaqın prezidenti Şarl Mişel bəyan etdi ki, danışıqlarda əldə edilmiş ciddi uğur ondan ibarətdir ki, Ermənistan Azərbaycanın 86.6 kv.km, Azərbaycan isə Ermənistanın 29.800 kv.km-ə malik olması ilə bağlı ərazi bütövlüyünü tanıyıb. Bu açıqlamadan sonra Paşinyanın belə bir bəyanat verəcəyi gözlənilən idi”.  “O ki qaldı Paşinyana yönəlmiş hücumlara, aydın məsələdir ki, bu hücumlar erməni müxalifəti tərəfindən istiqamətləndirilir. Erməni müxalifətinin bu məsələdəki mövqeyi onun daha çox konyunktura maraqlarından irəli gəlir. Bəllidir ki, Paşinyan Azərbaycan-Ermənistan müharibəsinin Ermənistan üçün doğurmuş olduğu reallıqlardan çıxış edərək belə bir mövqe sərgiləyir. Ona görə də erməni müxalifətinin bu bəyanatı populizmdən başqa bir şey deyil”, - o, əlavə edib.  Analitik fikrincə, müxalifətin bu bəyanatının arxasında geosiyasi sifarişin olması da istisna deyil: “Çünki həmin müxalifət daha çox Rusiyaya bağlılığı ilə seçilir. Əslində, bu bəyanatların arxasında Ermənistanda Qərb və Rusiya maraqlarının toqquşması ilə bağlı məqamları görmək lazımdır. Yəni burada konyunktur ilə yanaşı geosiyasi qarşıdurmanın yaratmış 0lduğu reallıqları nəzərə almaq lazımdır”.  Baş nazirin həyatında təhlükə yaradacaq sui-qəsdin olub-olmayacağı məsələsinə gəldikdə müsahibimiz qeyd edib ki, bu bəyanatı verən dövlət başçısı, yəqin ki, bunun doğura biləcəyi reallıqları da nəzərə alar: “Təbii ki, Baş nazirin mühafizəsi də müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydın məsələdir ki, heç kəs heç nədən sığortalanmayıb, lakin belə bir bəyanatdan sonra Paşinyanın həyatına Ermənistandakı millətçi dairələrin təmsilçiləri tərəfindən sui-qəsd də ola bilər. Nəzərə alsaq ki, Ermənistan terror və sui-qəsdin həyata keçirilməsində xüsusi təcrübəyə malikdir, -  xüsusilə də millətçilər və “Daşnaksütyun” Partiyası – o zaman bu da istisna edilə bilməz”. 

Parlament partiyası özünü BURAXDI

Azərbaycanda daha bir partiya özünü buraxıb. Sozcu.az xəbər verir ki, Vətəndaş Birliyi Partiyası (VBP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. Partiya 1999-cu ildə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. Partiyada 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranıb, partiya katibi İqbal Ağazadə və qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünüb. İqbal Ağazadənin rəhbərlik etdiyi qüvvələr 15 mart 2002-ci il tarixində Ümid Partiyasına birləşib.  2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul edib, lakin partiya katibi Sabir Hacıyev bununla razılaşmayıb və partiyanın rəhbərliyinə keçib. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olub. Sabir Hacıyev 2005, 2010, 2015 və 2020-ci illərdə parlamentin deputatı seçilib. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 22-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 21. Vətənpərvərlər Partiyası 22. Vətəndaş Birliyi Partiyası

Ermənistan TŞ katibi amerikalı generallarla regiondakı vəziyyəti müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Filips və general-mayor Patrik Priori ilə görüşüb. Bu barədə Ermənistan TŞ-dən bildirilib. Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Onlar həmçinin Ermənistan və ABŞ arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar. Görüşün harada keçirildiyi açıqlanmayıb. Xatırladaq ki, A.Qriqoryanın bu gün Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşü gözlənilir.

İyunun 3-4-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyunun 3-də IV ixtisas qrupu, iyunun 4-də isə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Bu barədə  mərkəzdən məlumat verilib. İyunun 3-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qobustandakı qəzada ölənlərin sayı artdı

Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Qeyd edək ki, mayın 22-də səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində KİA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdi. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.