Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildilər

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Baş prokurorluğun vəsatətləri əsasında Polşa  və Rusiya  tərəfindən müvafiq olaraq "Ekstradisiya haqqında" 13.12.1957-ci il tarixli Avropa Konvensiyanın və müvafiq Əlavə Protokollarının, həmçinin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Yusif Əliyev və Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib. Mayın 25-də Lamin Vəliyev və Yusif Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıdıq

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışında deyib.

Əliyev açıqladı: Üçtərəfli görüş keçiriləcək!

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. İclasda qonaq qismində iştirak edən dövlətimizin başçısı çıxışında bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”. Dövlətimizin başçısı, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.

Bakı sakini döyüldü, 4000 manatı və 2800 manatlıq telefonu əlindən alındı

Mayın 20-də Nəsimi rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini M.Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan cüzdanını və 2800 manat dəyərində mobil telefonunu talaması barədə polisə məlumat daxil olub. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Azərbaycan dili imtahanına qeydiyyat BAŞLADI

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 25-dən 5 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün “Azərbaycan dili” imtahanına (ikinci cəhd) qeydiyyat isə sabah başlayacaq və bu barədə məlumat veriləcək. “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək. Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. 324 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir. İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib. İmtahanda iştirak edən ən yaşlı namizəd 67 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61%, respublikanın digər regionları üzrə isə 39%-dir. Qeyd edək ki, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 14%-i xarici, 86%-i yerli ali təhsil müəssisələrində təhsil alanlardır. Bu siyahıda ilk yeri 54% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66%-ni təşkil edir. Qadın namizədlər 25%, kişi namizədlər isə 75%-dir.

Tarixi tikili binaya müdaxilə faktı aşkarlandı

Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi tikili (abidə) binaya müdaxilə faktı aşkarlanıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edilib faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir: "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. İstifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik".

Faiq “silinsin“ deyir - Müğənnidən fərqli rəy

Xalq artisti Faiq Ağayev Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kontatası”nın “Terzi” serialında silinməsini dəstəkləyib. Sozcu.az Olay-a istinadla xəbər verir ki, o hətta mahnın səsləndiyi səhnənin instaqramdan da silinməli olduğunu bildirib: “Əvvəl müəllif yerinə “anonim” yazırdılar. İndi də “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipinə keçiblər. “Mikpro", əsərimiz hələ “Netflix Türkiye”nin instaqram səhifəsində qalıb. Oradan da sildirmək lazımdır. Qanun orada da qanundur. Buyurub, sivil yolla həll edəydilər”. Musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib. Bununla bağlı “Mikpro” şirkəti hərəkətə keçib. Rəqəmsal yayım şirkətindən saytımıza verilən özəl açıqlamada “Netflix Türkiye”nin yutub səhifəsindən əsərin sildirildiyi söylənilib. Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova mahnımızın “Netflix”də sildirilməsinə etiraz edib.

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında sülh əlçatandır

Azərbaycan və Ermənistan arasında sülh əlçatandır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. “Ötən həftə Dövlət katibi Blinkenin də bildirdiyi kimi, sülh əlçatandır, məsələlərin həllində və davamlı sülhə nail olunmasında dialoq açardır və biz birbaşa iştirakımız da daxil olmaqla tərəfləri bu cəhdlərində dəstəkləməyə davam edəcəyik” – deyə Miller qeyd edib.

Pakistanın müdafiə naziri: Azərbaycanla hərbi əlaqələr yüksək səviyyədədir

Pakistanın müdafiə naziri Asif Muhammed Xavaca Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Sozcu.az xəbər verir ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşü zamanı dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

Qeydiyyatda olan 390 mindən çox anemiya xəstəsi var

2022-ci ildə ilk dəfə anemiya diaqnozu ilə 46 min 770 nəfər qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə isə 390005 nəfər olub. Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 47 min 552, 2019-cu ildə 47 min 912, 2020-ci ildə 43 min 188, 2021-ci ildə 43 min 150 nəfər qeydə alınıb.

Gürcüstandan bunu gözləyirik… - NATO

NATO Gürcüstandan Rusiyaya tətbiq olunmuş beynəlxalq sanksiyaları dəstəkləməsini gözləyir. Sozcu.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Hamımızın inandığı demokratik dəyərləri Gürcüstanın da rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik”, - Stoltenberq bildirib. Stoltenberq NATO-nun uzun illərdir Gürcüstanla tərəfdaşlıq münasibətlərini saxladığını, islahatlar həyata keçirilməsinə kömək etdiyini vurğulayıb: “Gürcüstan kimi ölkələr Rusiyanın təcavüzünə müqavimət göstərməyə çalışırlar. Məhz buna görə Madrid sammitində biz bu ölkələrə yardımı artırmaq qərarına gəldik”.

Paşinyan Moskvada saziş imzalamaz - Past

Bu gün Moskvada keçiriləcək üçtərəfli görüşlə əlaqədar bəzi detallar “sızıb”. Çətin ki, bu gün Moskvada, xüsusən də fundamental məsələlər ətrafında konkret razılıq əldə olunsun. Ermənistan tərəfi, yumşaq desək, əslində Rusiyanın təkliflərini dəstəkləmir, Qərbin təqdim etdiyi təkliflər paketində kifayət qədər maraqlıdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti gizli mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Hoqanın Vaşinqton administrasiyasının Ermənistan və Azərbaycan rəhbərliyinə ən mübahisəli məsələlərin həlli ilə bağlı öz təkliflərini təqdim etməsi təsadüfi deyil.

Bu içkilər zob yaradır - DİQQƏT

İnsan orqanizmində yod çatışmazlığı ən böyük problemdir. Bu, ilk növbədə zob xəstəliyinə səbəb olur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etməyiblər. Müasir dövrdə isə zob daha çox yayılıb və təhlükəli hesab edilir. Sozcu.az axşam.az-a istinadən bildirir ki, orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur. Son günlər isə içdiyimiz rəngli sular zob yaradır. Tibb elmində boğaz uru adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur. Zob - qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur. Zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. Bu, bir çox kliniki hallarla özünü büruzə verir: Ürək tez-tez döyünür, gözlər bərəlir, bədən əsməyə başlayır, xəstədə kəskin arıqlama halları başlayır. Xəstəlik zamanı insan qəribə hallar keçirir: həyəcanlı,  narahat olur, özünə yer tapa bilmir, cümlə qurub danışmaqda çətinlik çəkir, ürəyi sıxılır. Müalicə vaxtında aparılmadıqda bu hallar daha da kəskinləşir, xəstənin vəziyyəti ağırlaşır, tez-tez qorxur, dəli kimi olur. Adi halda ürək 4-5 litr qan vurursa, bu zaman 30-40 litr qan vurmağa başlayır ki, bu da qan-damar sisteminin zəifləməsinə, ürək çatışmazlığına gətirib çıxarır. Zobun müalicəsi necə aparılmalıdır? Müalicə əsasən üç üsulla aparılır: konservativ, cərrahi və radiaktiv şüalar vasitəsilə.  Ümumiyyətlə, dünya alimlərinin araşdırmalarına görə, zob xəstəliyi tamamilə yoxedilmə funksiyasına malik deyil. Xəstəlik müəyyən müddətdən sonra yenidən baş qaldıra bilər.  Dəniz kələmini qurudub, ondan çay kimi dəmləyib içməklə özünüzü zobdan qoruya bilərsiniz. Zobun digər bir dərmanı isə feyxuadır. Onu ət maşınından çəkib, şəkər tozu ilə qarışdırın (hər ikisi eyni miqdarda olmaq şərtilə). Hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edin.  Şirin və rəngli qazlı sular içməkdən çəkinin.

"Namaz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Əlaməti üzdə görünür və..."

"Qiyamət günü gəldikdə namaz möminin yoluna nur saçacaq..." Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8). Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur: "De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163). Namaz müəyyən edilmiş vaxtlarda gündəlik yerinə yetirilən, hətta təhlükəli vəziyyətdə belə tərk edilməyən vacib əməldir. Uca Allah buyurur: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (əl-Bəqərə, 238-239). Namaz bəndə ilə Rəbbi arasında olan bir əhddir. Peyğəmbər demişdir: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəm­məd! Həqiqətən, Uca Allah buyurur: “Mən sənin ümmətinə beş namazı fərz buyurdum. Kim bu (namazların) dəstəmazına, vaxtlarına, rukusu­na, səcdə­si­nə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərga­hım­da onun üçün bir əhd yoxdur. İstəsəm, ona əzab verə­rəm, istəsəm də ona rəhm edərəm”. (ət-Tayəlisi, 574). Namaz öz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Onun əlaməti üzdə görünür və əzalara təsir edir. Peyğəmbər de­miş­dir: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulillah” tərəzini doldurur. “Subhə­nallah” və “əlhəmdulillah” göylərlə yer arasını doldurur. Namaz bir nurdur. Sədəqə bir dəlildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhi­nə olan bir hüccət­dir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəf­sini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”. (Muslim, 223). Qiyamət günü gəldikdə isə namaz möminin yoluna nur saçacaq. Uca Allah buyurur: “O gün sən mö­min kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəf­lərin­dən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan Cən­nət bağ­la­­rıdır. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur” (“əl-Hədid” surə­si, 12). Namaz günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Uca Allah buyurur: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114).  Peyğəmbər demiş­dir: “Deyin gö­rüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun bədənində olan çirkabdan bir şey qalardımı?” Sə­ha­­bə­lər: “Onun bədənindəki çir­kab­dan heç nə qalmazdı”- deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Beş vaxt qılınan namaz­ların məsəli də buna bən­zəyir. Belə ki, Allah bununla günahları silir!” (əl-Buxari, 528). Həmçinin demişdir: “Həqiqətən, bəndə namaza dur­duq­da onun bütün günahları gətirilərək başının və hər iki çiyinlərinin üzərinə qoyu­lur. O, hər dəfə ruku və səcdə etdikdə günahları tökülür”.(İbn Hibban, 1734).Zikr.az

Andres İnyesta Yaponiya klubundan ayrılıb

Əfsanəvi ispaniyalı futbolçu Andres İnyesta Yaponiya klubu “Vissel Kobe”dən ayrılıb. Bu barədə Asiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının XIX turunda “Hokkaydo”nu qəbul edəcək. Qeyd edək ki, ölkəsinin “Barselona” klubunun yetirməsi olan Andres İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol, 25 assistlə yadda qalıb.

Əks-hücum əməliyyatı başlayıb - Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır: “Cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları artıq davam edir”.

Əks-hücum əməliyyatı başlayıb - Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır: “Cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları artıq davam edir”.

İlham Əliyev Rusiyaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Sozcu.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Rus ordusu darmadağın: itkiləri 205 mini keçdi

Ukrayna müharibənin 456-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 205 260 hərbçi, 3795 ədəd tank, 7432 ədəd zirehli döyüş maşını, 3359 ədəd artilleriya sistemi, 570 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 295 ədəd helikopter, 6148 ədəd avtomobil texnikası, 2907 ədəd PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 444 xüsusi avadanlıq itirib.

Kılıçdaroğlu: "Zəngəzur dəhlizinin açılması gərəkdir"

Prezident seçilsəm, ilk Şimali Kiprə, daha sonra, dövlət gələnəyinə uyğun olaraq, Azərbaycana səfər edəcəyəm. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə prezidentliyinə Millət İttifaqından namizəd, CHP lideri Kamal Kılıçdaroğlu gənclərdən birinin sualını cavablandırarkən deyib. Dəstək verdiyi İpək Yolu layihəsində Azərbaycana yer verməməsini, bunun hətta Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də təpki ilə qarşılanmasını xatırladan gənc “Türk dövlətlərinin daxil olmadığı bu layihəyə necə “Türkün yolu” deyə bilərsiniz” soruşub. Kılıçdaroğlu cavabında bildirib: “Bakı ilə İstanbul arasında bir fərq yoxdur. O cümlədən, bizim Azərbaycanla olan dostluğumuz, qardaşlağımız heç bir partiya tərəfindən fərqli şəkildə düşünülə bilməz. Mən bu məsələyə necə yanaşıramsa, digər partiya rəhbərləri də Türkiyə-Azərbaycan əlaqələrinə eyni paraleldə baxır. Bizim ana hədəfimiz Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, mərkəzi Türkiyə olan layihəni genişləndirmək, Türkiyənin türk dövlətləri ilə birgə daha güclü bağlarla iqtisadi infrasturkturunu yaratmaqdır. Zəngəzur dəhlizinin açılması gərəkdir. Lakin bu dəhlizin açılması tərəflərin uzlaşması və Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstək verməsinə bağlıdır. İran-Ermənistan əlaqələri bu dəhlizin açılmasını çətinləşdirə bilər. Əgər Türkiyə öz gücündən istifadə edərsə, dostluğu bölgədə daha çox yayar. Açılacaq olan dəhlizin Türkiyə, İran, Ermənistan, digər türk dövlətləri üçün faydasını izah edə bilsək, Türkiyə regionda daha güclü olacaq. Biz o dəhlizi böyütmək məcburiyyətindəyik. Heç kim narahat olmasın, mən, eləcə də digər siyasi partiyalar Azərbaycanla bağlı eyni fikirdəyik. Bizim düşündüyümüz daha mükəmməldir. Çini bu layihəyə qoşulduğumuz təqdirdə, Qara dəniz fövqəl bir sahəyə çevriləcək, onu da Aralıq dənizi ilə birləşdirdikdə bu hövzə də fövqəl sahəyə dönəcək. Türk dövlətlərini Aralıq dənizinə birləşdirəcəyik. Türk dövlətləri ilə Türkiyə arasında iqtisadi əlaqələr inkişaf etməlidir. “Mərkəz Türkiyə” layihəsinin özü bütün türk dövlətlərini Aralıq dənizi ilə birləşdirmək məqsədini ehtiva edir”.

Tehran rejimi azərbaycanlıları qırğına verir – Sulduzlu

Azərbaycanın güney hissəsində əsgərlik yaşı çatmış gənclərimiz Bəlucistanda və İranın şimali-şərqində kürdlərin yaşadığı yerlərdə güdaza verilir. İran azərbaycanlı əsgərləri öz siyasətinə alət edir. Bu sözləri Axar.az-a güneyli milli fəal və siyasi şərhçi Rəhim Sulduzlu İranda daxili qarşıdurmaları yatıran güneyli gənc hərbçilərin öldürülməsindən danışarkən deyib. O, molla rejiminin millətlər və məzhəblərarası ixtilaf üzərində siyasətini formalaşdırdığını bildirib: “Təəssüf ki, hər ikisindən Azərbaycan türkləri öz nəsibini alıb. Bəluclar məzhəb etibarı ilə sünnidirlər. Onlara qarşı dini ayrı-seçkilik edilir və qırğına verilir. Bu qırğınları isə guya azərbaycanlı əsgərlərin etdikləri görüntüsünü yaratmağa çalışırlar. Bununla da bəluc və Azərbaycan xalqının arasını vururlar. Gənclərimiz bu münaqişələrin qurbanına çevrilir. Eyni siyasət həm də ərəb və lorlar arasında aparılır. Başqa qeyri-fars millətlər də üz-üzə qoyulur. Onlar arasında da nifaq salınır. Burada da düşmənçilik toxumu səpilir. Meyvəsini özü yeyir, xalqları da bir-birinə düşmən etməklə, ömrünü uzadır”. Sulduzlunun sözlərinə görə, İranın mərkəz bölgələri sayılan ərazilərində xidmət edənlərin əksəriyyəti farslardan ibarət olur: “Güney Azərbaycan gəncləri orada yaşayan digər xalqlar kimi hərbi xidmət keçməyə məcburdur. Onların başqa çarələri yoxdur. Amma İranın mərkəz bölgələrində xidmət edən əsgərlərin bir çoxu farslardır. Farslar hakimiyyətin dəyişməsinin tərəfdarı olsalar da, İran adlanan ölkənin bölünməsini istəmədikləri üçün qorxulu sayılmırlar. Odur ki, İranın mərkəzi yerlərində hərbi xidmət edirlər”. Qeyd edək ki, Bəlucistan vilayətində baş verən münaqişələri gənc azərbaycanlı əsgərlərin əli ilə yatırırlar. Sarvan münaqişələrində ölənlərin çoxu Azərbaycan və Xorasan türkləridir. Bu isə sosial şəbəkələrdə azərbaycanlıların narazılığına səbəb olub.

Ukrayna kəşfiyyatı: Əsas hədəfimiz Putindir!

Ukrayna kəşfiyyatının əsas hədəfləri siyahısında Rusiya Prezidenti Vladimir Putin birinci yerdədir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib. "Bizim əsas vəzifəmiz xalqımıza hücum əmri verən bölmə komandirini məhv etməkdir”, - o bildirib. Skibitski qeyd edib ki, Ukrayna ordusu Krım körpüsünü partlatmaq niyyətində deyil: “Bu körpü ruslara qurtuluş yolu üçün saxlanılır ki, onlar geri çəkilsin”. Eyni zamanda o, Mariupol limanının məhv edilməsi planları barədə xəbərdarlıq edərək, onu əsas logistika məntəqələrindən biri adlandırıb.

Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya düşdü

Kürdəmir rayonunda Türkiyə vətəndaşı qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.