Tehran rejimi azərbaycanlıları qırğına verir – Sulduzlu

Azərbaycanın güney hissəsində əsgərlik yaşı çatmış gənclərimiz Bəlucistanda və İranın şimali-şərqində kürdlərin yaşadığı yerlərdə güdaza verilir. İran azərbaycanlı əsgərləri öz siyasətinə alət edir.

Bu sözləri Axar.az-a güneyli milli fəal və siyasi şərhçi Rəhim Sulduzlu İranda daxili qarşıdurmaları yatıran güneyli gənc hərbçilərin öldürülməsindən danışarkən deyib.

O, molla rejiminin millətlər və məzhəblərarası ixtilaf üzərində siyasətini formalaşdırdığını bildirib:

“Təəssüf ki, hər ikisindən Azərbaycan türkləri öz nəsibini alıb. Bəluclar məzhəb etibarı ilə sünnidirlər. Onlara qarşı dini ayrı-seçkilik edilir və qırğına verilir. Bu qırğınları isə guya azərbaycanlı əsgərlərin etdikləri görüntüsünü yaratmağa çalışırlar. Bununla da bəluc və Azərbaycan xalqının arasını vururlar. Gənclərimiz bu münaqişələrin qurbanına çevrilir. Eyni siyasət həm də ərəb və lorlar arasında aparılır. Başqa qeyri-fars millətlər də üz-üzə qoyulur. Onlar arasında da nifaq salınır. Burada da düşmənçilik toxumu səpilir. Meyvəsini özü yeyir, xalqları da bir-birinə düşmən etməklə, ömrünü uzadır”.

Sulduzlunun sözlərinə görə, İranın mərkəz bölgələri sayılan ərazilərində xidmət edənlərin əksəriyyəti farslardan ibarət olur:

“Güney Azərbaycan gəncləri orada yaşayan digər xalqlar kimi hərbi xidmət keçməyə məcburdur. Onların başqa çarələri yoxdur. Amma İranın mərkəz bölgələrində xidmət edən əsgərlərin bir çoxu farslardır. Farslar hakimiyyətin dəyişməsinin tərəfdarı olsalar da, İran adlanan ölkənin bölünməsini istəmədikləri üçün qorxulu sayılmırlar. Odur ki, İranın mərkəzi yerlərində hərbi xidmət edirlər”.

Qeyd edək ki, Bəlucistan vilayətində baş verən münaqişələri gənc azərbaycanlı əsgərlərin əli ilə yatırırlar. Sarvan münaqişələrində ölənlərin çoxu Azərbaycan və Xorasan türkləridir. Bu isə sosial şəbəkələrdə azərbaycanlıların narazılığına səbəb olub.

Share on Facebook