Bir azərbaycanlı ailəni sel apardı

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində güclü yağışlardan sonra yaranan sel daşqını bir ailənin üç üzvünü aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Məlumatda ailənin iki üzvünün yaralı vəziyyətdə xilas edildiyi, 8 yaşlı uşağın isə boğularaq öldüyü bildirilib. Qeyd edək ki, iyunun 8-də İranın 22 əyalətində baş verən sel nəticəsində 8 nəfər həyatını itirib.

Ukrayna əks-hücumu genişlənidirir - ABŞ

Son sutka ərzində Ukrayna ordusu cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatları həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Ukrayna iyunun 4-dən başlayaraq davam edən əks-hücum çərçivəsində cəbhənin ən azı üç sektorunda müxtəlif nəticələrlə əməliyyatlara davam edir: “Ukrayna qoşunları Baxmut istiqamətində müdafiədən hücuma keçib və şəhərin cinahlarında 200 metrdən iki kilometrə qədər irəliləyib. İyunun 7-dən 8-nə keçən gecə Zaporojye vilayətinin qərbində məhdud, lakin hələ də əhəmiyyətli bir hücum həyata keçirilib. Rusiya qüvvələri isə bu hücumdan doktrinal olaraq özlərini müdafiə edib və iyunun 8-dən etibarən ilkin mövqelərini bərpa ediblər. İyunun 8-də Ukrayna hərbçiləri Qərbin verdiyi hərbi maşınları da itiriblər”. Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın hücumuna xarakterik olmayan koordinasiya ilə cavab verib. Nazirlik Cənub Hərbi Dairəsinin bölmələrini hücumu dəf etmək, itirilmiş mövqeləri bərpa etməkdəki fəallığına görə tərifləyib. Qeyd olunur ki, Ukrayna 12 xüsusi əks-hücum briqadası yaradıb: “Ukrayna əks-hücum əməliyyatları üçün mövcud olan böyük qüvvələr fondunun yalnız bir hissəsini işə salıb. Kiyev əks-hücumu çox güman ki, müxtəlif ölçülü hadisələrdən ibarət olacaq. Daha çox yerli hücumlara üstünlük veriləcək”.

NATO Ukraynaya ordu göndərə bilər? - Estoniya

NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərməyi müzakirə etmir. Sozcu.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. “Bütün dövlətlər Ukraynaya bu və ya digər şəkildə yardım göstərir. Amma heç bir ölkə bu müharibəyə müdaxilə etmək, öz ordusunu ona göndərmək arzusunu bəyan etməyib, mən belə planlar haqda eşitməmişəm”, - o bildirib. Qeyd edək ki, NATO-nun keçmiş baş katibi Rasmussen bildirmişdi ki, NATO Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın üzvlüyü və ya onun təhlükəsizlik zəmanəti ilə bağlı addımlar barədə qərar verməsə, alyansın üzvləri ayrı-ayrılıqda qoşunlarını Ukrayna ərazisi yerləşdirə bilər.

Bakı Vaşinqton danışıqlarını təxirə salıb?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında gələn həftə Vaşinqtonda keçirilməli olan görüş Bakının xahişi ilə təxirə salınıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Ermənistan XİN yayıb. Ermənistan XİN-in məlumatında deyilir ki, ictimaiyyətə bu barədə təfərrüatlı məlumat veriləcək. Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın iyunun 12-də Vaşinqtonda görüşəcəkləri bildirilmişdi. Azərbaycanın Turan agentliyinin müxbiri iyunun 8-də ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla sözü gedən görüşün təxirə salınacağını bildirmişdi. Mənbə bildirib ki, təxirə salınma “sırf” texniki səbəblərə görə baş verib: “Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş əvvəlcədən planlaşdırıldığı kimi iyunun 12-də və hətta gələn həftə də keçirilməyə bilər”. Mənbə deyib ki, söhbət sırf “logistika və qrafik” səbəblərindən gedir. İyunun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel demişdi ki, Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu “səbirsizliklə” gözləyirlər. Bununla belə Patel görüşün qrafiki və dəqiq tarixi barədə məlumat verə bilməyəcəyini demişdi. Bundan əvvəl mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr apardığı deyilirdi. Həmin görüşün yekunlarına dair ABŞ tərəfinin məlumatında deyilirdi ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər: “Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.” AzadlıqRadiosu

Rusiyadan Azərbaycana TƏLƏ - Xəritə planı İFŞA OLUNDU

Azərbaycan və Ermənistan arasında sərhədlərin 1975-ci ilin xəritələri əsasında müəyyən edilməsi təklifinin Rusiyadan gəldiyi məlum olub. Ötən gün mətbuata açıqlama verən Ermənistan parlamentinin deputatı Sergey Baqratyanın sözlərinə görə, 1975-ci il xəritələrinin gündəmə gətirilməsi Ermənistanın yox, Rusiyanın təşəbbüsüdür və irəli sürülən təklif ABŞ tərəfindən dəstəklənib. “1975-ci ilin xəritələrinin rəhbər tutulması təklifi Rusiya tərəfdən gəlib. Bu, Amerika və Ermənistan tərəfi üçün məqbuldur, lakin Azərbaycan qəbul etmir", - erməni deputat vurğulayıb. Azərbaycanın qəbul etmədiyi xəritələrin Rusiya tərəfindən təklif olunması ortaya bir sıra suallar doğurur. Məsələn, Moskva niyə məhz 1975-ci il xəritəsini irəli sürüb? Qonşu Rusiya belə bir addım atmaqla nə əldə etmək istəyir?  Mövzunu Modern.az-a şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin eksperti Fuad Çıraqov deyir ki, Rusiya tərəflər arasında sülhün olmasını istəmir. Əsas məsələ məhz budur. "Açığı, hər hansı xəritənin seçilməsi fundamental məsələ deyil. Çünki demarkasiya və delimitasiyadan əvvəl daha önəmli məsələlər var. Bunlar ilk növbədə Azərbaycan ərazisində hələ də mövcud olan silahlıların çıxarılması, Ermənistanın daxili işimizə qarışmamasıdır. Görünən odur ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyil",- deyə ekspert bildirib.  F.Çırağov vurğulayıb ki, Amerika isə daha çox Ermənistanın maraqlarını qoruyur: "Rusiya əsas iki istiqamətdə prosesə mane olmaq istəyir. Bunlardan birincisi Qarabağ ermənilərinin Azərbaycanla təmasda olmasının qarşısını almaq istəməsidir. Vardanyan layihəsi də bunun üçün edilmişdi. Digər məsələ isə demarkasiya və delimitasiya ilə bağlıdır. Hansı xəritənin seçiləcəyi texniki detallardır. Bu məsələnin uzun illər davam etməsi mümkündür. ABŞ-ın 1975-ci ilin xəritəsi ilə razılaşması isə bəzi məsələlərdən xəbərdar olmadığından irəli gələ bilər. Həmçinin, Ermənistanın maraqlarını daha yaxşı qoruduğu üçün həmin xəritəni məqbul saya bilər. Çünki bu proseslərdə Amerikanın Ermənistanı qorumağa çalışdığının şahidi olmuşuq. Onu da qeyd edim ki, danışıqlar apararaq ABŞ-ın mövqeyini dəyişmək olar".  Siyasi şərhçi Yeganə Hacıyeva da hesab edir ki, Rusiya sülh müqaviləsinin imzalanmasından narahatdır. "Azərbaycan və Ermənistan arasında danışıqların intensivləşməsi bir çox qüvvələri ciddi narahat edir. 44 günlük müharibədən sonra Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Cənubi Qafqazdakı mövqeyləri zəifləyib. Əslində Rusiya danışıqlar formatının çoxalmasından yox, ancaq sülh müqaviləsinin imzalanmasından narahatdır. Məsələn, Rusiya Fransa və Almaniyanın danışıqlarda iştirak etməsinə müsbət yanaşır",- o qeyd edib.  Y.Hacıyeva düşünür ki, Rusiyanın 1975-ci ilin xəritəsini təklif etməsi sülh danışıqlarını yubatmaq istəyindən irəli gəlir: "Rusiyanın 1975-ci ilin xəritəsi ilə demarkasiya və delimitasiya işlərinin aparılması təklifi sülh danışıqlarına maneə törətmək istəyinin təcəssümüdür. Yəni Rusiya bununla mövcud vəziyyətin qorunub saxlanılmasını istəyir. Baqratyanın ABŞ-ın bu təklifi qəbul etməsi ilə bağlı fikri isə dezinformasiyadan ibarətdir. Çünki Amerikanın proseslərdə hansı ilin xəritəsinin doğru olub-olmaması ilə bağlı real təsəvvürü yoxdur. ABŞ hazırkı mərhələdə Azərbaycan tərəfinin təklifləri ilə razıdır. Çünki ABŞ Azərbaycan və Ermənistan arasında ikili görüş keçirilməsinin tərəfdarıdır". Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq. Paşinyan hesab edir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Belə ki, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır. “İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”,  - erməni baş nazir söyləyib.

Abdin Fərzəliyevin 3 milyonluq təmir-abadlıq işləri - Geyim satan, vergi borcu olan, qanunu pozan şirkətlərlər...

Abşeronun icra başçısı Abdin Fərzəliyev rayona rəhbərlik etdiyi bir il ərzində təmir və abadlıq işlərinə 3 515 857, 55 AZN vəsait xərclənib. Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, təmir və abadlıq işlərini 3 şikrət həyata keçirib. Bu şirkətlər Abşeron Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların 2022-ci ilin avqust ayından dekabr ayına qədər keçirdiyi tenderlərin qalibi olub. Bu müddət ərzində 5 tender keçirilib. Tenderlərin qalibi olan şirkətlər "Koneks Consturction” MMC, "Uğurlu İnşaat” MMC və "Şabran-D” MMC-dir. Abşeron RİH başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinin avqust ayında keçirdiyi tenderin qalibi "Şabran-D” MMC olub. Şirkətlə maliyyə dəyəri 149.987,32 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şabran-D” MMC 12 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəriman Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92a, mənzil 1-də yeləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur. 2019-cu ildə Cəlal Bədəlov mediaya açıqlamasında Şabran rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Mehdi Balabəyova 227 min manat verdiyini, bununla belə tenderdə qalib gələ bilmədiyini bildirmişdi. Hətta bununla bağlı məhkəməyə də müraciət etmişdi. Cəlal Bədəlov bu açıqlaması ilə faktiki olaraq sövlət satınalmaları ilə bağlı qanunvericliyini pozduğunu etiraf etmişdi. Bu məsələ mediada da geniş işıqlandırılıb. Amma deyəsən, Abdin Fərzıliyev mətbuatı izləmir, bu baxımdan, belə bir şirkətlə satınalma müqaviləsi imzalanmasına göz yumub. Yaxud da ortada başqa səbəblər var.  Abşeron RİH başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi avqustda daha iki tender keçirib. Bu tenderlərin qalibi "Uğurlu İnşaat” MMC olub.  Şirkətlə imzalanan birinci müqavilə yolların təmir işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 1.199.683,58 AZN təşkil edir. Digər müqavilə isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlıdır. Bunun üçün qurum şirkətə 383.269,85 AZN ödəyib. Sentyabr ayında isə Xırdalan şəhərində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı "Uğurlu İnşaat” MMC ilə maliyyə dəyəri 1.539.731,84 AZN təşkil edən daha bir satınalma müqaviləsi imzalayıb.  Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Uğurlu İnşaat” MMC 27 yanvar 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15010 AZN təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Talıb Rəfail oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir. Sentyabr ayında "Uğurlu İnşaat”la müqavilə imzalanarkən şirkətin 16 min manata yaxın vergi borcu olub. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Nədənsə "Uğurlu İnşaat”la bağlı bu qadağa yada düşməyib.  2022-ci ilin dekabr ayında isə Abşeron RİH "Koneks Construction” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 243.184,96 AZN təşkil edən müqavilədə yolların təmiri ilə əlaqəli müxtəlif təyinatlı yenidənqurma və bərpa işlərinin satın alınması nəzərdə tutulub. "Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Ondan əvvəl isə şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub. Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkət barəsində məlumatlar da məhddudur. Bununla belə, "Koneks Construction” MMC tenderlərdə fəal iştirak edir. Özü də məlum olur ki, təmir işləri ilə məşğul olan şirkət həm də geyim və dəftərxana ləvazimatları da satır.  Abdin Fərzəliyev 2022-ci ilin yanvarından Abşerona rəhbərlik edir. O, bundan əvvəl Nərimanov rayonunun icra başçısı olub. Abdin Fərzəliyev adı qalmaqallarda hallanan və uzun müddətdir vəzifədə olan məmurlar kateqoriyasına aiddir. O, 2003-cü ildən icra başçısı vəzifəsi daşıyır. 

"Rusiya elitası Putinin Ukraynada müharibəni udmaq şanslarına inanmır" - "Bloomberg"

"Elita dalana dirənib, onlar mənasız müharibəyə görə "suç keçisi" olmaqdan qorxur..." "Putinin liderliyinə mütləq inam sarsılıb, onun Rusiyanın təhlükəsizlik qarantı kimi nüfuzuna ciddi zərbə vurulub..." Rusiya elitası müharibədən yorulub və onun dayandırılmasını istəyir, hərçənd, Putinin döyüş əməliyyatlarını dayandırmasına şübhə edir. Sozcu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Bloomberg" nəşri yazıb. Hətta ən nikbin ovqatda olan mənbələr Kreml üçün ən yaxşı nəticə kimi danışıqların aparılması və ilin sonunadək münaqişənin sondurulmasını qeyd edir, bundan sonra Putin zəbt etdiyi Ukrayna ərazilərinin bir hissəsini əlində saxlamaqla "Pirr qələbəsini" elan edə biləcək. Elitalardan heç kim Ukraynaya hərbi müdaxilə ilə bağlı Putinə qarşı çıxmaq istəməməsinə rəğmən, bu müdaxilə onun liderliyinə mütləq inamı sarsıdıb. "Elita dalana dirənib, onlar mənasız müharibəyə görə "suç keçisi" olmaqdan qorxur", - bunu Rusiya hökumətinin ölkəni hərbi müdaxilədən sonra tərk etmiş sabiq müşaviri Kirill Roqov deyib. Agentlik Rusiyada siyasi və işgüzar elitanın bir çox nümayəndələrinin Ukraynada müharibənin perspektivləri ilə bağlı ovqatını "getdikcə artan məyusluq" kimi təsvir edir.  Agentlik qeyd edir ki, bu, böyük ehtimalla, böyük itkilərlə və döyüş meydanında hər hansı əhəmiyyətli uğurlar olmadan müşayiət edilən uğursuz hərbi müdaxilənin məsuliyyətinin yerdəyişməsini gücləndirəcək. Rusiyanın daxilində, o cümlədən Moskvada pilotsuz uçuş aparatlarının hücumları müdafiə olunmamaq hissini gücləndirir, döyüş əməliyyatlarının Belqorod vilayətinə yayılması isə Putinin Rusiyanın təhlükəsizlik qarantı kimi "nüfuzuna ciddi zərbə vurub", - nəşr yazır. Qeyd edilir ki, bu vəziyyətdə hətta hərbi müdaxiləni dəstəkləyənlər belə Rusiyanın üç günə bitməli olan, amma artıq il yarımdır davam edən müharibədə perspektivləri barədə məyus olub. Onlardan biri Konstantin Zatulindir, o, üzdəniraq "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunmasına şübhə edib. Elita nümayəndələrinin əksəriyyəti "başlarını qaldırmır" və öz işlərini davam edir, onlar əmindir ki, vəziyyətə təsir edə bilmir, agentliyin həmsöhbətləri deyib. Onlar əmindir ki, Putinin bu müharibəyə son qomaq istəyinin heç bir əlamətləri yoxdur. Bundan öncə "Politico" jurnalı məlumat verib ki, ABŞ prezidenti Co Bayden administrasiyasında hadisələrin mümkün inkişaf ssenilərindən biri kimi hərbi münaqişənin dondurulmuş mərhələyə keçməsi nəzərdən keçirilir . Ukrayna hakimiyyəti dəfələrlə deyib ki, ərazilərin itirilməsi və ya münaqişənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək. Kreml bəyan edir ki, Moskva Ukrayna ilə münaqişənin dondurulmasının əleyhinədir və Ukraynada müharibənin məqsədlərinə "ya xüsusi hərbi əməliyyat", ya da digər mümkün vasitələrlə nail olmağa çalışacaq.

Ukrayna ordusu rusların üçdən çox bölüyünü məhv etdi

Ukrayna Silahlı Qüvvələri (SQ) Tavriçesk istiqamətində ötən sutka ərzində Rusiyanın üçdən çox bölüyünü məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski deyib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiyanın 57 hərbi texnikasını sıradan çıxarıb.

Bakı və Berlin arasında siyasi məsləhətləşmələr aparıldı

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Berlində Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq ilə siyasi müzakirələrdə iştirak edib. Sozcu.az xəbər verir ki, bu barədə Lüttenberq Tvitterdə paylaşım edib. "Berlində Almaniya və Azərbaycan arasında illik siyasi məsləhətləşmələr keçirilib. Xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlığa, şəffaflığa və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqda iştirakına görə təşəkkür edirəm. Almaniya Cənubi Qafqazda sabitlik uğrunda mübarizəni davam etdirəcək", - paylaşımda deyilir.

BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"un sorğusuna cavab olaraq bildirib. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK nümayəndəsi qeyd edib.

"İstanbullu gəlin"in aktrisası yeni layihədə

Sonuncu dəfə "İstanbullu gəlin" serialında rol alan aktrisa İpek Bilginin yeni layihəsi bəlli olub. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "O da bir şey mi" filmində rol alacaq. Bilgin layihədə "Nigar" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu Timuçin Eser canlandıracaq.

Abort etdirmək üçün xaricdən Azərbaycana gəlirlər - Qalmaqallı açıqlama

2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə aborta gedənlərdən 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.  Ölkəmizdə 2022-ci ildə ümumilikdə, 58 min abort qeydə alınıb.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış Psixoloq Gülnar Orucova qeyd edib ki, Azərbaycanda abort etdirmək xarici ölkələrə nisbətdə daha rahat prosesdir.  "Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan abortun sayına görə ilk yerlərdə olan ölkələrdən biridir. Azərbaycanda nə qədər qadağalar qoyulsa belə, həkimlər bunu reallaşdıra bilirlər. Onlar müxtəlif diaqnozlar qoyaraq bunu edirlər.  Hətta xaricdə yaşayan həmvətənlərimiz sırf bu məqsədlə Azərbaycana gəlirlər. Çünki xaricdə abort etdirmək üçün kifayət qədər səbəbin olmalıdır ki, buna icazə verilsin. Xaricdə bunu etmək çox çətin olduğu üçün onlar Azəərbaycana gəlirlər, çünki burada uşağı götürtmək daha asan olur".  G.Orucovanın sözlərinə görə, övladı yeniyetmə yaş dövründə olan valideynlər mütləq diqqətli olmalı, onunla dil tapmağı bacarmalıdırlar: "Ümumiyyətlə, son dönəmlərə fikir versək görərik ki, 13-16 yaşlı qızlar evdən qaçmağa daha çox meyilləniblər. Bu isə yaş dövrü ilə əlaqədardır. Yeniyetmə yaş dövründə valideyn övladla dil tapmağı bacarmalıdır. Valideyn dil tapa bilmirsə, övlad bu yaşda anadan imtina etməyi gözə alır. Bu yaşda yeniyetmələr həyatı ağ və ya qara görürlər, onlar üçün orta rəng yoxdur. Ona görə bəziləri intihar edir, bəziləri evdən qaçır, bəziləri də müxtəlif aqressiya göstərir. Bu dönəm elə bir dönəmdir ki, yeniyetmələr özlərini azad, sərbəst hiss etmək istəyirlər. Bunu da öz davranışları ilə göstərirlər. Bəzisi müxtəlif tatular edir, bəzisi siqaret çəkir, yaxud digər zərərli vərdişlərə yönəlirlər, əcaib saç stili, geyim üslubu ilə bunu göstərir. Yeniyetmələrin bir çoxunda dini obsessiyalar formalaşır, deyirlər ki, mən deistəm, ateistəm və s.  Amma burada bir məsələ var ki, burada diqqətli olmaq lazımdır. Bu dövrdə yeniyetmə valideynlə hər hansı problem yaşayırsa, evdən qaçmağa meylli olur. Bu gün qanunlara görə evlilik yaşı 18-dir, amma bu o demək deyil ki, sən 18 yaşı olan kimi uşağına icazə verməlisən ki, get ailə qur. İnsan evliliyə hazır olanda ailə qurmalıdır, əks halda, abortlar, xəyanət özünü göstərəcək". Psixoloq bu qədər abortun təcavüzə görə baş verməsi ehtimalının az olduğunu deyib: "Ana ilə övlad arasındakı yaş fərqi 18-20-ni aşmalıdır. Belə olmayanda ana öz gəncliyini yaşamadığı üçün ya həmin uşağı abort edir, ya da övladını ata bilir.  Abortların sayının artmasında təcavüzü ön plana çəkmək fikrimcə, düzgün deyil. Azərbaycanda bu qədər təcavüz ola bilməz, bu, gülüncdür. Bu təcavüz yox, yeniyetmə özbaşınalığıdır. Bu kimi hallar valideyn nəzarətsizliyindən yaranır". 

Çinarlı(Georqsfeld) qəsəbəsinin salınmasının 135 illiyi

Bu il Şəmkir rayon Çinarlı qəsəbəsinin( ilk adı Georqsfeld ) almanlar tərəfindən salınmasının 135-ci ili tamam olur. 1888-ci ildə Almaniyanın Vurtemberq əyalətindən gəlmiş almanların ərsəyə gətirdiyi bu koloniya öz infrastrukturuna görə mövcud Şəmkir rayonu ərazisində alman koloniyaları içərisində Annanfelddən sonra ikinci əsas yaşayış yeri idi. Həmin zamandan qalan və qəsəbə ərazisində almanlara məxsus tarixi mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği və tanıtımı istiqamətində fəaliyyətin qurulması mütləqdir. Qorunmağa, bərpaya və tanıtıma ehtiyac duyulan bu tarixi mədəniyyət abidələri 135 illik ərəfəsində yaşadığımız məkanın tarixi keçmişinə verilmiş böyük dəyər olar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qəsəbənin qorunmasına diqqət ayırması bizim hər birimizi məmnun etmiş olar. Georqsfeld Mədəniyyət Klubu 

Cərimələrin artırılması ilə bağlı məsələ böyüyür: “Sürücülərə pusqu qururlar...”

Azərbaycanda yol qəzalarının sayının azaldılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə aprel ayında Bakının bəzi küçə və magistrallarında sürət həddi endirilib. Növbəti mərhələdə isə yollarda sürət həddini aşmaya görə cərimələrin artırılması planlaşdırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Yeni layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər dəyişikliyə uyğun olaraq, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə yazılacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda 1668 yol-nəqliyyat hadisəsi baş verib. Statistik rəqəmlər göstərir ki, qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı əvvəlki illə müqayisədə 6,1 faiz artaraq 2290 nəfər olub. Zərər çəkən şəxslərən 834-ü həlak olub, 1456 nəfər isə yaralanıb. Bəs yeni dəyişiklik yol qəzalarının sayının azalmasına təsir edə biləcəkmi? Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, cərimələrin artırılmasına bir neçə səbəb var: "Sözün açığı, cərimələrin məbləğinin artırılması ilə bağlı layihənin müzakirəsi bir növ cəmiyyətdən gələn tələb və sifarişdir. Cəmiyyət hansı formada inkişaf edirsə, necə davranırsa, qanunlar da ona uyğun qurulur. Bu məsələdə artıq-əskik nəsə yoxdur. Cəmiyyət buna layiqdir, bunu istəyir. Cəmiyyət qaydaları tez-tez pozur. Hüquq da onu tənzimləməyə çalışır". Ekspert yol-nəqliyyat hadisələrinin artdığını diqqətə çatdırıb: "Qəzalar nəticəsində ölüm və xəsarət halları çoxalıb. Bütün bunların təhlili nəticəsində məlum olur ki, səbəblər sürət həddinin aşılması, narkotik vasitələrinin təsiri altında nəqliyyat vasaitəsinin idarə edilməsi, eləcə də yolayrıcı keçmə qaydasının pozulması, işıqforun qırmızı işığının tələbinin pozulması, dəmiryolu keçidlərinin keçmə qaydalarının pozulmasıdır. Sürücülər burada məsuliyyət daşıyır. Qəzaların nəticəsində biz hər gün insanlarımızı itiririk. Təbii ki, bunlar təhlil olunandan sonra ortaya çıxan nəticə bu insanlarla mübarizə metodlarının təkmilləşdirilməsidir. Onlardan biri də qanunvericiliyin sərtləşdirilməsidir. Mən düşünürəm ki, qanunvericilik bu dəfə maddi cəzalarla sərtləşdirilib. Gələcəkdə bunun mənəvi tərəflərini də nəzərə almaq lazımdır". E.Muradlı sürət həddini pozanların tibbi müayinəyə göndərilməsini təklif edir: "Hesab edirəm ki, saatda 41-60 kilometr, yaxud 60 və daha artıq sürət həddinin aşılması artıq psixoloji problem kimi görülməlidir. Yəni normal insan ya puluna güvənir, yaxud beynində, düşüncələrində problem var. 100 km/saat sürət həddi müəyyənləşdirilən yolda 200 km/saat sürətlə hərəkət edirsə, düşünmək lazımdır ki, bu adamın təfəkküründə problem var. Bu insanlarla başqa cür mübarizə aparmaq lazımdır. Bunlardan biri də həmin insanların tibbi müayinəyə göndərilməsidir. Məsələn, Avropanın bir çox ölkələrində elə insanlara mütləq psixoloji yardım tövsiyyə olunur ki, “gedin yoxlanın, görək, sürət həddini niyə aşırsınız?”. Bu baxımdan düşünürəm ki, bu məsələləri zəruri edən amillər var. Heç bir cəza səbəbsiz yerə artırılmır. Vaxt var idi ki, kəmər taxmamağa görə cərimə 10, ya da 20 manat idi. Sürücülər başqa qayda pozuntuları ilə bağlı saxlanılanda yol polisinə yalvar-yaxar edirdilər ki, "bir dənə “kəmər” yaz çıxım gedim". Kəmər taxmamağa görə cərimə elə urvatsız olmuşdu ki, insanlar onu çox zövqlə özlərinə yazdırırdılar. Çünki kəmərə görə cəza 60 manatdır, digər qayda pozuntularına görə cəza isə  60 manat və 3 baldır. Belə yanaşmalara görə cəzaların sərtləşdirildiyini düşünürəm. Gələcəkdə tendensiya bu cür davam edəcəksə, yenə də cəzalar sərləşdiriləcək. Bu insanlarımızın təfəkkürü, daxili mədəniyyəti, yol mədəniyyəti tam formalaşana qədər davam edəcək. Burada qeyri-adi heç nə görmürəm. Əgər heç kim qayda pozmasa, cərimələrin artırılmasından narahat olmasınlar. Təsəvvür edin ki, adam öldürmək üçün cəzalar sərtləşdirib. İnsanlar çıxıb, buna etiraz etmir.  Adama sual verərlər ki, bunun sənə nə dəxli var, sən ki adam öldürmürsən. Bu məsələdə də belədir. Şəxsən mən sürət həddini aşmıramsa, 300 manatlıq cərimədən niyə narazıyam. Zəhmət çəkib qanunlar çərçivəsində maşınımı idarə etməliyəm.  Bu məsələləri obyektiv düşünmək lazımdır. İnsanlar bunu cəmiyyətə basqı kimi qiymətləndirməməlidirlər.  İnzibati tənbeh tədbiri maarifləndirmə addımıdır. İnsan bunun mahiyyətini dərk etsin ki, bu cəza ona niyə yazılıb. Onda nəticə çıxaracaq", - Elməddin Muradlı vurğulayıb. Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli də yeni qərarın effektli olacağını düşünür. "Biz yollarda qəzaların sayının və yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq istəyiriksə, hərtərəfli iş görməliyik. Sadəcə cərimələri yüksəltməməliyik. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbi qaydaların bilərəkdən pozulması ilə bağlıdır. Digər səbəblər də bura aiddir. Yol infrastrukturlarının yaxşı olmaması, qaranlıq və çala-çuxur yolların olması, eyni zamanda köhnə avtomobillərin olmasını səbəblər sırasına daxil edə bilərik. Biz cərimələri yüksəldirik, ancaq yol infrasturukturu ilə bağlı hər hansı islahatlar aparmırıq. Bu gün Bakı şəhərində elə yollar var ki, təhlükəlidir, faktiki olaraq qəza ocaqlarıdır. Biz onlarla bağlı hər hansı işləri görümürük. Yollarda, işıqfor olan ərazilərdə, nizamlanmayan keçid olan ərazilərdə keçidlərə qalmış yol nişanlarının qoyulmaması, keçidlərin vaxtlı-vaxtında boyanmaması, bunlar hamısı qəzalara səbəb olur.  Qaranlıq yollar ağır faciələrə səbəb olur. Biz bunun son vaxtlar şahidi oluruq", - o vurğulayıb. Ekspert dəyişiklikdən sui-istifadə hallarının ola biləcəyini güman edir. "Yeni qanundan bəzi yol-patrul xidməti əməkdaşları sui-istifadə bilərlər. Onlar sutkanın müəyyən vaxtlarında pusqu qurub, qayda pozuntularını gözləyirlər. Yalnız bundan sonra cəza yazırlar. Təəssüf ki, belə hallar da var.  Nərimanov rayonu yol-patrul xidməti əməkdaşlarından xeyli narazılıq var. Əhməd Rəcəbli küçəsində yaşayan vətəndaşlar deyirlər ki, gecə vaxtında Nərimanov rayonu yol-patrul xidmətinin əməkdaşları hətta məhəllənin içərisinə daxil olub, işıqları söndürüb, pusqu qururlar. Bu isə Dövlət Yol Polisinin illər ərzində gördüyü irimiqyaslı işlərin, çəkilən zəhmətlərin yerə vurulması deməkdir. Ona görə də belə cərimələrin artırılması ilə yanaşı, fürsətcil polislərə qarşı da mübarizə aparılmalıdır”, - Eldəniz Cəfərli sözlərini yekunlaşdırıb.

Emin Əmrullayev də imtahan versin...

Bu ildən birinci sinfə gedən uşaqlar da imtahan verəcəkmiş. Əlbəttə, söhbət bizim bildiyimiz, verdiyimiz klassik imtahandan getmir. Sadəcə, uşaqları sorğu-sual edəcəklərmiş. Öz təbirlərincə desək, bundan sonra uşaqlar müsabiqə yolu ilə məktəbə qəbul olunacaqmış...  Hamı Elm və Təhsil Nazirliyinin rəhbər şəxslərində olan həvəsə heyran qalıb. Müəllimlərdən sonra uşaqları imtahan etmək yeni "kəşf" olmalıdır. Qusarın normal yolu, düz-əməlli binası olmayan məktəbində 4 saat dərs demək üçün imtahan. Direktor olmaq üçün imtahan. Direktor müavini işləmək üçün imtahan. Hətta cüzi məvacib müqabilində məktəblinin dostu olmaq üçün də imtahan verməlisən... Adamlar onu-bunu qabaqlarına qoyub  imtahan götürməkdən zövq alırlar. Hansısa psixoloji xəstəliyin əlaməti olmalıdır. Gərək hörmətli Aytən Ələkbərova ilə görüşəndə dəqiqləşdirim... Tanınmış təhsil eksperti, qocaman və müdrik professor Şahlar Əsgərov Elm və Təhsil nazirliyinin bu qərarını sərt şəkildə qınayıb. Şahlar müəllimin sözləridir:  "Dövlət nazirliyə büdcədən bu qədər maliyyə ayırır, maaş verir ki, sən birinci sinfə qədəm qoyan uşaqları imtahan elə, qəliz-qəliz suallarla yor, arzularını qır? Büdcənin 25 faizini təhsilə ona görə ayırır ki, sən bu uşaqları savadlı vətəndaş kimi yetişdir".  Şahlar müəllimin sonrakı sözləri daha sərtdir, düşünmək üçün ciddi əsas verir: "Bunu etməyən nazir demək ki, bizim yox, bizi istəməyən dövlətlərin naziri olur".  Sizcə, imtahan şəffaflıq əlamətidir? Əgər bütün qərarlar imtahanın nəticəsinə görə verilirsə, nazirlik niyə MİQ-dən 70-80 bal toplayan müəllimləri Xaçmazın ucqar dağ kəndinə, öz qohum-tanışlarını isə Bakının göbəyindəki təhsil ocaqlarında işləməyə göndərir?  Mən imtahanın əleyhinə deyiləm. Hesab edirəm ki, övladlarımıza təhsil verən müəllimlər 5 ildən bir sertifikasiyadan keçməlidir.  Amma bir təklifim var, Elm və təhsil naziri Emin Əmrullayev də imtahan versin. Mən gənc və perspektivli naziri çox da çətinə salmağın tərəfdarı deyiləm. Sadəcə, yoxlayaq görək jurnal yazmağı bacarırmı? İlk dərs günü valideyninin arxasınca ağlayan uşağı sakitləşdirməyin yolunu bilirmi? Sinifdə şalvarını batıran azyaşlı ilə necə davranmalı olduğundan xəbəri varmı?  Bu gedişlə Emin müəllim bir gün valideynləri də imtahan edəcək. Qoy bu həyəcanı bir dəfə də özü yaşasın...  Seymur VERDİZADƏ

Şirniyyatdan necə imtina etmək olar?

Endokrinoloq Zuxra Pavlova şirniyyata olan həvəsi azaltmağın yollarını açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, endokrinoloq bildirir ki, ən sadə, lakin ən təsirli yol yaxşı və adekvat yuxudur. Onun sözlərinə görə, yuxu ən azı 7-8 saat olmalıdır: "Eyni zamanda saat 23:00-dan gec olmayaraq yatmaq lazımdır. Şirniyyatdan imtina etmək üçün onu mövsümi meyvələrlə əvəz etmək lazımdır. Səhər yeməyi və ya nahardan sonra çiyələk və digər meyvələri yeyə bilərsiniz. Şirin bir şey yemək istəyi dözülməz hala gəlirsə, sadəcə tünd şokolad yemək lazımdır. Şirin çay və qəhvə də içməməlisiniz.

Azərbaycanda dərslər sentyabrın 1-dən başlaya bilər - AÇIQLAMA

“Azərbaycanda dərslər sentyabrın 1-dən başlamalıdır. Bu mənim şəxsi fikrimdir. Sovet dövründə təhsilin həm müsbət, həm də mənfi ənənələri olub. Həmin müsbət təcrübələrdən bu gün istifadə etməliyik”. Sozcu.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan millət vəkili Ceyhun Məmmədov bildirib. Deputat hesab edir ki, dərslərin o vaxt sentyabrın 1-dən başlamasının səbəbi hava şəraiti ilə əlaqəli olub: “Nəzərə almaq lazımdır ki, iyunun əvvəlindən havalar istiləşməyə başlayır. Bizim bütün bölgələrimizdəki məktəblərdə şagirdlərin normal təhsil alması üçün müəyyən sistemlər mövcud deyil. O baxımdan bizim bu ənənəni qorumağımız lazımdır. Digər məsələ isə ondan ibarətdir ki, 3 ay tətil müddəti ilə bağlı təhlillər aparmalıyıq. Sovet dövründə 3 ay yalnız tətil deyildi. Tədris müddəti bitəndən sonra şagirdlərin düşərgələrə getmək imkanı var idi. Şagirdlər orada həm öyrənir, həm əylənir, həm də dincəlirdi”.

Bakıda evə basqın edildi: Saxlanılanlar var

Bakıda evə basqın edilib, saxlanılanlar var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə  Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 7-si saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İbtidai istintaq davam etdirilir.

Neymar “Barselona”ya qayıda bilər

PSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıda bilər. Karyerasını “İnter Mayami”də davam etdirməyə qərar verən Lionel Messinin transferinin alınmamasından sonra İspaniya klubu diqqətini digər oyunçulara yönəldib. Kataloniyalılar ulduz futbolçunu transfer etmək istəyirlər. Neymar artıq “Barselona”ya təklif olunub. Amma parislilərin irəli sürə biləcəyi şərtlər braziliyalı hücumçunun transferi üçün danışıqları çətinləşdirə bilər. Neymar ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl bildirilib ki, PSJ bu yay Neymar da daxil olmaqla bir neçə ulduz futbolçunu satmağı planlaşdırır. Neymar 2017-ci ildə 222 milyon avroya Kataloniya klubundan Paris təmsilçisinə keçib. Mənbə: Sport.es

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub. Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,73 dollara, yüngül neftin bir barreli isə 72,34 dollara təklif edilir.

Ermənilər Laçın və Şuşanı atəşə tutdu

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

SES-in partlaması ruslara böyük ziyan vurdu - Ukrayna

Ruslar Kaxovka SES-in bəndinin dağılması nəticəsində şəxsi heyət və texnika itkisinə məruz qalıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Rusiyanın 7-ci Hava Desant Diviziyası və 22-ci ordu korpusunun bölmələrində yaralananlar, ölənlər və itkin düşənlər var. Həmçinin, bu bölmələrdə döyüş sursatı və ləvazimatları olan bir neçə səhra anbarı, maşın və zirehli texnika itirilib”, - məlumatda qeyd edilib.