Ombudsman: Azad olunan ərazilərdə bu gün də kütləvi məzarlıqlar aşkarlanır

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, işğaldan azad olunan torpaqlarda biz bu gün də kütləvi məzarlıqların aşkarlanmasının şahidi oluruq”. Bunu Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksi və soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edən Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün soyqırımları barədə məlumatları bütün dünyaya çatdırmağın zəruri olduğunu vurğulayıb: “Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir. Əfsuslar olsun ki, Ulu Öndər hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməyib. Yalnız Ulu Öndərin sərəncamından sonra 1998-ci ildə soyqırım günü elan olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər zaman bu məsələlər dövlət başçımızın diqqətindədir. Biz də bütün regional və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini çatdırmalıyıq”. S.Əliyeva bildirib ki, işğaldan azad olunan torpaqlarda bu gün də kütləvi məzarlıqlar aşkar olunduğunun şahidi oluruq.

Daha bir partiya Kılıçdaroğlunu dəstəklədi

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir siyasi partiya Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiyini elan edib.  Sozcu.az xəbər verir ki, söhbət Milliyyətçi Türkiyə Partiyasından (MTP) gedir. Bu barədə partiyanın rəsmi tviter səhifəsində məlumat verilib.  Milliyyətçi Hərəkat Partiyasından (MHP) qopan partiyanın Kılıçdaroğlunun namizədliyi ilə bağlı rəsmi qərarı sədr Ahmet Yılmazın imzası ilə yayımlanıb. MTP onu dəstəkləmək üçün heç bir şərt irəli sürməyib və qeyd-şərtsiz dəstəyini ifadə edib. 

Rusiya 6 RLS itirib - Britaniya kəşfiyyatı

Rusiya kəşfiyyat və atəşə nəzarət üçün istifadə olunan ən azı 6 radar sistemini (RLS) itirib.  Sozcu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında qeyd olunub. Məlumata görə, martın 23-də Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiyanın anti-batareya radarının məhv edilməsinin görüntülərini yayıb. Hesabatda vurğulanıb ki, hər iki tərəfdə belə sistemlərin sayı nisbətən azdır, lakin radarlar düşmən artilleriyasını tez aşkar etməyə və vurmağa imkan verir. Bununla belə, onların aktiv elektromaqnit detalları olduğundan asan aşkar edilir və zərərsizləşdirilir. Bildirilib ki, anti-batareya radar donanmasının yenidən qurulması çox güman ki, hər iki tərəf üçün əsas prioritetdir, lakin Rusiya radar üçün lazım olan yüksək texnoloji elektronikanın tədarükü sanksiyalarla dayandırıldığı üçün bu işə daha çox səy göstərməli ola bilər. 

Kontedən yeni qərar

Martın 27-də “Tottenhem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilən Antonio Konte karyerasına fasilə vermək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. İtaliyalı mütəxəssis “Tottenhem”dən qovulduqdan sonra işə qayıtmağa tələsməyəcək və “Yuventus”un marağına baxmayaraq, bir il fasilə verəcək. Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir.  Xatırladaq ki, Konte London komandasının futbolçuları və rəhbərliyi ilə bağlı rezonans doğuran müsahibəsindən sonra “Tottenhem”dən istefaya göndərilmişdi.

Günorta çox yatanlarda bu xəstəlik yaranır

Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranma riskini 40 faiz artırır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimlərinin apardıqları təqdiqatlar belə deməyə əsas verib. Alimlər 14 il ərzində 1401 koqnitiv qabiliyyəti olan könüllü üzərində müşahidə aparıblar. 6 il sonra gündüzlər 1 saatdan çox yatan könüllülərin 24 faizində demensiya əlamətlərinin yarandğı müşahidə olunub. Alimlərin fikrinə görə, sağlam insanlarda əqli zəifliyin yaranma səbəbi gündüzlər yuxu saatının uzun olmasıdır. Gündüzlər 1 saatdan daha çox yatan yaşlı adamlarda demensiya əlamətlərinə 40 faiz çox rast gəlinib. Bildirilib ki, gündüzlər sadəcə 20 dəqiqə yatmaq beynin iş qabiliyyətinin ömrünü uzatsa da, uzunmüddətli və tez- tez yuxulamaq beynin yenidən özünü bərpa etməsi üçün xeyli zaman tələb edir.

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi tükənir”

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi azalır”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski teleqramda yazıb. O bildirib ki, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”. A.Sirskinin sözlərinə görə, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur. Qeyd edək ki, təxminən 6 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir.

Gömrük əməkdaşı 640 manat rüşvətə görə həbs olunub - İTTİHAM

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Məlumata görə, Cavid Məmmədov postda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. Cavid Məmmədov 240 manat rüşvət alıb, 400 manat isə rüşvət qismində almağa cəhd edib. Gömrük əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.(apa)

Bakıda qaçırılan maşınla qəza törədilib

Bakıda qaçırılan avtomobil əzilmiş halda tapılıb. DİN-dən verilən məlumata görə, martın 29-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bak-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Rəsmi Bakı: "Azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb"

"Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb. Bildirilib ki, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrilib. "44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi", - bəyanatda qeyd olunub.

Lənkəranda 8 ədəd tank əleyhinə mina tapılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu barədə DİN-dən məlumat verilib. Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 79,08 dollara, yüngül neftin bir barreli isə 74,32 dollara təklif edilir.

401-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 401-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 173 360 hərbçi, 3615 ədəd tank, 6977 ədəd zirehli döyüş maşını, 2675 ədəd artilleriya sistemi, 526 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 278 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 291 ədəd helikopter, 5521 ədəd avtomobil texnikası, 2248 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 294 xüsusi avadanlıq itirib.

Artilleriya bölmələrimiz hədəfləri məhv etdi - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən nəfər saxlanılıblar. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İmsakda yemədən oruc tutmaq olarmı?

Dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda sahur yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir. Sozcu.az xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib. O bildirib ki, dinimizə görə sahura qalxmaq orucu bərəkətli edir: “Məhəmməd Peyğəmbər (s) bu barədə “Sahur yeməyini yeyin!” deyə buyurub. Bəzən insanlar sahur etmədən oruc tuturlar. Dinimiz bu əməli bəyənmir. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Gəlin özümüzdə sahura qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək”.

Sumqayıtda havaya atəş açıldı: saxlanılan var

Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, şəhər ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən edilib. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Rusiyadan əsər-əlamət qalmayacaq - Zelenski

Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb. Ölkə ərazisində bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq. Sozcu.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində söyləyib. O qeyd edib ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək: “Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Və heç bir düşmən də cəzasız qalmayacaq”.

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb. Sozcu.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə tviterdəki hesabında yazıb. “Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

ABŞ SEPAH-la əlaqəli 8 döyüşçünü məhv etdi

ABŞ-ın Suriyaya son zərbələrində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 8 döyüşçü öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder deyib. “Hesablamara görə, SEPAH-ın “Əl-Qüds” qüvvələrinin iki obyektinə endirdiyimiz zərbələr zamanı 8 döyüşçü öldürülüb. Öldürülən döyüşçülərin SEPAH-la sıx əlaqələrinə baxmayaraq, onlar İran vətəndaşları olmayıblar”, - deyə Rayder bildirib.

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub. Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib. “ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib. Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır. Mənbə: Ura.ru

FHN Kəlbəcərdə baş verən yanğına niyə müdaxilə etmir?

Kəlbəcər rayonu ərazisində bir neçə saatdır güclü yanğın başlayıb. Turkustan.az-a verilən xəbər və göndərilən videolardan görünür ki, yanğın Kəlbəcər şəhərini əhatə edən dağlıq meşə sahələrini və açıq sahəlıri əhatə edir. Külək yanğın sahəsini daha da genişləndirir. Əraziyə gəlmiş FHN-nin yanğınsöndürən maşını hər hansı tədbir görmək sadəcə mümkün deyil. Yanğın bölgəsinə təcili olaraq FHN-nin havadan yanğınsöndürmə müdaxiləsi lazımdır. Əks halda, yanğın daha çox əraziləri, meşə sahələrini, xüsusilə, yaz fəsli ilə bağlı çiçəkləyən ağacları məhv edəcək. Sozcu.az

Ermənistan və Azərbaycanın yeni mövqeləri arasında 15 metr məsafə var - Erməni nəşri

Azərbaycan tərəfi ötən gecədən etibarən əlverişli mövqelər tutaraq mühəndislik işlərinə başlayıb. Sozcu.az bu barədə “Hetq.am”a istinadən xəbər verir. Nəşr qeyd edib ki, yeni mövqelər Tex-Stepanakert yolundakı keçmiş Ermənistan keçid məntəqəsinin yaxınlığında yerləşir. “Biz yolun bir tərəfindəyik, azərbaycanlılar digər tərəfində, hər iki istiqamətə texnika gətirilib, mövqelərin təchiz olunması istiqamətində işlər aparılır, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, – mənbə bildirib.konkret

Erməni Rusiya üçün silah alveri edirmiş – ABŞ açıqladı

ABŞ erməni millətindən olan Slovakiya vətəndaşı, 56 yaşlı Aşot Mkrtıçevə sanksiya tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Aşot Mkrtıçev 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində Rusiya və Şimali Koreya arasında iyirmi növdən çox silah və sursatın satışı və barterinin təşkilində iştirak edib. ABŞ Maliyyə Nazirliyi aydınlaşdırıb ki, silah müqabilində Şimali Koreya müxtəlif əşyalar – sərnişin təyyarələrindən tutmuş xammal və mallara qədər - alıb.