İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Ancaq hələlik taksi fəaliyyəti ilə məşğul olan 45-50 min taksi sürücüdən cəmi 7 mini icazə vərəqəsi alıb.
Bəs, bu vəziyyət qiymət artımına və taksi çatışmazlığına səbəb ola bilərmi?
Bakupost.az -ın sualını cavablandıran iqtisadçı Əli Əlirzayev nəzəri cəhətdən qiyməti artımının qaçılmaz olduğunu bildirib.
Onun sözlərinə görə, mövcud şərtlər daxilində fəaliyyətinə icazə verilməyən taksilər sıradan çıxacaq və nəticədə ümumi taksi sayı azalacaq:
"Belə olan halda qiymət artımı baş verməlidir. Həmçinin taksidən istifadə edənlərin sayı azalacaq, narazılıqlar olacaq. Təbii ki, keçid dövründə müəyyən problemlərin olması normaldır. Ona görə də düşünürəm ki, birdən-birə bunun qarşısını almaq mümkün olmayacaq”.
İqtisadçının sözlərinə görə, gizli taksilərin də sayı artacaq:
“Müvafiq icazəsi olmayan taksi sürücüləri gizli fəaliyyət göstərəcəklər. Bu da gizli taksilərin sayını artıracaq. Buna görə köhnə maşınların qiymətində də ucuzlaşma müşahidə olunacaq”.