KATV-nin interneti çökdü

Xeyli vaxtdır ki, KATV şirkətinin internetində problemlər yaşanır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin abunəçiləri bildiriblər. Bir az öncə isə KATV-nin interneti tamamilə kəsilib. Belə ki, şirkətin internet xidmətindən şikayətlər həddən artıq çoxdur, texniki heyət də problemi aradan qaldırmaqda acizdir.axar

100-dən çox avtomobil aksiya ərazisindən keçdi

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində azərbaycanlı könüllülərin, ekofəalların və gənclərin dinc şəkildə təşkil etdikləri aksiya 117-ci günündə gecə saatlarında da ruh yüksəkliyi davam edir. Sozcu.az xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlı çağırışlar edirlər. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Gün ərzində aksiya ərazisindən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 100-dən çox avtomobil maneəsiz hərəkət edib. Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.

Ağdaban soyqırımından 31 il ötür

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 31 il ötür. Sozcu.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb. Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Baş nazir deputatlara ölkədən çıxışa qadağa qoydu

Rusiyanın Baş naziri Mixail Mişustin rusiyalı deputatlara onun icazəsi olmadan ölkədən çıxmağı qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə “The Bell” nəşri məlumat yayıb. Qeyd olunub ki, Mişustin yüksək vəzifəli dövlət məmurlarının ölkədən sərbəst çıxışına qadağa qoyub. Bundan sonra Rusiya məmurları xaricə yalnız rəsmi işgüzar səfər edə bilərlər. Bundan əlavə, deputatlar getmək üçün baş nazirdən icazə almalıdırlar. Vurğulanıb ki, bu qadağa Kreml administrasiyasına şamil edilmir.

Ukrayna rusların mövqeyinə zərbələr endirdi

Ukrayna qoşunları Rusiyanın nəzarətində olan Donetskin mərkəzi Voroşilovski rayonunu atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə "dxr" separatçıları məlumat yayıb. Qeyd olunub ki, Ukraynanın zərbələri nəticəsində 16 nəfər yaralanıb.

Ukraynadan Suriyaya 50 illik sanksiya...

Ukrayna Nazirlər Kabineti 50 il müddətinə anti-Suriya sanksiyalarının tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib. "Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab - ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiq edilməsini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələr bir müddət bağlı qalacaq”, - deyə o bildirib.

"Rusiya Çindən daha çox asılıdır" - Blinken

Şişirtmək istəmirəm, lakin onların müəyyən təsir rıçaqları var. Rusiya Çindən daha çox asılıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib. "Ümid edirik ki, Çin Rusiya üzərindəki səsindən və təsir rıçaqlarından istifadə edəcək", - Blinken vurğulayıb.

“Biz İrana qarşı sanksiyalara qoşulmalı, anti-İran koalisiyası yaratmalıyıq”

“İran dayanmayacaq. Biz bütün beynəlxalq təşkilatlara İranın Azərbaycana qarşı təhdidlərini çatdırmalıyıq”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bugünkü plenar iclasda çıxışı zamanı deyib. “Avropa, ABŞ-də və digər ölkələrdə İrana qarşı Azərbaycan diasporunun mitinqləri təşkil edilməlidir. Biz İrana qarşı sanksiyalarda iştirak etməli, anti-İran koalisiyası yaratmalıyıq”, - deyə Fəzail Ağamalı bildirib.

İran diplomatları Azərbaycanı belə tərk etdi - Foto

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar. Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb. Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər. Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Ermənilər Laçını atəşə tutdu

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycanda yeni təşkilat yaradıldı - FOTO

Bu gün Azərbaycanda “Müstəqil Həmkarlar” İctimai Birliyinin ictimaiyyətə təqdimat mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, “Müstəqil Həmkarlar” İB İdarə Heyətinin üzvləri, deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Xəzər Teyyublu, tanınmış ictimai fəal Əhməd Rəhmanov və prezidentliyə keçmiş namizəd Fuad Əliyev yeni yaradılan ictimai təşkilatın məqsədlərini açıqlayıblar. Əsas məqsəd sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaq və müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir. Sonda İctimai Birliyin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.Musavat.com

Əliyev ilə Qaribaşvili təkbətək görüşdü

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.

Ana həbsdəki oğluna narkotik keçirmək istəyərkən tutuldu

Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş telefon və psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən Sozcu.az-a verilən məlumata görə, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Süleymanova qardaşı Tacəddin Süleymanov tərəfindən gətirilmiş sovqata baxış zamanı gödəkçənin içəri cibində gizlədilmiş “Samsunq” markalı mobil telefon aparatı aşkar edilib. 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Sevinc Musayevanın üzərinə baxış keçirilən zaman isə gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

Rusiyanın Su-25 təyyarəsi vuruldu

Ukrayna ordusu Donbasda Rusiyaya məxsus Su-25 təyyarəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Məlumata görə, təyyarə Marinka yaxınlığında vurulub.

Rusiya qoşunları Donetsk vilayətində geri çəkilir...

"Rusiyalıların lokal uğurları onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək..." "Rusiya ordusu bundan sonra hücum etmək qabiliyyətinə malik deyil..." "Heç bir geriyə çəkilməkdən söhbət getmir, Rusiya MN-nin Hərbi-Desant Qoşunları Baxmuta daxil olur..." Rusiyanın Kremlə müxalif  "Novaya qazeta Yevropa" nəşri Rusiya qoşunlarının Donetsk vilayətində əvvəllər tutduqları mövqelərdən geri çəkilməsi haqqında məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb. Jurnalistlərin məlumatına görə, Rusiya ordusu Avdeyevka yaxınlığında "şimal çıxışı"ndan bölmələrini geri çəkir.  "Vodyanoye kəndi yaxınlığında cənub çıxışında hələ ki, tab gətirir, lakin oradan da yaxın iki gündə geri çəkilə bilər. Uqledardakı mövqelər tərk edilib. Orada hazırda on km dərinlikdə olan boz zona yaranıb. Rusiya Silahlı Qüvvələri Volnovaxaya çəkilir. Marinkada hələ ki, cəbhəni saxlaya bilir, lakin orada qoşunların sayı azdır. Baxmutda USQ gecədən əvvəllər "vaqnerçilər"in mərkəzdə ələ keçirdikləri məhəllələri geri almağa başlayıb. Yavaş da olsa, uğurla irəliləyir. Hər şeydən göründüyü kimi, Rusiya SQ Baxmutdan şimala və cənuba geri çəkilməyə hazırlaşır", - həmsöhbət müxbirlərə deyib. Jurnalistlər həmçinin "Volya"  "Telegram-kanal"a istinad edir. Orada "Novaya qazeta"nın mənbəyinin məlumatı təsdiqlənir. Bu zaman qeyd edilir ki, söhbət o mövqelərdən gedir ki, onların uğrunda döyüşlər müharibənin əvvəlindən aparılıb, rusiyalı "hərbi müxbirlər" həlledici hesab edib və hələ payızda əmin ediblər ki, məhz oradan Rusiya SQ  Avdeyevkanı uğurla mühasirəyə ala biləcək". "Volya"nın müəllifləri hesab edir ki, " hazırda Rusiya SQ bütün lokal uğurları, böyük ehtimalla, onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək". "Novaya qazeta"nın sorğu keçirdiyi mütəxəssislər Rusiyanın geri çəkilməsinin iki səbəbini açıqlayıb. Birincisi, Rusiya SQ bölmələri bundan sonra hücum etmək qabiliyyətində deyil, çünki insani və maddi resursları tükənib. İkincisi, USQ-nin fəal hərəkətləri rusiyalı generallara göstərib ki, cəbhə eyni zamanda bir neçə yerdən yarıla bilər.  Ona görə Donetsk, Yasinovataya və Qorlovka ətrafında möhkəm müdafiə yaratmaq, habelə Volnovaxa ətrafında müdafiəni möhkəmləndirmək məqsədilə təmas xəttini qısaltmaq qərarı verilib. Hərbi-hüquqi araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko da təxminən eyni fikirdədir. O, hesab edir ki, Rusiya qoşunları hücum potensialını tükəndirərək, əvvəlcədən hazırlanmış müdafiə mövqelərinə geri çəkilir. Mütəxəssis qeyd edir ki, Rusiya qoşunlarının hücumu və müdafiə xətləri və möhkəmləndirilən rayonların hazırlığı paralel olaraq aparılıb. "Belə təəssürat yaranıb ki, hücuma keçərkən, rusiyalılar müdafiəyə çəkiləcəklərinin labüdlüyünü artıq anlayıb. Hazırda, hər şeydən göründüyü kimi, bu məqam yetişib.  Düşünürəm ki, biz indi Rusiyanın diqqətinin USQ-nin çəkindirilməsi üçün artilleriyadan istifadə etməyə yönələcəyini görəcəyik. Rusiyanın hələ hansısa sayda mərmiləri qalıb", - Alekdandr Musiyenko qeyd edib. "Novaya qazeta Yevropa" alternativ fikirlərə də yer ayırıb. Belə ki, ukraynalı hərbi ekspert Oleq Jdanov adıçəkilən rayonlarda döyüşlərin intensivliyinin aşağı düşməsini başqa amillərlə əlaqələndirir. "Baxmuta Rusiya MN Hərbi-Desant Qoşunları daxil olur. Rusiya MN Baş Qərargah rəisi Valeri Gerasimov köhnə komandanı toplayır və əvvəllər vəzifələrdən azad edilmiş generalları, o cümlədən Aleksandr Lapini geri qaytarır. Heç bir geriyə çəkilmədən söhbət getmir. Döyüş əməliyyatlarının intensivliyi yolların palçıqlı olması ilə bağlıdır", - Jdanov hesab edir.

Trend mahnılarının çoxundan İran qoxusu gəlir - Müğənni

Son illər bir çox məşhurlarımızın oxuduğu mahnıların plagiat olduğu üzə çıxır. Yeni bəstəkarlar hər mahnıdan bir hissə “qoparıb” “yeni” mahnı təqdim edir.  Bəs, bu cür mahnılara yol verməmək üçün nə etmək lazımdır?  Mövzu ilə bağlı müğənni Sevinc Musayeva Bakupost.az -a açıqlamasında deyib ki, musiqi aləmində plagiatlıq ciddi problemə çevrilib: “Yerindən qalxan özünü yazıçı, bəstəkar elan edir. Əvvəllər mənim repertuarımda bir mahnı var idi. Türklərdən oğurlanmışdı. Yaxşı da dinlənib. Amma mən həmin mahnıdan imtina etdim. Çünki o mahnıda əziyyət yox idi. Məsələn, bəstəkar Emin Sabitoğlu, Elza İbrahimovanın mahnılarını böyükdən-kiçiyə hamı sevir. Çünki onların bəstələri beyin məhsulu olub. Zəhmət çəkiblər. Amma indikilər studiyalarda oturub 2 dəqiqəyə mahnı yazırlar. Bir-birindən oğurlayırlar”. S.Musayeva, bu cür mahnıların yazılması və ifa edilməsində dinləyicilərin də rolunun olduğunu qeyd edib. Müğənninin fikrincə, plagiatlığı aradan qaldırmaq üçün monitorinq keçirilməlidir: “Trend olan mahnıların çoxu İran qoxusu gəlir. Mərsiyə tipli, yaxud meyxana formasındadır. Bir mahnı trend olubsa, demək ki, onu dinləyən kütlə var. Bunların aradan qaldırılması üçün monitorinq təşkil edilməsinin tərəfdarıyam. Musiqinin bu kimi sahələrində də yoxlamalar keçirilsə, yaxşı olar”. 

PKK-nın “komandan“ı gizləndiyi mağarada öldürüldü

PKK terror təşkilatının "komandan"ı Türkiyə tərəfindən məhv edilib.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter səhifəsində məlumat verib.  Bildirilib ki, terrorçu gizləndiyi mağarada zərərsizləşdirilib. Nazir qeyd edib ki, Hakkari vilayətinin Aslandüz rayonu terrordan tamamilə təmizlənib.  Qəhrəmanlarımızın əlinə sağlıq", - nazir qeyd edib. 

Bələdiyyə torpağını satmağa icazə veriləcək

Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə biləcək. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər. Mövcud qanunvericiliyin tələblərinə görə hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd edilib ki, tətbiq ediləcək qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verəcək.

Polis Sabunçuda əməliyyat keçirdi - 50 nəfər tutuldu

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Çavuşoğlu: Türkiyə Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasını zəruri sayır

"Türkiyə Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasını zəruri hesab edir". Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununda bildirib. “Biz bu məsələ ilə bağlı, o cümlədən Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə Çavuşoğlu əlavə edib.

Güneydə müəllimlər etiraz aksiyaları keçirib

Aprilin 6-da Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb. Təhsil İdarələrinin binaları qarşısına toplaşan müəllimlər əmək haqlarının verilməməsinə etiraz edib, aprelin 5-də həbs edilən İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbininin azad edilməsini tələb ediblər. Qeyd edək ki, eyni gündə Kirmanşah, Kərəc, Məlayer və başqa bir neçə şəhərdə də oxşar aksiyalar baş tutub.Günaz.TV

Deputat: “İranda təhsil alan gənclərin zərərli və zəhərli ideologiyaya məruz qalmamaları qeyri-mümkündür”

Azərbaycanın İranda, xüsusən Qum şəhərində təhsil alan dindarların əksəriyyəti artıq kənarlaşdırılır. Lakin belə düşünənlər də var ki, İranda təhsil alan və onların təsiri altına düşməyənlər yerli təhsil alan dindarlarla ortaya birgə iş qoya bilərlər. Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən İlahiyyat İnstitutunun sabiq rektoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, İlahiyyat İnstitutu yeni qurulub. “Artıq bu il ikinci il olacaq ki, İlahiyya İnstitutunun tələbələri məzun olurlar. Amma hesab edirəm, bu İnsitutu bitirən gənclər də, İlahiyyat İnstitutu da proseslərdə daha fəal olmalı, Azərbaycanın dövlət-din münasibətləri modelinin formalaşmasına, ölkəmizdə kənar təsirlərin, müdaxilələrin qarşısının alınmasına öz töhvələrini verməlidirlər. Daha fəal olmadan, daha çox səy göstərmədən məqsədlərimizə nail ola bilməyəcəyik. Çünki İran bu məsələdə daha təcrübəli, daha geniş imkanlara malikdir və bütün gücünü bu prosesə səfərbər edib”, - deputat bildirib. C.Məmmədovun sözlərinə görə, İranın təhsil sistemi elə bir formada qurulub ki, orada təhsil alan gənclərin İranın zərərli və zəhərli ideologiyasına məruz qalmamaları qeyri-mümkündür: “İran orada təhsil alan şəxslərə konkret istiqamət verir. Onların gələcəkdə fəaliyyətləri də İranın müəyyənləşdirdiyi strategiya üzrə həyata keçir və davam etdirilir. Bu baxımdan, İranda təhsil alan gənclərin mütləq əksəriyyəti İranın təbliğatına məruz qalır. Onlar Azərbaycana gələndən sonra dövlət-din modeli münasibətləri, Azərbaycanda İslam dövlətinin qurulması istiqamətində fəaliyyət qururlar. Bu gün İranda oxuyub, təsirə məruz qalmamaq çox çətindir. Amma hamını da bu formada təqdim etmək düzgün deyil. Ola bilər ki, İranda təhsil alan şəxslər arasında iki-üç nəfər öz milli kimliyini qorusun, Azərbaycan dövlətçiliyi baxımından çıxış etsin. Lakin mütləq əksəriyyət təsirə məruz qalıb. Azərbaycan məscidlərində də bu, özünü göstərir. Məscidlərin İranın təsirindən çıxarılması üçün atılan addımları təqdir edirəm”.

"Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıda nə qədər torpaq var, satıb, zəbt edib"

“Suraxanıda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra İlqar Abbasov 14 il rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”. Bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib. “Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini bu adamlar hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, - deyə deputat əlavə edib./APA

Saakaşvili RƏSMƏN BƏYAN ETDİ: "Ölürəm"

Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili vəziyyətinin pisləşdiyini açıqlayıb. 54 yaşlı siyasətçinin sözlərinə görə, 2021-ci ilin oktyabrında “8 il sürgündən sonra” respublikaya qayıdıb. Daha sonra Gürcüstan hakimiyyəti Saakaşvilini saxlayıb və nəzarətə götürüb. “Həbsdə olanda səhhətim sürətlə pisləşdi. İndi isə ölürəm… 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm”, – deyə eks-prezident  hüquqşünas vasitəsilə məlumat çatdırıb. Saakaşvili səhhətinə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Siyasətçinin sözlərinə görə, onun ölümü Rusiyada “qələbə” kimi qeyd olunacaq, Gürcüstanda isə “siyasi xaos” yaradacaq. Daha əvvəl Saakaşvilinin anası bildirib ki, eks-prezident sürətlə arıqlayır, zəhərlənmə səbəbindən siyasətçi yemək yeyə bilmir, əl və ayaqları tutulub.