Trend mahnılarının çoxundan İran qoxusu gəlir - Müğənni

Son illər bir çox məşhurlarımızın oxuduğu mahnıların plagiat olduğu üzə çıxır. Yeni bəstəkarlar hər mahnıdan bir hissə “qoparıb” “yeni” mahnı təqdim edir. 

Bəs, bu cür mahnılara yol verməmək üçün nə etmək lazımdır? 

Mövzu ilə bağlı müğənni Sevinc Musayeva Bakupost.az -a açıqlamasında deyib ki, musiqi aləmində plagiatlıq ciddi problemə çevrilib:

“Yerindən qalxan özünü yazıçı, bəstəkar elan edir. Əvvəllər mənim repertuarımda bir mahnı var idi. Türklərdən oğurlanmışdı. Yaxşı da dinlənib. Amma mən həmin mahnıdan imtina etdim. Çünki o mahnıda əziyyət yox idi. Məsələn, bəstəkar Emin Sabitoğlu, Elza İbrahimovanın mahnılarını böyükdən-kiçiyə hamı sevir. Çünki onların bəstələri beyin məhsulu olub. Zəhmət çəkiblər. Amma indikilər studiyalarda oturub 2 dəqiqəyə mahnı yazırlar. Bir-birindən oğurlayırlar”.

S.Musayeva, bu cür mahnıların yazılması və ifa edilməsində dinləyicilərin də rolunun olduğunu qeyd edib. Müğənninin fikrincə, plagiatlığı aradan qaldırmaq üçün monitorinq keçirilməlidir:

“Trend olan mahnıların çoxu İran qoxusu gəlir. Mərsiyə tipli, yaxud meyxana formasındadır. Bir mahnı trend olubsa, demək ki, onu dinləyən kütlə var. Bunların aradan qaldırılması üçün monitorinq təşkil edilməsinin tərəfdarıyam. Musiqinin bu kimi sahələrində də yoxlamalar keçirilsə, yaxşı olar”. 

Share on Facebook