Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə biləcək.
Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər. Mövcud qanunvericiliyin tələblərinə görə hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Qeyd edilib ki, tətbiq ediləcək qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verəcək.