Bakıya buna görə 2-3 gün tez gəldim - Mahsun

Konsertimə iki-üç gün öncədən gəldim ki, bir az Bakıda gəzim. Azərbaycanı çox sevirəm. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan türkiyəli müğənni Mahsun Qırmızıgül jurnalistlərə açıqlamasında deyib. “Bura mənim ikinci vətənimdir. Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Buranın insanları və torpağı çox fərqlidir. Ona görə burada çoxlu gəzəcəyik. Bakı çox dəyişib. Azərbaycanlılarla çox yaxın dost bağlarım var. Dünyanın hansı ölkəsində oluramsa olum, onlar yanıma gəlirlər. Ona görə də məni başqa sənətçilərlə qarışdırmayın. Buranı çox sevirəm. Keçən dəfə Bakıdakı konsertimdə ölkəmizdə baş verən təbii fəlakətə görə çox üzgün olduğumdan heç yerə gedə bilmədim. Amma indi hamı ilə görüşüb gəzəcəyəm", - o vurğulayıb. Mahsun Qırmızıgül onu da deyib ki, azərbaycanlı həmkarları ilə də işbirliyi edə bilər: “Təklif gəlirsə, buradakı həmkarlarımdan hansısa bir layihə edə bilərik”.

İrəvanda ilk: Ermənistan və Hindistan nümayəndələri...

İrəvanda Ermənistanla Hindistan arasında müdafiə sahəsi ilə bağlı ilk məsləhətləşmələr keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, görüşdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Şri Vişveşa Negi iştirak edib. Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib. Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində hərbi sazişlər bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, MLRS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.

İtkin hesab edilən qadının meyiti tapıldı

Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır. İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanıb.

Müsavat fəalını məktəbin direktor müavini ÖLDÜRÜB – FOTO

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının fəalı Natiq Mehdi iş yoldaşı tərəfindən qətlə yetirilib. Məlumata görə, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Modern.az-ın əldə etdiyi məlumata görə, Natiq Mehdi Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov sözügedən məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub. O, ixtisasca fiziki idman müəllimidir. Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Öldürülən müsavatçı haqda rəsmi məlumat: meyiti basdırılıbmış

Daha bir xüsusilə ağır cinayət isti izlərlə açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir. Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Müsavat fəalı Natiq Ulubəy qətlə yetirilib – Yenilənib

İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib. Qeyd olunub ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. “1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda araşdırma aparılır”. ***14:05 Müsavat Partiyasının üzvü Natiq Mehdi (Ulubəy) üç gündür yoxa çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi sosial media hesablarında dərc olunan məlumatda deyilir. Bildirilir ki, ailə üzvləri onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər. “Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onun telefonun zəng çatmadığını, harada olduğunun öyrənilməsi üçün səylər göstərildiyini  bildirib. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Elşad Hacıyev sorğumuzu araşdıraraq cavab verəcəyini bildirdi”. Qeyd edək ki, Natiq Ulubəy Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Qusarda meşə ərazisi bələdiyyəyə qanunsuz verilib – Rəsmi

Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub. Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

İlham Əliyevdən sülh açıqlaması

Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.

“Azərbaycan kinosu rəhmətə gedib, başsağlığı verən də yoxdur”

“Məni nəinki filmə çəkilməyə, heç dublyaj etməyə də qoymadılar ki, 5 qəpik pul qazanım”.  Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zemfira Sadıqova “Onunla açıq söhbət” verilişinə müsahibəsində deyib.  Aktrisa canlandırdığı obrazlardan danışıb: “Ürəyimdə qalan obrazlar var. Səhvlər etmişəm. Baxmayaraq ki, mənə qadağalar qoyublar. Adını çəkmək istəmirəm. Çünki həmin filmə başqa adam çəkilib. Çağırdılar ki, “Mələk” (aktrisanın “Dəli Kür” filmində canlandırdığı obrazın adı - red.) kimi bir obrazdır. Mən də Yusiflə ailə qurmuşdum. Getdiyim adamın da ailəsi var idi. Deyəcəkdilər, obrazında da bu cür etdi. Ona görə də dedim bu rol da olsa, nəsə deyərlər, çəkilmədim. Amma çox böyük səhv etmişəm”.  Əməkdar artist hazırda film sektorunda olan problemlərdən də söz açıb: “Həmidə Ömərovanın yaradıcılıq gecəsində dedim, səhnəyə çıxmayacağam. İçim o qədər dolu idi. Həmidəyə dedim ki, məni bağışla, səhnəyə çıxmayacağam, özümü pis hiss edirəm. Sənin xətrinə gələcəyəm. Səhnəyə çıxıb dedim ki, Azərbaycan kinosu rəhmətə gedib, heç başsağlığı verən də yoxdur. Film yoxdur, çəkmirlər. Niyə kinostudiya yoxdur? Elə vaxtları var idi ki, ora qaynayırdı. Bir-birinin ardınca cürbəcür filmlər çəkilir, dublyajlar edilirdi. Amma indi gedib kinostudiyaya baxsanız, görəcəksiniz ki, xarabalıqdır, iş yoxdur. Film çəkən yoxdur. O qədər istedadlı insanlar var ki, kinostudiyanı Hollivud səviyyəsinə gətirə bilərlər. Ona da çoxlu pul və kömək lazımdır. Elə bir kişi olmalıdır ki, yatmış ölünü İsa peyğəmbər kimi diriltsin”. Aktrisa televiziya verilişlərindən narazı olduğunu bildirib: “Mənim televizorum yoxdur. Çünki o qədər səviyyəsiz verilişlər olur ki, baxmıram. İnsanda ikrah hissi yaradır. Düzdür, deyirlər, yaxşı verilişlər var, olur, şəxsən mən rast gəlməmişəm”. 

Minimum əməkhaqqı nə qədər artacaq? - Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb: "Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".

ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”

“Dünən atamı Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasına müayinədən keçirməyə apardım. Atam 3 dəfə infarkt keçirib, şəkəri var. Mən də istədim ki, ürəyini aparata saldırıb, problemini bilim. Aşağı mərtəbədə mühafizə xidməti bizə dedi ki, elektron növbə götürün. Biz də elektron növbə götürdük. Gördük ki, burada elektron növbəni heç saya sayan yoxdur. Biri tanışını gətirib növbəsiz içəri salır, biri növbəsiz gəlib keçir. Halbuki gələnlər bizdən sonra idilər.d Yalandan a deyirlər ki, əməliyyata gedir. Mən öz gözlərimlə görürəm ki, həmin xəstə dedikləri adam normaldır, sağlamdır. Hətta bir neçə insan da etirazını bildirdi ki, biz növbə gözləyə-gözləyə niyə onları içəri buraxırsız? Bu etirazımı orada da bildirdim. Dedilər ki, biz baxa bilmərik, bilmirik. Mühafizə xidmətini çağırıram, o da deyir ki, mən baxmıram. Orada dərəbəylikdir. Növbədən əlavə həkimlər öz tanışlarını növbəsiz içəri salır” Bunu Moderator.az-a açıqlamasında şikayətçi Ayşən Babayeva deyib. O daha sonra əlavə edib. “Biz həkimə etirazımızı bildirəndə kənardan başqa bir həkim üstümüzə səsini qaldırıb elə qışqırdı ki.. Üstəlik də əl-qol hərəkətləri ilə üstümüzə gəldi. Bütün bu görüntülər kameralara da düşüb. O xəstəxanaya sağ getsən ölü çıxacaqsan. Atam xəstə adamdır, necə əsəbləşdisə dərmandan istifadə etdi. Əgər canlı növbədirsə, bəs elektron növbə nəyə lazımdır? Özü də elektron növbəyə düşmək üçün sən gərək səhər saat 8-dən gedib xəstəxanada yer tutasan. Adamları 10-10 içəri buraxırlar. Sonra da deyirlər ki, canlı növbədir. Başqa yerdə çeksiz, növbəsiz gedib dursaq bizi qəbul etməzlər” deyə o bildirib. Moderator.az 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın Acil şöbəsinin tibb bacısı bildirib ki, xəstəxanada canlı növbə mövcuddur.    “Biz bilirik ki, canlı növbədir. Camaat gəlib canlı növbədən keçir, elektron yox. Başqa heç bir məlumat verə bilmərəm” deyə o bildirib. Buradan belə bir sual ortaya çıxır ki, əgər canlı növbədirsə, niyə bəs xəstəxanadakı insanları elektron növbə götürməyə məcbur edirlər.  QEYD: Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq. 

Bakı küçələrində ölüm saçan təhlükə – “Xüsusi cihazlar da işə yaramır”

Son günlər Bakıda, eləcə də regionlarda küçə itlərinin hücumuna məruz qalanların sayı artır. Sözügedən problemlə bağlı müxtəlif təkliflər irəli sürülür. Məsələn, itlərin hücumu zamanı onları uzaqlaşdırmaq üçün xüsusi cihazların olduğu deyilir. Globalinfo.az-a danışan hərbi kinoloq Nicat Əhmədli deyib ki, həmin cihazlardan Azərbaycanda da var, lakin effektiv deyil: “Bir-iki ABŞ firmasının cihazı var ki, nisbətən yaxşı olur. Onların da qiyməti olduqca bahadır. Həmin qurğuların əksəriyyəti keyfiyyətsizdir. Digər tərəfdən də mövcud cihazlar bütün itlərə təsir etmir. Yalnız böyük itləri uzaqlaşdırır”. Kinoloq itlərin azalmasının yolunu açıqlayıb: “İtlərin artmasının qarşısını almağın bir yolu var – qısırlaşdırmaq. Başqa variant yoxdur. Hər hansı variant olsa, başqa ölkələr istifadə edərdilər. Təsəvür edin, ABŞ, Almaniya, İtaliya kimi ölkələr qısırlaşdırma siyasətinə gedib. İtlər də qısırlaşdırıldığı üçün avtomatik sayları azalır. İlk 5 ildə artıq nəticə əldə etmək olur, amma hansısa aparatı quraşdırmaq bir itdə effekt verəcəksə, beşində verməyəcək”.

“Trendyol Azərbaycan” daşıma qiymətlərini QALDIRDI

Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un  Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb.  Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər.   İddia olunur ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur. Məsələ ilə əlaqədar “Trendyol Azərbaycan” şirkətindən bildirilib ki, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub. "Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlifhəcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər", - "qafqazinfo"ya verilən açıqlamada deyilir. Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.

Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.  Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir. Görəsən, yeni qərardan sonra köhnə və ekoloji cəhətdən nəzərdə tutulan standartlara cavab verməyən avtomobillərin aqibəti necə olacaq?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu qəbildən olan avtomobillərin yenisi ilə əvəz edilməsi üçün yetərincə say və baza olmalıdır:  “Bu addım utilizasiya prosesinə bir növ təkan olacaq. Çünki burada əsas baza elementi müxtəlif dövlət qurumlarının birgə əməkdaşlığı nəticəsində ölkəyə gələcəkdə idxal ediləcək avtomobillərin ekoloji cəhətdən uyğun olması əsas kriteriya təşkil ediləcək. İlkin göstəricilərə əsasən, ekoloji cəhətdən uyğun olmayan avtomobillərin yenisi ilə əvəz olunması məsələsi növbəti mərhələnin işidir. Əvvəlcə baza və say olmalıdır. Bunlar olduqdan sonra artıq müəyyən işləri görmək olar. Bu növ maşınları yenisi ilə əvəz etmək və ya dəyərini ödəmək olar”.  Ekspert bəzi nəqliyyat vasitələrinin göstəricilərinin fərqli olmasının prosesə ciddi təsir edəcəyini qeyd edib:  “Bütün bunlar hamısı növbəti mərhələdə atılacaq addımlardır. Onun üçün prosesin necə davam edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Nəqliyyat vasitələri texniki göstəricilərinə, il və davranış qaydalarına görə fərqlənə bilər. Məsələn, elə avtomobillər ola bilər ki, ili yenidir, ancaq texniki paramterləri aşağı səviyyədədir. Yaxud yanacaq sərfiyyatı ekoloji cəhətdən dəstəklənmir. Bunlar özlüyündə ayrı-ayrı elementlərdir. Bunun üçün də müəyyən işlərin görülməsi, müəyyən proseslərin aparılması başlıca məsələlərdən biridir”. 

Sabah ölkənin bəzi ərazilərində su olmayacaq

14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq. Bu barədə Sozcu.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, buna səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq. Qeyd edək ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Foto

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb. Sozcu.az APA-ya istinadla verir ki, bir neçə gündür yağan yağışlar nəticəsində yolun bir neçə hissəsində torpaq sürüşüb. Nəticədə asfalt örtüyü tamamilə dağılıb. Qeyd edək ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik yol 2018-ci ilin avqustunda istifadəyə verilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb.

Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır. Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə isti olub.

Bu sahəyə yatırım edənlərə pis xəbər – Pulunuz bata bilər

İllər keçdikcə yaşayış minumumu artmaqda davam edir. Demək olar ki, bütün xidmət və sahələrdə hər il bahalaşma müşahidə olunur. Hesablamalara görə, dollar nisbətində yaşayış minimumu 2 dəfə artıb, 80 dollardan 160 dollara qədər yüksəlib. Bu o deməkdir ki, vətəndaşın 10 min dollarlıq əmanətinin alıcılıq qabiliyyəti ötən 8 ildə 2 dəfə azalıb. Əmanətini dollarda saxlayan vətəndaşlar üçün bu, mənfi tendensiyadır. Maraqlıdır, Azərbaycanda hansı sahəyə yatırım edib, gəlir götürmək daha qazanclı sayılır?  İqtisadçı ekpert Əkrəm Həsənov mövzunu “Yeni Sabah”a şərh edib. Bildirib ki, insanlar pullarını daha çox dollara və daşınmaz əmlaka yatırırlar, lakin bu düzgün seçim deyil:  “Qiymət artımının sürəti əmanətlər üzrə qazanılan faizdən daha çoxdur. Buna görə də əmanətlər qiymət artımının qarşısını almır. Bəziləri düşünür ki, bu belədir. Yox. Qiymətlər daha sürətlə artır. İnsanlar əmanətləri dollar və avroda ona görə saxlayırlar ki, onların devalvasiya qorxusu var. Əslində isə, manat üzrə faizlər daha çoxdur. Ancaq yenə də bu, həmin qorxunu aradan qaldırmır. Azərbaycanda insanların çoxu daşınmaz əmlaka yatırım edir. Bu sahədə də qiymətlər artmaq əvəzinə daha da aşağı düşür. Beləliklə, həmin daşınmaz əmlakı istədikləri qiymətə sata bilmirlər”.  Ə.Həsənov yatırım üçün sahibkarlıq və biznesin uğurlu istiqamət olduğunu vurğulayıb:  “Pulun ən düzgün qoyuluşu sahibkarlığa, biznesə yatırım etməkdir. Fəqət, bunun üçün Azərbaycanda alətlər yoxdur. İnkişaf etmiş ölkələrdə səhmdar cəmiyyətləri mövcuddur. Bu vasitə ilə insanlar pullarını həmin yerdə birləşdirirlər, birgə biznes qururlar və qazanırlar. Təəssüflər olsun ki, bu bizdə yoxdur. Bunun da əsas səbəbi şəffaflığın olmamasıdır. Eyni zamanda sahibkarlıq üçün şərait mövcud deyil. Ona görə də insanlara düzgün və dəqiq tövsiyə vermək olmur. Çox pulu olanlar vəsaitlərini hansısa yolla xaricə çıxarır və orada biznes qururlar. Ancaq az pulla birləşərək səhmdar cəmiyyəti yaratmaq mümkündür. Bu istiqamətdə qanunvericilik olmadığı üçün isə Azərbaycanda ciddi iqtisadi problem var”. 

Sumqayıtda qadının sürdüyü təlim maşını yandı

Sumqayıt şəhərində təlim maşını yanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Səbinə Siyavuş qızı Ağayevanın idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətraf maşınlara keçməsinin qarşısı alınıb.

“Anaların başı ərlərini güdməyə qarışdığı üçün...” - Psixoloqdan qalmaqallı açıqlama

Xəbər verdiyimiz kimi, Tovuzda öz istəyi ilə 26 yaşlı oğlana qoşulub qaçan 16 yaşlı qız ailəsinə qaytarılıb. Qeyd edək ki, son illər belə hallar tez-tez baş verir. Bəs, erkən nikahların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a bildirib ki, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. “Məncə, artıq həyəcan siqnalı çalmalıyıq. Valideynlər nəyi etməməlidir? Valideynlər nəyi etməməklə qızlarını xoşbəxt edə bilərlər? Əgər bir qız uşağı doğulduğu gündən etibarən evində dayanmadan bir-biri ilə mübahisə edən ata-ana, gəlin-qaynana, daim nəyinsə çözümünü tapa bilməyən ailə sistemi görürsə, o, heç vaxt bu ailədə kök salmayacaq”, - deyə Z.Əyyubova bildirib. Psixoloqun sözlərinə görə, qız ailədə valideynlərinə güvənməlidir: “Qız uşağının ailəsinə kök salmaq üçün inandığı bir yer olmalıdır. Onun inandığı isə ata və anasının münasibətidir. Əgər bir qız atasına güvənmirsə, ona baxanda anasının sevildiyini düşünmürsə, ilk ağlına gələn bu olur: mənə dəyər verəni, sevəni tapacam. Təəssüf ki, o da bir uğursuzluqla nəticələnir. Niyə qızlar öz ailələri ilə xoşbəxt deyillər, niyə öz ailələrində qalmaq istəmirlər? Çünki ata, ana modeli yoxdu və bir-birindən xəbərsiz olan ata-ananın evində qaçmağı, intiharı, başqa bir ölkəyə getməyi üstün tutan uşaqlar olur”. Z.Əyyubova qeyd edib ki, əksər valideynlərin başı sosial şəbəkələrə qarışdığı üçün övladlarının istəyindən xəbərsizdirlər: “Bu gün valideynlər övladlarının nəyi sevib-sevmədiyini, nədən xoşbəxt olduğunu bilmir. Çünki valideyn övladını tanımır, onunla vaxt keçirmir, atanın başı “TikToka”, ananın başı "Feysbuk"a qarışıb. Buna görə də ata hansısa qadınlarla, ana isə hansısa qadınların arxasına düşüb atanı güdməklə məşğuldu. Bu arada da balaca qız uşaqları özlərinə çözüm, çarə axtarırlar və onu da qaçmaqda görürlər”.

Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)

Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq". E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb". Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.

Yeni qərar qüvvəyə minir: Taksilərin qiyməti artacaq

Taksi xidməti ilə məşğul olan şirkətlərin balansında olan nəqliyyat vasitələrinin azalması tendensiyası müşahidə olunur. Bu isə özlüyündə təqdim olunan xidmətin müqabilində qiymətlərin artımı ilə nəticələnir. Hətta ölkəmizdə taksi sektorunda yetərincə istifadəçisi olan “Bolt” şirkətində də qiymət artımı artıq baş verib. Belə ki, şirkət taksi xidməti ilə bağlı qiymətlərin 9 faiz artırıldığını elan edib.  Digər tərəfdən, taksilərlə bağlı qəbul edilmiş yeni qərar da iyuldan etibarən taksilərin sayının kəskin azalacağını göstərən əsas faktorlardan biridir.  Bəs taksilərin sayının məhdudlaşdırılması digər şirkətlərdə də qiymət artımına səbəb ola bilərmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, tələb-təklif prinsipinə uyğun olaraq, taksi avtomobillərinin azalması qiymətlərin artmasına da təsir göstərəcək:  “Taksilərin sayının məhdudlaşdırlması tendensiyası başlayıb. Təkcə “Bolt”da deyil, digər şirkətlərdə də bu azalma müşahidə olunur. Sözsüz ki, ümumi olaraq xidmət göstərən taksilərin sayı azalırsa, nəticə etibarı ilə bu xidmət göstərənlərin sayının da azalması deməkdir. Beləliklə bu da bazarda qiymətə öz təsirini göstərir”.  Ekspertin fikrincə, əvvəllər taksilərin sayının yetərincə çox olması xidmətin daha ucuz təklif olunmasına səbəb olurdu: “Nə qədər rəqabət çox olurdusa, nəqliyyat sayı, ərazi və sifariş olunan yerlərdə taksi sayı çox olardısa, bir o qədər də aşağı qiymət müşahidə olunurdu. Ona görə də, taksi xidməti göstərən şirkətlərdə nəqliyyat vasitələrinin sayının azalması bütün hallarda qiymətin artımına səbəb olur. Bu, təkcə taksi xidmətində deyil, bütün xidmətlərdə özünü göstərən tendensiyadır”.

17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub” - Video

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib. Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Ümüd Quliyev bildirib ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı vəfat edib. Ümüd Quliyev iddia edib ki, qızının ölümünə səbəb həkimlərin adları bilinməyən iynələri vurmalarıdır. Ata qızı xəstəxanada olduğu iki gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını deyir. Onun sözlərinə görə, qızı vəfat edəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızması olub. Ata bildirib ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub ki, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub. Ümüd Quliyev tələb edir ki, həqiqət ortaya çıxmalı və səbəbkarlar cəzalandırılmalıdırlar. Ətraflı süjetdə: