Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. 

Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir. Görəsən, yeni qərardan sonra köhnə və ekoloji cəhətdən nəzərdə tutulan standartlara cavab verməyən avtomobillərin aqibəti necə olacaq? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu qəbildən olan avtomobillərin yenisi ilə əvəz edilməsi üçün yetərincə say və baza olmalıdır: 

“Bu addım utilizasiya prosesinə bir növ təkan olacaq. Çünki burada əsas baza elementi müxtəlif dövlət qurumlarının birgə əməkdaşlığı nəticəsində ölkəyə gələcəkdə idxal ediləcək avtomobillərin ekoloji cəhətdən uyğun olması əsas kriteriya təşkil ediləcək. İlkin göstəricilərə əsasən, ekoloji cəhətdən uyğun olmayan avtomobillərin yenisi ilə əvəz olunması məsələsi növbəti mərhələnin işidir. Əvvəlcə baza və say olmalıdır. Bunlar olduqdan sonra artıq müəyyən işləri görmək olar. Bu növ maşınları yenisi ilə əvəz etmək və ya dəyərini ödəmək olar”. 

Ekspert bəzi nəqliyyat vasitələrinin göstəricilərinin fərqli olmasının prosesə ciddi təsir edəcəyini qeyd edib: 

“Bütün bunlar hamısı növbəti mərhələdə atılacaq addımlardır. Onun üçün prosesin necə davam edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Nəqliyyat vasitələri texniki göstəricilərinə, il və davranış qaydalarına görə fərqlənə bilər. Məsələn, elə avtomobillər ola bilər ki, ili yenidir, ancaq texniki paramterləri aşağı səviyyədədir. Yaxud yanacaq sərfiyyatı ekoloji cəhətdən dəstəklənmir. Bunlar özlüyündə ayrı-ayrı elementlərdir. Bunun üçün də müəyyən işlərin görülməsi, müəyyən proseslərin aparılması başlıca məsələlərdən biridir”. 

Share on Facebook