İllər keçdikcə yaşayış minumumu artmaqda davam edir. Demək olar ki, bütün xidmət və sahələrdə hər il bahalaşma müşahidə olunur. Hesablamalara görə, dollar nisbətində yaşayış minimumu 2 dəfə artıb, 80 dollardan 160 dollara qədər yüksəlib. Bu o deməkdir ki, vətəndaşın 10 min dollarlıq əmanətinin alıcılıq qabiliyyəti ötən 8 ildə 2 dəfə azalıb. Əmanətini dollarda saxlayan vətəndaşlar üçün bu, mənfi tendensiyadır.
Maraqlıdır, Azərbaycanda hansı sahəyə yatırım edib, gəlir götürmək daha qazanclı sayılır?
İqtisadçı ekpert Əkrəm Həsənov mövzunu “Yeni Sabah”a şərh edib. Bildirib ki, insanlar pullarını daha çox dollara və daşınmaz əmlaka yatırırlar, lakin bu düzgün seçim deyil:
“Qiymət artımının sürəti əmanətlər üzrə qazanılan faizdən daha çoxdur. Buna görə də əmanətlər qiymət artımının qarşısını almır. Bəziləri düşünür ki, bu belədir. Yox. Qiymətlər daha sürətlə artır. İnsanlar əmanətləri dollar və avroda ona görə saxlayırlar ki, onların devalvasiya qorxusu var. Əslində isə, manat üzrə faizlər daha çoxdur. Ancaq yenə də bu, həmin qorxunu aradan qaldırmır. Azərbaycanda insanların çoxu daşınmaz əmlaka yatırım edir. Bu sahədə də qiymətlər artmaq əvəzinə daha da aşağı düşür. Beləliklə, həmin daşınmaz əmlakı istədikləri qiymətə sata bilmirlər”.
Ə.Həsənov yatırım üçün sahibkarlıq və biznesin uğurlu istiqamət olduğunu vurğulayıb:
“Pulun ən düzgün qoyuluşu sahibkarlığa, biznesə yatırım etməkdir. Fəqət, bunun üçün Azərbaycanda alətlər yoxdur. İnkişaf etmiş ölkələrdə səhmdar cəmiyyətləri mövcuddur. Bu vasitə ilə insanlar pullarını həmin yerdə birləşdirirlər, birgə biznes qururlar və qazanırlar. Təəssüflər olsun ki, bu bizdə yoxdur. Bunun da əsas səbəbi şəffaflığın olmamasıdır. Eyni zamanda sahibkarlıq üçün şərait mövcud deyil. Ona görə də insanlara düzgün və dəqiq tövsiyə vermək olmur. Çox pulu olanlar vəsaitlərini hansısa yolla xaricə çıxarır və orada biznes qururlar. Ancaq az pulla birləşərək səhmdar cəmiyyəti yaratmaq mümkündür. Bu istiqamətdə qanunvericilik olmadığı üçün isə Azərbaycanda ciddi iqtisadi problem var”.