Son günlər Bakıda, eləcə də regionlarda küçə itlərinin hücumuna məruz qalanların sayı artır. Sözügedən problemlə bağlı müxtəlif təkliflər irəli sürülür. Məsələn, itlərin hücumu zamanı onları uzaqlaşdırmaq üçün xüsusi cihazların olduğu deyilir.
Globalinfo.az-a danışan hərbi kinoloq Nicat Əhmədli deyib ki, həmin cihazlardan Azərbaycanda da var, lakin effektiv deyil:
“Bir-iki ABŞ firmasının cihazı var ki, nisbətən yaxşı olur. Onların da qiyməti olduqca bahadır. Həmin qurğuların əksəriyyəti keyfiyyətsizdir. Digər tərəfdən də mövcud cihazlar bütün itlərə təsir etmir. Yalnız böyük itləri uzaqlaşdırır”.
Kinoloq itlərin azalmasının yolunu açıqlayıb:
“İtlərin artmasının qarşısını almağın bir yolu var – qısırlaşdırmaq. Başqa variant yoxdur. Hər hansı variant olsa, başqa ölkələr istifadə edərdilər. Təsəvür edin, ABŞ, Almaniya, İtaliya kimi ölkələr qısırlaşdırma siyasətinə gedib. İtlər də qısırlaşdırıldığı üçün avtomatik sayları azalır. İlk 5 ildə artıq nəticə əldə etmək olur, amma hansısa aparatı quraşdırmaq bir itdə effekt verəcəksə, beşində verməyəcək”.