“Anaların başı ərlərini güdməyə qarışdığı üçün...” - Psixoloqdan qalmaqallı açıqlama

Xəbər verdiyimiz kimi, Tovuzda öz istəyi ilə 26 yaşlı oğlana qoşulub qaçan 16 yaşlı qız ailəsinə qaytarılıb. Qeyd edək ki, son illər belə hallar tez-tez baş verir. Bəs, erkən nikahların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a bildirib ki, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür.

“Məncə, artıq həyəcan siqnalı çalmalıyıq. Valideynlər nəyi etməməlidir? Valideynlər nəyi etməməklə qızlarını xoşbəxt edə bilərlər? Əgər bir qız uşağı doğulduğu gündən etibarən evində dayanmadan bir-biri ilə mübahisə edən ata-ana, gəlin-qaynana, daim nəyinsə çözümünü tapa bilməyən ailə sistemi görürsə, o,

heç vaxt bu ailədə kök salmayacaq”, - deyə Z.Əyyubova bildirib.

Psixoloqun sözlərinə görə, qız ailədə valideynlərinə güvənməlidir:

“Qız uşağının ailəsinə kök salmaq üçün inandığı bir yer olmalıdır. Onun inandığı isə ata və anasının münasibətidir. Əgər bir qız atasına güvənmirsə, ona baxanda anasının sevildiyini düşünmürsə, ilk ağlına gələn bu olur: mənə dəyər verəni, sevəni tapacam. Təəssüf ki, o da bir uğursuzluqla nəticələnir. Niyə qızlar öz ailələri ilə xoşbəxt deyillər, niyə öz ailələrində qalmaq istəmirlər? Çünki ata, ana modeli yoxdu və bir-birindən xəbərsiz olan ata-ananın evində qaçmağı, intiharı, başqa bir ölkəyə getməyi üstün tutan uşaqlar olur”.

Z.Əyyubova qeyd edib ki, əksər valideynlərin başı sosial şəbəkələrə qarışdığı üçün övladlarının istəyindən xəbərsizdirlər:

“Bu gün valideynlər övladlarının nəyi sevib-sevmədiyini, nədən xoşbəxt olduğunu bilmir. Çünki valideyn övladını tanımır, onunla vaxt keçirmir, atanın başı “TikToka”, ananın başı "Feysbuk"a qarışıb. Buna görə də ata hansısa qadınlarla, ana isə hansısa qadınların arxasına düşüb atanı güdməklə məşğuldu. Bu arada da balaca qız uşaqları özlərinə çözüm, çarə axtarırlar və onu da qaçmaqda görürlər”.

Share on Facebook