“Əgər bu, təsadüfdürsə, qoy bir dəfə də Xankəndini “Stepanakert” yox, öz adıyla Azərbaycanın nəzarətində olan bir məntəqə kimi göstərsinlər…”
“Laçının virtual “işğalı”na cavab olaraq biz də Saxalini, Şikotanı, Kurill adalarını, İtrup adasını Yaponiya ərazisi, Kalininqradı Köniqsberq adıyla Almaniya ərazisi kimi göstərən xəritələr dərc etməliyik…”
“Hesab edirəm ki, müvafiq dövlət qurumlarımız belə addımların qarşısını almaq üçün fəaliyyətə keçməli və zərurət yarandıqda bununla bağlı uyğun bəyanat və notalar da verməlidirlər…”
Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində artıq 2 il yarımdan çoxdur ki, müvəqqəti(!) qalmaq şərti ilə yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti 2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-də, iyunun 1-də, 4-də və 5-də, yəni dünən də yenidən virtual olaraq(dislokasiya xəritələrində) öz məsuliyyət və nəzarət zonasına daxil edib. Və bu təxribatın məhz mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik günü, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra başlaması təsadüf sayıla bilməz…
Tanınmış hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Rusiya Müdafiə Nazirliyi dəfələrlə öz rəsmi saytında dərc edilən “sülhməramlı” hərbi kontingentin dislokasiya xəritələrində Laçın şəhərini və digər Azərbaycan məntəqələrini ərazimizdə müvəqqəti yerləşdirilmiş həmin kontingentin məsuliyyət zonaları kimi göstərib. Və mən bu məsələni daimi diqqətdə saxladığınız üçün sizə xüsusi təşəkkür edirəm”.
Ekspert hesab edir ki, sözügedən məsələ Rusiyanın “sülhməramlı” adlanan kontingentinin ermənipərəst mövqeyi ilə də izah oluna bilər.
“Qeyd edim ki, bu bir daha Rusiyanın Azərbaycan torpaqlarındakı "sülhməramlı" sayıllan hərbi kontingentinin ermənipərəst mövqeyi ilə izah edilməli, onun rəhbərliyinin erməni silahlılarını dəstəkləməsi kimi qəbul edilməlidir. Nəticə etibarilə bu gün erməni silahlılarına kuryerlik edən, onların aşağı-yuxarı silah-sursat daşıması üçün can-fəşanlıq göstərən Rusiya “sülhməramlı”larından bundan artığını gözləmək olmazdı. Hesab edirəm ki, onların bu kimi fəaliyyətlərinə bizim güc strukturlarının kartoqrafları da müəyyən cavablar hazırlaya bilərdi. Məsələn, biz də Saxalini, Şikotanı, Kurill adalarını, İtrup adasını Yaponiya ərazisi, Kalininqradı Köniqsberq adıyla Almaniya ərazisi kimi göstərən xəritələr çap edə və onları Rusiya “sülhməramlı”larının saxta xəritələrinə, o cümlədən Laçın şəhərini virtual “işğal” etmələrinə cavab olaraq media vasitəsilə tirajlaya bilərdik. Təəssüf ki, müvafiq qurumlar hələ bu haqda düşünmürlər”,- deyə Ədalət Verdiyev qeyd edib.
“Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ordusunun nəzarətində olan əraziləri “sülhməramlı” kontingentin məsuliyyət zonası kimi göstərməsi heç bir halda “təsadüfi”, “texniki səhv” kimi dəyərləndirilə bilməz. Əgər bu, təsadüfdürsə, qoy bir dəfə də Xankəndini “Stepanakert” yox, öz adıyla Azərbaycanın nəzarətində olan bir məntəqə kimi göstərsinlər. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı məqsədyönlü və təxribat xarakterli addımlardır. Hesab edirəm ki, müvafiq dövlət qurumlarımız belə addımların qarşısını almaq üçün fəaliyyətə keçməli və zərurət yarandıqda bununla bağlı uyğun bəyanat və notalar da verməlidirlər”,- deyə hərbi ekspert vurğulayıb.