Rus ordusu geri çəkildi: Ukrayna ordusu cinahları təmizləyir

Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadası Baxmut ətrafındakı cinahları təmizləməyə və torpaqları azad etməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə briqadanın mətbuat xidmətindən bildirilib. "Son 24 saat ərzində əsgərlər cəbhə xətti boyu 1,8 km, cəbhənin 1,2 km dərinliyindəki ərazilərdən düşməni geri çəkilməyə məcbur ediblər", - məlumatda qeyd olunub. Məlumata görə, 2-ci hücum batalyonunun hücumları nəticəsində Rusiyanın 57-ci briqadasının bölmələri və “Storm z” məhbus dəstələri xeyli itki verib.

Taras Berezovets: "Ukrayna Rusiyanın Krıma yolunu bağlamağa çalışır"

"Ukrayna Rusiyanın Krıma yolunu bağlamağa çalışır". Bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi ekspert Taras Berezovts bildirib. Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk, Zaporoje vilayətlərində lokal hücum əməliyyatlarına başlayıb: "Nəticədə son günlərdə 7 kənd azad olunub: Lobkovo, Levadnoye, Novodarovka, Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye. Ukrayna qoşunları işğalçıların müdafiə istehkamlarına hücum edir, onların mövqeləri arasında əlaqəni kəsir". Ekspert deyib ki, Ukrayna Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə 6 kilometrdən çox irəliləyib: "Amma bunu genişmiqyaslı əks-hücum əməliyyatı kimi qəbul edə bilmərik. Bu, əslində, genişmiqyaslı hücum əməliyyatına hazırlıqdır. Lakin cəbhədəki operativ vəziyyətin imkan verdiyi təqdirdə, Ukrayna Silahlı Qüvvələri bir müddətdən sonra genişmiqyaslı əks-hücuma keçəcək. Güman ki, bu, bir neçə istiqamətdə baş verəcək. Ukrayna ordusunun əks-hücum zamanı əsas məqsədi Rusiya ilə Ukraynanın işğal altındakı ərazisi olan Krım arasında quru yolları bağlamaqdır. Bu əks-hücum əməliyyatının nə vaxt, hansı istiqamətdə həyata keçiriləcəyi hərbi sirdir. Amma düşünürəm ki, bu əməliyyat qısa müddətdən sonra başlayacaq. Üstəlik, Ukrayna ordusu bu əməliyyat zamanı Krıma maksimum dərəcədə yaxınlaşmalıdır. Bununla Ukrayna Rusiyanın Krımdakı hərbi logistikasına zərbələr endirə biləcək. Hazırda düşmən Krıma yüklərin 75 faizini quru dəhliz vasitəsilə göndərir. Krıma yüklərin cəmi 25%-i Krım körpüsü vasitəsilə tədarük edilir. Beləliklə, hazırda Ukrayna ordusunun Krım körpüsünün məhv edilməsi ilə bağlı məqsədi yoxdur. Əsas məqsəd Taqanroq, Mariupol və Simferopolu birləşdirən quru dəhlizi bağlamaqdır".

“Zəngəzur dəhlizi”indəki problem İrandan qaynaqlanır” - Ərdoğan

"Zəngəzur dəhlizi" məsələsindəki problem Ermənistandan yox, İrandan qaynaqlanır. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra Şimali Kipr Türk Cümhuriyyətinə  və Azərbaycana ilk xarici səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Türkiyə bölgədə və dünyada sülhə və sabitliyə tərəfdardır.  Bu istiqamətdə prioritet vasitələr dialoq və diplomatiyadır, Ərdoğan deyib. Prezident vurğulayıb ki, Türkiyə öz xarici siyasətində Qərblə Şərq arasında fərq qoymağa can atmır. “ “Biz həm Şərqə, həm də Qərbə yaxınıq", - “Anadolu” agentliyi Ərdoğandan sitat gətirir. Dövlət başçısı Cənubi Qafqazdakı vəziyyətə diqqəti çəkərək qeyd edib ki, Bakı və Yerevan arasında sülh prosesinin irəliləməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da mühüm töhfə verəcək. "Çox acının yaşandığı bölgədə qapılar sülhə açıqdır. Odur ki, tərəflər bu şansı əldən verməməli və məsuliyyətlə hərəkət etməlidirlər", - Türkiyə lideri vurğulayıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Ankaraya səfərini "mühüm addım" adlandırıb. "Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan öz ölkəsində bir çox maneələri və müxalifətyönlü əhval-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısa söhbət etmək imkanım oldu. Türkiyəyə gəlişinə görə minnətdarlığımı bildirdim", - prezident deyib. Ərdoğan Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistan baş nazirinin sözlərini "mühüm" adlandırıb. "Ancaq əvvəllər dediyim kimi, Ermənistanda (Nikol) Paşinyana qarşı mənfi münasibət var. Və bu, çox vacib məqamdır. Bu günə qədər Paşinyan geri addım atmayıb", - Ərdoğan deyib. Onun sözlərinə görə, Ankara türk dünyasının birliyinin möhkəmləndirilməsi naminə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək. "Zəngəzur dəhlizi" mövzusuna toxunan Türkiyə prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı problem Ermənistandan yox, İrandan qaynaqlanır. "İki ölkə (İran və Azərbaycan) – qeyd "Anadolu") əhalisinin əksəriyyəti müsəlmandır. Tehranın mövqeyi Bakı və Ankaranı məyus edir. Əslində vəziyyət onları (İran) məyus etməlidir", - o deyib. Ərdoğanın sözlərinə görə, dəmir yolu ilə yüklərin daşınması üçün rüsumlar "çox yüksəkdir". "Ümid edirəm ki, bu problem (vaqonla daşıma rüsumu) tezliklə həll olunacaq. Regionda kommunikasiya məsələlərinə müsbət yanaşma ilə Türkiyə-Azərbaycan-İran vahid dəmir yolu və avtomobil şəbəkəsini yaratmaq mümkündür və "Pekin-London" yolunu açmaq mümkün olacaq", - Ərdoğan istisna etməyib.

Rəsmi Bakıdan Fransaya cavab

Fransa Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkətini görmək istəmir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Tvitter hesabında yazıb. O vurğulayıb ki, blokada iddiası Fransanın qərəzsiz olmasına dair iddialarına ziddir. Qeyd edək ki, Fransa xarici işlər naziri Ketrin Kolonna daha əvvəl demişdi ki, “heç bir ölkə Ermənistanla qonşusu arasında sülh razılaşması üçün Paris qədər səy göstərmir”.

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

Minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq.  Yenisabah.az-ın əldə etdiyi məlumata görə, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacaq. Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir.  Məlumata görə, vahid aylıq müavinətdən məhrum olacaq məcburi köçkünlərin sayı təxminən 50 min nəfəri əhatə edəcək. Onların arasında dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslər də var. 

“Savaş nəinki Rusiya daxilinə keçib, artıq ölkənin öz içində partizan hərəkatı başlayıb...”

“Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin...” “Müharibənin hər günü yüz milyonlarla pul deməkdir. Bu da Rusiyanın iqtisadiyyatını tam çökürdür və gec-tez daxildə əhalinin kütləvi etirazlarına gətirib çıxaracaq... Rusların gözləri açılıb, mitinqlərdə Putin rejiminə qarşı nələr səsləndirdiklərini görürük. Soruşurlar ki, nəyə görə bizimlə eyni kökdən olan slavyan mənşəli, qardaş Ukrayna xalqına qarşı müharibə aparmalıyıq. Onlar özləri bilərlər, necə dövlət qururlar, hansı quruluşda yaşayırlar. Ukrayna xalqından bizə bir təhlükə yoxdur, onlar heç vaxt bizə qarşı hücuma keçən deyildi...” Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Bundan əlavə, bildiyiniz kimi, artıq müharibə Rusiyanın daxilinə keçib. Belqorod, Bryansk vilayətlərində faktiki hərbi əməliyyatlar gedir. Və Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin. Özü də Rusiya ərazisində döyüşənlər Ukrayna ordusu deyil, Putin rejiminə qarşı vuruşan ruslar özləridir. Onlar söz verib ki, Vladivotokadək bütün Rusiyanı bu zülmdən xilas edəcəklər. Ölkənin daxilində, demək olar ki, hər gün hansısa strateji hərbi obyekt, zavod, silah-sursat anbarı, neft bazaları partladılır, yandırılır.  Bir də internetdə baxırsan ki, Moskvada filan obyekt yanır. Yəni müharibə nəinki Rusiyanın daxilinə keçib, həm də ölkənin öz içində artıq partizan savaşı başlayıb.  Bu da, sözsüz ki, öncə dediyimiz kimi, Kreml rejiminə qarşı kütləvi xalq hərəkatının vüsət almasına, hətta vətəndaş savaşına da gətirib çıxara bilər. Bunun da sonu dövlət çevrilişi ilə nəticələnəcək”, -deyə davamında general-mayor vurğulayıb.

Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub. Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva , 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ermənilər Naxçıvanı atəşə tutdu

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", MN-dən bildirilib.

Azərbaycan məktəblərində “Son zəng” çalındı

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Sozcu.az xəbər verir ki, "Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirib. Qeyd edək ki, bəzi məktəblərdə “Son zəng” tədbirləri davam edir.

ABŞ: Bakı-İrəvan görüşü buna görə baş tutmadı

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda planlaşdırılan danışıqların növbəti raundu qrafiklə bağlı problemlərə görə təxirə salınıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Bu görüş 100% qrafiklə bağlı problemlərə görə baş tutmadı. Biz bu görüşü mümkün qədər tez keçirməyi səbirsizliklə gözləyirik”, - o bildirib. O qeyd edib ki, tərəflər dinc dialoq aparmağa davam edir: “Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanır”. Qeyd edək ki, 12 iyunda Vaşinqtanda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təxirə salınmışdı.

Sumqayıtda zavodda yanğın nəticəsində atmosfer havası kəskin çirklənməyə məruz qalıb

Ötən gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda havaya qatı tüstü yayılması ilə müşayiət olunan yanğından sonra ətraf ərazilərdə atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib. Sozcu.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən ərazidə 6 istiqamətdə həyata keçirilən monitorinqlərin nəticələrinə görə, yanğın müddətində cənub-şərq istiqamətli küləklərin təsiri nəticəsində çirklənmə daha çox şimal (dəniz) istiqamətində qeydə alınıb. Belə ki, atmosfer havasına yayılan qaz qarışıqlarından dəm qazının miqdarı normadan 3.6, azot oksid və kükürd qazı 4.2, hidrogen-sulfid isə 3.8 dəfə yüksək olub. Yanğın söndürüldükdən sonra ərazinin şimal istiqamətində dəm qazının miqdarı 1.1 dəfə yol verilən qatılıq həddini keçib, digər göstəricilər isə norma daxilində müəyyən edilib. Bu gün səhər saatlarında isə ərazidə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Paşinyanın təhlükəsizliyi necə qorunur? - DETALLAR

"Baş nazir Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşdən əvvəl deputatlardan telefon və ağıllı saat toplayır". Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb. Qəzet hakim "Mülki Müqavilə" Partiyasının parlamentdəki nümayəndələrindən biri Ovik Ağazaryandan mövzu ilə bağlı münasibət alıb. "Bu, onların diqqəti yayınmasın və "TikTok"a girməsinlər deyə edilir", - deputat izah edib. “Hraparak” qəzeti isə onu da yazır ki, bu yaxınlarda baş nazirin iştirak etdiyi məmurlardan birinin oğlunun toyunda 900-ə yaxın qonağın üst-başı Paşinyanın gəlişindən əvvəl təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar vasitəsilə yoxlanılıb.

Bakıda maşından 5 min manatlıq saat oğurlanıb

İyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. DİN-dən Sozcu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.

İsrail İranın silah anbarlarını vurdu

Qolan təpələrindən Dəməşqin cənub-qərbindəki əraziləri hədəf alan İsrail ordusu İrana bağlı qüvvələrin hərbi anbarlarını dağıdıb. Sozcu.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumatda bir hərbçinin öldüyü, silah-sursat anbarlarına ziyan dəydiyi bildirilib. Qeyd edək ki, bu, 2023-cü il ərzində İsrail ordusunun 18-ci hücumudur. Cari ildə İsrail Suriyada silah və sursat anbarları, hərbi və logistika mərkəzləri də daxil olmaqla, 40 obyekti hədəf alıb.

İlham Əliyev Binəli Yıldırımla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"Evdə 80 faiz onun dedikləri olurdu"

Xalq artisti Səkinə İsmayılova "Göstərir radio" proqramında qonaq olub. Sozcu.az xəbər verir ki, sənətçi verilişdə kişi və qadın münasibətlərindən danışıb: "44 illik ailə həyatım olub. Həyat yoldaşım 1 ildən çoxdur dünyasını dəyişib. Doğulduğum və böyüdüyüm sovet məhələsindəki kimi mümkün olanlar və olmazlar var idi. Bu ailədə də belədir. Əsas o idi ki, mənim sənətimə mane olmasın. Amma evdə 80 faiz onun dedikləri olurdu. Ailəli xanımlar bunu çox gözəl bilir. Əgər söz-söhbətin olmasını istəmirsənsə, deməlisən ki, sən deyəndir. Həmin anda hiss etsən ki, münaqişə olacaq, güzəştə getməlisən".

110 milyon insan qaçqın düşüb - BMT

Təxminən 110 milyon insan münaqişə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Cenevrədə jurnalistlərə açıqlamasında, "bu, dünyamızın vəziyyəti ilə bağlı olduqca ağır ittihamdır", - deyə bildirib. Təkcə keçən il əlavə 19 milyon insan, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qaçan 11 milyondan çox insan məcburi köçkün düşüb. Bu da İkinci Dünya Müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü hesab olunur. Həmçinin qeyd olunub ki, Sudandakı müharibə qaçqınların sayının rekord həddə çatmasına səbəb olan növbəti böhrandır. Belə ki, müharibə aprel ayından bəri 2 milyona yaxın insanı didərgin salıb.

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb. Araşdırma aparılır.

İranda SEPAH üzvü qətlə yetirilib

İranın Kirmanşah vilayətinin Qərbi İslamabad şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvlərinə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın Kirmanşah Korpusunun İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb. Məlumata əsasən, Qərbi İslamabadda baş vermiş atışma nəticəsində SEPAH üzvü Mehdi Şahməliki öldürülüb, digər iki əməkdaşı isə ağır yaralanıb. Şübhəli şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Gəncədə 14 yaşlı oğlan qonşusunun avtomobilini qaçıraraq qəza törədib

Gəncə şəhərində azyaşlı qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib. Sozcu.az xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı “Vaz 2107” markalı avtomobili qaçırıb. O, avtomobili bir müddət idarə edib, sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpılıb. Nəticədə xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.apa

İzmirdə zəlzələ baş verib

Türkiyənin İzmir şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkan 10.19 km dərinlikdə baş verib. Dağıntılar barədə hələlik məlumat yoxdur.

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

ABŞ səfirliyi Azərbaycanla sərhədə səfərləri qadağan etdi

ABŞ-ın İrəvandakı səfirliyi əməkdaşlarının Ermənistanın bir sıra regionlarına səfərlərini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yayılıb. “Ermənistan və Azərbaycan arasında davam edən münaqişə səbəbindən ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla həmsərhəd rayonlara hər hansı qeyri-vacib səfərlər qadağan edilib”, - məlumatda deyilib. Səfərlərin qadağan olunduğu yerlər Ermənistanın Tavuş, Göyçə, Cermuk və Zəngəzur vilayətləridir. Ararat vilayətinin Arazdəyən rayonuna səfərlər qadağan edilməyib, amma burada dayanmaq olmaz. Qeyd olunur ki, ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlər yaxınlığında ehtiyatlı davranmalı, Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər.

Ukraynalı qaçqın lotereyada 500 000 avro uddu

Belçikada yaşayan ukraynalı qaçqın lotereyada 500 000 avro qazanıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, Brüsseldə yaşayan ukraynalının 24 yaşı var. O bildirib ki, aldığı pula dostlarına ziyafət verəcək. Pulun qalan hissəsini isə vətəninin bərpası üçün göndərəcək.