“Savaş nəinki Rusiya daxilinə keçib, artıq ölkənin öz içində partizan hərəkatı başlayıb...”

“Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin...”

“Müharibənin hər günü yüz milyonlarla pul deməkdir. Bu da Rusiyanın iqtisadiyyatını tam çökürdür və gec-tez daxildə əhalinin kütləvi etirazlarına gətirib çıxaracaq... Rusların gözləri açılıb, mitinqlərdə Putin rejiminə qarşı nələr səsləndirdiklərini görürük. Soruşurlar ki, nəyə görə bizimlə eyni kökdən olan slavyan mənşəli, qardaş Ukrayna xalqına qarşı müharibə aparmalıyıq. Onlar özləri bilərlər, necə dövlət qururlar, hansı quruluşda yaşayırlar. Ukrayna xalqından bizə bir təhlükə yoxdur, onlar heç vaxt bizə qarşı hücuma keçən deyildi...”

Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.

“Bundan əlavə, bildiyiniz kimi, artıq müharibə Rusiyanın daxilinə keçib. Belqorod, Bryansk vilayətlərində faktiki hərbi əməliyyatlar gedir. Və Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin. Özü də Rusiya ərazisində döyüşənlər Ukrayna ordusu deyil, Putin rejiminə qarşı vuruşan ruslar özləridir. Onlar söz verib ki, Vladivotokadək bütün Rusiyanı bu zülmdən xilas edəcəklər. Ölkənin daxilində, demək olar ki, hər gün hansısa strateji hərbi obyekt, zavod, silah-sursat anbarı, neft bazaları partladılır, yandırılır.  Bir də internetdə baxırsan ki, Moskvada filan obyekt yanır. Yəni müharibə nəinki Rusiyanın daxilinə keçib, həm də ölkənin öz içində artıq partizan savaşı başlayıb.  Bu da, sözsüz ki, öncə dediyimiz kimi, Kreml rejiminə qarşı kütləvi xalq hərəkatının vüsət almasına, hətta vətəndaş savaşına da gətirib çıxara bilər. Bunun da sonu dövlət çevrilişi ilə nəticələnəcək”, -deyə davamında general-mayor vurğulayıb.

Share on Facebook