"Zəngəzur dəhlizi" məsələsindəki problem Ermənistandan yox, İrandan qaynaqlanır. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana ilk xarici səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə bölgədə və dünyada sülhə və sabitliyə tərəfdardır. Bu istiqamətdə prioritet vasitələr dialoq və diplomatiyadır, Ərdoğan deyib.
Prezident vurğulayıb ki, Türkiyə öz xarici siyasətində Qərblə Şərq arasında fərq qoymağa can atmır. “ “Biz həm Şərqə, həm də Qərbə yaxınıq", - “Anadolu” agentliyi Ərdoğandan sitat gətirir.
Dövlət başçısı Cənubi Qafqazdakı vəziyyətə diqqəti çəkərək qeyd edib ki, Bakı və Yerevan arasında sülh prosesinin irəliləməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da mühüm töhfə verəcək. "Çox acının yaşandığı bölgədə qapılar sülhə açıqdır. Odur ki, tərəflər bu şansı əldən verməməli və məsuliyyətlə hərəkət etməlidirlər", - Türkiyə lideri vurğulayıb.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Ankaraya səfərini "mühüm addım" adlandırıb. "Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan öz ölkəsində bir çox maneələri və müxalifətyönlü əhval-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısa söhbət etmək imkanım oldu. Türkiyəyə gəlişinə görə minnətdarlığımı bildirdim", - prezident deyib.
Ərdoğan Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistan baş nazirinin sözlərini "mühüm" adlandırıb. "Ancaq əvvəllər dediyim kimi, Ermənistanda (Nikol) Paşinyana qarşı mənfi münasibət var. Və bu, çox vacib məqamdır. Bu günə qədər Paşinyan geri addım atmayıb", - Ərdoğan deyib.
Onun sözlərinə görə, Ankara türk dünyasının birliyinin möhkəmləndirilməsi naminə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək.
"Zəngəzur dəhlizi" mövzusuna toxunan Türkiyə prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı problem Ermənistandan yox, İrandan qaynaqlanır. "İki ölkə (İran və Azərbaycan) – qeyd "Anadolu") əhalisinin əksəriyyəti müsəlmandır. Tehranın mövqeyi Bakı və Ankaranı məyus edir. Əslində vəziyyət onları (İran) məyus etməlidir", - o deyib.
Ərdoğanın sözlərinə görə, dəmir yolu ilə yüklərin daşınması üçün rüsumlar "çox yüksəkdir". "Ümid edirəm ki, bu problem (vaqonla daşıma rüsumu) tezliklə həll olunacaq. Regionda kommunikasiya məsələlərinə müsbət yanaşma ilə Türkiyə-Azərbaycan-İran vahid dəmir yolu və avtomobil şəbəkəsini yaratmaq mümkündür və "Pekin-London" yolunu açmaq mümkün olacaq", - Ərdoğan istisna etməyib.