"Ukrayna Rusiyanın Krıma yolunu bağlamağa çalışır".
Bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi ekspert Taras Berezovts bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk, Zaporoje vilayətlərində lokal hücum əməliyyatlarına başlayıb: "Nəticədə son günlərdə 7 kənd azad olunub: Lobkovo, Levadnoye, Novodarovka, Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye. Ukrayna qoşunları işğalçıların müdafiə istehkamlarına hücum edir, onların mövqeləri arasında əlaqəni kəsir".
Ekspert deyib ki, Ukrayna Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə 6 kilometrdən çox irəliləyib: "Amma bunu genişmiqyaslı əks-hücum əməliyyatı kimi qəbul edə bilmərik. Bu, əslində, genişmiqyaslı hücum əməliyyatına hazırlıqdır. Lakin cəbhədəki operativ vəziyyətin imkan verdiyi təqdirdə, Ukrayna Silahlı Qüvvələri bir müddətdən sonra genişmiqyaslı əks-hücuma keçəcək. Güman ki, bu, bir neçə istiqamətdə baş verəcək. Ukrayna ordusunun əks-hücum zamanı əsas məqsədi Rusiya ilə Ukraynanın işğal altındakı ərazisi olan Krım arasında quru yolları bağlamaqdır. Bu əks-hücum əməliyyatının nə vaxt, hansı istiqamətdə həyata keçiriləcəyi hərbi sirdir. Amma düşünürəm ki, bu əməliyyat qısa müddətdən sonra başlayacaq. Üstəlik, Ukrayna ordusu bu əməliyyat zamanı Krıma maksimum dərəcədə yaxınlaşmalıdır. Bununla Ukrayna Rusiyanın Krımdakı hərbi logistikasına zərbələr endirə biləcək. Hazırda düşmən Krıma yüklərin 75 faizini quru dəhliz vasitəsilə göndərir. Krıma yüklərin cəmi 25%-i Krım körpüsü vasitəsilə tədarük edilir. Beləliklə, hazırda Ukrayna ordusunun Krım körpüsünün məhv edilməsi ilə bağlı məqsədi yoxdur. Əsas məqsəd Taqanroq, Mariupol və Simferopolu birləşdirən quru dəhlizi bağlamaqdır".