Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar - FOTO

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər. Sozcu.az xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb. Qeyd edək ki, ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. Azərbaycanlı əsgərə qarşı edilənlər bunun nümunəsidir. Ancaq Azərbaycan ərazisinə oxşar səbəbdən keçən ermənilərlə həmişə xoş rəftar olunub.

Dövlət qurumu "Rabitə Mülki Tikinti" şirkətini vergiyə görə məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Rabitə Mülki Tikinti" MMC ilə bağlı məhkəməyə müraciət edib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət qurumu Bakı İnzibati Məhkəməsinə üz tutub. Belə ki, İdarə vergi məsələləri üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Tural Məlikovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

“Sən demə, onlar azərbaycanlı yox, erməni imiş” – Polkovnik

“Əsgərlərimiz yolu azaraq, Ermənistana keçiblər. Ermənistan tərəfinin verdiyi yalan məlumatlarda isə deyilir ki, guya onlar kəşfiyyatçı olublar və s. Elə bir şey yoxdur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, aprelin 10-da Azərbaycan ordusunun Şahbuz istiqamətində itkin düşən 2 hərbçisinin yekun taleyi və onların Azərbaycana qaytarılma proseslərindən söz açıb. Polkovnik düşünür ki, onlar yaxın günlərdə Azərbaycana qaytarılacaqlar: “Ermənistan tərəfi yoxlayandan sonra ki onların kəşfiyyata aidiyyəti yoxdur, o zaman əsgərlərimizi bizə təhvil verəcəklər. Doğrudur, Ermənistan bundan da sui-istifadə etməyə çalışır ki, guya onlar kəşfiyyatçılardır və s. Xeyr. Bu, təbii haldır. Dünyanın ən inkişaf etmiş ordularının əsgər və zabitləri də dumanda yolu azaraq qarşı tərəfə keçirlər. Əslinə qalsa, olmamalı idi, amma indi olub. Hər halda bundan faciə düzəltməyin tərəfdarı deyiləm. Azərbaycan rəsmiləri beynəlxalq qurumlara müraciət ediblər ki, əsgərlərimiz qaytarılsın. Mən onların geri qaytarılacağına əminəm”. Ü. Cəfərov əlavə edib: “Ermənilər deyir ki, guya birini Qarakilsədə bazarda, o birisini isə marketdə görüblər. Onlar hadisəni bu cür təqdim ediblər. Sonra özləri məcbur olub öz yalanlarını ifşa edib söyləyirlər ki, sən demə, onlar azərbaycanlı yox, erməni imiş. Ermənilər özlərini gülünc vəziyyətə qoyublar. Bu, informasiya müharibəsidir və onlar bu müharibəni bu formada aparıb bütün dünyaya yayırlar ki, Azərbaycan kəşfiyyatçısı guya Ermənistan ərazisinə daxil olub, Qarakilsədə marketə girib və s. Biz də informasiya müharibəsində bu faktlardan istifadə edib onların ağzından vurmalıyıq”. “O ki qaldı ikinci əsgərlə bağlı məlumata, məndə daha böyük əminlik var ki, ikinci əsgər İrəvanda dindirilir. Yəni ikisi də oradadır və Allah göstərməsin, əgər onların başına oyun gətirilməyibsə, yaxın günlərdə geri qaytarılacaq. Çünki ermənilərdə türklərə və Azərbaycan əsgərinə qarşı bir fobiya var. Ümid edirəm ki, ermənilər belə bir axmaqlıq etməzlər və əsgərlərimiz tez bir zamanda Vətənə dönəcəklər”, – müsahibimiz söyləyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi də boş oturmamalı, informasiya boşluğunu doldurmaq üçün zaman-zaman müəyyən məlumatlar verilməlidir ki, sosial şəbəkələrin erməni seqmentində bundan sui-istifadə edilməsin: “Ehtimal edirəm ki, həmin əsgərlərimiz Bakıda saxlanılan erməni hərbçiləri ilə dəyişdiriləcək. Biz onlara terrorçu desək də, onların kimliyi bizim üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Biz öz əsgərlərimizi geri qaytarmaq üçün bəzi addımlar atmalıyıq və bəzi addımlardan biri də budur. Mən də onun tərəfdarıyam ki, əsgərlərimiz burada saxlanılan ermənilərlə dəyişsin. Mən bir şeyin qəti əleyhinəyəm ki, 2 azərbaycanlıya görə 10 erməni dəyişilsin, yox, elə şeylər olmamalıdır. 2 əsgərə görə 2 əsgər qarşı tərəfə qaytarılmalıdır. Çünki biz indiyə qədər ermənilərə qarşı xeyli humanistlik etmişik. Ermənilərin zərrə qədər insanlığı olsaydı, bunu başa düşərdilər. Biz bu günə qədər “n” qədər ermənini onlara qaytarmışıq və əvəzində də heç nə istəməmişik”. Hərbi ekspert təklif edib ki, beynəlxalq qurumlar da bu məsələdə Azərbaycana dəstək olsaydı, pis olmazdı: “Ən azından onların bizə müəyyən dəstəyi ola bilər. Çünki burada söhbət gedir insan taleyindən, cavan əsgərlərdir. Əgər ermənilərdə zərrə qədər insanlıq qalıbsa, onlar o əsgərlərin heç birinin kəşfiyyatçı olmadığını araşdırandan sonra bizə təhvil verərlər. Bəzilərini əsgərlərimizin əynindəki geyim çaşdırır. İnsandır da, ola bilsin ki, əyni-başı toz-torpaqlı olub deyə üstünü dəyişib. Bu da mümkündür. Amma bunu kəşfiyyatçı olub deyə mülki formadadır demək səhvdir. Hərçənd ki, Azərbaycan ordusunda elə bir forma yoxdur. Ola bilsin ki, orada olanda əyin-başları yaş olub və ermənilər məqsədli şəkildə onları lentə alıblar ki, qalib ordunun əsgərinin geyiminə baxın və s. Hər şey ola bilər və biz detalları onlar dəyişiləndən sonra bilə bilərik”. “Mənə elə gəlir ki, Azərbaycan əlindən gələni edir və edəcək ki, həmin əsgərlər ölkəmizə qaytarılsın. Əgər onların başqa ölkəyə getmək fikirləri olsaydı, hər hansı bir çəkilişin aparılmasına da razı olmazdılar. Bu 1990-cı illər deyil ki, əsgərlərimiz bu və ya digər səbəblərdən qarşı tərəfə keçib oradan da üçüncü ölkəyə aparılırdılar. Lakin indiki situasiya tamam fərqlidir. Düşünmürəm ki, hərbçilərimiz oraya məqsədyönlü şəkildə gediblər. Sadəcə hava şəraiti ilə bağlı bir məsələdir və inanıram ki, yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq”, – tamamlayıb.

Ermənilər Zəngəzur zavodundakı qətli əsgərimizin boynuna qoymağa çalışır...

Səhər saatlarında xəbər verdiyimiz kimi, erməni mediası dünən gecə saatlarında Zəngəzurda – Ermənistanın Sünik mərzinin Qafan şəhəri yaxınlığındakı  Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin naməlum şəxs tərəfindən 6 güllə ilə qətlə yetirilməsi haqda məlumat yaymışdı. Bundan az sonra sosial şəbəkələrdə sözügedən qətlin azərbaycanlılar tərəfindən törədilməsi barədə şayiələr peyda oldu. Lakin zavodun mətbuat katibi Qor Abrahamyan “Sputnik Armaniya”ya açıqlamasında bildirdi ki, zavodun işçisinin qətlində azərbaycanlıların iştirakı ilə bağlı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı yeni məlumatda bəhs edilən qətlin itkin düşmüş Azərbaycan ordusu əsgərlərindən birinin boynuna yıxılması cəhdləri aydın görünür. “...Zəngəzur mis-molibden zavodunda faciəli hadisənin baş verdiyini yazmışdıq: gözətçini güllə ilə öldürüb, telefonunu götürüb qaçıblar. Bu gün xəbər aldıq ki, səhər saatlarında  Sünik qəsəbəsində Sisian ərazisinə keçmiş azərbaycanlı həbs edilib və onun Zəngəzur mis-molibden zavodunun əməkdaşı Hayrapet Meliksetyanı qətlə yetirən şəxs olması ilə bağlı şübhələr var. Onlar bildiriblər ki, qətldən sonra cinayətkar Meliksetyanın telefonunu da özü ilə aparıb”- erməni nəşri belə yazır. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyinin yaydığı son xəbərə görə, bir neçə gündür axtarışı davam edən  ikinci Azərbaycan hərbçisi Axundov Hüseyn Əhliman oğlu bu gün günorta saatlarında tapılaraq, saxlanılıb.  Qeyd edək ki, aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azmışdılar. Onlardan biri aprelin 10-da Ermənistanda saxlanılmışdı.moderator

37 yaşlı arvadını öldürən ər TUTULDU

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  İlkin araşdırma zamanı  1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

DİQQƏT! Bu qidaları iftardan yarım saat sonra yeyin

Ramazan ayında bədən sağlamlığınızı qorumaq üçün sahur və iftarda yediyiniz qidalara diqqət etməlisiniz. Xüsusilə iftar vaxtı müəyyən qidaları istehlak etməməlisiniz.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, qida üzrə mütəxəssis Vedat Göral bildirib ki, Ramazan ayında düzgün qidalanmamaq bir çox mənfiliklərə səbəb ola bilər. Onun sözlərinə görə, iftar vaxtı həddindən artıq çox yemək həzmsizlik, şişkinlik, mədə narahatlığı, qəbizlik, yüksək təzyiqin yaranmasına səbəb ola bilər: "Oruc su və ya xurma ilə açılmalıdır. Daha sonra yarım kasa şorba içilməlidir. Bu zaman bir dilim tam taxıl çörəyi istehlak etmək daha faydalıdır. Qısa fasilədən sonra mümkünsə əsas yeməyə başlanılmalıdır. Xəmir yeməkləri mümkün qədər az istehlak etməli, yeməyi yavaş-yavaş və yaxşıca çeynəyərək yeməliyik. Bundan əlavə, iftar yeməyinə qatıq, ayran, bir neçə dilim tam buğda və ya çovdar çörəyi əlavə edilməlidir. Çay və kofe iftardan ən azı yarım saat sonra içilməlidir. Çay mümkünsə açıq və limonlu olmalıdır. Yeməkdən sonra bitki çaylarına da üstünlük vermək olar".

Su ilə arıqlamağın ən asan üsulu

Su bədəndən toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir. Bütün bunlar yağ yandırma prosesini başladır. Adi içməli suyun müntəzəm və düzgün istifadəsi arıqlamağa kömək edəcək. Bu qənaətə yapon alimləri gəlib. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yuxudan oyandıqdan sonra qəhvə və ya çay əvəzinə otaq temperaturunda bir stəkan su içmək lazımdır. Maye qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamalı, 45 dəqiqədən sonra səhər yeməyini yeməlisiniz. Alimlər deyirlər ki, su içmək aclıq hissini azaldır. Səhər yeməyindən sonra iki saat ərzində heç nə yeməmək tövsiyə olunur. Ac qarına su bədəndən bir gecədə yığılan toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir, mədə yanmasının da qarşısını alır. Beləliklə, səhərlər bir stəkan sudan müntəzəm istifadə və gün ərzində balanslı bir pəhriz ilə artıq çəki tədricən yox olacaq. Bir ay ərzində, elm adamlarının fikrincə, qan şəkəri və qan təzyiqi normallaşa bilər.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 87,01 dollara, yüngül neftin bir barreli isə 82,98 dollara təklif edilir.

Ağamirzə Kərimin səhhətindən danışdı

Meyxanaçı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə Pravda.az-a açıqlamasında meyxanaçının sənət dostu Ağamirzə Məmmədov məlumat verib. “Kərimin səhhəti necə var, elədir. Heç nə... Uzanıb qalıb. Nə dura bilir, nə otura... Çox çətinliklə danışır. Heç bəzən sözlərini başa düşmək olmur. Evdədir hələ. Axrıncı dəfə on-on beş gün bundan əvvəl görmüşəm. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bütün xəstələrə kömək olsun...”, - o bildirib. Xatırlatma: Kərim Novruzovun 2017-ci ildə beyninə qan sızıb. 2021-ci ildə ikinci dəfə insult keçirib və həmin vaxtdan yataq xəstəliyinə məhkum olub, hərəkət qabiliyyətini itirib. Meyxanaçı həmçinin yüksək qan təzyiqi və şəkər xəstəliyindən də əziyyət çəkir.

Bu dəfə Ərzurumda zəlzələ oldu

Türkiyənin Ərzurum vilayətində yenidən zəlzələ qeydə alınıb.  Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.  Bildirilib ki, vilayətin Aziziye rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.  Ocağı yerin 16.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - Rəsmi

Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb.  Baş Prokurorluqdan Sozcu.az-a bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.  Hazırda iş üzrə ibtidai istintaq davam edir.  Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb. 

“Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram"

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb.  "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", - Zaxarova deyib.  Bu açıqlama Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Cəmiyyət Rusiyanın bölgədə sülhü təmin edəcəyinə inanmır.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində heç də maraqlı deyil:  “Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram. Bizim bəxtimiz onda gətirməyib ki, belə axmaq qonşularımız var. Ta qədimdən erməniləri o bölgəyə gətirən elə ruslar özü olub və həmişə bizim aramızda gedən çəkişmələrin, gərginliklərin səbəbkarı da məhz Rusiyadır. Ruslar heç vaxt istəməz ki, biz sərhədlərimizi tam təmizləyək və sərhədimizi qoyaq. Onlar həmişə istəyiblər ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər daim gərgin qalsın, çünki bu, onlar üçün əlverişlidir. Rusun siyasəti budur, onlar həmişə münaqişə olmasının tərəfdarıdır. Mən siyasətçi deyiləm, aktyoram, lakin bunu başa düşmək üçün dərin siyasi biliyə gərək yoxdur, bir az müşahidə aparan hər kəs bunu görə bilər. Hadisələr onu göstərir ki, vəziyyət belədir. Necə olur ki, o vaxt Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə  üçtərəfli bəyanat imzalandı, amma 2 il keçib bu müqaviləyə əməl edən yoxdur? 100 gündən çoxdur bizim ekoaktivistlər Laçın-Xankəndi yolunda etiraz edirlər, soyuqda dayanıblar və öz gözləri ilə görürlər ki, ermənilər o yoldan mütəmadi silah daşıyırlar. Bu necə ola bilər?!”  Aktyor qeyd edib ki, Azərbaycan  Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləsə də bu, belə olmadı. Son iki ildə Rusiya sülhməramlıları gözləntiləri doğrultmadı: “Onlar heç vaxt sülhməramlı olmayıblar. Gəldikləri gündən bəri harada sülh yaradıblar?! Heç yerdə! Adı sülhməramlıdır, amma gözlərinin qabağında silah daşınır. Ermənilərdən də pul alıb nə istəyirlərsə, o tərəfə ötürürlər. Yalandan maşınlara öz bayraqlarını asıb o yana, bu yana nə lazımdırsa, daşıyırlar. Bunlar hamısı göz qabağındadır. Bizimkilər də bunları öz gözləri ilə görür. Nə deyim, artıq bilmirəm. Allah bizi bu bəladan tezliklə qurtarsın”.

Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.  Sozcu.az xəbər verir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.  Görüşdə bildirilib ki, müəssisənin rəhbərliyində dəyişiklik edilib və bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.  Son vaxtlar uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.  Qeyd edək ki, bu yaxınlarda 3 nömrəli Uşaq evində lentə alınan görüntülər ciddi rezonans doğurmuşdu. 

Paşinyan Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazır olduqlarını açıqlayıb

“Avropa İttifaqının 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağın vacibliyinə dair bəyanatını əhəmiyyətli hesab edirik”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Ermənistanın baş naziri, həmçinin əlavə edib ki, ölkəsi Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır. Eyni zamanda, Paşinyan bəyan edib ki, Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa, o cümlədən Praqa və Soçidə əldə olunmuş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır. Mənbə: Aysor.am

Mirzoyan: “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaldacaq”

“Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəz edilməsi məsələnin tam şəkildə həllinə imkan verəcək və yeni eskalasiya ehtimalını azaldacaq”. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyadan olan həmkarı ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda bəzi ərazilərdə artıq sərhədçilər xidmət edirlər. “Və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə bu ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır”, - deyə o vurğulayıb. Mənbə: “Sputnik” Ermənistan “Telegram”

İrəvan Azərbaycan və Ermənistan ekspertlərinin Ankarada görüşmək təklifini qəbul etməyib

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yarandığı ilk gündən etibarən Ermənistanla Azərbaycan arasında sülhün təşviq olunması üçün qətiyyətli nümayiş etdirib. Hələ 44 günlük müharibədən əvvəl BMTM müxtəlif kanallar vasitəsilə erməni həmkarlarına sülh mesajını çatdırmağa çalışıb, onları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləməyə dəvət edib". Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib. Qeyd olunub ki,Azərbaycan hökumətinin illərlə apardığı təşəbbüslərə bənzər və paralel şəkildə BMTM göstərdiyi səylər Ermənistan tərəfinin "Track 1.5" diplomatiyasında iştirakdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələnib. Diplomatik səylərin uğursuz olmasından sonra Azərbaycan hökuməti işğal olunmuş əraziləri hərbi yollarla azad etməli olub və 44 günlük müharibədə mühüm qələbə qazanıb. BMTM sülh gündəliyinə sadiqdir və münaqişənin həlli nəticəsində yaranmış imkanları yüksək qiymətləndirir. Mərkəz Ermənistan və Azərbaycan arasında sülh səylərinə töhfə vermək məqsədi ilə Ermənistanın "Orbeli" Mərkəzi kimi həmkar təşkilatlarla təmaslar qurmaq və "Track 1.5" diplomatiyasının mümkün alətlərindən və potensialından istifadə etmək cəhdlərini davam etdirib. Bu məqsədlə, BMTM ortaq beynəlxalq tərəfdaşlardan gələn vasitəçilik təkliflərini yüksək qiymətləndirir və bundan yararlanmağa çalışır. "Lakin təəssüf ki, erməni həmkarlar dəfələrlə beynəlxalq tərəfdaşların təklif etdiyi görüş imkanlarından imtina ediblər. Məsələn, 2022-ci ilin avqust və noyabr aylarında Cenevrədə və həmin il noyabrın ortalarında Moskvada erməni tərəfi görüş üçün əvvəlcədən razılaşdırılmış tarixə bir neçə gün qalmış iştirakdan imtina edib. Erməni tərəfi bu ilin aprelində Ankarada görüşmək üçün edilən son cəhdi də tədbirdən bir neçə gün əvvəl rədd edib. Bu cür məsuliyyətsiz münasibətlə Ermənistan hökuməti və beyin mərkəzləri ortaq beynəlxalq tərəfdaşlarımızın bütün səylərini və resurslarını heçə sayıb və iki ölkə arasında dialoqa ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan hökuməti davamlı sülhün əldə olunması prosesini ləngitmək və paralel istiqamətlərdəki səyləri pozmaq məqsədilə ermənilərin qurbana çevrilməsi iddiaları, təhlükəsizlik təhdidləri və ya "blokada" kimi müxtəlif mövzulardan istifadə edir. BMTM erməni həmkarlarının bu yanaşmasını sülh səyləri üçün çox zərərli hesab edir və təəssüflə bildirir ki, Ermənistan tərəfi ardıcıl və substantiv təmaslardan yayınır, bu tərəflər arasında gərginliyi artırır və ümumilikdə iki cəmiyyət arasında sülh və barışığa mane olur", - mərkəzdən bildirilib.

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə hərbi qurumdan bildirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Rusların başkəsmə videosu... - Çexiya

Ukraynalı əsgərin başının kəsilməsini əks etdirən vəhşi videonun həqiqiliyi təsdiq olunarsa, rus əsgərləri İŞİD-lə eyni sırada olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel Çexiya Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra mediaya açıqlamasında deyib.

AFFA Byazi barədə qərar qəbul etdi

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub. İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb. İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, işləri ilə əlaqədar Gürcüstanın paytaxtı Tiflisdən Bakıya gələ bilməyib. Qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov qeyd edib ki, yekun qərara əsasən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq: "İtaliyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub". Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

İranda kütləvi aksiyaya çağırış edildi

İran Tələbə Birlikləri vətəndaşlara rejimin orta çağdan qalma qanunlarına qarşı çıxmaları üçün aprelin 15-nə təyin edilən aksiyalara qoşulmaları ilə bağlı çağırış edib. Sozcu.az xəbər verir ki, bəyanatda Tehran rejimində repressiyaların davam etdiyi və buna etiraz edilməsi gərəkdiyi bildirilib. Qeyd edilir ki, etiraz aksiyalarının səngiməsindən sonra rejimin qadınlara qarşı məhdudiyyətləri artırılıb. Onlar hicab bəhanəsi ilə universitetlərə, ictimai nəqliyyata və iaşə obyektlərinə buraxılmır. İranda həbsxanalarda saxlanılan bir neçə tanınmış siyasi fəal və hüquq müdafiəçisi də çağırışlara qoşulub və əhalini etiraz aksiyalarına səsləyib. Xatırladaq ki, çağırışa İran rəsmilərinin və polis qüvvələri komandiri Əhmədrza Radanın məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər barədə xəbərdarlığı səbəb olub.

Bakıda qətl: arvadını gözəllik salonunda öldürdü

Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məluat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub. Araşdırma aparılır.

Prezident Bosniya və Herseqovina lideri ilə görüşdü

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirilib.

Xüsusi əməliyyat: Yəməni ələ keçirildi

ABŞ silahlı qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularına qarşı əməliyyatı nəticəsində İŞİD-in rəhbər şəxslərindən hesab edilən Xuzeyfə Yəməni və onun iki müavini ələ keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir. Yəməninin bir sıra hücumların hazırlanmasında iştirak etdiyi bildirilir.

Zelenski ABŞ Senatının nümayəndə heyətini qəbul edib

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Senatının Demokrat və Respublikaçı partiyaların təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ukrayna liderinin özü məlumat verib. Onun sözlərinə görə, görüş iştirakçıları Amerika yardımının gələcək istiqamətlərini və bu prosesdə Konqresin rolunu ətraflı müzakirə ediblər. “Biz ümumi dəyərlər - azadlıq və demokratiya uğrunda mübarizə aparırıq. Qələbəmiz Avropada və bütün dünyada vəziyyətin inkişafı üçün həlledici olacaqdır. Ukraynaya səfər etdiyiniz üçün təşəkkür edirik. Bu, dövlətimizə və bütün Ukrayna xalqına dəstəyin vacib siqnalıdır”, - deyə Zelenski bildirib.