Azərbaycanda bu qadağa aradan götürüldü

Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisində 1 may 2023-cü il tarixindən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib. Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır: - hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov; - lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar; - bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan. Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir: - gün ərzində 10 ədəddən çox olmayan xərçəng; - gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar; -balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir). Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək. Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.

“Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur"

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələnin daha çox gecə saatlarında baş verməsi ilə bağlı suallara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, Q.Yetirmişli məsələni belə şərh edib: “2012-ci ildə Zaqatalada zəlzələ səhər baş vermişdi. Ağsu zəlzələsi də 2018-ci ildə səhər olmuşdu. “Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur. Ani bir proses istənilən vaxt baş verə bilər”, - direktor qeyd edib.

Direktor: “Azərbaycan zəlzələ zonasıdır”

“Azərbaycanda zəlzələnin 20-25 ildən bir təkrarlanma məsələsi çox vaxt özünü doğrultmur. Keçən əsrin əvvəlində 1902-ci ildə Şamaxıda güclü zəlzələ oldu, maqnitudası 6,9-7 idi. Nə qədər insan tələfatı, dağıntılar oldu. Şükürlər olun ki, o vaxtdan bəri elə bir zəlzələ təkrarlanmayıb”. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Q.Yetirmişlinin sözlərinə görə, Yerin daxilində gedən proseslər nəzəriyyə ilə çox vaxt uyğun gəlmir: “2012, 2015, 2017-ci ildə olan zələzələlər təkrarlanmadır? Bunun heç bir qanunauyğunluğu yoxdur. Axşam baş vermiş zəlzələ 10 saniyədən bir az artıq olub. Çox şaiyələr yayılır ki, Azərbaycanda zəlzələ gözlənilmir. Kim deyir ki gözlənilmir? Azərbaycan zəlzələ zonasıdır, zəlzələlər olacaq. Amma qısamüddətli proqnoz məsələsi yoxdur”.

Ukrayna əks-hücumu: bir gecədə azad edilən ərazi...

Ukrayna Silahlı Qüvvələri cəbhənin ən azı dörd sektorunda əks-hücum əməliyyatlarını davam etdirib və irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatı davam edir. Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində 9 kvadrat kilometr ərazini geri alıb və geolokasiya görüntüləri onların Baxmutdan cənub-qərbə doğru irəlilədiyini göstərir. Onlar Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə ediblər. Döyüşlərin geolokasiya görüntülərində Ukrayna qüvvələrinin Klişçiyevkanın qərbindəki meşə kənarına doğru da irəlilədiyi əks olunur. Ukrayna ordusu Klişçiyevka, Kurdyumovka və Ozaryanovka ərazilərində qurudan zərbələr endirib, burada “lxr”in 2-ci ordu korpusunun 4-cü briqadasının bölmələri onlara müqavimət göstərib. Svyato-Kremennoy xəttində və Kremennoyun cənubunda da döyüşlər gedir. Kremennoy ərazisində çeçen xüsusi təyinatlıları “Əhməd”in fəaliyyəti davam edir. Eyni zamanda, Kremennoy ərazisində 228-ci qvardiya motoatıcı alayının bölmələri (90-cı qvardiya tank diviziyası, Mərkəzi Hərbi Dairə), Beloqorovka ərazisində isə “lxr”in 2-ci Ordu Korpusunun 85-ci briqadası müqavimət göstərir”, - məlumatda bildirilib.

Neft yenidən ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,04 dollara, yüngül neftin bir barreli isə 70,18 dollara satılır.

Rusiyanın itkiləri 231 mini keçdi

Ukrayna müharibənin 496-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 231 030 hərbçi, 4059 ədəd tank, 7908 ədəd zirehli döyüş maşını, 4252 ədəd artilleriya sistemi, 647 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 394 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6843 ədəd avtomobil texnikası, 3602 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 590 xüsusi avadanlıq itirib.

Neymar gölməçəyə görə 3,3 milyon dollar cərimələndi

PSJ və Braziliya millisinin hücumçusu Neymar Manqaratiba şəhərindəki mülkündə süni gölməçə və üzgüçülük sahəsi tikdiyi üçün 16 milyon real (3,3 milyon dollardan çox) cərimələnib. Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, yerli prokurorluq futbolçunu iş üçün lazımi ekoloji nəzarətin olmamasında ittiham edib. O, həmçinin “torpağı qazıb daşımaqda” və “bitki örtüyünü məhv etməkdə” ittiham olunur.

Zəlzələ ilə bağlı təcili yardıma nə qədər müraciət edilib?

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-dən bildirilib. Məlumata görə, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

Zəlzələ neçə bal olub? Rəqəmlər niyə düz gəlmir?

Bu gün saat 00:01-də Xəzər dənizinin Azərbaycan sektorunda (şimal ərazisində) baş verən zəlzələ ilə bağlı məlumatların üst-üstə düşməməsi diqqət çəkir. Sozcu.az xəbər verir ki, Respublika Seysmoloji Mərkəzi zəlzələnin Quba yaxınlığında, Xəzər dənizində 41.47 N və 49.08 E koordinatında, 65 km dərinlikdə, 5,5 maqnitudada olduğunu bildirir. Mərkəz qeyd edir ki, zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan İdarəsi bildirib ki, zəlzələ Dərbənddən 100 km cənubda, Xəzər dənizinin Azərbaycan hissəsində baş verib: dərinlik 10 km, maqnitudada isə 5,9 bal. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin açıqlamasında isə Xaçmazın 46 km şimal-şərqində, Xəzər dənizində baş verən zəlzələnin maqnitudasının 5,4 bal olduğu açıqlanıb. Zəlzələ ocağının 35 km dərinlikdə yerləşdiyi qeyd edilib. Göründüyü kimi, zəlzələnin gücü və baş vermə dərinliyi ilə bağlı məlumatlar üst-üstə düşmür.

Sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səyləri...

Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. “Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Müasir tələblərə cavab verən seysmoloji xəritəmiz yoxdur

Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır. O bildirib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub: "Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır". Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Qurban Yetirmişlidən daha bir açıqlama: “Hamı evində rahat yata bilər”

"Sosial şəbəkələrdə yenidən zəlzələ olacağı ilə bağlı yayılan məlumatlar tamamilə yalandır. Hamısı təxribat xarakterlidir, xalqı çaşdırmaq üçündür. Xırda təknalar var, üçü-dördü olub, heç biri də hiss olunmayıb. Afterşoklar olmalıdır, amma güclü təkan gözlənilmir. Bu məlumatları hansı əsasa görə verirlər?” Sozcu.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Heç kim narahat olmasın. Hamı evində rahat yata bilər", - o bildirib.

Xırda təkanlar olacaq, amma... - Qurban Yetirmişli AÇIQLADI

"Qorxulu heç nə yoxdur. Xırda təkanlar olacaq. Ancaq bu qədər güclü olmayacaq". Sozcu.az xəbər verir ki, bunu news24.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Zəlzələ dənizdə baş verib. Yeraltı təkanlar Siyəzəndən şimal-şərqə doğru, Qubadan eyni istiqamətdə bütün sahil boyu yaşayış məntəqələrinin hamısında hiss olunub. 5-6 bal gücündə olub. Dərinliyi isə 65 kilometrə qədərdir. Bundan sonra qorxulu nəsə yoxdu. Xırda təkanlar ola bilər. Amma afterşoklar bu gücdə olmayacaq, daha zəif olacaq. Afterşoklar olmalıdır. Türkiyədə zəlzələ baş verən bölgələrdə xırda təkanlar hələ də davam edir", - Q.Yetirmişli qeyd edib. Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Bakıda 2 saatdan sonra 6,1 bal zəlzələ olacaq?

Xəbər verdiyimiz kimi, bu gün saat 00:01-də Xəzərin şimal akvatoriyasında, yerin 20 km dərinliyində zəlzələ baş verib və yeraltı təkanlar Bakıda daxil olmaqla, Azərbaycanın xəzər sahili ərazilərində ciddi şəkildə hiss edilib. Sozcu.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə yeni zəlzələ dalğasının olacağı barədə məlumatlar yayılır. Hətta saatına qədər də qeyd edirlər: 02:21-də 6,1 bal, 04:21-də 5,8 bal, 06:32-də isə 6 bal zəlzələ olacağı “xəbərdarlığı” edilir. Zəruri olaraq qeyd edək ki, bu xəbərdarlıqların heç bir əsası yoxdur. Əvvəla, zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil. İkincisi, zəlzəlınin ikinci dalğası – təkanların geri qayıtması birinci dalğadan ən pis halda 1 bal aşağı olur. Bu kontekstdə, əgər 5,7 bal zəlzələ baş veribsə, ikinci təkan 4,7 baldan çox ola bilməz ki, episentr Xəzər dənizinə düşdüyü üçün bunun Bakıda ciddi hiss edilməyəcəyi şübhəsizdir. Əlbəttə, güclü zəlzələlərdən sonra kiçik avterşokların olması təbiidir və yəqin ki, o avterşoklar hazırda da davam edir. Ancaq bunu heç kim hiss etmir.

Ukrayna ordusu "Axmat"ın komandirini məhv etdi

Çeçenistanın "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Yevgeni Pisarenko Ukraynada həlak olub. Sozcu.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə bölmənin komandiri Aptı Alaudinov bildirib.

Oxuyub-yazmağı bacarmayan məktəblilərin SAYI

9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Sozcu.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib. Qeyd edilib ki, 2022-ci ilin nəticələrinə görə, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb. "Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Masallı rayonunda 4 nəfər, Goranboy, Gədəbəy və Quba rayonlarının hərəsində 2 nəfər, Abşeron, Astara, Cəlilabad, Kəlbəcər, Lənkəran, Lerik, Saatlı, Xocalı, Yardımlı rayonlarının, Bakı, Mingəçevir şəhərlərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Ağdam və Qobustan rayonlarından olub", - jurnalda qeyd olunub.

“Rusiya sülhmərmalıları erməni silahlılarına kuryerlik edir”

“Rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən erməni silahlılarının Ağdam rayonunu növbəti dəfə atəşə tutması Azərbaycan tərəfini qəti addımlar atmağa vadar edir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.  Ekspert hesab edir ki, Rusiya sülhmərmalıları erməni silahlılarına kuryerlik etməklə onları bu fəaliyyətlərində daha da cəsarətləndirir: "Onlar erməni silahlılarının ərazidə mövcud olmasına birmənalı olaraq dəstək verirlər. Bu isə Azərbaycan üçün qətiyyən qəbuledilməz haldır. Azərbaycan ərazilərində bir dənə də olsun erməni silahlısı qalmamalıdır. Atəşkəsi pozan erməni silahlılarının yerləşdiyi mövqelər isə darmadağın edilməklə, həmin mövqelərin üzərində Azərbaycan bayrağının qaldırılması mütləqdir".

Ukrayna Rusiyanın “3 bölüyünü” məhv etdi – Tarnavski

Son sutka ərzində Tavriya istiqamətində rus hərbçilərindən ölən və yaralananların sayı demək olar ki, üç bölüyün sayına bərabərdir. Sozcu.az xəbər verir ki, bunu “Tavriya” Əməliyyat-Strateji Qüvvələr Qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski deyib. O bildirib ki, raket və artilleriya bölmələri gün ərzində 1389 atəş missiyasını yerinə yetirib: “Son 24 saat ərzində düşmənin ölən və yaralananlarla itkisi demək olar ki, üç bölük sayına çatıb. Rusların 34 hərbi texnikası məhv edilib. O cümlədən, Ka-52 helikopteri, 4 ədəd tankı, 3 ədəd AFV-i, 2 ədəd D-30 topu, 2 ədəd “Supercam” PUA-sı, “Strela-10” zenit-raket kompleksi, 2 ədəd “Msta-B” haubitsası, avtomobil avadanlığı və s. sıradan çıxarılıb”

Görüşlərin Qarabağdakı duruma həlledici təsiri varmı?..

"Masada Vaşinqton təşəbbüsü ələ alsa da, sahəyə, konkret olaraq Xankəndinə Vaşinqtonun əli çatmır və Rusiyanın hərtərəfli müdafiə etdiyi separatçı rejim Azərbaycanı qəbul etmir..."           Sonuncu Vaşinqton görüşünün yekunları barədə ev sahiblərinin də, tərəflərin də verdiyi açıqlamalardan konkret hansısa nəticəyə gəlmək, açığını deyək ki, bir qədər çətindir. Kifayət dərəcədə ümumi diplomatik terminlərdən istifadə olunmaqla yenə də danışıqlarda “irəliləyişin” olduğu vurğulanan xəsis bilgilər iki istiqamətdə yozula bilər: birincisi, tərəflər arasında ilk görüşdə razılaşdırılmayan prinsipial məsələlərin heç birində yenə də razılıq əldə edilməyib və ya əldə olunan hansısa razılıq xüsusi əhəmiyyət daşımır; ikincisi, bir xeyli prinsipial məsələlərdə razılıq əldə edilib, sadəcə öncədən mətbuata açıqlama sülh müqaviləsinin imzalanmasına qarşı çıxan qüvvələr və dövlətlər tərəfindən təxribat xarakterli etirazlarla qarşılanacağından, ehtiyat edilərək detallı açıqlamalardan imtina edilib. Sülh müqaviləsinin imzalanmasını istəməyənlər məlumdur- Ermənistan siyasi müxalifəti və cəmiyyətin müəyyən kəsimi, o cümlədən diaspora və rəsmi şəkildə sülhün tezliklə bağlanmasına qarşı çıxan Rusiya və Fransa dövlətləri. Birinci Vaşinqton görüşündən sonra baş tutan Brüssel görüşündə Azərbaycanın 86.6 min kv.km ərazisinin Paşinyan tərəfindən tanınması fikrinin səsləndirilməsini doğrudan da” tərəqqi” hesab etmək olar. Qarşıda Azərbaycan və Ermənistan dövlət başçılarının 21 iyulda Brüssel görüşü gözlənilir. Hesab edirik ki, Vaşinqton görüşündə irəliləyiş varsa, Brüsseldə hansısa formada üzə çıxacaq və perspektiv sülh müqaviləsinin prinsipləri sənədləşmiş, imzalanmış şəkildə razılaşdırılacaq. Amma... Amma bu, nə sülh yaradacaq, nə də təxribatları azaldacaq, müharibədən sonra yaranmış status-kvo isə davam edəcək. Ona görə ki, problemin açar həlli Qarabağdadır, iki ölkə arasında sülh prosesi, hətta məntiqi nəticəsinə çatsa belə, hələ yekun nöqtəni vurmur. Qarabağın məlum hissəsində hələ də erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarda bütün arsenalları ilə dayanıblar və ən əsası, həmin ərazilərə nəzarət edən Rusiya hərbi kontingenti problemin mərkəzində durub, iki il səkkiz aydır sülh yaratmağa imkan vermir və yaxın zamanda belə bir perspektiv də görsənmir. Masada Vaşinqton təşəbbüsü ələ alsa da, sahəyə, konkret olaraq Xankəndinə Vaşinqtonun əli çatmır və Rusiyanın hərtərəfli müdafiə etdiyi separatçı rejim Azərbaycanı qəbul etmir. Rusiya Qarabağdakı minlərlə erməni silahlı qüvvələrinin ərzaq və silah təminatını həyata keçirir. Ermənistan isə bütün maliyyə xərclərini ödəyir və illik büdcə planlaşdırılmasında Qarabağdakı erməni silahlı qüvvələrinə ayrılan vəsait açıq göstərilib. Elə bu fakt ermənilərin yalanını sübut edir ki, “Artsax müdafiə ordusu” adı bir pərdədir, bu qüvvələri Ermənistan Respublikası maliyyələşdirir, Rusiya Federasiyası isə qoruyur. Sonuncunun əlində onlar təxribat mənbəyidir və atəşkəsi qorumaq bəhanəsi ilə Qarabağda və bütövlükdə Cənubi Qafqazda mövcudluğunu sürdürür. Qarabağdakı erməni silahlı qüvvələrinin tərkibində yerli əhalidən olanların sayca üstünlüyü  bu terrorçuların “müdafiə ordusu” adlandırılmasına əsas vermir. Sülhə mane olan ən böyük maneə də  məhz qanunsuz erməni silahlı qüvvələridir... 26 il danışıqlar aparan Ermənistan rəhbərləri siyasi iradə nümayiş etdirib problemi sülhlə həll edə bilmədilər, beş mindən çox hərbçi itirdilər və Azərbaycan ərazilərin böyük hissəsini işğaldan azad edərək bölgədə siyasi, hərbi üstünlük qazandı. İndi də Ermənistan rəhbərləri yaranmış vəziyyətdən dərs çıxarmaq niyyətində deyillər, hər danışıq prosesinə qəbulolunmayan şərtlərlə gedirlər. Bundan sonra neçə Vaşinqton, Brüssel, Qranada görüşləri olsa da, Qarabağdakı mövcud duruma az təsiri olacaq, həlledici rol oynamayacaq. Moskva, Soçi görüşləri isə zamanın süni şəkildə uzanmasına xidmət edəcək. Erməni siyasətçiləri də açıq şəkildə bildirirlər ki, “ Ermənistan yalnız bir halda öz maraqlarını irəli sürə bilər: zamanı uzatsa və eyni zamanda özünə gəlsə...”. Düşmən öz problemlərinin həll etmək üçün həm dünyada, həm bölgədə fərqli vəziyyətin yaranmasını şərt olaraq görür və prosesi havadarının köməyilə uzadır... 10 noyabr 2020-dən sonra biz bu prosesin şahidiyik, ona görə də siyasətimizdə daha konkret tələblərə üstünlük verməliyik. Laçın yolundakı nəzarət məntəqəmiz Rusiyanın erməni silahlı qüvvələrini təmin etməkdə son maneə deyil. Ruslar silah daşıya bilməsələr də, digər təminatları həyata keçirə bilirlər. Hər dəfə söylədiyimiz kimi yenə təkrar edirik: erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etməsinə və ya son gülləyədək tərksilah edilməsinə vaxt qoyub xəbərdarlıq etməyin zamanı çatıb. Sülh prosesinə Qarabağdan başlamaq lazımdır...moderator İlham İsmayıl

Ürəkdən ölənlər... - Azərbaycan dünyada ikincidir

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Bu xəstəlik gün ərzində minlərlə insanın ölümünə səbəb olur. Azərbaycanda da ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Sozcu.az xəbər verir ki, bu barədə dünyaca məşhur statistik mənbələrdən biri olan "worldlifeexpectancy"-nin apardığı araşdırmada qeyd olunur. Ürək, qan-damar sistemi xəstəlikləri səbəbindən baş verən ölüm hallarına görə Azərbaycan Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Belə ki, Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub. Siyahıda üçüncü Özbəkistan, dördüncü Ukraynadır. Qafqaz ölkələrindən Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir. Qardaş Türkiyə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinq siyahısında 127-ci yerdə qərarlaşıb. Qonşu Rusiya isə siyahıda 27-cidir. Digər postsovet ölkələrindən Belarus 10, Qırğızıstan 16, Moldova 18, Qazaxıstan 35, Latviya 49-cu yerdə müəyyənləşib.

20 faizlə kredit razılaşması etdi, 25 faizlə hesabladı - "AccessBank" Kəlbəcər köçkününü necə aldadıb?

Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər köçkünü İslam Bəşirov “AccessBank”ın bu şəhərdəki filialından şikayətçidir. Gununsesi.info–ya müraciət yollayan İslam Bəşirov bildirib ki, bankla illik 20 faizlə kredit razılaşması əldə edib. Ancaq krediti çəkdikdən sonra bəlli olub ki, bank ona verdiyi vədə ziddi olaraq, illik 25 faizlə verib. Ancaq krediti götürdüyü tarixin ertəsi günü onu qaytarmaq üçün banka yaxınlaşsa da bank bundan imtina edib.

Erməni Komitəsi "Atatürk" serialının ləğvini tələb etdi

Amerika Milli Erməni Komitəsinin "Disney Plus"da yayımlanacaq türk seriallarının ləğvi çağırışını edib. Sozcu.az Türkiyə  mətbuatına istinadən xəbər verir  ki, bununla yanaşı, Amerika Milli Erməni Komitəsi (ANCA) sosial media hesabında paylaşım edərək "Disney Plus Türkiyə"nin "Atatürk" serialının ləğvini də tələb edib. Aras Bulut İynemlinin baş rolda oynayacağı "Atatürk" serialının da ləğv olunduğu iddia edilərkən, platforma sükutu pozub. "Atatürk" serialının treylerini paylaşan platforma, "Orijinal Atatürk serialı çox yaxında, Cümhuriyyətimizin 100-cü ildönümündə efirdə" -deyə iddialara cavab verib.  

"Ramiz Mehdiyevin kürəkəni torpaq sahəsini ələ keçirib, 18 milyona satışa çıxarıb" - Hüquqşünas

Hüquqşünas Əliabbas Yasavullu Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə bağlı iddialarla çıxış edib. Sozcu.az xəbər verir ki, Ə.Yasavullu feysbuk səhifəsində İ.Əliyevin ona məxsus Nizami rayonu ərazisindəki ("Neolit" restoranının yanında) torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirdiyini deyib. O, torpaq sahəsinin hazırda 18 milyon manata satışa çıxarıldığını əlavə edib və məsələ ilə bağlı prokurorluğa müraciət edildiyini, həmçinin Ramiz Mehdiyevdən kürəkəninin əməlinə müdaxilə etməsini xahiş etdiyini əlavə edib: “Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla Ramiz Mehdiyevə müraciət edərək qızının həyat yoldaşı - İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməsini və bununla əlaqədar məni şəxsən qəbul etməsini xahiş etdim. Lakin iki gün sonra mənə zəng edən şəxs özünü onun kürəkəni İlham kimi təqdim etdi. Onu narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı "vicdanlı alıcı kimi" qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə “yox” cavabını verdi. Təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi". Ə.Yasavullu bildirib ki, həmin torpaq sahəsi məhkəmələrdə İlham Əliyev tərəfindən qayınatası Ramiz Mehdiyevin adından istifadə edilməklə qanunsuz yollarla mənimsənilib: "Mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə torpaq sahəsi Ağayeva Kamilə Şirəli qızının adında saxlanılıb. Ramiz Mehdiyevin kürəkəni "məhkəmələr" vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası - Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olub. Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, "Gilan" kiçik müəssisəsinin adını "Ruzu-A" MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar”. Hüquqşünas məsələ ilə bağlı hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini deyib.

“Naxçıvanda eşşəyə minib Bakıya gəlsən, təyyarədən daha tez çatarsan” – Problem böyüyür

Son günlər Naxçıvan-Bakı reysində təyyarə reyslərinin qiyməti süni şəkildə qaldırılır. Satış qiyməti 60 manat olan qiymətlər “qara kassa”da 80-90, bəzən isə 100 manata satılır. Əslən Naxçıvandan olan Milli Məclisin deputatı Fazil Mustafa iddia edib ki, bu problem süni şəkildə yaradılıb. Onun fikrincə, bəzən sərnişinlər məcburiyyət qarşısında qalaraq, bir bilet üçün real dəyərindən 100-150 manat artıq pul ödəyirlər. Bu isə sosial narazılıq yaradıb. Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlərə niyə süni problem yaradılır? Bu, təxribat ola bilərmi? Bu fəaliyyətin arxasında Naxçıvanın yeni rəhbərliyini gözdən salmaq istəyən qüvvələr dayana bilərmi? Yenisabah.az-a açıqlamasında əslən Naxçıvandan olan jurnalist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz da təsdiqləyib ki, Naxçıvanda həqiqətən də çox ciddi nəqliyyat problemi var: “Əvvəl avtomobil yolu ilə İrandan gəlib-gedirdilər, amma indi bu imkanı da itirmişik. Yeganə bir dənə yol qalır ki, bu, hava nəqliyyatıdır. Lakin bu da AZAL-ın monopoliyasındadır. Azərbaycan hökuməti bunu düzəltməli və məsələyə aydınlıq gətirməlidir. Əvvəla, oraya reyslər artırılmalıdır. Məsələn, dünənə qədər öz maşınları ilə Bakıya gəlmək imkanları olanların hazırda elə bir imkanı yoxdur. AZAL isə reysləri artırmır”. Jurnalistin fikrincə, bu monopoliyanı AZAL-dan almaq lazımdır: “Bunun da bir yolu var ki, AZAL-ı bir neçə yerə parçalayıb rəqabət halına gətirə biləcək düzəlişləri həyata keçirmək olar. Yaxud yeni hava yolları şirkətləri yaratmaq olar. Yox, əgər özümüz yarada bilmiriksə, o şirkətlərdən bəzilərini Azərbaycana dəvət etmək olar. Bunun yolları azad rəqabət aparan şirkətlərin Naxçıvana təyyarə reysləri açmasından keçir. Amma qəribədir ki, bu gün Azərbaycan hökuməti bu addımı atmır və bu da AZAL-a yarayır. Ümumiyyətlə, AZAL 30 ildir ki, bu siyasəti yürüdür, qəsdən qıtlıq yaradır və insanlara daha artıq qiymətə biletlər satır. Bu, əvvəllər daha çox müşahidə olunurdu və son zamanlar bunun qarşısı bir az alınmışdı. Amma görünən odur ki, yenə də bu cür siyasətə əl atmağa başlayıblar”. “Bileti altdan baha qiymətə satmaq məsələsini deyə bilmərəm, amma bütün hallarda Naxçıvana getmək istəyənlər böyük bir problemlə qarşılaşır. Mən o dəfə getmək istəyirdim və AZAL-ın internet səhifəsinə baxdım. Haradasa 10-15 gün sonraya bilet tapmaq olur. Tutaq ki, bir adamın Naxçıvanda atası ölürsə, bunun atasında yasına 15 gündən sonra getməsinin nə mənası var? Adamın meyiti ortada qalır, amma sən onu dəfn edə bilmirsən. Yaxud Naxçıvandan Bakıya gəlmək istəyənlər də eyni halla qarşılaşır. Bunlar nəqliyyat fəlsəfəsinə ziddir, xüsusilə də hava nəqliyyatı”, – əlavə edib. H. Oğuza görə, bu gün AZAL-ın Naxçıvan camaatına təqdim etdiyi gediş xidməti haradasa 15-20 gün sonraya sirayət edir: “Əgər Naxçıvandan eşşəyə minib Bakıya gəlsən, təyyarədən daha tez çatarsan. Əgər sən öz missiyana və təyinatına uyğun hərəkət edə bilmirsənsə, ya Azərbaycan hökuməti qarşısında bu məsələni qaldırıb deməlisən ki, mən bunu tək bacarmıram, ya da ki, boynuna götürmüsənsə, etməyə borclusan. Faktiki olaraq, bu gün Naxçıvan camaatı bu gün əzab-əziyyət içərisindədir. Naxçıvandakı hüquqi boşluqların nəticəsində AZAL-ın oradakı fəaliyyəti bu boşluqlardan istifadəyə yarayır və daha çox pul qazanmaq onların hərisliyinə işləyir”. Müsahibimiz iddia edib ki, AZAL Naxçıvan camaatına bileti pul ilə satır, üstəlik, satdığı qədər də dövlətdən dotasiya alır: “Yəni 60 manatlıq bileti 120-180 manata sataraq, 2-3 qat fayda götürür və dotasiya da alır. Hesab edirəm ki, Azərbaycan hökuməti AZAL-a  alternativ qurumlar yaratmaqla, dövlət büdcəsi üçün çox ciddi bir qazanc əldə edə bilər. Yəni AZAL-a ödənilən dotasiya kəsilə bilər və Naxçıvana gediş-gəlişlər artır. Naxçıvanın yüzminlərlə əhalisi var, amma AZAL-ın açıqlamasında görə bölgəyə 2 min adam gedib-gələ bilir. İnsanlar mərkəzlə əlaqə saxlaya bilmir. Biz Azərbaycanın suverenliyindən danışırıqsa, bunlar olmalıdır. Naxçıvan bu gün Azərbaycanla əlaqələri kəsilmiş durumdadır. Onsuz da “xan” həzrətləri bunu o vaxtı həyata keçirirdi. Bu gün də onun həyata keçirmək istədiyi siyasət bir başqa formada AZAL tərəfindən həyata keçirilir”.