Hüquqşünas Əliabbas Yasavullu Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə bağlı iddialarla çıxış edib.
Sozcu.az xəbər verir ki, Ə.Yasavullu feysbuk səhifəsində İ.Əliyevin ona məxsus Nizami rayonu ərazisindəki ("Neolit" restoranının yanında) torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirdiyini deyib. O, torpaq sahəsinin hazırda 18 milyon manata satışa çıxarıldığını əlavə edib və məsələ ilə bağlı prokurorluğa müraciət edildiyini, həmçinin Ramiz Mehdiyevdən kürəkəninin əməlinə müdaxilə etməsini xahiş etdiyini əlavə edib:
“Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla Ramiz Mehdiyevə müraciət edərək qızının həyat yoldaşı - İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməsini və bununla əlaqədar məni şəxsən qəbul etməsini xahiş etdim.
Lakin iki gün sonra mənə zəng edən şəxs özünü onun kürəkəni İlham kimi təqdim etdi. Onu narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı "vicdanlı alıcı kimi" qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə “yox” cavabını verdi. Təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi".
Ə.Yasavullu bildirib ki, həmin torpaq sahəsi məhkəmələrdə İlham Əliyev tərəfindən qayınatası Ramiz Mehdiyevin adından istifadə edilməklə qanunsuz yollarla mənimsənilib: "Mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə torpaq sahəsi Ağayeva Kamilə Şirəli qızının adında saxlanılıb. Ramiz Mehdiyevin kürəkəni "məhkəmələr" vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası - Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olub.
Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, "Gilan" kiçik müəssisəsinin adını "Ruzu-A" MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar”.
Hüquqşünas məsələ ilə bağlı hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini deyib.