“Azərbaycanda zəlzələnin 20-25 ildən bir təkrarlanma məsələsi çox vaxt özünü doğrultmur. Keçən əsrin əvvəlində 1902-ci ildə Şamaxıda güclü zəlzələ oldu, maqnitudası 6,9-7 idi. Nə qədər insan tələfatı, dağıntılar oldu. Şükürlər olun ki, o vaxtdan bəri elə bir zəlzələ təkrarlanmayıb”.
Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişlinin sözlərinə görə, Yerin daxilində gedən proseslər nəzəriyyə ilə çox vaxt uyğun gəlmir: “2012, 2015, 2017-ci ildə olan zələzələlər təkrarlanmadır? Bunun heç bir qanunauyğunluğu yoxdur. Axşam baş vermiş zəlzələ 10 saniyədən bir az artıq olub. Çox şaiyələr yayılır ki, Azərbaycanda zəlzələ gözlənilmir. Kim deyir ki gözlənilmir? Azərbaycan zəlzələ zonasıdır, zəlzələlər olacaq. Amma qısamüddətli proqnoz məsələsi yoxdur”.