Təzyiqi aşağı olan insanlar necə qidalanmalıdır? - HƏKİM AÇIQLADI

Terapevt Aleksey Jito hipotenziyası olan insanlar üçün əsas qidalanma qaydalarını açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, terapevt bildirir ki, hipotenziya ilə performans azalır, yorğunluq baş verir. Onun sözlərinə görə, bir çox insanlar hipotenziyadan (qan təzyiqinin aşağı düşməsindən) şikayət edirlər, çünki onların sağlamlıq vəziyyəti pisləşir və öz öhdəliklərini normal şəkildə yerinə yetirə bilmir: "Bu vəziyyətdə pəhrizi nəzərdən keçirmək və bir neçə dəyərli məsləhətə əməl etmək vacibdir. Daha çox hərəkət etmək lazımdır, çünki fiziki fəaliyyət qan dövranı prosesini yaxşılaşdırır, həmçinin başgicəllənməni və hipotenziya ilə baş verən yorğunluq hissini azaldır. Üzgüçülük və ya velosiped sürməyə üstünlük vermək daha yaxşıdır. Tərkibi zülalla zəngin olan qidaları istehlak etməyə üstünlük verin. Bu kimi qidalar ürək-damar sistemini gücləndirir, həmçinin əzələlərin işini yaxşılaşdırır. Pəhrizə həmçinin kəsmik, yumurta, göbələk, pendir əlavə edilməlidir".

Tudoru Marselinyo əvəzlədi

"Marsel"in yeni baş məşqçisi müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. O, Fransa klubunun Marselinyo Qarsiya Toralla 2 illik müqavilə imzaladığını qeyd edib.  Marselinyo bu vəzifədə İqor Tüdoru əvəzləyib. Qeyd edək ki, ispaniyalı mütəxəssisin son iş yeri “Atletik” olub. 

Ukrayna ordusu son sutkada Rusiyanın 30 "Shahed" PUA-nı məhv edib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsalı olan 30 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib. Rusiya ordusu gecə boyu ümumilikdə 33 PUA ilə Ukrayna ərazisinə hücum edib. Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 1 “İsgəndər-M” qanadlı raketini vurub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Türkiyədə yük maşını ilə avtobus toqquşub, ölənlər və yaralananlar var

Türkiyədə yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hadisə Dənizli-Afyonkarahisar avtomobil yolunda baş verib. Qəza nəticəsində yük maşınının sürücüsü və sərnişini həyatını itirib.

Bakıda 11 yaşlı oğlan bıçaqlandı

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs qadına görə 11 yaşlı oğlanı bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 483-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 222 000 hərbçi, 4006 ədəd tank, 7771 ədəd zirehli döyüş maşını, 3920 ədəd artilleriya sistemi, 615 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 375 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 306 ədəd helikopter, 6667 ədəd avtomobil texnikası, 3428 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 539 xüsusi avadanlıq itirib.

Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq öldü

Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Oğuz şəhər sakini, 05.09.1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhəri günü ailə üzvləri tərəfindən Şəki RMX PHŞ-nə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, 20.06.2023-cü il tarixdə saat 17:15-də həmin xəstəxanada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda çay evinin sahibi müştəriləri bıçaqladı

Bakıda çay evinin icarədarı müştərilərini bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Naxış” çay evində qeydə alınıb. Belə ki, çay evinin icarədarı Hüseyn Baratovla həmin obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayev arasında mübahisə yaranıb. Mübahisə zamanı o, üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib. Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.

Bayramov Londonda Britaniya səfiri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovu mühüm səfər çərçivəsində Londonda görməkdən məmnunam. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Tvitter hesabında bildirib. “Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, - deyə diplomat qeyd edib.

Ruslar bu şəhərdən qaçmağa hazırlaşır - Plan

Xerson vilayətinin Geniçesk vilayətində ruslar qaçış planı hazırlayırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttini yaracağı təqdirdə təxliyə barədə məlumatı fəal şəkildə yayırlar. Geniçeskdə onların mobil telefonlarına təfərrüatlı təlimatlar və təxliyə məntəqələrinin koordinatları olan SMS-lər gəlməyə başlayıb ki, bu da öz növbəsində panikaya səbəb olur”, - məlumatda qeyd olunub.

İran Almaniyada müxalifləri oğurlayır – Xəbərdarlıq

Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı ölkədə yaşayan iranlı mühacirlərin oğurlanması ilə bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə təşilatın hazırladığı 380 səhifəlik son hesabatında deyilib. Hesabatda İran hökumətinin dövlət səviyyəsində terrorla məşğul olduğu, Almaniyada yaşayan Tehran müxaliflərinin İran hökumətinə bağlı qüvvələr tərəfindən oğurlanması təhlükəsi barədə xəbərdarlıq edilib.

Bu rayonlarımızdan sel keçdi

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Xidmətin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. İyunun 21-i səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Qaxda 56, Balakəndə 30, Qusarda 27, Zaqatalada 21, Gədəbəydə 22, Daşkəsəndə 19, Göygöldə 13, Şərurda 11, Astarada 10, Ağdamda 9, Tovuz, Lənkəranda 8, Tərtər, Quba, Xaltan, Lerik, Naftalan, Şahbuz, Ağstafa, Şəki, Şahdağ, Zərdab,Yardımlı, İmişli, Bərdə, Sabirabad, Ordubad, Ceyrançöl, Qrız, Mingəçevir, Yevlax, Naxçıvan, Qəbələ, Göyçay, Beyləqan, Şəmkir, Gəncədə 1-7 mm–dək olub. Yağan leysan yağışlar nəticəsində Balakən rayonu ərazisindən axan Katexçay, Zaqatala rayonu ərazisindən axan Talaçay və Qax rayonu ərazisindən axan Kürmükçaydan qısamüddətli sel keçib.

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

"İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur" - Şahin Cəfərli

Gədəbəydəki hadisədə polis nəfərinin yaşlı anaya qarşı tamamilə qeyri-adekvat, gərəksiz, ağıl və məntiqdən uzaq hərəkəti haqlı olaraq hər kəsi qəzəbləndirib.  Lakin həmin epizod nəhəng problemin çox kiçik bir təzahürüdür. Bu hadisə kontekstində Azərbaycanda 2 fundamental problemdən söz açmaq lazımdır:  Birincisi, ölkədə hüquq və azadlıqların təminatı sahəsində onsuz da acınacaqlı olan vəziyyətin daha da ağırlaşması gerçəyi.  Azərbaycan Respublikası dövləti Konstitusiyasının İkinci Bölmə - III Fəslində qeyd olunmuş qırx yeddi maddənin çoxsaylı bəndlərinin mütləq əksəriyyəti tamamilə formalitədən ibarətdir və icra olunmur. Dövlət hakimiyyətini həyata keçirənlər dövləti öz vətəndaşına xidmət edən deyil, öz vətəndaşını əzən mexanizmə çeviriblər. Nəticədə vətəndaş özü də vətəndaş olmaqdan çıxaraq rəiyyətə, təbəəyə çevrilib.  İkinci məsələ Azərbaycanda ekoloji problemlərin getdikcə kəskinləşməsidir.  Çox təəssüf ki, hamımız bu mövzunu tamamilə diqqətdən kənarda qoymuşuq, halbuki söhbət Azərbaycanın təbiətinin, havasının, su hövzələrinin, bir sözlə, insanın yaşaya bilməsi üçün zəruri olan ekoloji sistemin vəziyyətindən gedir. Konkret Gədəbəydəki hadisəyə qayıtsaq, məlumdur ki, qızıl mədənçiliyində istifadə edilən sianid (Türkiyədə siyanür deyilir) ətraf mühitə çox ciddi zərər verir. (Bu sahəni bilənlər və kimyaçılar ətraflı məlumat verə bilər.) Buradan gəlib çıxırıq ekoloji maariflənmənin və ekoloji hərəkatın nə qədər həyati olduğu mövzusuna... İçdiyimiz suyun, udduğumuz havanın, yediyimiz qidanın tərkibinin normalara nə dərəcədə uyğunluğu və ümumən bu ölkəni gələcək nəsillərə hansı vəziyyətdə ötürdüyümüz ekzistensial məsələdir.    Biz müstəqil vətəndaş cəmiyyətinin bir toplum üçün nə qədər vacib olduğunu hələ tam dərk edə bilməmişik. Cəmiyyətdə ekoloji maariflənmənin aparılmasında məhz vətəndaş cəmiyyəti və digər demokratik institutlar (xüsusən azad media) əsas rol oynamalıdır. Onlar fasiləsiz şəkildə bu problemi ölkənin gündəmində saxlamalıdır, dinc etiraz aksiyaları təşkil etməlidir (azad media bu aksiyaları işıqlandırmalı, siyasi partiyalar səslənən tələbləri hökumətin qarşısında qoymalıdır), əhalidə, xüsusən gənc nəsillərdə ekoloji şüurun formalaşmasına çalışmalıdır. Normal ölkələrdə belədir. Lakin bizdə müstəqil vətəndaş cəmiyyəti demək olar ki, ortadan qaldırılıb. Qeyri-müstəqil QHT-lərin məmur biznesinin və ya siyasi iqtidarın maraqlarına aid mövzulara müdaxilə etməyəcəyi, heç məmur biznesi və iqtidar maraqlarının olmadığı məqamlarda da bu məsələlərlə bağlı özünü yormayacağı isə məlumdur.  ... İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur. Son vaxtlar (xüsusən Qarabağ müharibəsindən sonra) “demokratiya, insan haqları yox, təhlükəsizlik daha önəmlidir” deyib, bir-birini inkar etməyən, əksinə, tamamlayan bu anlayışları ayıraraq əks qütblərə yerləşdirən adamları (hətta partiya liderlərini) çox görür və eşidirik. Halbuki hüquq və azadlıqların durumu ölkənin, xalqın gələcəyinə bilavasitə, müəyyənləşdirici təsir göstərən məsələdir, bu hüquqların təminatı isə konstitusion tələbdir. Şahin Cəfərli, politoloq

Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma – Video

Bu gün Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma yaşanıb. Polis dinc etirazçılara qarşı dəyənəklərdən və göz yaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə polis zorakılığını əks etdirən çoxsaylı videolar yayılıb. “Gədəbəydə dinc etiraz aksiyası keçirən, aksiya yerini polisin tələbi ilə tərk edən qadınlara qarşı bibər qazının tədbiq edilməsi, bu hərəkətin heç bir zərurət olmadığı halda dəfələrlə təkrarlanması əndazəni aşan vəhşilikdir”. Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. “Bu hadisəni törədənlər dərhal müəyyənləşdirilərək cəzalandırılmalı, bu barədə xalqa ətraflı məlumat verilməlidir” deyə, Arif Hacılı tələb edib. Müsavat mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Gədəbəydə iyunun 20-də keçirilən aksiyada polisin dinc etirazçılara, o cümlədən yaşlı qadınlara arxadan bibər qazı ilə hücum etməsini hüquq baxımından cinayət, dəyərlər baxımından isə ləyaqətsizlik kimi qiymətləndirib: “Dinc etirazçılara qarşı zorakılıq edənlər məsuliyyətə cəlb edilməlidirlər – Müsavatçı olaraq hakimiyyət və DİN-dən bunu tələb edirik”. “Azərbaycanda polis zorakılığının bu qədər çılpaq şəkildə üzə çıxması fonunda, hakimiyyəti nəhayət, xalqın tərəfini tutmağa çağırırıq. Bu günlərdə Gədəbəydə kütləvi repressiyalara rəvac veriləcəyinə, polis zorakılığını əks etdirən həmin videoları və şəkilləri çəkib paylaşanların qanunsuz təzyiqlərə məruz qalacağına dair narahatlığımızı ifadə edir, onların hüquqlarının müdafiəsi üçün tədbirlərə dəstək verməyə hazır olduğumuzu bəyan edirik” – deyə, Mustafa Hacıbəyli özünün feysbuk səhifəsində yazıb.  “İham Əliyevin qızıl zavodu Gədəbəyin Söyüdlü kəndində sionit gölü (vannasl) inşa etmək istəyir. Əhali buna etiraz edib. Əvvəl polis daha sonra Daxili Qoşunla əraziyə gətirilib. Kənd sakinləri ilə əsgərlər arasında qarşıdurma yaranıb”. Bunu isə mühacirətdəki jurnalist Əfqan Muxtarlı özünün feysbuk səhifəsində yazıb. “Əliyev xalqın sərvətini talamaqla yanaşı, xalqa divan da tutur. Camaat niyə narazıdır? Əliyevin şirkətləri qızılı vəhşi, primitiv yollarla əldə edir. Qlzıl yatağından torpaq götürülür, üyüdülür və sonra sionit məhlulu ilə qızıl torpaqdan ayrılır. İstifadə edilən sionit gölə (vanna) yığılıb yenidən istifadə olunur. Sionit zəhərli maddədir. Xüsüsən heyvanlar və quşların kütləvi məhv olmasına səbəb olur. Biz dəfələrlə Gədəbəy və Daşkəsən rayonlarında mal qaranın, vəhşi heyvanların və quşların kütləvi şəkildə zəhərlənməsinin şahidi olmuşuq. Yerli sakinlərin bildirdiyinə görə Çovdar qızıl yatağı istismara verildikdən sonra quşlar və xırda çöl heyvanlarının hiss ediləcək dərəcədə azalıb. Söyüdlü kəndinin camaatı real təhlükəyə, özlərinin, övladlarının sağlamlığına görə narahatdır. Vəhşi və primitiv üsullarla qızıl istehsalı dayandırılmalıdır!” – deyə, Muxtarlı vurğulayıb. Basta

"İcbari Tibbi Sığorta" 7.8 milyon manatlıq müqavilə imzaladı: "Zeytun Pharmaceuticals” kimindir?

İcbari Tibbi Sığorta Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.  Sozcu.az xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7 852 864,01 AZN təşkil edir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.  Bəhruz Şirəliyev vaxtilə "Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.  "Zeytun Pharmaceuticals” MMC "Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır. "Farum Qafur” MMC artı ləğv edilib. Bu şirkətin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.   Mediada geən məlumatlara görə, Zamir Tağıyevin qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Onlardan biri də "Azmedkom" MMC-dir. Artıq ləğv olunan bu şirkətin təsisçisi isə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub. Bu fakt göstərir ki, "Zeytun Pharmaceuticals” MMC-nin Səhiyyə Nazirliyinə, daha doğrusu, qurumun keçmiş rəhbərliyinə yaxın şirkətdir.  Bundan başqa məlumatlarda qeyd edilir ki, "Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib. Bu ünvan Səhiyyə Nazirliyinin "Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Əbülfəz Abdullazadə "Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.(qaynarinfo)

Separatçılar təlaşda: Ukrayna kütləvi hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinin 150 nəfərlik qrupu Kremennaya şəhərində Rusiya ordusunun müdafiə xəttini yarmağa cəhd edir. Sozcu.az xəbər verir ki, bu barədə Luqansk “xalq milis dəstəsi”nin “polkovnik-leytenantı” Andrey Maroçko deyib. O bildirib ki, şəhərdə vəziyyət olduqca ağırdır və Ukrayna uzun müddətdir ki, hücum əməliyyatları icra edir: “Üstəlik, dəfələrlə kütləvi hücum cəhdləri qeydə alınıb. Yəni kiçik qruplarla deyil, taktiki qruplarından başlayaraq təxminən 150 nəfərədək... Düşmən bizim müdafiə xəttimizi yoxlayır və onu yarmağa çalışır”.

Rusların 5 bölüyü məhv edildi - General

Ukrayna hərbçiləri Tavriya istiqamətində sutka ərzində rusların 5 bölüyünü və 46 zirehli texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bunu Tavriya operativ-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Tarnavski deyib. “Müdafiə qüvvələri Tavriya istiqamətində irəliləyirlər. Raket və artilleriya qoşunlarının bölmələri sutka ərzində 1487 atəş tapşırığı yerinə yetiriblər”, - Tarnavski bildirib.

Mənsimov atasının dəfn mərasimində iştirak edə bilməyəcək

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb. "Təəssüf hissi ilə bildiririk ki, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir", - deyə o bildirib.

Müəllimlərin 95 faizi imtahana gəlib - AÇIQLAMA

Müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət olduqca yüksək idi. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli bildirib.  "Ötən il 15 min müəllim imtahan dəvət edilmişdi. Davamiyyət yüksək idi. Müəllimlərdən əksəriyyəti imtahanı uğurla verdi. İlk cəhddə uğur qazanmayan müəllimlər təlimlərə cəlb edildilər. Bu, onların davamlı inkişafına hesablanmışdı. Bu məqsədlə 57 dəstək mərkəzi yaradıldı. Beləliklə, müəllimlər akademik təlimlərə cəlb olundular. Bu gündən yeni imtahanlara start verildi. 10 şəhərdə 13 imtahan mərkəzində proses gedir. Davamiyyət olduqca yüksəkdir. İmtahan verənlərin 95 faizi artıq imtahan verir. Ötən il 8700-dən çox müəllim maaşlarına əlavə aldılar. Ümid edirik ki, bu il belə müəllimlərin sayı daha çox olacaq", - deyə qurum rəsmisi qeyd edib.

Yazıçılar Birliyi Əkbər Azadın həbsini pislədi

İran Yazıçılar Birliyi Tehranda yaşayan Güney azərbaycanlı ziyalı və ana dili hərəkatının fəalı Əkbər Azadın həbsi və sürgün cəzasına məhkum edilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə Yazıçılar Birliyinin sosial media kanalında məlumat verilib. Bəyanatda Əkbər Azadın iki illik həbs cəzasından sonra iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə sürgünə göndərilməsi azad sözə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib. "İran Yazıçılar Birliyi bu cür qəddar hökmlərin verilməsini öz ana dilində danışmaq, yazmaq və nəşr etmək istəyən hər kəsə qarşı söz azadlığının açıq-aşkar pozulması və təzyiq nümunəsi hesab edir. Buna görə də yazıçının özü və ailəsinə qarşı vurulan ziyanların məsuliyyətinin bu ədalətsiz hökmləri verənlərin üzərinə düşdüyünü bildiririk",- bəyanatda qeyd edilib. Qeyd edək ki, Tehranda yaşayan Güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə gedib. 2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb

Bakıda təmir sexində yanğın baş verib. Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus “Mercedes-Benz” markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib. Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır. /apa/

İdman zalında qətl törədən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Abbasovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə edib. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə ittiham verilib. /Pravda.az/

Rusiya Qarabağdakı terrorçulara yüzlərlə “DJI Mavic 3” hücum PUA-sı verib...-"EU Reporter"

Xəbər verildiyi kimi, Ukrayna Putinin "sülhməramlı"ların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi milyarder "desant"ı Ruben Vardanyanı axtarışa verib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Lakin erməni milyarderin hansı səbəblərdən axtarışa verildiyi bizim üçün qaranlıq qalıb... Avropanın məşhur nəşrlərindən birinin təqdim etdiyi yazıda nəinki bu səbəblər, həm də "strateji müttəfiqimiz" olan Rusiyanın Qarabağda Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı gördüyü digər işlər də ifşa olunub. “ABŞ bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq edib”.  Sozcu.az xəbər verir ki, bunu Avropanın nüfuzlu "EU Reporter" analitik portalı yazır. Məqalə müəllifi Ruben Vardanyan da daxil olmaqla bu siyahını təcili tamamlamağa çağırır. “EUReporter”-in məlumatına görə, Putinin yaxın fiquru sayılan Vardanyan qondarma “Dağlıq Qarabağ respublikası”nın  “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur. Qəzet onu da yazır ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları Qarabağ ordusunu Çin minaatan kimi partlayıcı qurğuları işə salmağa imkan verən bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia olunur. “Onlardan təxribatlar üçün, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - deyə məşhur Avropa nəşri vurğulayır.