Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma – Video

Bu gün Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma yaşanıb.

Polis dinc etirazçılara qarşı dəyənəklərdən və göz yaşardıcı qazdan istifadə edib.

Sosial şəbəkələrdə polis zorakılığını əks etdirən çoxsaylı videolar yayılıb.

“Gədəbəydə dinc etiraz aksiyası keçirən, aksiya yerini polisin tələbi ilə tərk edən qadınlara qarşı bibər qazının tədbiq edilməsi, bu hərəkətin heç bir zərurət olmadığı halda dəfələrlə təkrarlanması əndazəni aşan vəhşilikdir”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Bu hadisəni törədənlər dərhal müəyyənləşdirilərək cəzalandırılmalı, bu barədə xalqa ətraflı məlumat verilməlidir” deyə, Arif Hacılı tələb edib.

Müsavat mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Gədəbəydə iyunun 20-də keçirilən aksiyada polisin dinc etirazçılara, o cümlədən yaşlı qadınlara arxadan bibər qazı ilə hücum etməsini hüquq baxımından cinayət, dəyərlər baxımından isə ləyaqətsizlik kimi qiymətləndirib: “Dinc etirazçılara qarşı zorakılıq edənlər məsuliyyətə cəlb edilməlidirlər – Müsavatçı olaraq hakimiyyət və DİN-dən bunu tələb edirik”.

“Azərbaycanda polis zorakılığının bu qədər çılpaq şəkildə üzə çıxması fonunda, hakimiyyəti nəhayət, xalqın tərəfini tutmağa çağırırıq. Bu günlərdə Gədəbəydə kütləvi repressiyalara rəvac veriləcəyinə, polis zorakılığını əks etdirən həmin videoları və şəkilləri çəkib paylaşanların qanunsuz təzyiqlərə məruz qalacağına dair narahatlığımızı ifadə edir, onların hüquqlarının müdafiəsi üçün tədbirlərə dəstək verməyə hazır olduğumuzu bəyan edirik” – deyə, Mustafa Hacıbəyli özünün feysbuk səhifəsində yazıb.

 “İham Əliyevin qızıl zavodu Gədəbəyin Söyüdlü kəndində sionit gölü (vannasl) inşa etmək istəyir. Əhali buna etiraz edib. Əvvəl polis daha sonra Daxili Qoşunla əraziyə gətirilib. Kənd sakinləri ilə əsgərlər arasında qarşıdurma yaranıb”.

Bunu isə mühacirətdəki jurnalist Əfqan Muxtarlı özünün feysbuk səhifəsində yazıb.

“Əliyev xalqın sərvətini talamaqla yanaşı, xalqa divan da tutur. Camaat niyə narazıdır? Əliyevin şirkətləri qızılı vəhşi, primitiv yollarla əldə edir. Qlzıl yatağından torpaq götürülür, üyüdülür və sonra sionit məhlulu ilə qızıl torpaqdan ayrılır. İstifadə edilən sionit gölə (vanna) yığılıb yenidən istifadə olunur. Sionit zəhərli maddədir. Xüsüsən heyvanlar və quşların kütləvi məhv olmasına səbəb olur. Biz dəfələrlə Gədəbəy və Daşkəsən rayonlarında mal qaranın, vəhşi heyvanların və quşların kütləvi şəkildə zəhərlənməsinin şahidi olmuşuq. Yerli sakinlərin bildirdiyinə görə Çovdar qızıl yatağı istismara verildikdən sonra quşlar və xırda çöl heyvanlarının hiss ediləcək dərəcədə azalıb. Söyüdlü kəndinin camaatı real təhlükəyə, özlərinin, övladlarının sağlamlığına görə narahatdır. Vəhşi və primitiv üsullarla qızıl istehsalı dayandırılmalıdır!” – deyə, Muxtarlı vurğulayıb.

Basta

Share on Facebook