Paşinyan delimitasiyadan DANIŞDI

"Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar gələn həftə Vaşinqtonda keçiriləcək". Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O qeyd edib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsi imzalamaq niyyəti ilə gedəcək. "İrəvan da delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib, artıq bu məsələdə razılıq var. Ermənistan da suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin blokunu açmağa hazırdır", - Paşinyan əlavə edib.

Dəniz sahilindəki istirahət mərkəzi Rusiya işğalçılarıyla birgə havaya uçdu...

İyunun 21-dən 22-ə keçən gecə Ukraynanın Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Berdyansk şəhəri yaxınlığında partlayış baş verib. Zərbə Rusiya işğalçılarının yerləşdiyi “Roza” istirahət mərkəzinə dəyib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat paylaşıb.  “Saat 1:40-da Berdyansk rayonunda güclü partlayış səsi eşidilib. Partlayışın səsi hətta 50 kilometr aralıdakı Mariupol rayonunun Urzuf kəndində də duyulub",- deyə müşavir bildirib. Andryuşşenko əlavə edib ki, yerli sakinlər zərbənin(raket və ya dronun-S.L.) işğalçıların Berdyansk vilayətinin Azovskoye kəndindəki “Roza” istirahət mərkəzindəki  cəmləşmə məntəqəsinə vurulduğunu bildiriblər.

Ərdəbildə təbii fəlakət qurbanları ilə bağlı aksiya keçirilib

İyunun 21-də Ərdəbildə şəhərində Germi və Biləsuvar bölgələrində sel daşqınlarından zərər çəkənlərlə bağlı aksiya keçirilib. Fəallar şəhər məhəllələrinin divarlarına yazılı vərəqələr və çağırışlar yapışdırılıb və paylanılaraq azərbaycanlıları təbii fəalkət qurbanlarına yardım etməyə çağırıblar. Çağırış və vərəqələrdə Bulut Qaraçörlu Səhəndin "Özgə çırağına yağ olmaq bəsdir, doğma ellərimiz qaranlıqdadır"  şeiri yazılıb. Qeyd edək ki, iyunun 14-dən başlayaraq Ərdəbil əyalətinin Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində 8 nəfər həyatını itirib, yüzlərlə ev və minlərlə hektar əkin sahələrinə xəsarət dəyib.

Qanunsuz silahlı birləşmələrə qoşulanlar həbs edildi - Video

Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs ediliblər. Bu barədə Sozcu.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Qeyd olunub ki, DTX-də aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilib. Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər. Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

18 il həbs cəzası alan İlkinə bəraət istənilir

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.  Sozcu.az xəbər verir ki, İlkin Süleymanovun vəkilləri şikayəti Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim ediblər.  Şikayətdə İlkin Süleymanov barəsində bəraət hökmünün çıxarılması istənilib.  Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.  Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. 

Məşhur aktrisanın içkisinə NARKOTİK QATDILAR

Sevgilisi Uill Yanqla birlikdə olarkən tanımadığı şəxs tərəfindən içkisinə narkotik qatılaraq xəstəxanaya yerləşdirilən "Love Island" realiti-şousunun ulduzu, 26 yaşlı Cessi Uinter yaşadığı dəhşətdən danışıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, xəstəxana çarpayısında uzanmış fotolarını paylaşan Jessie, hadisədən sonra "çox utandığını" söyləyib. Lakin o zaman partnyoru Uill Yanq ilə birlikdə olduğu üçün "çox şanslı" olduğunu dilə gətirib. "Çox utandığım üçün bunu yazacağımdan əmin deyildim, amma təəssüf ki, dünən gecə içkimə narkotik qatıldığına görə xəstəxanaya yerləşdirildim. Uilllə birlikdə olduğum üçün çox şanslı idim və o, mənim qayğıma qaldı" - deyib. Onun sözlərinə görə, hər bir insan belə hallar üçün ehtiyatlı olmalıdır: "Belə bir şeyin içində olmaq çox qorxulu bir vəziyyət idi. İnsanların diqqət etməli olduğu bir şey olması məni kədərləndirir. Əgər çöldə içki içirsinizsə, lütfən, hər zaman etibar etdiyiniz birinin yanında olduğunuzdan əmin olun. Və başqaları ilə çıxarkən və ya içki alarkən diqqət yetirin. Bunun hətta bir xatırlatma olması çox kədərlidir, amma təəssüf ki, bu, acı həqiqətdir".

Günorta saatlarında yatmaq nəyə TƏSİR EDİR?

London Universitet Kolleci, Respublika Universiteti (Uruqvay) və Harvard Tibb Məktəbindən (ABŞ) olan alimlərdən ibarət beynəlxalq qrup mütəmadi günorta yuxusunun insanlarda ümumi beyin həcminin artmasına təsirini sübut edib. Onların fikrincə, günün birinci yarısında qısamüddətli yuxuya getmək yaşlandıqca koqnitiv funksiyaların qorunmasında amillərdən biri ola bilər. Sozcu.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Sleep Health" nəşrində dərc olunub. Bundan əvvəlki araşdırmalar göstərib ki, günorta saatlarında yuxuya getmək bir sıra koqnitiv funksiyaların yerinə yetirilməsi üçün əlverişlidir: 5-15 dəqiqəlik yuxudan sonra insan növbəti 1-3 saat daha məhsuldar olur, 30 dəqiqəlik yuxudan sonra isə - əvvəl bir qədər əzgin ola bilər, lakin sonra iş qabiliyyəti gün ərzində artır. Bundan başqa, Altsheymer xəstəliyinin inkişaf riski ilə əlaqə aşkar olunub. Lakin bütün işlər, testlər və sorğular kimi, səbəb-nəticə əlaqəsinin klinik sübutu olmadan müşahidə xarakteri daşıyıb. Yeni araşdırmada müəlliflər beyin sağlamlığının əyani göstərici olan onun həcmini əsas götürüblər. Miqyaslı təhlilin nəticələrinə görə, genetik olaraq günorta yuxusuna "proqramlaşdırılan" insanlar daha böyük beyin həcminə malik olublar. Bu, müntəzəm günorta yuxusunun yuxu çatışmazlığını və ya yuxusuzluğu kompensasiya edərək neyrodegenerasiyaya qarşı bir qədər qorunma təmin etdiyinə dair bir dəlil ola bilər. Hesablamalara görə, günorta yatmaq vərdişi olan insanların beyni gündüz yatmayanlara nisbətən təxminən 2,6-6,5 yaş cavandır.

"Barselona"dan İlkay açıqlaması

"Barselona"nın idman direktoru Mateu Alemani "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer edəcəkləri xəbərinə münasibət bildirib. Sozcu.az Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, deyib:  "Hər şey yeni başlayır". "Mundo Deportivo" yazıb ki, almaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisi üçün tibbi müayinədən keçib və "Barselona" ilə 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, İ.Gündoğanın "Mançester Siti" ilə müqaviləsi iyunun 30-u başa çatır. O, "Barselona"ya azad agent kimi keçir.

Elmar Məmmədyarov səfir olmaq istədi, ona “yox” cavabı verildi

Sabiq Xarici işlər naziri Elmar Məmmədyarov yenidən hakimiyyət komandasında təmsil olunmaq istəyir. E. Məmmədyarovun bundan sonra da diplomatik müstəvidə fəaliyyət göstərmək niyyətində olduğu deyilir.  Yenisabah.az-ın əldə etdiyi məlumata görə, keçmiş nazir bu arzusunu reallaşdırmaq üçün hakimiyyətin yuxarı eşelonunda təmsil olunan bir neçə nəfərə minnətçi düşüb. 63 yaşlı diplomat Bakıda deyil, ölkəmizin hüdudlarından kənarda işləmək istədiyini bildirib.  Məlumatlı şəxs saytımıza açıqlamasında sabiq XİN başçısının ABŞ-da diplomatik işdə çalışmaq istədiyini deyib. Onun sözlərinə görə, E.Məmmədyarovun əvvəlcə Azərbaycanın ABŞ-dakı səfiri olmaq niyyətini açıqlayıb. Amma bu arzusunun reallaşmasının mümkün olmadığını anladığı üçün başqa bir posta iddialıdır. O, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi olmaq istəyir. Məmmədyarov 1992-ci ildən bu qurumda çalışan 68 yaşlı diplomat həmkarı Yaşar Əliyevi əvəzləməyə can atır.  Mənbə deyib ki, E.Məmmədyarov daimi nümayəndənin müavini, hətta Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində I Katib olmağa da razıdır. Başlıca məqsədi yenidən diplomatik statusunu bərpa etmək və ABŞ-da yaşayan övladlarının yanına köçməkdir.  2020-ci ilin iyulunda biabırçı şəkildə işdən çıxarılan sabiq nazirə yenidən etimad göstərilib-göstərilməyəcəyi isə sual altındadır.

Prezident Qazaxıstanın baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bayramovla Mirzoyan görüşəcək – Paşinyan tarixi açıqladı

Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Borcla və bu yaşda quzunu qurban kəsmək olmaz!

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Sozcu.az xəbər verir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fitvasında əksini tapıb. “Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə keçirilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir”, - fitvada bildirilib.

Bayram namazının vaxtı açıqlandı

İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq. Sozcu.az xəbər verir ki, bu barədə QMİ-nin Qurban bayramı ilə bağlı fitvasında deyilir. Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. "Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fitvada bildirilir.

Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıldı – Rəsmi

Gədəbəyin Söyüdlü kəndində ictimai təhlükəsizliyin təmin olunması məqsədilə postlar qurulub. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb. Hazırda sakinləri narahat edən məsələlər araşdırılır. Bu sözləri Sozcu.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Rusların olduğu bazada partlayış baş verdi

Berdyansk şəhərində rus hərbçilərinin yerləşdiyi “Roza” istirahət bazasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Pyotr Andryuşenko məlumat verib. “Berdyanskda saat 01:40-da güclü partlayış baş verdi. Partlayış hətta 50 km aralıda yerləşən Urzuf kəndində belə eşidilib”, - Andryuşenko bildirib.

Putinin təltif etdiyi gün polkovnik özünü güllələdi

Rusiya ordusunun ən təcrübəli zabitlərindən biri, polkovnik-leytenant Dmitri Lissitski Ukraynadakı müharibədə hərbçi yoldaşları arasında böyük itkilərlə barışmayıb və intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə BBC-nin rus versiyası məlumat yayıb. Məlumata görə, Lissitski bu ilin martında Stavropoldakı mənzilində özünü güllələyib: “Ölümündən bir müddət əvvəl o, Prezident Administrasiyasına və hərbi idarəyə müraciətlər göndərərək, Putinə və Şoyquya 247-ci alayın məğlubiyyətində kimin günahkar olduğu barədə məlumat çatdırmağa çalışıb. Müharibənin əvvəlində Baş Qərargah rəisinə yaxın olan general Arkadi Marzoyev Xerson və Nikolayevə basqın etmək üçün bir alay göndərib. Hücumun ilk günlərində təxminən 1500 əsgər ölüb. Lissitski nəinki öz batalyonunu Nikolayev hava limanındakı mühasirədən itkisiz geri çəkməyi bacarıb, həm də general Sergey Surovikinin Xersonu və Dneprin bütün sağ sahilini tərk etmək qərarı gələnə qədər İnqulets çayı boyunca müdafiəni təşkil edib. Lissitskiyə ikinci “Qızıl ulduz” vəd edilib, bunun əvəzində isə onu general Marzoyevlə münaqişədən sonra məzuniyyətə və hər iki ayağından xəsarət aldığı üçün Stavropola müalicəyə göndəriblər. 2023-cü il martın 26-da Putinin Arkadi Marzoyevi “Aleksandr Nevski” ordeni ilə təltif etdiyi məlum olub. Həmin gün Dmitri Lissitzki özünü güllələyib”.

Zaqataladan sel keçdi

İyunun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm – dək olub. Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib. İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 mm olan dolu düşüb. Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.

Qordon Solovyov haqqında: Əclaf, pozulmuş element!

Rusiyalı aparıcı Vladimir Solovyov tanınmış ukraynalı jurnalist Dmitri Qordonu Moskvaya davaya çağırıb, Qordon isə Solovyovu xəstə adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. “Qorxaq əclaf. O, Moskvanın Basmannı məhkəməsi tərəfindən üç cinayət işi üzrə qiyabi məhkum olunduğumu, xarici agentlərin, terrorçuların və ekstremistlərin reyestrinə düşdüyümü, Rusiyada axtarışa verildiyimi bilə-bilə məni Moskvaya dəvət edir. O, deqradasiyaya uğramış, pozulmuş elementdir. Görün necə dəhşətli dərəcədə arıqlayıb. O, çox xəstədir və bu, üzündə görünür. Mən istəyirəm ki, Slovoyov tribunalı görmək üçün yaşasın. Faşizmin gələcək pərəstişkarları üçün onun başına nə gələcəyini görmək son dərəcə vacibdir. Onun kimi insanlar məsuliyyətə cəlb edilməlidir”, - Qordon bildirib.

484-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 484-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 222 650 hərbçi, 4013 ədəd tank, 7783 ədəd zirehli döyüş maşını, 3941 ədəd artilleriya sistemi, 617 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 376 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 307 ədəd helikopter, 6678 ədəd avtomobil texnikası, 3438 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 539 xüsusi avadanlıq itirib.

Ukrayna Krımdakı Çonqar körpüsünü vurdu

Ukrayna ordusu Krımdakı Çonqar körpüsünü vurub. Sozcu.az xəbər verir ki, bu barədə Krım hökumətindən məlumat verilib. Məlumata görə, körpüyə ciddi ziyan dəyib. Hazırda yol bağlıdır. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ukrayna Teleqram kanallarının məlumatına görə, körpü "Storm" raketləri ilə vurulub. Qeyd edək ki, Çonqar körpüsü Krımı Xerson vilayəti ilə bağlayan 3 yoldan biridir.

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Zəncirvari qəza: bu prospektdə hərəkət dayandı

Koroğlu körpüsünün üzərində 3 maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib. Sozcu.az xəbər verir ki, bu səbəbdən Ziya Bünyadov prospektində - “Koroğlu” metrostansiyası istiqamətində - böyük tıxac yaranıb.

Ermənilər Laçın, Xocavənd, Şuşa və Xocalını atəşə tutdu

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Neft bahalaşdı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,87 dollara, yüngül neftin bir barreli isə 72,28 dollara satılır.